Azərbaycanın apardığı müstəqil siyasət təhlükəsizliyin, inkişafın və sabitliyin təminatıdır

Dövlət müstəqilliyinin bərpa olunmasından ötən müddət ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkəyə çevrilmiş və dünyanın siyasi və iqtisadi xəritəsində özünəməxsus layiqli yerini tutmuşdur.

Son zamanlar beynəlxaq aləmdə müşahidə edilən sistemli böhranlara baxmayaraq, ölkə rəhbərliyinin həyata keçirdiyi düşünülmüş sosial-iqtisadi siyasət respublikamızın ümumi inkişaf tempinin saxlanmasına və inkişaf etməsinə şərait yaratmaqla yanaşı, Azərbaycanın regional müstəvidə lider dövlət kimi mövqelərinin daha da güclənməsinə imkan vermişdir. Bu gün Azərbaycanın regional lider statusunu təsdiqləyən layihələrin həyata keçirilməsi, qeyri-neft sektorunun güclənməsinə və çiçəklənməsinə istiqamətlənmiş addımların dəstəklənməsi də belə düşünməyə əsas verdi ki, “Odlar yurdu” dünya iqtisadiyyatında müşahidə edilən problemlərə baxmayaraq, xalqın rifah halının daha da yaxşılaşmasına yönəlmiş çoxvektorlu siyasəti davam etdirəcəkdir.

Heç kimə sirr deyil ki, Azərbaycan kifayət qədər mürəkkəb, eyni zamanda, strateji əhəmiyyətli bölgədə yerləşir və buna görə də, xarici və daxili siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən öz milli maraqlarını qorumalı və bölgənin aparıcı dövləti statusunu saxlamalı, digər tərəfdən regionda maraqları olan bütün dövlətlərlə, o cümlədən, qonşularla qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamalıdır. Etiraf etmək lazımdır ki, hazırda beynəlxalq aləmdə müşahidə edilən sistemli böhranlar və dünyanın güc mərkəzləri arasında aparılan nüfuz savaşları fonunda dövlətlərarası münasibətlərdə konstruktiv mövqelərini qorumaqla yanaşı, sosial-iqtisadi inkişafa yönəlmiş layihələri dəstəkləmək, ilk növbədə, ticarət və mədəniyyət sahələrini əhatə edən addımları atmaq düşünülmüş müstəqil siyasətin yürüdülməsini tələb edir. Son illərin təhlili təsdiqləyir ki, Azərbaycan xarici və daxili siyasət məsələrində əldə etdiyi nailiyyətlərlə mütərəqqi ölkədir və suverenliyə, eyni zamanda, milli maraqlara zidd olan münasibətlərin qarşısını keçəcək müstəqil siyasətə sadiq qalacaqdır.

Müstəqil siyasət yürüdülməsinin milli maraqların təmin edilməsi baxımından əhəmiyyəti böyükdür. Məhz hansısa dövlət və ya dövlətlərin maraqlarına uyğun siyasət aparmaq milli mənafelərin qorunmasını prioritet vəzifə elan etmiş dövlətin dövlətçilik prinsiplərinə uyğun gəlmir. Dövlətin kənar müdaxilə olmadan siyasət yürütməsi, müxtəlif maraqlara qulluq edən addımları dəstəkləməsi və ya onlara təkan verməsi müstəqil siyasətə sadiq qalan ölkə üçün yolverilməzdir. İlk növbədə xalqın maraqlarıdır və həyata keçirilən istənilən siyasətin istiqamətləri milli mənafelərin, həmçinin, mehriban qonşuluq münasibətlərinin qorunub saxlanılmasını əhatə etməlidir. Azərbaycan dövləti məhz belə konstruktiv müstəqil siyasət yürütməyə üstünlük verir. Amma reallıq bundan ibarətdir ki, müstəqil və prinsipial siyasətin aparılması, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyildiyi kimi, böyük ölkələri qıçıqlandırır: “Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır”. Ölkə başçısı belə reaksiyanın olmasına  fikir vermədiyini əlavə etmiş və demişdir ki, əsas məsələ Azərbaycanın təhlükəsizliyi, inkişafı və sabitliyidir. Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək.

Bu, bir həqiqətdir ki, istənilən cəmiyyətin dayanaqlı və uzunmüddətli inkişafı milli birliyin səviyyəsindən çox asılıdır. Yəni vətəndaş həmrəyliyi ölkədə ictimai-siyasi asayişin yaranmasında və möhkəmlənməsində əvəzsiz rol oynayır. Buna görədir ki, dövlət-vətəndaş münasibətlərində konstruktiv dialoqun davam etdirilməsi hər bir demokratik ölkədə müdafiə olunur, vacib prinsip kimi önə çıxarılır. Vətəndaşının maraqlarının qorunmasını prioritet vəzifə elan etmiş Azərbaycan rəhbərliyi də iqtisadi inkişafın təməlini təşkil edən sabitliyin təmin olunmasında vətəndaş birliyinin güclənməsinə xüsusi diqqət ayırır. Ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə belə münasibət bildirmişdir: “Azərbaycanda sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək”. Göründüyü kimi, dövlət rəhbərliyi xalqın iradəsini və dəstəyini yüksək qiymətləndirir, xalq ilə iqtidar arasındakı birliyin ölkədə hökm sürən sabitliyin təminatı olduğunu açıqlayır.

Müstəqil siyasətin yürüdülməsi dövlət suverenliyinin təminatıdır. Xüsusilə də qlobal və regional müstəvidə geosiyasi mənzərənin sürətlə dəyişməsi bu vacib məsələni daha da aktuallaşdırır. Bu baxımdan dövlət maraqlarının qorunması üçün yürüdülən siyasətin qarşısında dayanan vəzifələrin doğru müəyyənləşdirilməsi həyati əhəmiyyət daşıyır. Buna görə də, Azərbaycan dövlətinin müstəqil siyasətinin prioriotetləri sürətlə dəyişən geosiyasi mənzərənin xüsusiyyətlərini maksimum dərəcədə nəzərə almağa əsaslanır və son illərin nəticələri belə deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyevin formalaşdırdığı perspektivli siyasət kursu milli maraqların təmin olunmasına yönəlmişdir və zamanın tələblərinə uyğundur. Bu gün Azərbaycanın daxili və xarici siyasət kursunun gətirdiyi sosial-iqtisadi inkişaf modeli region dövlətləri üçün nümunədir. Ölkə bütün sahələrdə inkişaf nümayiş etdirir, beynəlxalq aləmdə nüfuzunu dayanmadan yüksəldir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Azərbaycanın inkişaf modelinin diqqət mərkəzində olduğunu belə açıqlamışdır: “ Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir. Həm siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikultralizmlə bağlı bizim təcrübəmiz öyrənilir. Həm də hesab edirəm ki, iqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər. Çünki biz şaxələndirmə yolu ilə gedirik. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir”.

Ümumiyyətlə, Azərbaycanın müstəqil siyasətinin prioritetləri məlumdur. Burada böyük-kiçik dövlət münasibətlərinə yer yoxdur, qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu ikitərəfli əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə yer vardır. Beynəlxalq münasibətlərin müstəqil subyekti kimi Azərbaycan dövlətlərarası əməkdaşlıq əlaqələrinin yaradılmasında və inkişaf etdirilməsində milli maraqlarına uyğun addımlar atmaqda haqlı və sərbəstdir. Bu gün müstəqil Azərbaycan dövlətinin özünəməxsus siyasi dəst-xətti, dövlətçilik təfəkkürü, sosial-iqtisadi inkişaf yolu vardır və ölkə rəhbərliyinin milli maraqlara əsaslanan siyasi fəaliyyəti, hərtərəfli inkişaf və hüquqi dövlət quruculuğu, səmərəli diplomatik fəaliyyəti də məhz milli müstəqilliyin güclənməsini təmin etmişdir. Çoxşaxəli, balanslaşdırılmış müstəqil siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunmuş Azərbaycan hazırda region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurmuşdur. Ölkənin malik olduğu güclü potensial da beynəlxalq arenada tam müstəqil, milli maraqlara hesablanan siyasət yürüdülməsinə imkan verir.

Beləliklə, Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmək və hərtərəfli inkişafını, eyni zamanda, rəqabətədavamlı ölkələr sırasında layiqli yer tutmasını təmin etmək kimi strateji vəzifənin yerinə yetirilməsi istiqamətində səmərəli siyasət həyata keçirilir. Ölkəmizin inkişaf dinamikası iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektorunda müşahidə edilən artım tempinə əsaslanır. Qısa zaman kəsiyində iqtisadi uğurlara imza atan Azərbaycan bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində də müvəffəqiyyətləri bir-birinin ardınca sıralayır. Dövlət rəhbərliyinin yürütdüyü çoxvektorlu müstəqil siyasətin mahiyyətində də məhz milli maraqların təmin edilməsi, vətəndaşın təhlükəsiz və rahat şəraitdə yaşamasını təmin etmək istəyi dayanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaş dayanır. Sosial sahənin gələn il də prioritet sahə kimi, diqqət mərkəzində qalacağını bildirən ölkə başçısı əlavə etmişdir ki, həyata keçirilən tədbirlər və islahatlar nəticəsində  bu sahə insanları daha az narahat edir: “Çünki hamımız yaxşı bilirik ki, əvvəlki illərdə bu sahə ilə bağlı çoxsaylı şikayətlər daxil olurdu. Artıq yaradılan yeni sistem-şəffaflıq və sosial ədalət bu narazılığın böyük hissəsini aradan qaldırıb”. Bütün bunlar deməyə əsas verir ki, ötən illərdə olduğu kimi, növbəti ildə də Azərbaycan vətəndaşının rihaf halının daha da yaxşılaşdırılması məsələsi diqqət mərkəzində olacaq və ölkənin dinamik inkişafına imkan verən layihələrin həyata keçirilməsi prosesi davam etdiriləcək.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında