Ölkəmizdə müstəqillik dövründə15-ə qədər seçki proseduru həyata keçirilib. Bu müddətdə seçkilərin şəffaf, ədalətli azad və demokratik keçirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, qanunvericilik bazası daha da təkmilləşdirilmişdir. Təbii ki, seçki proseslərində müəyyən nöqsanlar da qeydə alınıb.
Belə hallar dünyanın bütün ölkələrində keçirilən seçkilərdə baş verir. Ancaq ölkəmizdə keçirilən seçkilərdə qeydə alınmış nöqsanlar seçkilərin nəticəsinə təsir edəcək səviyyədə olmayıb.
Bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərin beynəlxalq standartlara uyğun olacağını görülən hazırlıq işləri də təsdiqləyir. Bu seçkilər də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. İndiyə qədər qeydiyyatdan keçmiş müşahidəçilərin sayı da bundan xəbər verir. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün indiyədək 283 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. 43 mindən artıq yerli müşahidəçi dairə seçki komissiyalarında, 605 müşahidəçi isə Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. 17 beynəlxalq qurum parlament seçkilərini müşahidə edəcəyi barədə rəsmi razılıq verib. Müşahidəçilərin qeydiyyatı hələ də davam edir.
Hazırda seçki kampaniyasının qızğın dövrüdür. Namizədliyi qeydə alınanlar təbliğat-təşviqat kampaniyası ilə məşğuldurlar. Bütün namizədlər üçün yaradılımış bərabərhüquqlu şərait təbliğat-təşviqat kampaniyası zamanı da özünü büruzə verir.
Seçki fəallığını yüksəldən amillərdən biri də namizədlərin təbliğat-təşviqat kampaniyasından səmərəli istifadə etməsidir. Onların öz təbliğatlarını aparması üçün qanunvericilik əsasında əlverişli şərait yaradılıb. Deputat mandatına iddialı olanlar üçün ayrılmış qapalı və açıq şəraitdə keçirilən təbliğat kampaniyalarında indiyə qədər hər hansı bir xoşagəlməz insidentin yaranmaması, bu barədə əlaqədar təşkilatlara şikayətin daxil olmaması namizədlər arasında ayrı-seçkiliyə yol verilməməsinin bariz nümunəsidir. Namizədlərin səlahiyyətli nümayəndələri də etiraf edirlər ki, dairə seçki komissiyalarında seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun bütün addımlar atılır. Azərbaycan cəmiyyəti düzgün və obyektiv şəraitdə seçimini ortaya qoymaq üçün hər bir imkandan yetərincə istifadə edir. Bundan ötrü əlverişli şərait də yaradılıb.
Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinə, aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində hazırlanmış və müasir seçki prinsip və normalarını özündə əks etdirən, nüfuzlu ekspertlərin də demokratik sənəd kimi dəyərləndirdiyi Seçki Məcəlləsi mövcuddur. Bu sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq edilmişdir. 2002-ci ilin ortalarından etibarən qeyd olunan təşkilatlarla edilən əməkdaşlıq nəticəsində bu təşkilatların Seçki Məcəlləsinin layihəsinə dair təklif etdikləri tövsiyələrin, demək olar ki, hamısı qəbul olunmuş və layihəyə daxil edilmişdir.
Seçki Məcəlləsi bütün səviyyələrdə demokratik seçkilərin keçirilməsi üçün zəruri olan əsas elementləri özündə ehtiva edir. Bu Seçki Məcəlləsi sonrakı illərdə Beynəlxalq İnsan Hüquqları Təşkilatlarının irad və tövsiyələrinə uyğun, eləcə də, seçkilərin demokratik keçirilməsində ölkənin öz təcrübəsini əks etdirmək üçün mütəmadi olaraq yenilənmişdir. Sonuncu düzəliş və əlavələr 30 aprel 2013-cü ildə qəbul edilmişdir.
Ötən seçkilər də göstərdi ki, bu siyasi kampaniyanın mütəşəkkil keçirilməsi cəmiyyətdəki ovqatdan, ictimai mühitdən və yaradılan şəraitdən daha çox asılıdır. Məhz bu baxımdan həyata keçirilən maarifləndirmə layihələri, Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış seçkiyə çağırış plakatları və digər tədbirlər insanların seçkiyə marağını daha da artırmışdır. Biz bu yüksək əhval-ruhiyyənin builki parlament seçkiləri ərəfəsində də şahidi oluruq. Təbii ki, bütün bunlar Azərbaycanda seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün atılan addımlardır. Seçki prosesinə ildən-ilə diqqətin və marağın artması ölkəmizdə seçki mədəniyyətinin inkişafının dövlətin diqqət mərkəzində saxlanılmasından xəbər verir.
Seçki qanunvericiliyinin daha da təkmilləşdirilməsi və zənginləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri dövlət başçısının da diqqət mərkəzində saxlaması ölkədə demokratik və Avropa standartlarına cavab verən seçkilərin keçirilməsinə mühüm önəm verildiyini təsdiqləyir. Bununla əlaqədar nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq, mütəmadi olaraq birgə tədbirlərin keçirilməsi və bu əməkdaşlığın davam etdirilməsi Azərbaycan hökumətinin seçkilər sahəsinin əhəmiyyətini nəzərə alaraq, istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də seçkilərə hazırlıq, seçkilərin keçirilməsi istiqamətində gələcəkdə də qarşılıqlı və konstruktiv ruhda əməkdaşlığın yeni mərhələyə qədəm qoymasında maraqlı olmasından xəbər verir. Bu baxımdan, aparıcı beynəlxalq təşkilatların MSK və dairə seçki komissiyalarına, onların üzvləri üçün treninq və seminarların təşkili, əhalinin seçkilərlə bağlı məlumatlılığının artırılması sahələrində yardımı yüksək qiymətləndirilir.
Hazırda parlament seçkilərinə hazırlığın gərgin mərhələsidir. Məntəqə seçki komissiyaları bildiriş vərəqələrini hazırlayaraq, seçicilərə paylama ərəfəsindədir. Seçki kabinələrinin quraşdırılması, seçici siyahılarında adları olmayan seçicilərlə əlaqə yaradılması, onların ünvanlarının dəqiqləşdirilməsi, yataq xəstəsi və müəyyən səbəblərə görə seçki məntəqələrinə gələ bilməyən seçicilərlə görüşmək, bu il ilk dəfə səs verəcək seçicilərin müəyyənləşdirilməsi və onlarla maarifləndirici söhbətlərin aparılması istiqamətində işlər davam etdirilir.
Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, bu il 63 mindən çox gənc ilk dəfə səs verəcək. Builki parlament seçkilərində həyata keçirilən layihələr bir yeniliyi ilə diqqəti cəlb edib. Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan bu layihədə doğum günü noyabrın 1-nə təsadüf edən seçiciləri hədiyyə gözləyir. Onlar səs verdikdən sonra elə seçki məntəqələrindəcə hədiyyələrini alacaqlar. Belə seçicilərin sayı 267 nəfərdir.
İndiyə qədər keçirilmiş seçkilərlə əlaqədar beynəlxalq təşkilatların və müşahidəçilərin rəyləri Azərbaycan Respublikasında seçki prosesinin hüquqi əsaslarının beynəlxalq demokratik qaydalara uyğun olmasından xəbər verir. Beynəlxalq qurumlar öz rəylərində seçki prosesinin bütün iştirakçıları, ədalətli və demokratik seçkilərə uyğun olaraq, səslərin planlaşdırılmış sayına cavab verib-verməyəcəyindən asılı olmayaraq, nəticələri qəbul etdiklərini bildiriblər. Bütün bunlar növbəti parlament seçkilərinin də demokratik şəraitdə keçiriləcəyinə böyük ümid yaradır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.