Parlament seçkilərinin nəticələri xalqın iradəsini əks etdirəcək

Demokratik seçkilər hər bir dövlətin həyatında müstəsna rol oynayır, vətəndaş cəmiyyətinin inkişafına müsbət təsir göstərir. Buna görə də, bu sahədə əsas prioritetləri müəyyənləşdirmiş Azərbaycan Respublikasının Konstitusiyası, ölkədə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazasının yaradılması üçün əlverişli mənbə olmuşdur.

 Dövlət müstəqilliyinin bərpasından sonra keçirilmiş seçkilər də Azərbaycanın seçki qanunvericiliyinin beynəlxalq standartlara cavab verdiyini nümayiş etdirmiş və ölkədə hakimiyyətin vacib qollarının formalaşdırılmasının vətəndaşın iradəsi sayəsində mümkün olduğunu təsdiqləmişdir. Noyabrın 1-də keçiriləcək parlament seçkilərində də qanunverici orqanın tərkibinin müəyyənləşdirilməsinin seçici iradəsi sayəsində mümkün olacağı şübhə doğurmur.

Ümumiyyətlə, şəffaf və ədalətli seçkilərin keçirilməsi və buna imkan yaradan seçki qanunvericiliyinin mövcudluğu demokratik cəmiyyət quruculuğunun əsas tərkib hissələrindən biri hesab olunur. Bu baxımdan Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsi üçün mühüm qanunvericilik bazası formalaşmışdır. Beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən Seçki Məcəlləsi də şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazisin yaradılmasına imkan vermiş, namizədlərin qeydiyyatı və seçki komissiyalarının fəaliyyəti də daxil olmaqla, seçkilərin bütün aspektlərinin təkmilləşdirilməsinə imkan yaratmışdır. Demokratik beynəlxalq standartlara cavab verən seçkilərin keçirilməsinə böyük əhəmiyyət verən Azərbaycan rəhbərliyi, seçici iradəsinin səsvermə prosesində tam əks olunmasına şərait yaradan zəruri addımların atılmasında həmişə qətiyyət nümayiş etdirmişdir. 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin ədalətlilik, demokratiklik və şəffaflıq prinsipləri əsasında aparılmasını da dediklərimizə sübut kimi göstərmək olar.

Son parlament seçkilərinin Azərbaycanın seçki sahəsində mövcud qanunvericiliyinə və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun təşkil olunması heç kimə sirr deyil. 2010-cu il seçkilərində bütün maraqlı siyasi tərəflərin, ictimai qurumların, bitərəf namizədlərin iştirak etmələri ədalətli rəqabət şəraitinin yüksək səviyyədə keçdiyini təsdiqləmişdi. Ötən parlament seçkilərinə hazırlıq kampaniyası dövründə İctimai Televiziya və Radio Yayımları Şirkətində namizədlərin seçkiqabağı təşviqat debatları təşkil olunmuş, hər namizədə 4 dəqiqə önənişsiz efir vaxti ayrılmışdı və bu da öz növbəsində cəmiyyətdə plüralizmin inkişafında müstəqil yayım xidmətinin rolunu daha da artırmışdır. Bundan başqa, 2010-cu il parlament seçkilərinin həm nəticələrinin, həm də bu nəticələrə gətirib çıxaran səbəblərin təhlili, müzakirələrdə maraqlı olan bütün tərərflərin, ən başlıcası, Azərbaycanda siyasi mübarizəyə qoşulan qüvvələrin öz potensial və real imkanlarını qiymətləndirmələri baxımından mühüm təcrübə olmuşdu. 1 noyabr parlament seçkilərinə hazırlıq dövründə də təbliğat-təşviqat kampaniyaları qanunvericiliyə uyğun keçirilir, bütün namizədlərə bərabər şəraitdə mübarizə aparılması üçün zəruri imkanlar yaradılmışdır. 

Beynəlxalq standartlara uyğun tərtib olunmuş Seçki Məcəlləsi Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin, referendumun keçirilmə qaydalarını müəyyənləşdirir. Məcəllə, eyni zamanda, Mərkəzi Seçki Komissiyasının, eləcə də, dairə və məntəqə seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirir. 2003-cü il oktyabrın 15-də prezident, 2010-cu il parlament seçkilərinin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi Seçki Məcəlləsinin mütərəqqi və təkmil sənəd olduğunu tam təsdiqləmişdir. Ölkənin ali postuna namizədlərə öz seçki kampaniyalarını qanunamüvafiq şəkildə aparmaq üçün lazımi mühitin və bərabər imkanların yaradılması ilə yanaşı, fəal seçki kampaniyasının, seçkilərə texniki hazırlığın yüksək səviyyədə təşkili, Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarının işi müsbət məqamlar kimi ATƏT, Avropa Şurası və ATƏT parlament assambleyalarından ibarət Beynəlxalq Seçki Müşahidəsi Missiyasının seçkilərə dair rəyində əksini tapmışdır. 15 oktyabr 2003-cü ildə Azərbaycanda baş tutmuş prezident seçkiləri də demokratik cəmiyyət quruculuğunda mühüm irəliləyiş olduğunu təsdiqləmişdir.

Alternativliyin olması seçkilərin demokratikliyini və ədalətliliyini artırır, ümumilikdə seçki prosesi üçün mühüm əhəmiyyət kəsb edir. Ötən illərdə olduğu kimi, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə çox sayda şəxsin deputatlığa namizədliyinin qeydə alınması seçkilərdə rəqabətin, bərabər şəraitdə mübarizənin aparılmasına şərait yaratmaqla bərabər, vətəndaşlara seçim imkanı da verir. Qeyd etdiyimiz kimi, siyasi plüralizm şəraitində alternativliyin olması demokratik seçkilərin vacib göstəricisidir. Bu mənada Azərbaycanda keçiriləcək seçkilərə çox sayda namizədin qatılması seçkilərin yüksək mübarizə şəraitində və demokratik prinsiplər əsasında baş tutacağına olan inamı daha da gücləndirir. Bundan başqa, çox sayda namizədin 125 deputat mandatı uğrunda bərabər imkanlar şəraitində mübarizə aparması da seçkilərin demokratik potensialını artırır.

Seçki prosesinin ədalətli və şəffaf keçirilməsi demokratik ölkə üçün böyük əhəmiyyət daşıyır. Qeyd etmək vacibdir ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda keçirilmiş seçkilər demokratikliyilə yadda qalmışdır. İndiyədək keçirilən seçkilərdə əldə olunan nailiyyətlərə baxmayaraq, ölkə rəhbərliyi səsvermə prosesinin şəffaflığının təmin olunması istiqamətində ardıcıl mühüm addımlar atmışdır. Seçkilərin keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqini buna misal göstərmək olar. Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair qaydaların tətbiq edilməsi səsvermə prosesinin şəffaflığının daha da artmasına şərait yaratmışdır. Seçki məntəqə seçki komissiyaları üzvlərinin öz vəzifələrini lazımınca icra etmələri, onlar tərəfindən seçki sənədləri ilə işin aparılması, seçicilərə öz iradələrini hər hansı bir qanunsuz təsir olmadan azad ifadə etmək üçün zəruri şəraitin yaradılması, seçicilər tərəfindən seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, səsvermənin nəticələrinin müəyyən edilməsi və digər proseslər bu qurğu vasitəsilə müşahidə olunur və seçki məntəqələrində seçkilərin qanunun tələbinə uyğun keçirilməsi nümayiş etdirilir.

Qeyd etmək vacibdir ki, şəffaflığın təmin edilməsi üçün müasir informasiya texnologiyalarının tətbiq olunması seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər arasında xüsusi yer tutur. Buna görə də, seçki məntəqələrində quraşdırılan kameraların fəaliyyəti dövründə əldə edilən bütün videogörüntülər mərkəzləşdirilmiş qaydada yazılır və bu cür videoyazılar şikayətlərin araşdırılması zamanı sübut kimi istifadə edilir. Yeri gəlmişkən, MSK-nın oktyabrın 22-də keçirilən iclasında 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərdə səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə (işğal edilmiş ərazilər istisna olmaqla) respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameraların quraşdırılması barədə qərar qəbul olunmuşdur. Regionda ilk dəfə məhz Azərbaycanda səsvermə prosesinin internet vasitəsilə birbaşa izlənilməsi sisteminin yaradılması, ölkə rəhbərliyinin şəffaflığın daha çox təmin edilməsi üçün yeniliklərə açıq olduğunu təsdiqləmişdir.

Bir sözlə, 1 noyabr parlament seçkilərinin azad və demokratik keçirilməsi üçün tələb olunan şərait var. Ölkəmizdə şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik hökm sürür və Azərbaycanda seçkiləri müşahidə etmək istəyən yerli və beynəlxalq müşahidəçilərə də şərait yaradılır. Seçkilərin vətəndaşlar tərəfindən müsbət qəbul olunması və səsvermə prosesinin şəffaf və ədalətli şəkildə keçirilməsi üçün ölkə rəhbərliyinin atdığı zəruri addımlar qarşıdakı parlament seçkilərinin də demokratik prinsiplər əsasında keçəcəyinə şübhə yeri qoymur. Seçkilərin azad və ədalətli keçirilməsi üçün ölkə rəhbərliyinin güclü siyasi iradəyə malik olması, baş tutacaq səsvermə prosesinin xalqın iradəsini əks etdirəcəyinə imkan yaradır.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında