Donosbazlıq azarı

SSRİ-nin süqutundan sonra bir əsrdə ikinci dəfə müstəqilliyə nail olan Azərbaycan 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində sanki okeanda qalmış kapitansız bir gəmiyə bənzəyirdi. Dəryalarda üzən bu gəminin kapitanı nə edəcəyini bilmirdi. Çünki gəmi kapitanı vəzifəsinin nədən ibarət olduğunu dərk etmir, bu pilləyə kimlərinsə himayədarlığı ilə gəlib çatdığı üçün gözünü yenə onlara dikirdi. Hakimiyyət başında olan sanki savadsız bir gəmi kapitanı idi. Kimlərinsə himayədarlığı ilə hakimiyyəti ələ alan belələri idarəetməni itirdikdən sonra son anda çıxış yolunu hakimiyyəti atıb qaçmaqda görürdülər. Əgər diqqətlə fikir versək, o zaman bir daha aydın olar ki, dünyanın bir sıra ölkələrində də belə hallar baş verib. Hakimiyyətə kimlərinsə arxa-dayaqlığı ilə, zor gücünə gətirilmiş naşı, savadsız "kapitanlar" son anda çıxış yolunu gecənin bir vaxtında xalqı yuxuya verib qaçıb aradan çıxmaqda görüb və onlara himayədarlıq edənlərə sığınıblar.
Səriştəsizliyin aqibəti
80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş siyasi hadisələri xatırlayaq. SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovun himayədarlığı ilə Azərbaycanda hakimiyyətə gətirilmiş Ə. Vəzirovun 20 Yanvar faciəsindən dərhal sonra vəzifəsini və xalqı atıb xəlvəti aradan çıxması hamının yadındadır. Onun ardınca M. Qorbaçovun daha biri kadrı - Ayaz Mütəllibovun Moskvaya qaçması da dövlət idarəçiliyində səriştəsizliyin daha bir nümunəsi idi.
1992-ci ilin ortalarında ölkə rəhbərinin qaçmasından öz xeyrinə bəhrələnən AXC-Müsavat cütlüyü hakimiyyəti öz əlinə aldı. Onlar "savadsız kapitan"dan daha betər idilər. Özləri də etiraf edirdilər ki, hakimiyyətə bir neçə ölkənin himayədarlığı ilə gəliblər.
AXC-Müsavat hakimiyyətinin o vaxtkı rəhbərlərinin əvvəlki iş təcrübəsinə nəzər yetirdikdə bir daha aydın olurdu ki, onlar uzun müddət fəaliyyət göstərdikləri sahələrdə heç bir yeniliyə, uğura, qabaqcıl iş təcrübəsinə imza atmayıblar. Ona görə də hakimiyyəti idarə edə biləcəklərinə, Azərbaycanı beynəlxalq aləmə çıxaracaqlarına, xalqın güzəranını yaxşılaşdıracaqlarına ümid yox idi. Belə də oldu. AXC-Müsavat hakimiyyətinin üzvləri heç bir il duruş gətirə bilmədilər və əvvəlki sələfləri olan Ə. Vəzirov və A. Mütəllibovun "yolunu" davam etdirərək qaçıb aradan çıxdılar. Onu da qeyd edək ki, bu qüvvələr hakimiyyətdə olduqları dövrdə himayədarlarının göstərişləri ilə hərəkət edir, onların hər bir əmrinə müntəzir dayanırdılar. Ona görə də Azərbaycanın müstəqilliyi möhkəmlənmək əvəzinə, uçuruma daha da yaxınlaşır, vətəndaş qarşıdurması qaçılmaz olurdu. Belə bir şəraitdə yaranmış vəziyyəti aradan qaldırmaq, ölkədəki daxili qarşıdurmanı qaydaya salmaq əvəzinə, ölkə rəhbərliyi ayrı-ayrı nüfuzlu şəxslərə şər-böhtan atmaqla, donosbazlıqla məşğul olur, himayəsində olan qəzetlərdə, o cümlədən digər ölkələrin kütləvi informasiya vasitələrində heç bir əsası olmayan, qarayaxmalarla dolu məqalələr dərc etdirir, özündən asılı olmayaraq Azərbaycan haqqında xoşagəlməz rəy formalaşdırırdı. Əgər yadınızdadırsa, ilk belə donosbazlıq Ə. Vəzirovdan başladı. O, Rusiyanın müxtəlif kütləvi informasiya vasitələrinin bir neçəsində ümummilli lider Heydər Əliyevin ünvanına şər-böhtan, qarayaxmalarla dolu bir neçə cızma-qara dərc etdirdi. Ə.Vəzirovun donosbazlığı ona heç bir fayda gətirmədi. Elə ondan sonra hakimiyyətdə olan A. Mütəllibov və AXC-Müsavat iqtidarı da donosbazlıqla heç nəyə nail ola bilmədilər. Çünki artıq xalq ağı-qaradan seçməyə başlayırdı, deyilənlərə yox, gördüklərinə inanırdı. Ona görə də o vaxt Naxçıvanda Ali Məclisin sədri vəzifəsində çalışan böyük siyasi xadim Heydər Əliyevə dəfələrlə müraciət, xahiş edərək ölkəyə rəhbərliyə, xalqı düşdüyü ağır bəladan, müstəqilliyimizi dərin uçuruma yuvarlanmaqdan xilas etməyə çağırdılar. Ümummilli liderin razılığından sonra xalqda sabaha inam, rahatlıq, müstəqilliyimizin qorunub saxlanılacağına və Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoyacağına inam yarandı.
1993-cü ilin iyunundan sonra ölkədə baş verən hadisələr, Azərbaycanın müstəqilliyinin hansı çətinliklər, qarşıdurmalar hesabına qorunub saxlanılması və əbədi edilməsi göz qabağında olduğundan bu barədə ətraflı söhbət açmağa lüzum yoxdur. Ancaq bəzi vəzifə hərislərinin, xüsusilə də vəzifənin hər ləzzətindən dadanların ölkəmizin inkişafından qısqanclıq hissi keçirərək donosbazlıq etmələrindən söhbət açmaq istərdik.
...Müxalifət öz ölkəsinə qənim kəsilməməli, öz mənafeyi naminə xalqı güdaza verməməli, hakimiyyəti ələ keçirmək üçün hər cür bəd əməllərə getməməlidir. Təəssüf ki, adlarını müxalifət qoyan "sapı özümüzdən olan "baltalar" bunlara getdilər, donosbazlıq edərək, hətta qatı düşmənlərimiz olan ermənilərlə də əməkdaşlıq etməkdən çəkinmədilər. Bir faktı qeyd etmək istərdim. Ötən parlament seçkilərində seçicilərin etimadını qazana bilməyən AXCP sədri Əli Kərimli və bir neçə məğlub müxalifət nümayəndəsi Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasının keçirildiyi binanın qarşısında dayanaraq ona-buna yalvarırdılar ki, Azərbaycan parlament nümayəndə heyətinin mandatının tanınmasına səs verməsinlər. Bunu onunla əsaslandırırdılar ki, guya seçkilər qeyri-demokratik, xalqın iradəsinə zidd şəraitdə keçirilib. Sən demə, onların düşüncəsinə görə, seçki o zaman demokratik, ədalətli olurmuş ki, Əli Kərimli, Sərdar Cəlaloğlu və onların ətraflarındakılar deputat seçilsinlər. O zaman Strasburqda ölkəmiz haqqında donosbazlıq edən "müxalifət" nümayəndələri belə mötəbər beynəlxalq tədbirlərdə ölkəmizə qarşı həmişə qərəzli mövqe nümayiş etdirən, Azərbaycanı nüfuzdan salmaq üçün tutarlı "fakt" axtaran Ermənistan parlament nümayəndə heyətinin üzvlərinə də "fakt" verdilər. Ermənilər bizim üzüdönüklərin donosbazlığından istifadə edərək ölkəmiz əleyhinə kampaniyaya başladılar. Həmin vaxt AŞPA-nın sessiyasında iştirak edən Moldova parlamentinin nümayəndəsi, radikal müxalifətçi, Azərbaycan müxalifətinin antimilli mövqeyinə təəccübünü gizlədə bilməyərək demişdi: "Mən də müxalifət nümayəndəsiyəm. Ancaq ölkəmizin daxilində. Ölkədən kənara çıxdıqda isə milli mənafeyimizi hər şeydən üstün tuturam. Belə yüksək tribunalardan ölkəmizin mənafeyini müdafiə etmək üçün yaranmış fürsətdən istifadə edirəm. Siz isə bu yüksək tribunanı öz ölkənizin üzünə qapatmağa çalışırsınız". Lakin deputat mandatı davası edən bizim üzdəniraq müxalifət nümayəndələri bundan utanıb-çəkinməmiş, o vaxt ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andreas Qrossa yalvarıb-yaxarmışlar ki, bizim parlament nümayəndə heyətinin mandatının tanınmaması üçün dəridən-qabıqdan çıxsın. Hətta Qrossun "saxta faktlar papkası"nı daha da "zənginləşdirmişlər". Bunun da bir fayda vermədiyini görən donosbazlar müxtəlif beynəlxalq təşkilatlara müraciətlər ünvanlamışlar. Təbii ki, həmin təşkilatlar da bizim üzüdönüklərin yalanlarına yox, seçkiləri müşahidə etmək üçün göndərdikləri nümayəndələrin rəylərinə inandılar. Hətta məğlub müxalifət nümayəndələrinin nəzərinə çatdırıldı ki, onların Azərbaycan Respublikasının Seçki Məcəlləsindən narazılıq etməyə heç bir əsasları yoxdur. Çünki Venesiya Komissiyasının və ATƏT-in DTİHB-nin yekun rəyində bildirilib ki, Azərbaycanın Seçki Məcəlləsi seçkilərin və referendumun keçirilməsi üçün əksər məsələlərdə beynəlxalq meyarlara, ən yaxşı təcrübələrə uyğun olan hərtərəfli çərçivələr nəzərdə tutur. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının ekspertləri Azərbaycanın Seçki Məcəlləsini Avropa ölkələri arasında seçki sistemində ən demokratik sənədlərdən biri kimi dəyərləndirirlər. Əgər kimsə seçicilərin etimadını qazana bilməyib deputat mandatı əldə etməyibsə, bundan ötrü Seçki Məcəlləsini niyə qınaq hədəfinə çevirməlidir? Məğlub müxalifət nümayəndələri hələ də dərk etmirlər ki, deputat seçilmək üçün ilk növbədə xalqın etimadını qazanmaq, xalq arasında olmaq lazımdır. Adlarını müxalifət qoyanlar isə neçə illərdir ki, "kabinet xəstəliyinə" tutularaq bağlı qapı arxasında oturublar. Əslində, xalq arasına çıxmağa üzləri yoxdur.
Donosbazlar bu dəfə "The Washington Post"a üz tutmuşlar
"Donosbazlıq azarına" tutulan "müxalifət" nümayəndələri hələ də bu xəstəlikdən xilas ola bilməyiblər. Əslində Məşədi İbadın "adətkərdəlik" ifadəsi elə bunlara aiddir. Donosbazlığın müxalifət üçün əsas məqsədi unudulmaqda olanları gündəmə gətirməkdir. Görünür AXCP sədri Ə. Kərimli də "adətkərdəlik"dən əl çəkməməklə yenidən gündəmə qayıtmaq istəyir. "The Washington Post" qəzetini demokratik, həqiqəti yazan qəzet gəlin, görək nə vaxtsa bir demokratiklik, obyektivlik nümayiş etdirərək, Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu kiçik bir xəbər formasında da olsa, dərc edibmi? Bu gün bütün dünyanın diqqət mərkəzində olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin obyektiv səbəbləri, həqiqi kökləri bu qəzetdə araşdırılıbmı? Bəlkə bir milyondan artıq soydaşımızın öz yurd-yuvalarından didərgin salınaraq ağır vəziyyətdə yaşamaları, dünyanı sarsıdan Xocalı soyqırımı haqqında bu qəzetdə bu vaxta qədər bir informasiya dərc olunub? Yoxsa qəzetin bu hadisələrdən xəbəri yoxdur? Əsla yox! Hər şeydən əvvəl ona görə ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri də ABŞ-dır. "The Washington Post" iki yüz illik demokratiya tarixi olan ABŞ-da nəşr olunur. Əgər "The Washington Post" qəzeti AXCP sədri Ə. Kərimlinin donosbazlığına öz səhifəsində yer ayırmaqla müstəqil olduğunu, insanların hüquqlarını müdafiə etdiyini dünya ictimaiyyətinə göstərmək istəyirsə, bəs nədən bu vaxta qədər ABŞ hərbçiləri tərəfindən İraqda, Əfqanıstanda və digər ölkələrdə günahsız insanların odlu silahlarla qətlə yetirilməsinə etiraz səsini qaldırmayıb? Bütün bunlardan sonra hadisələrə obyektiv münasibətlərinə görə "The Washington Post" qəzeti Ermənistanda nəşr olunan qəzetlərdən hansı xüsusiyyətlərinə görə fərqlənir? Və ya bu qəzetə ölkəmiz haqqında donosbazlıq edən partiya sədrləri erməni partiya sədrlərindən hansı milli cəhətlərinə görə seçilir?
"The Washington Post" qəzetində AXCP sədrinin məqaləsi dərc olunmazdan qabaq ABŞ Dövlət Departamenti Azərbaycan haqqında hazırladığı hesabatı açıqlamışdı. Hesabatda azərbaycanlı tələbə gənclərin 30 faizinin narkoman olduğu bildirilirdi. Tələbələrin haqlı etirazlarına cavab olaraq Dövlət Departamentindən bildirildi ki, bu məruzə Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, (biz də əlavə edirik ki, Azərbaycanın inkişafını, beynəlxalq aləmə nüfuz etməsini istəməyən qüvvələrin, radikal, antimilli müxalifətin "faktları") əsasında hazırlanıb. Sonradan bu "faktların" yalan, cəfəngiyyat olduğunu bilən Dövlət Departamenti öz hesabatında düzəliş etmək məcburiyyətində qaldı. Əminik ki, "The Washington Post" qəzeti də ölkəmiz haqqında böhtan məqalə dərc etdiyinə görə nə vaxtsa peşmançılıq hissini büruzə verəcək, qəzetin obyektivliyinə, demokratikliyinə xələl gətirən bu məqaləni təkzib edəcək. Çünki Ə. Kərimlinin məqaləsində Azərbaycanda keçirilən prezident seçkilərinin obyektivliyinə şübhə ilə yanaşılır, hətta ABŞ dövlət katibinin müavini Riçard Armitacın seçkilərdə qələbə qazanan Prezident İlham Əliyevi təbrik etməsi qəribə hal kimi qeyd edilir. Yəni, doğrudanmı"The Washington Post" qəzeti bilmir ki, Prezident İlham Əliyevi qazandığı qələbəyə görə dünyanın demokratik ölkələrinin prezidentləri, o cümlədən ABŞ Prezidenti də təbrik edib? Azərbaycan oxucularını ən çox təəccübləndirən faktlardan biri "1992-ci ildə Azərbaycanda ilk demokratik seçki keçirildi. Ə. Elçibəy 59 faiz səs topladı" cümləsidir. Çünki həm müxalifət nümayəndələrinə, həm də ictimaiyyətə çox yaxşı bəllidir ki, Azərbaycanın tarixində 1992-ci ildə keçirilmiş prezident seçkiləri kimi ikinci saxta seçki keçirilməyib. Bunu o seçkilərdə iştirak edənlərin heç biri unutmayıb.
Bəs 2003-cü ildə keçirilən prezident seçkilərində nə baş verdi? Seçkilər başa çatmamış, səsvermə bülletenləri sayılmamış, seçkilərin nəticəsi elan olunmamış müxalifətdən prezidentliyə namizəd göstərilmiş İsa Qəmbər özünü "prezident" elan etdi və mətbuat konfransı keçirdi. Həmin vaxt Bakı şəhərindəki məntəqə seçki komissiyalarının birində sədr idim. Hələ qutunu açmamışdıq və səsvermə bülletenləri sayılmamışdı. Sonra isə müxtəlif alətlərlə silahlanmış müxalifət nümayəndələri dövlət idarələrinə, yaşayış binalarına, ticarət obyektlərinə hücum edib dağıntıya başladılar. Görəsən nə əcəb AXCP sədri bu faktları "The Washington Post" qəzetində dərc olunan məqaləsində əks etdirməyib?
Mitinqlərin keçirilməməsindən narahatlığını bildirən Ə. Kərimli yəqin ki, unutmamış olmaz. Kütləvi aksiyalara, mitinqlərə, küçə yürüşlərinə, piketlərə ilk qadağa AXC-Müsavat hakimiyyəti dövründə Ali Sovetin o vaxtkı sədri İ. Qəmbərin sərəncamı ilə qoyuldu. Sonradan ümummilli lider Heydər Əliyev bu qadağını aradan qaldırdı. Hətta "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun da qəbul olundu. Bu qanunun verdiyi səlahiyyətlərdən istifadə edərək keçmiş "Qələbə" kino-teatrının qabağında müxalifət nümayəndələri azmı mitinq keçirib? Mən bu mitinqlərdə qəzet əməkdaşı kimi iştirak edəndə müxalifət partiyasının sədrlərinin sevincdən bir-birlərini necə öpdüklərinin şahidi olmuşam. Elə öpüşürdülər ki, sanki işğal altında olan ərazilərimizi yenicə azad ediblər. Sən demə öpüşmələrinə, sevinmələrinə səbəb mitinqdə çıxış edib ürəklərini boşaltmaq, özlərinin ünvanlarına bayağı təriflər demək, dil pəhləvanlığına imkan tapmaları imiş. İndi isə müxalifətin mitinq keçirməməsinin səbəbini elə onların özlərində axtarmaq lazımdır. Çünki müxalifət mitinq keçirmək üçün gah əhalinin gur olduğu parkları, metro stansiyalarının ətrafını, gah da istirahət parklarını istəyirlər. Oradakı adamları da mitinq iştirakçıları kimi göstərərək "The Washington Post" kimi "demokratiya axtaran" qəzetlərə bildirmək istəyirlər ki, görün bizi nə qədər "dəstəkləyənlər" var.
Parlament seçkilərindən gileylənən, ürəyini meydanlarda olduğu kimi, "The Washington Post"a boşaldan Ə. Kərimli budəfəki donosunda guya Azərbaycanda demokratik seçkilərin keçirilməsinə şərait yaradılmadığını qeyd edir. Görünür onun yadından çıxıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci ildə keçirilən parlament seçkilərində demokratikliyin və obyektivliyin təmin olunması üçün mayın 11-də "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" və oktyabrın 25-də "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" iki sərəncam imzaladı. Bu seçkilərdə 2 mindən artıq deputatlığa namizəd qeydə alındı. Avropa ölkələrinin əksəriyyətində tətbiq olunmayan bir üsul - barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi tətbiq olundu. Bu, şəffaflığın tətbiqi üçün çox əlverişli bir üsul idi və beynəlxalq müşahidəçilər bunu demokratik seçki keçirilməsində irəliyə doğru qətiyyətli addım adlandırdılar. Belə faktlar istənilən qədərdir. Ancaq təəssüf edirəm ki, AXCP sədri öz məqaləsində bu məsələlərin üstündən sükutla keçib.
Ə. Kərimlinin "The Washington Post" qəzetində məqalə dərc etdirməsi başa düşüləndir. Bu il növbəti parlament seçkiləri keçiriləcək. Ə. Kərimli budəfəki məğlubiyyətini Amerika qəzetində dərc etdirdiyi məqaləyə görə ona təzyiqlə əlaqələndirməyə cəhd edəcək. Bəri başdan özünü sığortalamağa çalışan AXCP sədri həm də beynəlxalq qurumların diqqətini cəlb etməklə yenidən gündəmə qayıtmaq istəyir.
...Vətənə xor baxmaqla, ölkəmizə, xalqa böhtan atmaqla, gündəmdə qalmaq heç bir azərbaycanlıya yaraşan xüsusiyyət deyil.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında