Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait var

Dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərarlar və qətnamələr qəbul etməsi belə bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu, bizi uğurlu gələcəyə aparır. Azərbaycanın uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir ki, beynəlxalq aləm inkişafın Azərbaycan modelinin mövcudluğunu təqdir edir və öyrənilməsinin vacibliyini bildirir.

Ölkəmizin hərtərəfli tərəqqisində qeyri-neft sektorunun inkişafını vacib amil kimi önə çəkən Prezident İlham Əliyevin bu istiqamətdə atdığı davamlı addımlar iqtisadiyyatımızın şaxələndirilməsini reallığa çevirmişdir. Nəticədə son 12 ildə Azərbaycanda iqtisadiyyat dörd dəfə artmışdır. Əlbəttə, bu rəqəmin arxasında güclü siyasət dayanır. Əhalinin həyat səviyyəsi ildən-ilə yüksəlir. Regionlarda həyata keçirilən infrastruktur layihələri insanların uzun illərdən bəri çəkdiyi əziyyətlərə son qoymuşdur. Əhalinin həyatının keyfiyyətcə dəyişməsi gələcəyə olan ümidlərini artırmışdır. Ən əsası isə Azərbaycanda ictimai-siyasi sabitlik daimi xarakter almışdır.

Ötən illərdə seçkilərin azad, şəffaf və demokratik keçirilməsi də ictimai-siyasi sabitliyin, demokratik dəyərlərə mühüm önəm verilməsinin bariz ifadəsidir. Yeri gəlmişkən, hazırda respublikada 6 milyon seçici var və  onlar qarşıdakı parlament   seçkilərinin azad, şəffaf və demokratik keçirilməsinə böyük ümid bəsləyirlər. 

Xatırladaq ki, 1993-cü ildən başlayaraq Azərbaycanda demokratik seçki ənənəsi yaranmağa başlamışdır. Bu gün respublikamızda tam formalaşmış demokratik seçki sistemi mövcuddur. İndiyədək Azərbaycanda 4 prezident, 4 parlament, 4 referendum və 3 bələdiyyə seçkisi keçirilmişdir. Bu seçkilər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. Ötən illər ərzində  xalqımız seçki mədəniyyətini kifayət qədər mənimsəmişdir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

31 saylı Suraxanı ikinci seçki dairəsi seçki komissiyasının sədri İlham Bayramov  bildirdi ki, demokratik seçkilər ölkənin beynəlxalq imicini möhkəmləndirmək baxımından mühüm əhəmiyyətə malikdir. Buna görə də respublikada, eləcə də rayonda  bu məqama xüsusi önəm verilir. Son vaxtlar Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasında komissiyanın üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs-seminarların keçirilməsi bunun bariz ifadəsidir.

İlham Bayramov  bu tədbirlərin Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə keçirildiyini bildirdi.

Dairə seçki komissiyasının sədri seçici siyahıları ilə iş qaydası, seçkiqabağı təşviqatın təşkilinə şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və bu istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu bərədə geniş məlumat verdi. O diqqətə çatdırdı ki, müasir Azərbaycanda müstəqil dövlətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynayan strukturlardan biri də seçki təsisatlarıdır.

Müsahibim xatırlatdı ki, 38 min 957 seçicisi olan 31 saylı Suraxanı ikinci seçki dairəsində 32 daimi məntəqə fəaliyyət göstərir. Keçirilən kurslara seçki dairəsinin ərazisində məskunlaşan Ağdam, Zəngilan və Qubadlıdan olan məcburi köçkünlərin daxil olduğu məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də cəlb olunmuşlar. Bütün məntəqələr lazımi texniki avadanlıqla tam təchiz edilmiş, burada şəffaf, azad və demokratik seçkilərin keçirilməsi üçün beynəlxalq standartlara uyğun şərait yaradılmışdır.

İ.Bayramov sonda vurğuladı ki, demokratik seçkilər ölkəmizin beynəlxalq imicini möhkəmləndirmək baxımından mühüm rol oynayır. Odur ki, Suraxanı rayonunda Milli Məclisə seçkilərlə bağlı aparılan hazırlıq işləri bu mühüm siyasi kampaniyanın yüksək təşkilati fəallıqla keçiriləcəyini deməyə tam əsas verir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında