Parlament seçkiləri: Seçicinin vətəndaşlıq borcu

Azərbaycan Milli Məclisə növbəti seçkiləri ən yüksək standartlara uyğun keçirmək  əzmindədir. Dövlətin siyasi iradə ortaya qoyması və aşkar hiss olunan seçici fəallığı bu mühüm siyasi kampaniyanın uğurla baş tutacağına zəmanət verir. Görünən budur ki, Azərbaycanda vətəndaş – dövlət münasibətləri güclənir, vətəndaş quruculuğu prosesləri daha da sürətlənir. 

Hər bir sivil ölkədə seçkilərin dəyəri, ilk növbədə seçici fəallığı ilə ölçülür. Parlament seçkilərinin əsas məqsədi Azərbaycan vətəndaşlarının azad, sərbəst və şəffaf seçimi əsasında ölkənin ali qanunverici orqanını formalaşdırmaqdır. Yalnız xalqıının, millətinin tərəqqisinə çalışan fəal vətəndaşlardan etimad mandatı alan parlament səmərəli fəaliyyət göstərə bilər.   Seçib-seçilmək hər bir vətəndaşın konstitusion hüququdur. Bu, həm də seçicinin vətəndaşlıq borcudur. Ölkəmizdə bu gün seçkilər ərəfəsində çox pozitiv ab-hava yaranıb. Azərbaycan vətəndaşı  milli maraqlarımızı tam təmin edən və qoruyan dövlət başçısının müdrik siyasətinə dərin inam bəsləyir. Ölkə vətəndaşları azad, fəal və kreativdirlər. Başlıcası isə hər bir vətəndaş ölkəsinin davamlı tərəqqisində maraqlıdır.

Milli dövlətçiliyimizin  böyük memarı ulu öndər Heydər Əliyev Azərbaycanda azad vətəndaş cəmiyyəti bərqərar olmasına böyük önəm verirdi. Dahi siyasətçi hesab edirdi ki, yalnız hüququn ali tutulduğu demokratik cəmiyyətdə vətəndaşın fərdi imkan və bacarıqları tam üzə çıxa bilər. Ona görə də Azərbaycan plüralist səmiyyətin formalaşmasına çalışır və buna nail olur. Əlamətdar haldır ki, bu müdrik siyasi xətt Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqları və çağırışları nəzərə alınmaqla, böyük uğurla və yaradıcı surətdə davam etdirilir.

Seçkilər bütün cəmiyyət üçün siyasi yetkinlik mənasında sınaq anıdır. Seçki hüququndan faydalanmaqla vətəndaş səmiyyətdə demokratik idarəetmə prosesinə cəlb olunur. Buna görə də vətəndaş cəmiyyətin bir üzvü olduğunu hiss edir və bundan, təbii ki, qürur duyur. Lakin seçim etmək şansı həm də məsuliyyət hissini gücləndirir.

Demokratik cəmiyyətdə seçkilər media üçün də bir peşəkarlıq imtahanıdır. Mənə elə gəlir ki, seçkilərlə bağlı hər bir jurnalistin təcrübəsində maraqlı anlar, məqamlar olur. Mənim də təcrübəmdə belə anlar olub. Onlardan biri hələ 17 il əvvəl yaşanıb.

...1998-ci il oktyabın 11-i idi. Azərbaycanda növbəti prezident seçkiləri keçirilirdi. Ulu öndər Heydər Əliyevin seçkilərdə ikinci dəfə böyük və parlaq qələbə qazanacağına heç kimin zərrə qədər də şübhəsi yox idi. Seçicilər ümummilli liderə olan dərin rəğbət və məhəbbətini bir daha izhar etmək üçün səsvermədə fəal iştirak edirdilər. Təkcə Azəərbaycanın ərazisində deyil, həmyerlilərimizin kompakt yaşadığı yaxın və uzaq ölkələrdə də seçkilərə dərin maraq vardı. Həmin gün çalışdığım “Xalq qəzeti”nin redaksiyasından Azərbaycanın Rusiyadakı səfirliyinə zəng çalaraq oradakı seçki məntəqəsində səsvermənin gedişatı ilə maraqlandım.  Söhbət əsnasında tanınmış həmyerlilərimizdən kimlərin səsvermədə iştirak etdiyini soruşdum. Səfirliyin əməkdaşı səsvermədə artıq iştirak etmiş bir neçə görkəmli həmyerlimizin adını çəkdi və əlavə etdi ki, SSRİ xalq artisti Müslüm Maqomayev indicə səsvermə kabinəsindən çıxdı... 

Həmsöhbətimdən dərhal şöhrətli həmyerlimizdən qəzetimiz üçün qısa müsahibə götürməyə razı salmasını rica etdim. Xoşbəxtlikdən Müslüm Maqomayevi “dilə tutmağa” ehtiyac olmadı və telefonda həvəslə suallarıma cavab verdi. Yadımdadır, böyük müğənni dedi ki, səhhətində bir qədər problem olsa da, doğma Azərbaycan üçün belə bir taleyüklü məqamda o, səfirliyə gələrək ona çox əziz və doğma insan olan, görkəmli tarixi şəxsiyyət Heydər Əliyevə səs verməyi özünün vətəndaşlıq borcu hesab edir. Müslüm Maqomayev qəlbindən dilinə axan düşüncələrini bu sözlərlə ifadə edirdi: “Azərbaycanın xoşbəxt gələcəyi bu dahi siyasətçi ilə bağlıdır. O, xalqın ümid yeridir, pənahıdır. İnanıram ki, Heydər Əliyev Azərbaycanı ən uca zirvələrə aparacaq!”

Həmin qısa müsahibə qəzetin növbəti nömrəsində dərc olundu. Bəli, öz gözəl və təkrarsız səsi ilə Azərbaycanı dünyanın ən böyük konsert salonlarından tərənnüm edən, milyonların sevimlisi,  Müslüm Maqomayev Azərbaycan vətəndaşı kimi seçkilər günü vətəndaşlıq borcunu yerinə yetirərək öz səsini milyonların səsinə qatmaqdan böyük fəxarət duyurdu.

Vətəndaşın xalqın, millətin seçkilər kimi mühüm siyasi proseslərə biganə qalması, səsvermədə iştirak etməməsi arzuolunan hal deyil. Bəzi ölkələrdə seçicilərin seçkilərdə fəal iştirak etmələri üçün seçkiyə qatılmayanları cərimə edirlər. Adətən, belə cərimələr rəmzi olur. Bu, əlbəttə, çıxış yolu deyildir. Yaxşı ki, müstəqil Azərbaycanda belə bir problem heç vaxt yaşanmır və 2015-ci il noyabrın 1-də seçicilərin böyük əksəriyyətinin sesvermədə iştirak edəcəyinə şübhə yoxdur.

Seçkilərdə gənclərin fəal iştirak etməsi xüsusilə vacibdir. Gənclər millətin gələcəyidir. Onların ölkəmizdə azad vətəndaş cəmiyyəti quruculuğuna fəal cəlb olunmaları dövlətin qarşısında duran  vacib vəzifələrdən biridir. Azərbaycan dövləti bu istiqamətdə davamlı uğurlu işlər görür. Son illərdə həm hökumət, həm də qeyri-hökumət təşkilatlarında çalışan gənclərin seçkilərdə fəallığı müşahidə olunur ki, bu, müsbət və qürurverici haldır.

Müasir dünyada seçki texnologiyaları daim təkmilləşir, texniki inkişafın nəticəsi olaraq namizədlərin təbliğat-təşviqat imkanları da artır. Azad, şəffaf mübarizə şəraitində namizədlər, təbii ki,  özləri barədə mümkün qədər yaxşı təəssürat yaratmağa çalışırlar. Eyni zamanda,  seçicilərin namizədlər, onların həyat yolu və seçki planları haqqında daha geniş bilgilər almaq imkanları yaranır. Məlumatlı seçicini artıq populist çıxışlar və vədlərlə aldatmaq çətin olur. 

Bu gün ölkəmizdə seçicilərə hər hansı bir şəkildə təzyiq göstərilməsi qeyri-mümkündür. 31 saylı Suraxanı seçki dairəsinin 23 saylı məntəqəsində Ədalət Partiyasının təmsilçisi Müqalib Kazımovu çoxdan tanıyıram. İxtisasca həkimdir. On ilə yaxındır ki, həmin məntəqədə üzvü olduğu  partiyanı təmsil edir. Deyir ki, hələ bir dəfə də olsun, qanun pozyntusu ilə raztlaşmayıb. Həmin dairədən budəfəki seçki marafonuna YAP-la bərabər, Ümid, Ədalət, Millətçi Hərəkat və başqa partiyaların nümayəndələri, eləcə də bitərəf namizədlər qoşulublar.

Bir məqamı da xatırlatmaq  vacibdir. Parlamentdə təmsil olunmaq istəyən şəxslər mandat əldə etdikləri təqdirdə seçicilərin etimadını mütləq doğrultmağa çalışmalıdırlar. Unutmamalıdırlar ki, təmsil etdikləri seçici kontingenti, bütövlükdə ölkə vətəndaşları qarşısında hüquqi və mənəvi öhdəlikləri var. Seçicilərlə daim təmasda olmalı, ali qanunvericilik fəaliyyətlərində onların arzu və istəklərini daim nəzərə almalıdırlar.

Beləliklə, hər bir seçici seçkilərdə fəal içtirak etməklə, ilk növbədə, öz yüksək vətəndaşlıq missiyasını yerinə yetirir. Seçmək və seçilmək vətəndaşın ayrılmaz hüququ olduğu kimi, bu missiyanı şərəflə yerinə yetirmək  də onun müqəddəs borcudur!

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında