Ölkəmizdə keçirilmiş bütün seçki və referendumlar kimi, 2015-ci il parlament seçkiləri də region və dünya ölkələrinin diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun müsbət nəticələri ölkəmizin dostlarını və tərəfdaşlarını qat-qat artırmışdır.
Ona görə də dostlarımız və müttəfiqlərimiz Azərbaycanda reallaşdırılan istənilən siyasi tədbirin uğurla başa çatmasını arzulayır ki, bu Cənubi Qafqaz ölkəsində sabitlik və əmin-amanlıq daim qorunub saxlanılsın. Ancaq dövlət başçımızın da dediyi kimi, bəzi siyasi dairələr Azərbaycanın uğurlarından narahat olduqlarına görə hər vastiə ilə ölkədəki daxili sabitliyi pozmaga çalışırlar. Maraqlıdır ki, hər iki məqam son nəticədə bizim xeyrimizə olur. Dostlarımızın arzu və istəyinin səmərəsi barədə söz açmağa ehtiyac yoxdur. Bədxahlarımızın qarayaxmalarını isə ona görə qeyd edirik ki, bizə şər-böhtan atmaq istəyən qüvvələrin sözünü kəsmək üçün lazım olan bütün addımları atırıq və nəticədə dünya ictimaiyyəti istənilən nöqsan və yarımçıqlıqdan xilas olmuş Azərbaycan Respublikası ilə üz-üzə qalır. Çəkinmədən deyə bilərik ki, bu arqumenti ölkənin seçki qanunvericiliyinin təkmilləşdirilməsinə də tətbiq edə bilərik.
Fikrimizi əsaslandırmaq üçün bəzi məqamları yada salaq. Yeni əsrin ilk illərindən, konkret desək, Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycanın seçki qanunvericiliyi mükəmməl təkmilləşmə yolu keçmiş, əksər Avropa ölkələrinin anoloji sənədlərindən də üstün, demokratik və ədalətli seçkilərin keçirilməsinə zəmin yaradan Seçki Məcəlləsi formalaşdırılmışdır. Öncə xatırladaq ki, seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsinə, aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıqda hazırlanmış və müasir demokratik seçki prinsip və normalarını özündə əks etdirən, cəmiyyətin geniş dairələrinin də müzakirəsinə cəlb edildiyi Seçki Məcəlləsinin yaradılması təşəbbüsü bilavasitə dövlət başçısı Heydər Əliyevdən gəlmişdi. Məhz ulu öndərin tapşırığı əsasında adıçəkilən sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq edilmişdir. 2002-ci ilin ortalarından etibarən qeyd olunan təşkilatlarla əməkdaşlıq nəticəsində həmin qurumların təklif etdikləri tövsiyələrin, demək olar ki, hamısı Seçki Məcəlləsinin layihəsinə daxil edilmişdir. Bu mühüm dövlət sənədinə son dəyişikliklər isə 2010-cu il noyabrın 7-də keçirilmiş parlament seçkilərindən öncə edilmişdir. Bəs həmin dəyişikliklərin məğzi nədən ibarət idi? Birinci, ümumi seçki kampaniyasına start verilmə müddətinin 75 gündən 60 günədək, namizədlərin təşviqat kampaniyasının 28 gündən 23-dək , imzaları və digər sənədləri topladıqdan sonra namizədlərin qeydiyyata alınması müddətinin 10 gündən 7 günədək, hərbi qulluqda, həbsxanalarda seçki hüququna malik olan şəxslər haqqında məlumatın seçki komissiyalarına çatdırılma müddətinin 25 gündən 20 günədək, eləcə də, təşviqat qruplarının qeydiyyat müddətinin 10 gündən 7 günədək azaldılması. İkinci, namizədlərə büdcədən heç bir maliyyə dəstəyinin ayrılmaması.
Əlavə edək ki, adıçəkilən Seçki Məcəlləsi ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, eləcə də, referendumun keçirilmə qaydalarını müəyyənləşdirir. Eyni zamanda, Seçki Məcəlləsi Mərkəzi Seçki Komissiyasının və seçki komissiyalarının təsisi və fəaliyyət prinsiplərini də özündə əks etdirir. Bu sahədə əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi baza yaradaraq, namizədlərin qeydiyyatı və seçki komissiyalarının fəaliyyəti də daxil olmaqla, seçkilərin bütün aspektlərinin təkmilləşdirilməsinə imkan yaratmışdır.
Xatırladaq ki, respublikamızda son parlament seçkiləri 2010-cu il noyabrın 7-də olmuşdur. Ədalətli, demokratik və şəffaf seçkilər kimi dəyərləndirilən həmin seçkilər Azərbaycanın seçki sahəsində mövcud qanunvericiliyinə və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun təşkil olunmuşdur. Seçkilərdə bütün maraqlı siyasi tərəflər, ictimai qurumlar, bitərəf namizədlər iştirak etmişlər. Seçki geniş debat şəraitində təşkil olunmuş və təşviqat müddətində bütün tərəflərə bərabər şərait yaradılmışdır. 2010-cu il noyabrın 7-də keçirilmiş parlament seçkilərinə hazırlıq kampaniyası dövründə İctimai televiziyada namizədlərin seçkiqabağı təşviqat debatları təşkil olunmuş, hər namizədə 4 dəqiqə ödənişsiz efir vaxti ayrılmışdır, bu da öz növbəsində cəmiyyətdə plüralizmin inkişafında müstəqil yayım xidmətinin rolunu daha da artırmışdır.
Əvvəlki yazılarda da qeyd etdiyimiz kimi, seçkilərin azad, şəffaf və demokratik keçirilməsinin əsas elementlərindən biri də seçkilərdə yerli və beynəlxalq müşahidəçilərin iştirakıdır. 2010-cu ilin iyun ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən bir sıra beynəlxalq təşkilatlara Azərbaycanda keçiriləcək parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün öz nümayəndələrinin göndərilməsi ilə əlaqədar dəvətlər göndərilmişdi. Nəticədə seçkiləri müşahidə etmək məqsədilə müxtəlif beynəlxalq təşkilatlardan, eləcə də ayrı-ayrı dövlətlərdən 48 ölkədən 1026 beynəlxalq müşahidəçi akkreditə olunmuşdu. Azərbaycan tərəfi o bu qədər əcnəbi müşahidəçinin heç bir maneə ilə üzləşmədən öz funksiyasını yerinə yetirməsi üçün lazım olan bütün şəraiti yaratmış və əcnəbilərin istənilən məntəqədə müşahidə aparmaq istəyi reallaşdırılmışdır.
Səsvermənin ertəsi günü — noyabrın 8-də ATƏT/DTİHB, ATƏT Parlament Assambleyası, AŞPA və Avropa Parlamentinin nümayəndələri seçkilərin yekunlarına həsr olunmuş birgə bəyanatla çıxış etmişdilər. Həmin bəyanatda bəzi nöqsanlarla yanaşı, seçkilərin dinc şəraitdə keçdiyi və bütün müxalifət partiyalarının iştirakı ilə səciyyələndiyi, eləcə də müşahidə missiyalarının seçki məntəqələrinin 90 faizində səsvermə prosesini müsbət qiymətləndirildiyi fikirləri əksini tapmışdır. Seçkiləri müşahidə etmiş MDB, Seçkilərin Müşahidəsi üzrə Avropa Akademiyası, Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) müşahidə missiyası da öz rəyini açıqlayaraq, bir neçə cuzi nöqsanlara baxmayaraq, ümumilikdə, Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin demokratik, şəffaf şəraitdə, seçkilər haqqında qanunvericiliyə və beynəlxalq normalara tamamilə uyğun keçirildiyini bəyan etmişdir.
ATƏT, ATƏT-in Parlament Assambleyası, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin Azərbaycanda seçkiləri müşahidə etmiş missiyalarının birgə mətbuat konfransında ATƏT-in qısamüddətli missiyasının rəhbəri Volfhanq Qrossruk qeyd etmişdi ki, “Azərbaycanda parlament seçkiləri dinc şəraitdə keçirilib. Ölkədə seçkilərin keçirilməsində ciddi irəliləyiş əldə edildiyini söyləmək olar”.
Avropa Birliyi Xarici Siyasət İdarəsinin rəhbəri Ketrin Eşton isə Azərbaycanda parlament seçkilərinin dinc şəraitdə keçdiyini və bütün müxalifət partiyalarının siyasi proseslərdə iştirak etdiyini vurğulamışdı. Seçkiləri izləmiş Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasının yekun bəyanatında bildirilirdi ki, missiyaya 8 MDB ölkəsindən 352 nəfər daxil olub. MDB müşahidə missiyası hesab edirdi ki, Azərbaycanda 2010-cu il noyabrın 7-də keçirilmiş parlament seçkiləri fəaliyyətdə olan seçki qanunvericiliyinin normalarına uyğun və yüksək təşkilati səviyyədə keçirilib.
Azərbaycanda keçirilmiş parlament seçkilərindən 9 gün sonra – noyabrın 16-da Avropa Şurasının Paris ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin yığıncağında AŞPA Monitorinq Komitəsinin parlament seçkilərini müşahidə etmiş Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramuntun (İspaniya) və Cozef Debano Qrexin (Malta) məlumatları dinlənilmişdi. Pedro Aqramunt Azərbaycanda parlament seçkiləri və bununla bağlı komitədə etdiyi çıxış barədə azərbaycanlı jurnalistlərə verdiyi müsahibəsində bildirmişdi ki, keçirilmiş parlament seçkilərini müşahidə edən istər yerli, istərsə də beynəlxalq missiyalara hər cür şərait yaradılıb: “2005-ci ildə keçirilmiş parlament seçkiləri ilə müqayisədə bu dəfə istər seçkilərə hazırlıq istiqamətində, istərsə də onun gedişində böyük dönüş yarandığını görməmək mümkün deyil. Seçkilərin yüksək səviyyədə, beynəlxalq normalara uyğun keçməsi üçün Mərkəzi Seçki Komissiyası xeyli iş görüb, öz işində dönüş yarada bilib. Ən əsası odur ki, seçkilər sakit şəraitdə keçib. Əvvəlkindən fərqli olaraq, bu seçkidə ölkədəki bütün müxalifət partiyaları iştirak edib. Bu isə özlüyündə yaxşı hal və demokratiyanın inkişafı kimi dəyərləndirilməlidir. Ümid edirik ki, Azərbaycanda gələcək seçkilər daha yüksək səviyyədə keçiriləcək”.
Bəli, cənab Pedro Aqramuntun həmin proqnozu artıq həyatda öz əksini tapmaq üzrədir. Ölkəmiz əvvəlki parlament seçkilərinin hamısına nisbətən daha yüksək səviyyədə keçiriləcək parlament seçkilərinin beş-altı addımlığındadır. Seçkilərə hazırlıq prosesi barədə qəzetimizin ötən saylarında kifayət qədər ətraflı söz açmışıq. Ancaq onu deməyə ehtiyac var ki, Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, respublikamızda keçirilən beşinci parlament seçkilərində əvvəlki seçkilərin hamısından çox əcnəbi və yerli müşahidəçi iştirak edəcək. Qoy olsun. Bu tendensiya seçki təcrübəmizi daha da təkmilləşdirməyə kömək edir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.