Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması,
onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir.
Heydər ƏLİYEV
Ümummilli lider
18 Oktyabr Azərbaycan Respublikasının ən yeni tarixində əlamətdar günlərdən biridir. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etmişdir. Həmin gün ölkənin qanunverici orqanı olan Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etmişdir.
Dövlət müstəqilliyinin elan olunması Sovet İttifaqının dağılması və “soyuq müharibə”nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş vermişdi. Böyük imperiyanın çöküşü ittifaqda birləşmiş respublikaların müstəqil dövlətçiliyə aparan yolunu açmışdı. 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi, respublikanın dinamik inkişaf yoluna qədəm qoymasına şərait yaratdı.
Ümumiyyətlə, Azərbaycanın dövlət müstəqilliyi uğrunda apardığı mübarizə 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə start götürmüşdü. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başlamışdı. Hakimiyyət orqanları Azadlıq meydanında günlərlə davam edən mitinqi dekabrın 5-də ordunun köməyi ilə dağıtmağa nail olmuşdu. Böyük təzyiqlərə baxmayaraq, 1989-cu il sentyabrın 23-də “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul edən Azərbaycan bu işdə sovet respublikaları arasında birincilərdən olmuşdu. Bu hərəkatı yatırtmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya yeridilmişdi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak olmuş və yaralanmışdı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olunmuşdu. Buna baxmayaraq, Azərbaycan xalqının müstəqillik uğrunda dönməz mübarizəsi 1991-ci il avqustun 3a-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamənin qəbul olunması ilə nəticələnmişdi.
20 Yanvar faciəsindən sonra xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzularının gerçəkləşməsində iştirak etmək istəyən ümummilli lider Heydər Əliyev Moskvadan Azərbaycana qayıtmışdı. Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilən ulu öndərin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi, eləcə də, bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edilmişdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə milli tariximizin bütün dövr və mərhələlərinə yüksək peşəkarlıqla qiymət vermiş, ötən əsrlərdə cərəyan etmiş ictimai-siyasi proseslər haqqında mühüm fikirlər səsləndirmişdir. Həmin tarixi mərhələlərdən biri də xalqımızın XX əsrdə ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyinə aparan yol, suverenliyin bərpası və məlum Konstitusiya Aktının qəbul edilməsindən sonrakı illərdə şahidi olduğumuz proseslər idi.
“Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı həmin müraciətdə qeyd edilir ki, ölkəmizin dövlət müstəqilliyini bərpa etməsi 80-ci illərin birinci yarısından başlayaraq , keçmiş Sovetlər İttifaqında və bütün dünyada gedən ictimai-siyasi proseslərin zəruri nəticəsi olmuşdur. Bu tarixi və obyektiv proseslər nəticədə SSRİ-nin dağılmasına, Kommunist Partiyasının tarixin səhnəsindən getməsinə və ittifaq respublikalarının hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxarmışdır. Bunun ardınca baş verən hadisələr - yeni müstəqil dövlətlərin , o cümlədən, Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması təbii bir hal və beynəlxalq hüquq normalarının təzahürü olmuşdu. Bu, tarixi obyektiv proseslərin qanunauyğun nəticəsi, taleyin Azərbaycan xalqına və bütün keçmiş SSRİ respublikalarının xalqlarına əvəzsiz töhfəsi idi.
Qeyd etmək vacibdir ki, Azərbaycanın dövlət müstəqilliyini birinci olaraq qardaş Türkiyə Cümhuriyyəti tanımışdı. 1991-ci il noyabrın 9-da Türkiyənin Baş naziri Məsud Yılmaz Türkiyə hökumətinin qərarını Azərbaycan rəhbərliyinə çatdırmışdı. Həmin il dekabrın 3-də Ali Sovet Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması xahişi ilə BMT-yə və dünya dövlətlərinə müraciət etmişdi. Dekabrın 8-də Belorusun Belovejsk şəhərində SSRİ-nin fəaliyətinə xitam veriləndən sonra beynəlxalq təşkilatlar və dünya dövlətləri digər müttəfiq respublikalar kimi, Azərbaycanın da müstəqilliyini tanımağa başlamışdılar. Dekabrın 9-da İslam Konfransı Təşkilatı Azərbaycanı sıralarına qəbul etmişdi. Müstəqilliyimizi rəsmən tanıyan ikinci dövlət Rumıniya olmuşdu. Dekabrın 13-də isə Pakistan analoji bəyanatla çıxış etmişdi. Bu gün Azərbaycanın diplomatik əlaqələr yaratdığı ölkələrin sayı 158-ə bərabərdir.
Ümummilli liderin müstəqilliyin möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir. Ötən illərdə sosial-iqtisadi, eləcə də, humanitar sahələrdə əldə edilmiş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda dediyi kimi, “Azərbaycan bu gün güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıbdır. Regional təhlükəsizlik məsələlərində Azərbaycan çox müsbət rol oynayır. Azərbaycan sabitləşdirici amildir. Bizim iştirakımız, razılığımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz. İqtisadi və hərbi potensialımız bizim gücümüzü daha da artırır”.
Bir sözlə, suverenliyimizin 24-cu ildönümünü qeyd edərkən, böyük iftixar hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan müstəqil dövlətlər arasında özünəməxsus yer tutur. Ümummilli liderimiz Heydər Əliyev qeyd edirdi ki, biz nadir bir irsin varisləriyik: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Əldə olunmuş bütün uğurları da müstəqil Azərbaycanın tarixi nailiyyətləri kimi qiymətləndirmək olar. Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkişaf etdirilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir və dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcək, xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.