Ölkəmiz daha bir demokratik və şəffaf seçki keçirməyin bir addımlığındadır. Artıq seçkiyə hazırlıq işləri başa çatmaq üzrədir. 768 namizədin – onlardan 331-i müxtəlif siyasi partiyaların təmsilçisidir – mandat mübarizəsi üçün bərabərhüquqlu şəraitin yaradılması, təbliğat-təşviqat kampaniyasının aparılması üçün açıq və qapalı yerlərin ayrılması, şəffaflığın təmin olunması və demokratik prinsiplərin diqqət mərkəzində saxlanılması daha bir siyasi kampaniyanın azad və ədalətli keçiriləcəyindən xəbər verir. Ümumiyyətlə, Azərbaycan son 20 ildə keçirdiyi bütün seçkilərlə beynəlxalq aləmə demokratik seçki keçirməyə qadir olduğunu sübut edib. Artıq bu sahədə mükəmməl qanunvericilik bazasına və zəngin təcrübəyə malik olan ölkəmiz noyabrın 1-də reallaşacaq parlament seçkilərini də beynəlxalq standartlara uyğun keçirməyə hazırdır.
Seçki prosedurunun ildən-ilə təkmilləşdirilməsı, həmçinin, son illər bir-birinin ardınca nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi respublikamızın dünya birliyindəki reytinqini getdikcə artırır. Dünyanın ən mötəbər təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməyə üstünlük vermələri təsadüfi deyil. Respublikamızda mövcud olan davamlı ictimai-siyasi sabitlik, insan hüquq və azadlıqlarının qorunmasının diqqət mərkəzində saxlanılması, sarsılmaz “xalq-iqtidar” birliyi, iqtisadi qüdrətimizin getdikcə artması və dövlətimizin sülhməramlı missiyanın daşıyıcısı olması dünya birliyində ölkəmizə olan inam və etimadı daha da artırıb.
Azərbaycanın dünya birliyində reytinqinin yüksəlməsinə təsir edən amillər sırasında seçkilərin demokratik, şəffaf, azad və ədalətli keçirilməsi də mühüm rol oynayır. Builki parlament seçkilərində 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsinə veb-kameranın quraşdırılması şəffaflığın təmin olunmasını təsdiqləyən faktdır. Ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərini müşahidə etmiş beynəlxalq qurumların nümayəndələri, eləcə də müstəqil ekspertlər bu siyasi kampaniyanın da Avropa standartlarına uyğun keçiriləçəyini bildiriblər. Bir sıra faktlara diqqəti cəlb etmək istərdim. Prezident seçkilərini müşahidə etmiş ABŞ Konqresinin keçmiş üzvü Jakob Kuit Vardın rəyi: “Azərbaycanda keçirilən prezident seçkilərində bu dərəcədə seçici fəallığının olacağını gözləmirdim. Seçki prosesi şəffaf və demokratik keçdi”.
Seçkilərin izlənilməsi üzrə Dünya Müşahidəçilər Şəbəkəsində ABŞ-ın nümayəndələri Azərbaycanda seçki prosesinin gedişində pozuntuların olmadığını qeyd ediblər. ABŞ-ın müşahidə missiyasının üzvü Belkoq Qvann Azərbaycanda prezident seçkilərinin qüsursuz şəraitdə keçdiyini vurğulayıb: “Seçkilərin izlənilməsi üzrə Dünya Müşahidəçilər Şəbəkəsinin üzvləri heç bir problem qeydə almayıblar. Seçicilərin fəallığını yüksək qiymətləndirirəm”. Bolqarıstan Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Viktor Paparazov: “Azərbaycanda seçkilərin təşkili və keçirilməsində ciddi irəliləyişlər var”. Şimali Kipr Türk Cümhuriyyətinin parlamentinin deputatı, doktor Akan Dağlı: “ Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə proseduru Avropa ölkələrində keçirilən səsvermədən fərqlənmir. Seçicilər sərbəst şəkildə səs verirlər, onlara heç kim təzyiq etmirdi”.
ATƏT müşahidə missiyasının üzvləri Musabəy Pelin, Xose Luis Merenat, Anna Quliy, Kristian Premaks və digərləri ölkəmizdə keçirilən seçkiləri yüksək qiymətləndiriblər. Respublikamızda müxtəlif vaxtlarda keçirilən seçkilərdə dörd dəfə iştirak edən ATƏT müşahidə missiyasının üzvü, Böyük Britaniyadan olan Lord Kirkloneyin dediklərindən: “Mən dördüncü dəfədir ki, Azərbaycanda seçki prosesini müşahidə edirəm. Budəfəki seçkiləri xüsusi qiymətləndirirəm. Hər şey qaydasında təşkil olunub. Bütün namizədlərin seçki məntəqələrindəki nümayəndələri ilə rastlaşdım və onlar da seçki prosesindən razılıqlarını bildirdilər. Bu isə, səsvermə prosesinin demokratik şəkildə keçirilməsindən xəbər verir. Mən azad seçki prosesini bölgənin həm şəhərlərindəki, həm də ucqar yaşayış məntəqələrində müşahidə etdim və səsvermənin gedişatını məqbul qiymətləndirirəm. Azərbaycanın şimal bölgəsində yaşayan dağ yəhudilərinin, ləzgilərin, azsaylı xalqların seçki fəallığını müşahidə etdim”.
Belə faktlar istənilən qədərdir. Göründüyü kimi, dünyanın müxtəlif ölkələrindən gələn müşahidəçilər Azərbaycanda keçirilən seçkilərin nəticələrini yüksək qiymətləndiriblər. Onlar namizədlərə bərabərhüquqlu şərait yaradıldığını deyir, şəffaflığın təmin olunmasından razılıq edirlər. Seçkilərin demokratik keçirilməsində dövlət başçımızın siyasi iradə nümayiş etdirməsi beynəlxalq müşahidəçilər tərəfindən xüsusi vurğulanmışdır. Bütün bunlar Azərbaycanın dünya birliyindəki nüfuzunun getdikcə artmasında böyük rol oynayıb.
Bu ilin yayında böyük təntənə ilə başa çatmış birinci Avropa Oyunları zamanı Azərbaycana gəlmiş adlı-sanlı idmançıların və turistlərin sayı da bunu təsdiqlədi. Ölkəmizin dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsi və mövqeyinin möhkəmləndirilməsi bu uğurları gözü götürməyən qüvvələri ciddi təşvişə salıb. Onlar müxtəlif vasitələrlə beynəlxalq birlikdə respublikamız haqqında mənfi rəy formalaşdırmağa çalışır, böhtan və qarayaxmalarla təzyiq göstərməyə cəhd edirlər.
Noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkiləri ərəfəsində bunun bir daha şahidi olduq. Qərbin ssenarisi və Avropanın bir sıra dövlətlərinin, həmçinin, bəzi beynəlxalq qurumların iştirakı ilə davam edən qərəzli kampaniyada “Freedom House”, “Amnesty İnternational”, “Transparency İnternational” və “Human Rights Watch” kimi qurumlardan bir vasitə kimi istifadə olunur. Ölkəmiz haqqında yalan və böhtanla dolu hesabatlar hazırlamaqda, hətta, beynəlxalq aləmdə də qərəzli qurumlar kimi tanınan, Qərbin sifarişlərini icra edən belə oyuncaq təşkilatlara Avropa Parlamenti və Avropa Şurasının da qoşulması təəssüf doğurur. Çünki bu qurumlar özlərini müstəqillik yoluna qədəm qoyan dövlətlərdə demokratik ənənələrə yardımçı, habelə, insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edirlər. Əslində, bu cür riyakar siyasət yeridən və ikili standartlar nümayiş etdirən həmin təşkilatlara olan inam getdikcə azalır. Çünki onlar dünya ictimaiyyətinin də işğalçı dövlət kimi tanıdığı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyinə hələ də göz yumur, bu ölkədə insanların hüquqlarının kobud surətdə pozulmasına heç bir münasibət bildirmirlər.
Serj Sarkisyan tərəfdarlarının prezident seçkilərində yol verdikləri kobud qanun pozuntularına və zorakılıq hallarına etiraz edən dinc əhalinin gülləbaran edilməsi (rəsmi məlumata görə, bu insidentdə 11 nəfər qətlə yetirildi) heç bir beynəlxalq təşkilatın diqqətini cəlb etmədi. Elə həmin ölkədə iclas zamanı parlament rəhbərlərinin güllələnməsi, Ermənistan silahlı birləşmələrinin 23 ildir ki, Azərbaycan ərazisinin 25 faizini işğal altında saxlaması və hərbi təcavüz nəticəsində bir milyondan artıq soydaşımızın doğma ocaqlarından didərgin salınması, bundan başqa, çoxlu sayda terror aktları törətmələri özlərini demokratiya, haqq-ədalət carçısı, insan haqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatları zərrə qədər də maraqlandırmadı. Ancaq Azərbaycanda baş verən hər hansı kiçik bir hadisəni şişirdərək, necə deyərlər, “milçəkdən fil düzəldirlər”. Parlament seçkiləri ərəfəsində riyakarlar bir qədər də fəallaşaraq, ağalarının verdikləri tapşırıqları can-başla yerinə yetirməyə cəhd edirlər.
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi sonuncu qətnaməsi, Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın oktyabrın 7-də öz nümayəndəsini Azərbaycanda İnsan Hüquqları üzrə Birgə İşçi Qrupundan geri çağırması barədə qərarı və digər çirkin kampaniyalar ölkəmizə təzyiq deməkdir. Bütün bunların parlament seçkiləri ərəfəsində həyata keçirilməsi, təbii ki, Qərbin və Avropanın bir sıra dövlətlərinin birgə hazırladıqları ssenaridir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Parlamentinin seçki prosesini müşahidə etməkdən imtinaları və digər beynəlxalq qurumların da onlara qoşulmaq çağırışları beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlikdir. Belə siyasi riyakarlıq ilk növbədə ölkəmizin iqtisadi qüdrətinin getdikcə artmasından, dünya birliyinə sürətli inteqrasiyasından və bu inkişafı antiazərbaycan qüvvələrin həzm edə bilməməsindən irəli gəlir.
20-dən çox beynəlxalq təşkilatdan 426 beynəlxalq müşahidəçinin parlament seçkilərini müşahidə etmək barədə qərarı və artıq qeydiyyata alınmaları, exit-pollar keçirmək barədə çoxsaylı müraciətlər qərəzli beynəlxalq təşkilatların boykot arzularını ürəklərində qoydu. Qərəzli beynəlxalq təşkilatların bu çağırışına etiraz edənlər də oldu və onların diqqətinə çatdırıldı ki, ümumiyyətlə, boykot düzgün taktika deyil və bunu Azərbaycanda həyata keçirməyin heç bir mənası yoxdur. Eyni zamanda, bütün dəyişikliklərin və inkişafın, demokratik dəyərlərin bərqərar olunması yolunun yalnız seçkilərdən keçməsi anlaşılan gerçəklikdir. Ona görə də seçkilərdən özünü kənar tutmaqla kimlərinsə təzyiq vasitəsilə nəyisə dəyişəcəyinə ümid etməsi sadəlövhlükdür. Bunu dərk edən siyasi qüvvələr seçki marafonuna qoşuldu və deputat mandatı uğrunda ciddi mübarizə aparmaq niyyətlərini ortaya qoydu. Qərəzli beynəlxalq təşkilatların tapşırıqlarını yerinə yetirən radikal müxalifət nümayəndələrinin seçkilərdə iştirak edib-etməməsi heç nəyi dəyişməyəcək və bu, heç hiss olunmayacaq da.
Azərbaycana qarşı qərəzli olan antiazərbaycan qüvvələrin çirkin kampaniyalarına baxmayaraq, ölkəmizdə düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir.
Prezident İlham Əliyev ölkəmizə qarşı təzyiq vasitələrinin həyata keçirdiyimiz siyasətə təsir edə bilməyəcəyini vurğulayaraq, bundan sonra da müstəqillik yolu ilə gedəcəyimizi bəyan etmişdir: “Əlbəttə, müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. Çünki bu gün dünyada qütbləşmə göz qabağındadır, bu proses gedir. Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.