Suriya böhranının yaratdığı mürəkkəb vəziyyət və Türkiyənin Yaxın Şərq siyasəti

Yaxın Şərqdə gedən proseslərə Türkiyənin regional aktor və NATO üzvü kimi münasibəti və sərgilədiyi mövqe böyük önəm daşıyır. Sirr deyil ki, Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması iki ölkənin münasibətlərində Yaxın Şərqdəki olaylara fərqli yanaşmadan irəli gələn soyuqluğun gərginliyə çevrilməsinə səbəb olub. Üstəlik, Rusiya hərbi təyyarələrinin Türkiyənin hava sərhədlərini pozması münasibətlərə bir qədər də mənfi təsir edən faktor kimi çıxış edib.

Məlumdur ki, Suriyadakı konfliktə münasibətdə özünü göstərən Ankara və Moskvanın barışmaz mövqeyi Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmaması məsələsi ilə sıx bağlıdır. Türkiyə hökuməti Əsədin rəhbərliyi altında heç bir siyasi prosedurun aparılmasını istəmir, onun hakimiyyətdən dərhal getməsinin vacibliyi üzərində dayanır. Rusiya tərəfi isə Əsədin hakimiyyətinə son qoymadan ölkədə siyasi dialoq və uzlaşma prosesinin başlamalı olduğunu, Əsədin siyasi taleyinin isə proseslərin gedişatından asılı olaraq Suriya xalqının iradəsi əsasında müəyyənləşməli olduğunu bildirir.

İŞİD-in niyyətinin sadəcə Əsədi devirmək deyil, həm də bütün regionu əhatə edən xilafət yaratmaq olması onu Türkiyə üçün də təhlükəyə çevirdi. Əslində, İŞİD-lə mübarizə ortaq maraq kimi Türkiyə ilə Rusiya arasında müəyyən yaxınlaşma yaratmalı idi. Lakin iki ölkənin zidd maraqları və Suriyanın gələcəyi ilə bağlı fərqli ssenariləri olan əks cəbhələrdə yer alması belə bir yaxınlaşmaya mane olur.

Ümumiyyətlə, son illərdə Türkiyənin Yaxın Şərq siyasətinin ABŞ-ın bölgədəki siyasəti ilə ahəng təşkil etdiyi özünü göstərir. Hazırda Suriya məsələsində eyni cəbhədə dayanan Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının təhlükəli nəticələri barədə Moskvaya dəfələrlə xəbərdarlıq ediblər. Türkiyə, Səudiyyə Ərəbistanı və ABŞ Suriyadakı mötədil müxaliflərə hərbi yardımları artıracaqlarını bəyan ediblər. Onların “ mötədil üsyançı” adlandırdığı qüvvələrin bir hissəsi “ən-Nusra cəbhəsi” və digər bu kimi təşkilatlardan ibarətdir. İŞİD-lə yanaşı, məhz həmin qruplaşmalar da Rusiya hərbi əməliyyatlarının hədəfinə çevrilir.

Siyasi məsələlərdəki ziddiyyətlərə baxmayaraq, Türkiyə ilə Rusiya arasında mövcud olan geniş iqtisadi əlaqələr qorunur. Türkiyəli analitiklər bunu Rusiyanın Türkiyədən asılı olması ilə izah edirlər. Çünki Ukrayna böhranı ilə əlaqədar Qərbin iqtisadi sanksiyaları ilə üzləşən Rusiya təbii qaz ixrac etdiyi Türkiyəyə beynəlxalq bazarlara çıxış vasitəsi kimi baxır. Bununla belə, Ukrayna ilə münasibətlərin pisləşməsi ilə əlaqədar “Cənub axını” layihəsinin iflasa uğramasından sonra Rusiya qazının Avropaya Türkiyə ərazisindən əlavə çıxış marşrutu kimi “Türk axını” layihəsini irəli sürmüşdü. Lakin bu layihə də son hadisələrdən sonra Rusiyanın layihədə nəzərdə tutulan 4 kəmərdən 2-sini tikməyəcəyini bəyan etməsi ilə əlaqədar dalana dirənib. Bununla belə, Rusiyanın gec-tez iqtisadi reallıqları nəzərə alacağı və Türkiyə ilə daha sıx əməkdaşlığa üz tutacağı da istisna edilmir.

Hazırda İŞİD və PKK istiqamətlərində iki cəbhədə savaşan Türkiyənin durumu kifayət qədər mürəkkəbdir. İŞİD və digər terrorçu qrupların Suriyadan sıxışdırılması onların üzvlərinin bir qisminin Türkiyə ərazisində sığınacaq axtarışına gətirib çıxara bilər. Bu isə Türkiyənin daxili sabitliyi üçün əlavə təhlükələr yarada bilər. Ölkədə 1 noyabr parlament seçkilərinin yaxınlaşdığı, daha irəlidə isə hökumətin formalaşdırılması prosesinin dayandığı bir vaxtda, bu təhlükələr ölkənin həssas ictimai-siyasi durumuna mənfi təsir göstərə bilər. Regiondakı qarışıqlıqdan isə PKK terror təşkilatının fəal şəkildə yararlanmağa çalışdığı özünü göstərməkdədir.

Suriyadakı proseslər son illərdə Türkiyənin zərərinə dəyişib. Xatırladaq ki, Əsəd hakimiyyətinə qarşı daxildən silahlı mübarizənin başlandığı ilk vaxtlardan etibarən qiyamçıların tərəfində döyüşmək üçün ölkəyə xaricdən yüzlərlə, minlərlə könüllü daxil oldu. Qərbin “üsyançılar” adlandırdığı bu qüvvələr ABŞ-dan və Körfəz ölkələrindən maliyyə, hərbi texnika, silah-sursatla təchiz edildi, ABŞ rəsmilərinin son günlərdə dəfələrlə etiraf etdikləri kimi, Mərkəzi Kəşfiyyat İdarəsi antiəsəd döyüşçülərinə təlimlər keçməyə başladı, Türkiyənin isə Suriya ilə sərhədində nəzarəti gücləndirməməsi “cihad” adı altında silahlı dəstələrə qoşulmaq istəyənlərin ölkə ərazisinə rahatlıqla keçməsinə imkan yaratdı. “Azad Suriya Ordusu” adlandırılan qrupların böyük hissəsinin 2014-cü ildə birdən-birə İŞİD şəklində meydana çıxması isə bütün region, eləcə də Türkiyə üçün təhlükəsizliklə bağlı əlavə problemlər yaratdı.

Baş verənlərlə bağlı bir məqamı qətiyyətlə söyləmək mümkündür ki, Suriyadakı konflikti “vətəndaş müharibəsi” adlandırmaq doğru deyil. Terrorçu qruplaşmalara qoşulan xarici ölkələrdən gələn könüllülərdən başqa, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın 11 üzv ölkəsinin iştirakı ilə Suriyada bombardmanlar və digər hərbi əməliyyatlar baş verir. Paralel olaraq, əks tərəfdən Rusiya və İranın Əsəd hökumətinə birbaşa və dolayı hərbi dəstəyi Suriyadakı münaqişənin beynəlxalq xarakter aldığını göstərir. Bu münaqişədə isə Türkiyənin qonşuluqda yerləşən ölkələrlə münasibətləri mürəkkəbləşib.

Bəzi ekspertlərin fikrincə, Türkiyə əvvəlki dövrlərdə Yaxın Şərqdəki qonşuları ilə müəyyən problemlər yaşasa da, indiki kimi tənha vəziyyətdə qalmayıb. 2000-ci illərə qədər Türkiyənin ərəb ölkələri və Balkan regionu dövlətləri ilə münasibətlərində tarixi əlaqələrə verilən önəmdən irəli gələn balanslılıq qorunub saxlanıb. Dünyəvi əsasda idarəçilik sayəsində əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Türkiyə Yaxın Şərqdəki məzhəb qarşıdurmalarından uzaq dura bilib. Həmin dövrə qədər Türkiyənin ərəb ölkələri ilə münasibətləri onlardan hər birinin fərdi xüsusiyyətlərinin nəzərə alınması və üçüncü ölkələrin maraqlarına zərər vurmadan qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanıb, Türkiyə bu ölkələrin daxili işlərinə müdaxilə siyasəti yürütməyib. Lakin son illərdə Türkiyənin bu siyasi xətdən qismən ayrılması onun Yaxın Şərqdəki qonşuları ilə münasibətlərini pisləşdirib. Bu vəziyyətdən çıxış üçün xarici siyasətdə dəyişiklik edilməsi isə zərurət təşkil edir.

Suriyada baş verənlərin əsas etibarilə Qərb-Rusiya qarşıdurması olduğu özünü aydın göstərir. Bu vəziyyətdə Türkiyə hökumətinin qarşısında dayanan əsas vəzifə dövlətin təhlükəsizliyini və milli maraqlarını qorumaq, ölkəni regiondakı mənafelərini həyata keçirmək istəyən Qərbin əlində vasitəyə çevrilməyə imkan verməməkdir.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında