Qərbin “yeni atlantizm” strategiyasının böhranı

Məlum olduğu kimi, Sovet İttifaqının və Varşava müqaviləsi əsasında yaranan birliyin süqutundan sonra onlara qarşı fəaliyyət göstərən Şimali Atlantika Alyansı nəinki ləğv olunmadı, əksinə, üzvlərinin sayını artıraraq Şərqə doğru genişlənməyə başladı. Müxtəlif regionlardakı münaqişələrə müdaxilə edən NATO qlobal terrorizmlə mübarizəni özünün əsas hədəflərindən biri elan etdi.

NATO-nun genişlənməsi onun keçmiş rəqibi olan SSRİ-nin varisi sayılan Rusiyanı daim narahat olmağa vadar edir. Proseslərin müəyyən bir məqamında, daha doğrusu, 2000-ci illərin əvvəllərində Vladimir Putinin rəhbərliyi altında Rusiyanın təşkilata daxil olması cəhdləri edilir. Lakin Rusiyanın Alyansa lider ölkələrdən biri kimi qəbul olunmaq istəyi ABŞ tərəfindən bəyənilmir və onun üzvlüyünə aparan müzakirələrin irəliləməsinin qarşısı alınır.

Yeni atlantizm Avropanın təhlükəsizliyi məsələsində özünün təklif etdiyi modeli mütləqləşdirir, digər alternativləri qəbul etmək istəmir, onların Avropanın təhlükəsizlik sisteminə dağıdıcı təsir göstərə biləcəyini düşünür, özünün müstəsnalığını təkcə regionda deyil, bütün dünyada sübuta yetirməyə çalışır.

NATO Əfqanıstanda terrorizmə qarşı mübarizə aparan əsas güc mərkəzinə çevrilir və 20-dən artıq sayda digər ölkələri də beynəlxalq koalisiyaya cəlb edir. 2011-ci ildə Liviyanın bombardmanında NATO və bir sıra müttəfiqləri birgə fəaliyyət göstərirlər. NATO-nun fəaliyyətini genişləndirməsi onun qlobal miqyasda sülhün, təhlükəsizliyin təminatçısına çevrilmək potensialından xəbər verirdi. Lakin proseslər onu göstərir ki, yeni atlantizm dünyanın təhlükəsizliyi üçün fayda daşımır. O əvvəlki kimi Şimali Atlantika Alyansına daxil olan məhdud qrupun, bəzən isə sadəcə olaraq bu qrupun aparıcı üzvü olan ABŞ-ın maraqlarını təmin edən hərbi qurum olaraq qaldı. Bir ölkənin, yaxud ölkələr qrupunun maraqlarının hərbi baxımdan təmin edilməsi isə əksər hallarda digərlərinin mənafelərinin pozulmasına gətirib çıxarır. Belə olan halda, təsadüfi deyil ki, yeni atlantizmi özünə təhlükə hesab edən dövlətlər alternativ siyasi, iqtisadi, hərbi birliklər yaratmaq niyyətinə düşürlər. Bu ittifaqlara, NATO-nun fəaliyyətini özünə birbaşa hədə kimi görməsə də, lakin ondan ciddi fayda görməyən ölkələri də cəlb etməyə çalışırlar.

Bu cəhətdən Rusiyanın faktiki liderliyi ilə yaranan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çox zaman NATO-ya alternativ, hətta rəqib kimi görülür. Bununla belə, indiki halda təşkilatın genişlənməsi, ən azından üzvlərinin sayına görə NATO ilə müqayisə oluna biləcək səviyyəyə gəlməsi perspektivləri azdır. Bunun bir səbəbi ölkələrin NATO ilə əks cəbhədə yer almaq istəməməsidir. Digər tərəfdən, bəzi ölkələr suverenlik, xarici hərbi siyasətdə tam müstəqillik, tərəfsizlik və milli maraqlardan irəli gələn digər səbəblərdən qurumdan kənarda dayanmağa üstünlük verirlər.

NATO-nun və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dünyada sülh və təhlükəsizliyin bərqərar edilməsi, terrorizmlə mübarizə kimi məsələlərdə uğur qazanmaması Rusiyanın təşəbbüsü ilə daha geniş və sərbəst koalisiyaya meyl göstərən ölkələrin sayını artıra bilər. Rusiyanın hazırda İran, Suriya və İraqla yaratdığı hərbi əməkdaşlıq belə bir koalisiyanın özəyi rolunu oynaya bilər. Bu həm də onu göstərir ki, dövlətlər onların təhlükəsizliyini hədələyən terrorizmin məğlub edilməsində daha əvvəlki kimi ABŞ-ın liderliyi ilə aparılan fəaliyyətə arxayın olmaq niyyətində deyillər, özləri təşəbbüsü ələ almağa çalışırlar. Məsələn, oktyabrın 16-da MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında imzalanan razılaşmaların şərtlərindən biri kimi, ölkələrinin sərhədlərinin mühafizəsində, zərurət yarandıqda, informasiya mübadiləsi və digər formalarda əməkdaşlıq edilməsi nəzərdə tutulub. Bu, heç də hər hansı ittifaqın yaranması demək olmasa da, ölkələrin ortaq maraqlar əsasında hərbi təhlükəsizliklərini ABŞ-ın, yaxud NATO-nun rəhbərliyi olmadan birgə qorumaq niyyətindən xəbər verir. Buradan belə bir qənaətə gəlmək olar ki, beynəlxalq hərbi əməkdaşlığın səviyyəsini çox zaman NATO, KTMT və ya hər hansı digər hərbi təşkilatın çərçivələri ilə məhdudlaşdırmaq mümkün deyil.

Əfqanıstandakı koalisiyanın nümunəsində göründüyü kimi, ABŞ-ın müraciəti qısa müddətdə onlarla ölkənin könüllü surətdə onun rəhbərliyi altında koalisiyada yer alması üçün kifayət idi. Lakin illər keçdikcə, ABŞ-ın rəhbərliyinin dünyadakı real təhlükələrlə mübarizədə səmərəsizliyi beynəlxalq hərbi əməkdaşlıqda vəziyyəti dəyişə bilər. İndi ABŞ-ın çağırışı ilə çoxlu sayda ölkənin müəyyən təhlükəyə qarşı hərbi güclərini birləşdirməsi əvvəlki qədər asan olmaya bilər. ABŞ-ın son illərdə özünə olan inam və etimadı doğrultmaması onun qlobal hərbi lider mövqeyini itirməsinə gətirib çıxara bilər.

Qlobal səviyyədə vəziyyətin dəyişməkdə olduğunu ABŞ ictimaiyyəti də hiss etməkdədir. Rusiyanın müttəfiqləri ilə Suriyada hərbi əməliyyatlar aparması səbəbindən Obama administrasiyası ABŞ ictimaiyyətinin bir hissəsi tərəfindən passivlikdə, regionda boşluq yaratmaqda günahlandırılır. Bunun əksinə olaraq, analitik Fərid Zəkəriyyə isə hesab edir ki, Vaşinqtonun xarici siyasət elitası yanlışlıqla Rusiyanın fəallığını onun uğur qazanması kimi qiymətləndirir: “Onların fikrincə, dünyadakı istənilən böhran ABŞ-ın güc, xüsusən də hərbi güc tətbiq etməsi ilə həll oluna bilər, yaxud həll olunmalıdır. Bunun baş verməməsi passivlikdir və zəiflik yaradır. Bu məntiqlə, Rusiya və İran Yaxın Şərqin yeni ağalarıdır, baxmayaraq ki, onlar batmaqda olan müttəfiqlərini sahilə çıxarmağa çalışırlar”.

Müəllifə görə, bütün maneələrə baxmayaraq, Rusiya və İran qalib gələrsə, onlar Suriyaya yiyələnəcəklər, lakin bu, onlar üçün mükafat yox, “münaqişə qazanı” olacaq.

ABŞ-ın yerini başqa bir ölkənin, o cümlədən Rusiyanın tutmaqda olduğunu indidən söyləmək çətindir. Rusiya dünyada ABŞ qədər siyasi nüfuza, onun kimi 300-dən artıq hərbi bazaya malik deyil.

Lakin beynəlxalq təhlükəsizlik sisteminin böhranı, ABŞ-ın rəhbərliyi ilə aparılan kampaniyaların ölkələrin təhlükəsizliyini hədələyən terrorizm amilini aradan qaldıra bilməməsi dünyada hərbi balansın dəyişməsinə təkan verə bilər. ABŞ-ın hərbi liderliyinə skeptik yanaşmanın gücləndiyi indiki şərait Rusiya, Çin kimi çoxqütblü beynəlxalq münasibətlər sistemi tərəfdarlarının öz siyasi, hərbi rollarını artırmasına fürsət yaradır. Bu fürsəti onların əlindən almaq üçün ABŞ ya dünyanı yenidən özünün müstəsnalığına, sabitlik və təhlükəsizliyi bərpa etmək gücünə inandırmalı, ya da qəti həmlə edərək potensial rəqiblərini sıradan çıxarmalıdır. Bir sıra ekspertlərin fikrincə, Rusiyanın Suriyada başladığı təşəbbüs onun özünün regional yox, qlobal güc olduğunu sübut etmək və bunu bütün dünyaya qəbul etdirmək məqsədi daşıyır. ABŞ rəsmilərinin son zamanlar Rusiyanı ironiya ilə “regional güc” adlandırdıqlarını nəzərə aldıqda,  Rusiyanın fəallaşmasının səbəblərindən birini başa düşmək mümkündür.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında