“Seçicilərin təxminən 80 faizi hesab edir ki, Azərbaycan hazırkı hakimiyyət orqanlarının rəhbərliyi altında düzgün istiqamətdə irəliləyir...”

Amerikanın nüfuzlu “Arthur J. Finkelstein & Associates” İctimai Rəyin Öyrənilməsi Beynəlxalq Mərkəzinin yaydığı məlumatda belə deyilir

Ölkəmizdə keçiriləcək beşinci parlament seçkiləri həm respublika daxilində, həm də beynəlxalq aləmdə maraqla izlənilən siyasi hadisə kimi xeyli vaxtdır ki, diqqət mərkəzindədir. Bədxahlarımız hələ yarım il əvvəldən başlayaraq, bu seçkinin nəticələrinin üstünə  vaxtından əvvəl kölgə salmağa çalışırdılar.

Dostlarımız isə bu seçkinin də əvvəlki seçkilər kimi, Azərbaycanın hərtərəfli inkişafına stimul verəcəyinə əminlik ifadə edirlər. Yəni həm dostlarımız, həm də bədxahlarımız öz niyyətlərinə uyğun proqnozlar söyləyir, arzularını gizlətmirlər. Ancaq elə qurumlar da vardır ki, onlar bizim dostlarımızın  və ya bədxahlarımızın sırasında  yoxdurlar. Onlar, sadəcə,  hansısa siyasi və ya iqtisadi proses barədə ictimai rəyi öyrənib nəticələri dünya ictimaiyyətinə çatdırmaqla öz funksiyalarını yerinə yetirmiş olurlar.

Yəni, bu qəbildən olan qurumlar nəticəni öyrənəndən sonra onun mənfi və ya müsbət olduğu barədə qiymətləndirmə aparmırlar. Məsələn, Amerika Birləşmiş Ştatlarının  nüfuzlu “Arthur J. Finkelstein & Associates” İctimai Rəyin Öyrənilməsi Beynəlxalq Mərkəzi kimi. Bu mərkəzin Azərbaycan əhalisi arasında qarşıdan gələn parlament seçkiləri ilə bağlı keçirdiyi sorğunun nəticələrində  deyilir: “Seçicilərin təxminən 80 faizi hesab edir ki, Azərbaycan hazırkı hakimiyyət orqanlarının rəhbərliyi altında düzgün istiqamətdə irəliləyir və Dağlıq Qarabağ münaqişəsi ölkə gündəmində ən vacib məsələdir”.

Kütləvi informasiya vasitələrinin yaydığı məlumatda oxuyuruq ki, adıçəkilən ictimai rəy sorğusu 5,1 milyon azərbaycanlı seçicinin qərarına təsir göstərən geniş əhatəli məsələlər üzərində cəmləşib.  Mərkəzin ekspertləri tərəfindən tərtib edilmiş sualların hamısına verilən cavablar Azərbaycandakı müsbət ab-havadan xəbər verir. Məsələn, “Sizin  ölkəniz düzgün istiqamətdə irəliləyirmi? — sualını cavablandıran  iştirakçıların 77,1 faizi müsbət, 14,7 faizi mənfi cavab verib. 

Rəyi soruşulanların  41,3 faizi deyib ki, onları narahat edən ən mühüm məsələ  işğal edilmiş Azərbaycan torpaqlarından Ermənistan işğalçı ordusunun dərhal çıxarılmasını tələb edən beynəlxalq qətnamələrin icra olunmaması, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu işğal altında saxlamasıdır. Yəni, ölkə vətəndaşlarının bu qədəri respublikanın Dağlıq Qarabağ münaqişəsindən başqa  heç bir problemi olmadığını dilə gətirir. Cəmi  7,2 faiz respondent  isə iqtisadi məsələlər üzrə narahatlığını bildirib. Müqayisə üçün deyək ki, digər rəy sorğularının nəticələrinə görə, Ermənistan əhalisinin 89 faizi ölkənin iqtisadi problemlər girdabında çapaladığını söyləmişdi.

Həmin rəy sorğusunun nəticələri  ilə tanış olan ekspertlər qeyd olunan əhval-ruhiyyənin respublikamızda  keçiriləcək parlament seçkilərinin ən yüksək səviyyədə və şəffaf şəkildə baş tutacağına stimul verəcəyini söyləyirlər. Geridə qalan illər sübut edib ki, Azərbaycan ictimaiyyəti kimin və hansı ölkənin  nə düşündüyündən asılı olmayaraq, xarici göstərişlər və təzyiqlər olmadan öz seçimini etməyə qadirdir. Xalqımızın  indiyədək səs verdiyi prezident və parlament seçkilərinin nəticələri Azərbaycan ictimaiyyətinin Qərbdən asılı olmayaraq, düzgün qərar qəbul etmək  qətiyyətini göstərib. İstənilən azərbaycanlının fikrincə, qarşıdakı seçkilərdə bizim seçicinin necə səs verməsinin, kimi seçməsinin  Qərbə və ya  Avropaya  qətiyyən dəxli yoxdur.

Əslində, Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ilə bağlı bəzi dairələrdən eşitdiyimiz məlumat və ya bəyanatlar kifayət qədər şişirdilir. Bunu gah xaricdəki bədxahlarımız, gah da daxildəki qaragüruhçular bilərəkdən şişirdir, seçki öncəsi vətəndaşlar arasında panika, çaşqınlıq yaratmağa çalışırlar. Bu fikrimizi təsdiq edən bəzi məqamlara diqqət yetirək. Məsələn, bu yaxınlarda Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard  mətbuata bildirib ki, Avropa İttifaqı Azərbaycan Milli Məclisinə seçkilərin ən yüksək səviyyədə keçirilməsində  bu dövlətin  səylərini dəstəkləməyə və öz töhfəsini verməyə hazırdır. Avropalı diplomat vurğulayıb  ki, Milli Məclisə seçkilər Azərbaycanın daxili işidir və bu nöqteyi-nəzərdən prosesdə əsas iştirakçı ölkənin Mərkəzi Seçki Komissiyasıdır. Fikrimizcə, bunun nə demək olduğunu izah etməyə qətiyyən ehtiyac yoxdur.

Xatırladaq ki, Qərb dövlətlərinin, xüsusən, Avropanın  nə zamansa  respublikamıza  münasibətini kökündən dəyişəcəyinə və on illərdən bəri davam edən  “ikili standartlar” siyasətindən imtina edəcəyinə inam çox azdır. Amma, o da faktdır  ki, avropalılar Azərbaycanda keçiriləcək parlament seçkilərini dəstəkləməklə bağlı vaxtında və düzgün qərar qəbul etmək üçün siyasi iradə göstərə biliblər. Bu da təsadüfi deyil. Çünki əks-halda, avropalılar Azərbaycan kimi etibarlı tərəfdaşın etimadını itirmək riski ilə üzləşə bilərdilər. Bunu Avropanın istənilən paytaxtında yaxşı başa düşürlər.

Qərbdə onu da yaxşı bilirlər ki,  Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən dərhal sonra  Avropa İttifaqı və Avropa dövlətləri ilə bir sıra mühüm strateji sahələrdə uğurla və sıx əməkdaşlığa start verib. Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun fikrincə, keçmiş Sovet respublikaları arasında  Avropa strukturları ilə Azərbaycan kimi hərtərəfli əməkdaşlıq edən ikinci bir ölkə tapmaq çətindir. Qərbin  Azərbaycana qarşı tətbiq etdiyi  “ikili standartlar” siyasətini yada salan  Novruz Məmmədov qeyd edib ki, avropalılar yürütdükləri bu siyasətin hara aparıb çıxara biləcəyini və Avropa Şurasının mövqeyinin Azərbaycanın bu təşkilata üzvlüyünü sual altında qoyduğunu  yəqin ki,  başa düşəcəklər.

Təbii ki, Avropada hamı  yaxşı bilir ki, Azərbaycan böyük imkanlar ( həm geosiyasi əhəmiyyətinə, həm də təbii sərvətlər hesabına formalaşan iqtisadi qüdrətinə görə ) ölkəsidir və onunla dostluq etmək  ancaq səmərə gətirə bilər. Bunu yaxşı bilən Avropa paytaxtlarının hamısı  ölkəmizin ərazi bütövlüyünü və onun toxunulmazlığını dəstəkləyir, bu məntiqə əsaslanaraq, Dağlıq Qarabağın gələcək statusunu əvvəlcədən müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməyəcəyini iddia edir, Qarabağ separatçılarının keçirdiyi “parlament seçkilərini” və beləliklə, seçkilərin keçirildiyi konstitusional və normativ çərçivələri rəsmi olaraq tanımır. Yəni, “Arthur J. Finkelstein & Associates” Beynəlxalq Mərkəzinin Azərbaycan həqiqətləri barədə fikir səsləndirməsi  o qədər də yeni məsələ deyil.

Yeri gəlmişkən, həmin mərkəzin icraçı direktoru Corc Bernbaum vurğulayıb ki, “rəyi soruşulan hər beş seçicidən biri qeyd edib ki, Dağlıq Qarabağ problemi dövlət qarşısında ölkə iqtisadiyyatı ilə bağlı məsələlərdən daha mühüm məsələ olaraq qalır”. Xatırladaq ki, geosiyasi məsələlərlə bağlı rəyi soruşulanların 81,7 faizi  Azərbaycanı regionda “sabitlik adası” adlandırıb. Respondentlər onu da əlavə ediblər ki, bu regionun bir   çox ölkələri  qeyri-sabit  günlərini yaşayır. Bundan başqa, rəyi soruşulanların  71 faizi Avropada baş verən hadisələri nəzərə alaraq, Azərbaycanın  indiki rəhbərliyinin respublikada immiqrasiya böhranının yayılmasının qarşısını almağa hazır olduğunu bildirib. Məlumatda həmçinin bildirilir ki, rəyi soruşulan vətəndaşların 80 faizdən çoxunun fikrincə Qərbdəki tərəfdaşlarla  təhlükəsizlik sahəsində əməkdaşlıq edən dövlət rəhbərliyi ölkəni terrorizmdən uğurla müdafiə edir.

Sorğunun nəticələri ölkənin siyasi palitrasının qiymətləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Məsələn, göstərilir  ki, seçicilərin 74,4 faizi  Yeni Azərbaycan Partiyasının namizədlərinin daha çox səs qazanacağına inanırlar. Prezident İlham Əliyevin indiki  fəaliyyətinin necə qiymətləndirilməsi barədə sualı cavablandıran respondentlərin   82,1 faizi “yaxşı” və “əla” cavabını veriblər. O da bildirilir ki,  seçicilər  səsvermənin nəticələrindən siyasi və iqtisadi sabitlik, terrordan uzaq ölkə, yeni parlamentin Dağlıq Qarabağın  qaytarılması uğrunda mübarizəni davam etdirməsini gözləyirlər. Əlavə edək ki,  1000 respondentin iştirak etdiyi sorğu bu il sentyabrın 28-dən oktyabrın 9-dək Azərbaycanın 108 seçki dairəsində aparılıb.

Bir daha xatırladaq ki, bütün bunlar   Azərbaycan seçicisinin seçkiöncəsi düşüncələrini öyrənmək istəyən amerikalı ekspertlərin təşkil etdiyi rəy sorğusunun nəticələri barədə beynəlxalq mətbuatda yayılmış informasiyada qeyd edilmiş faktlardır. Əlbəttə, amerikalılar bu barədə rəy sorğusu keçirməsələr də, Azərbaycan əhalisi ölkədəki ictimai-siyasi vəziyyəti çox yaxşı bilir. Ancaq ölkəmizə kənardan verilən qiymət istənilən halda maraqlı və dəyərlidir. Odur ki, həmin sorğunu keçirən ABŞ ekspertlərinə təşəkkür edirik.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında