Parlament seçkiləri: siyasi plüralizm media spektrində

Azərbaycan çox mühüm ictimai-siyasi kampaniya — növbəti parlament seçkiləri ərəfəsindədir. Seçkilər hər bir xalqın, ilk növbədə siyasi mədəniyyətini nümayiş etdirir. Seçkilərin azad, şəffaf şəraitdə keçirilməsi ölkədə demokratik idarəetmə proseslərini sürətləndirir, vətəndaşın üzvü olduğu cəmiyyətdə fəallığını artırır, vətəndaş-dövlət təmaslarını genişləndirir. 

Azad, demokratik vətəndaş cəmiyyətinin formalaşması üçün hər bir vətəndaşın seçkilərdə fəal iştirakı vacibdir. Vətəndaş cəmiyyətdə baş verən proseslərə biganə qala bilməz və qalmamalıdır. Şübhə yoxdur ki, bu il noyabrın1-də Azərbaycan vətəndaşları bütün sivil, demokratik ölkələrdə olduğu kimi, öz vətəndaşlıq vəzifələrini yerinə yetirərək seçki məntəqələrinə gələcək və milli parlamentə namizədliyi təsdiq  olunmuş şəxslərin arasından ən layiqlilərinə səs verəcəklər. 

Müstəqil Azərbaycanda seçmək və seçilmək hər bir vətəndaşın hüququdur. Bu hüququ Konstitusiyamız təsbit edib. Ölkəmizdə hazırda yüksək siyasi plüralizm mühiti formalaşıb və media bu prosesi ən müxtəlif rakurs və spektrlərdən əks etdirməyə borcludur. Təqdirəlayiq haldır ki,  Azərbaycanda seçkilərin bu dəfə də azad, demokratik, ədalətli mübarizə şəraitində keçirilməsi üçün ölkə mətbuatı öz töhfəsini verməyə çalışır.

 Azərbaycan dövləti seçkilərin azad və ədalətli keçirilməsi üçün siyasi iradə ortaya qoyub. Ölkəmizdə ictimai-siyasi sabitliyin hökm sürməsi, mövcud demokratik təsisatların normal fəaliyyət göstərməsi, vətəndaş fəallığı seçkilərin bu dəfə də uğurla keçiriləcəyinə zəmanət verir. Azad və ədalətli seçkilər ölkədə vətəndaş cəmiyyəti quruculuğunu, bütövlükdə, demokratikləşmə prosesini daha da dərinləşdirir və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına ciddi təsir göstərir.  

Azərbaycanda seçkilər mətbuat üçün açıqdır. Ölkəmizin müstəqillik tarixinin bütün dövrlərində seçkilərdə mətbuatın sərbəst fəaliyyəti təmin olunub. Azərbaycanda siyasi plüralizm ənənələri formalaşır və prosesdə mətbuat müsbət rol oynayır. Bəllidir ki, Azərbaycanda dövlət-media, vətəndaş cəmiyyəti və KİV münasibətlərinin mütərəqqi  ənənələri ulu öndər  Heydər Əliyevin  Azərbaycana rəhbərlik etdiyi illərdə formalaşıb. Ümummilli lider ölkəmizdə siyasi plüralizmin təşəkkülündə mətbuata geniş meydan verilməsinə çalışırdı. Hesab edirdi ki, söz, ifadə və fikir müxtəlifliyi cəmiyyəti irəliyə, tərəqqiyə aparır. Reallıq budur ki, Prezident İlham Əliyev və onun komandası tərəfindən cəmiyyətdəki plüralist siyasi mühit son illər qorunaraq daha  da zənginləşib. Bunu görməmək və sevinməmək, sadəcə, mümkün deyil!

 Bəli, bu gün Azərbayacanda azad mətbuat mövcuddur, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır və hər bir vətəndaş bloq açıb orada fikirlərini söyləyə və başqaları ilə paylaşa bilir. Azərbaycan iqtidarı seçkilərin geniş işıqlandırılmasına yerli jurnalistlərlə yanaşı, beynəlxalq media nümayəndələrinin də mümkün qədər çox cəlb olunmasında maraqlıdır. Ona görə ki, beynəlxalq qurumlarda azad, demokratik seçkilərin keçirilməsi, medianın bu prosesdə fəal iştirakı böyük uğur hesab olunur. Azərbaycan dövləti hər dəfə olduğu kimi, bu dəfə də parlamentə azad seçkilər keçirməklə, sivil, demokratik dəyərlərə tam sadiq qaldığını bir daha bütün dünyaya nümayiş etdirmək əzmindədir. Yəni məqsəd bəllidir. Azərbaycana gəlin, müşahidə aparın, amma həqiqəti yazın! 

 Azərbaycan xalqının əsas məramı ölkəmizdə azad, sivil, demokratik cəmiyyət qurmaqdır. Elə bir cəmiyyət ki, hər  bir vətəndaş ölkəsinin, dövlətinin və millətinin tərəqqisində maraqlı olsun və onun bu prosesdə fəal iştirakı üçün real imkanlar açılsın. Yuxarıda qeyd etdiyimiz kimi, bu imkanlar, ilk növbədə, vətəndaşların ayrılmaz hüquqları olan seçkilər vasitəsi ilə reallaşır. Həyat göstərir ki, yalnız milli dövlətçilik quruculuğunun mahiyyətini dərk edən media vətəndaşın seçib-seçilmək hüquqlarının geniş mənada təminatçısı ola bilər.

Media demokratik dəyərlərin prioritet olduğu sivil cəmiyyətlərdə  seçkilər prosesində qərəzsiz və müstəqil tərəf kimi iştirak edir. Jurnalistlərin seçkiləri düzgün təhlil edərək, seçicilərin seçki ovqatını göstərməsi, fəallığını təşviq etməsi, bu zaman obyektiv, qərəzsiz və ədalətli olması çox vacibdir. Azərbaycan mətbuatı seçkilərin azad, sərbəst işıqlandırılması sahəsində artıq zəngin təcrübə qazanıb. Şübhə yoxdur ki, jurnalistlər budəfəki parlament seçkilərində də siyasi yetkinlik və yüksək peşəkarlıq nümayiş etdirəcəklər.

 Azərbaycan mediası seçkilər günü seçim hüququ olan vətəndaşlara düzgün və ədalətli seçim etməkdə yardımçı ola bilər. Yeri gəlmişkən, vətəndaş cəmiyyətinin əsas sütunlarından biri olaraq mətbuatın qarşısında duran əsas vəzifələrdən biri də məhz budur. Media vətəndaşı seçkilərdə fəal iştiraka təşviq etməli, onu düzgün seçiminin vətəndaş cəmiyyəti quruculuğu prosesi üçün əhəmiyyətini izah etməyə çalışmalıdır. 

Seçkilərdə media əlavə funksiyalar əldə edir. Belə ki, seçkiqabağı təbliğat kampaniyasında mətbuat konkret  olaraq kommersiya fəaliyyətinə qoşulur. Belə ki, hər bir müstəqil informasiya vasitəsi müvafiq ödəniş müqabilində müəyyən səhifələrini, efir vaxtlarını həmin o namizədlərə ayırır. Mətbuat seçkilərdə iştirak edən tərəflərin hamısına, o cümlədən, siyasi partiyalara, bloklara bərabər şərait yaratmalıdır. Efirdə namizədlərlə siyasi debatların qərəzsiz və maraqlı təşkili də hər bir media qurumuna inamı artıra bilər.

Yeri gəlmişkən, Azərbaycan jurnalistikasının son illər ərzində keçirilən seçkilərə, başqa siyasi proseslərə kifayət qədər səriştə və məsuliyyətlə yanaşdığını ölkəmizə tez-tez təşrif buyuran xarici jurnalistlər də yüksək dəyərləndirirlər. “Xalq qəzeti”nin əməkdaşı olaraq, qəzetimizin səhifələrində prezident, parlament və bələdiyyə seçkilərini işıqlandırarkən əcnəbi həmkarlarımla dəfələrlə ünsiyyətdə olmuşam. Hər dəfə onların böyük əksəriyyətinin ölkəmizdə azad söz və medianın qısa zaman ərzində təşəkkülü və formalaşması ilə bağlı yüksək rəylərini eşidəndə, təbii ki, dərin qürur hissi duymuşam.

Düzdür, bəzən ölkəmizdə gördüklərini, müşahidə etdiklərini deyil, təmsil etdiyi qurumların sifarişləri ilə həqiqəti danan həmkarlarımız da olur. Lakin, ən “sərt tənqidçilərimiz” belə Azərbaycandakı ümumi inkişafı inkar edə bilmir, bütün cəhdlərə baxmayaraq, ölkəmizdə medianın azad və sərbəst fəaliyyəti üçün yaradılan şəraiti tam inkar edə bilmirlər. Lakin bu, başqa bir yazının mövzusudur.

Bu gün müasir dünyada medianın seçkilərin gedişatına və nətiəcələrinə təsir imkanları, həqiqətən, böyükdür. Məsələn, hesablanıb ki, İtaliyada seçkilər prosesində mətbuatın, xüsusilə radio və televiziyaların təsiri ilə seçicilərin 20 faizindən 40 faizinə qədəri  bu və ya digər namizədin lehinə  seçim edir. Bəlli olduğu kimi, gələn ilin noyabrında Birləşmiş Ştatlarının vətəndaşları bu ölkənin 45-ci prezidentini seçəcəklər və  ölkə mediasının seçki prosesinə və onun nəticələrinə böyük təsiri olduğu hamıya bəllidir.

Bu gün Azərbaycan öz ictimai-siyasi həyatının həssas dövrünü yaşayır. Sürətlə tərəqqi edən ölkəmizin bölgədə və bütün dünyada uğurları artdıqca, təəssüf ki, inkişafımıza əngəl törətmək niyyətinə düşən qüvvələr də fəallaşırlar. Məsələn, Avropa Parlamenti və Avropa Şurasının Azərbaycanla bağlı son qərarları məhz bu qərəzli və yanlış tendensiyanı əks etdirir. Bu və onların təsiri altında olan başqa qurumların Azərbaycanda parlament seçkiləri ərəfəsində belə “canfəşanlıq etməsi” başadüşüləndir. Artıq seçkilər və onların “qeyri-demokratik keçiriləcəyi” barədə həmin qurumlarda şablon “klişelər” də hazırdır.

 Bir məqamı da unutmaq olmaz ki, adətən, seçkilərdə hiss və həyəcanlar özünü daha çox büruzə verir, bəzən uduzan tərəf məğlubiyyəti ilə barışa bilmir və ya istəmir. Əsəblərin gərildiyi həmin məqamlarda da media  obyektiv mövqe nümayiş etdirməyə borcludur. Axı, seçkilər təkcə ayrı-ayrı siyasətçilər, siyasi partiyalar və hərəkatlar üçün deyil, həm də Azərbaycan mediası üçün növbəti bir sınaqdır. Peşəkarlıq və vətəndaşlıq sınağı! İnanırıq ki, Azərbaycan mediası bu çətin və şərəfli vəzifənin öhdəsindən bu dəfə də uğurla gələcək.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında