Rusiyanın Yaxın Şərqdəki müttəfiqləri ilə birlikdə İŞİD və digər terrorçu qruplaşmalara qarşı effektli hərbi əməliyyatlarının regionda qüvvələr balansını dəyişməsi barədə fikirlər səsləndirilməkdədir. Bir sıra ABŞ analitiklərinin fikrincə, sözügedən əməliyyatların nəticəsində Rusiyanın Yaxın Şərqdəki nüfuzu güclənir, ABŞ-ın mövqeləri isə zəifləyir. Buna səbəb ABŞ tərəfdaşlarının artıq Vaşinqtonu etibarlı müttəfiq kimi görməməsidir. ABŞ-ın Əfqanıstan, İraq, Suriya, Livan və Pakistandakı səfiri vəzifələrində çalışmış Rayan Krokerə görə, Birləşmiş Ştatların Yaxın Şərq regionundakı nüfuzu İkinci dünya müharibəsindən bəri ən aşağı səviyyədədir. Onun fikrincə, Yaxın Şərqdə əsas rol ABŞ-dan İrana, İŞİD-ə və Rusiyaya keçib.
Bununla belə, ABŞ-ın bölgədəki hərbi bazalarında toplanan şəxsi və texniki potensialı Rusiyanın regiondakı hərbi qüvvələrindən dəfələrlə çoxdur. 2011-ci ildə İraqdakı qoşunlarını çıxardığını elan etsə də, hazırda ABŞ-ın ölkədə 3500 nəfər hərbçisinin olduğu bildirilir. İŞİD-ə qarşı mübarizədə yerli təhlükəsizlik qüvvələrinin hazırlığının gücləndirilməsinə yardım adı altında isə ABŞ son zamanlar İraqdakı hərbçilərinin sayını artırmaqdadır.
Rusiyanın Yaxın Şərqdə siyasi, hərbi fəallığını artırması ABŞ-ın Əfqanıstandakı qoşunlarını ölkədən çıxarması prosesinin də ləngiməsinə səbəb ola bilər. Vaşinqtonun bölgədəki hərbi mövqelərini asanlıqla əldən verəcəyini gözləmək doğru olmazdı. Lakin ABŞ-ın İraq və Türkiyədə səfiri olmuş Ceyms Cefrinin də söylədiyi kimi, insanların inamı, etimadı “əzələ”dən daha önəmlidir. Həqiqətən də, ABŞ-ın beynəlxalq aləmdə və Yaxın Şərq regionundakı nüfuzunun azalması ilə yanaşı, Vaşinqtonun beynəlxalq terrorizmlə mübarizə aparmaq əvəzinə, onu daha da dəstəkləyərək gücləndirməsi, xalqlara demokratiya, azadlıq gətirmək adı altında onların təbii sərvətlərini ələ keçirməsi fikirləri də beynəlxalq ictimai şüurda özünə yer tapıb. İstisna deyil ki, ABŞ hərbi elitasının bəzi dairələri ölkələrinə qarşı artan mənfi münasibətdən Əfqanıstan və Pakistanı da əhatə edən Böyük Yaxın Şərq regionunda terrorçu qrupların sıralarının genişləndirilməsi üçün yararlanır, bununla da bölgəyə müdaxilə məqsədilə əlavə bəhanələr yaratmış olurlar. Bu isə, təbii ki, ABŞ-a olan inamsızlığı daha da artırır. Nəticə etibarilə ABŞ-ın mənfi imic qazanması region ölkələrinin rəhbərlərini daha etibarlı müttəfiqlər axtarmağa vadar edir.
Lakin görünən odur ki, Suriyanın inadkar dirənişi, Rusiya və İranın hadisələrin axarını dəyişmək üçün birgə fəaliyyəti ABŞ-ın “idarə olunan xaos” strategiyasını iflas təhlükəsi ilə üz-üzə qoyub. Belə şəraitdə ABŞ-ın Yaxın Şərqdəki vəziyyətə nəzarəti itirmək ehtimalı yaranıb. ABŞ ekspertləri indiki vəziyyətin yaranmasını Obama Administrasiyasının kifayət qədər inamlı siyasət yürütməməsi, ABŞ-ın Suriyaya vaxtında hərbi müdaxilə etməməsi və bölgədəki müttəfiqləri olan ərəb ölkələrinə, kürdlərə və İsrailə lazımi dəstəyi göstərməməsi ilə izah edirlər. Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması ABŞ xarici siyasətinin iki əsas problemi olan Rusiyanın artan aqressivliyi və Suriya böhranının bir araya gələrək ciddi baş ağrısına çevrilməsi kimi qiymətləndirilir.
ABŞ xarici siyasəti geosiyasi mübarizədə son dövrlərdə bir sıra məğlubiyyətlərlə üzləşməkdədir. Ərəb ölkələrində çevrilişlər dalğası Suriyada maneə ilə üzləşdikdən sonra Bəşər Əsədi devirmək üçün ABŞ hakim dairələrinin 2013-cü ildə bu ölkəyə birbaşa hərbi müdaxilə etmək planı, həm beynəlxalq siyasi mühit, həm də ABŞ cəmiyyətindəki və ordusundakı narazılıq səbəbindən baş tutmadı. Bunun ardınca Ukraynada baş qaldıran iğtişaşlar Rusiyayönlü Yanukoviç hakimiyyətinin devrilməsi ilə nəticələnsə də, Rusiyanın Krımı ilhaq etməsi, Donetsk və Luqansk vilayətlərinin mərkəzi hakimiyyətin nəzarətindən çıxmasına yardım göstərməsi Qərbə Ukrayna ilə bağlı planlarını istədiyi şəkildə yerinə yetirməyə imkan vermədi. Rusiya və İranın Əsəd hakimiyyətinin qorunmasına aktiv və açıq dəstək verməsi isə ABŞ-ın Suriyada hakimiyyət çevrilişi planının icrasını da dalana dirədi.
Üstəlik, Vaşinqton bölgədəki tərəfdaşlarını itirmək təhlükəsi ilə də üzləşib. Məlumdur ki, İraq hökuməti ilə ABŞ arasında sıx əlaqələr mövcuddur və minlərlə ABŞ hərbçisinin ölkədə olması da bunu təsdiq edir. Lakin İraq hökumətinin terrorizmlə mübarizədə Rusiya ilə əməkdaşlığa maraq göstərməsi, Moskvanın Suriyadakı antiterrorizm siyasətini və hərbi əməliyyatlarını dəstəkləməsi, bənzər addımların İraq ərazisində də reallaşdırılmasının mümkünlüyünü istisna etməməsi Vaşinqtona ciddi siqnaldır. Bu, bir daha onu göstərir ki, ciddi maneə ilə üzləşməsə, İraq hökuməti Rusiya ilə yaxın tərəfdaşlıq münasibətləri qura bilər. Buna görə də, analitiklərin fikrincə, iraqlı tərəfdaşlarının etimadını qazanmaq və Rusiyanın daha bir müdaxiləsinin qarşısını almaq üçün ABŞ İŞİD-i məğlub etmək üçün səylərini ikiqat artırmalıdır.
Təkliflərin arasında ABŞ-ın İraqa əlavə 10 min nəfər hərbçi göndərməsi, bölgədəki hərbi mövqelərini gücləndirməsi də yer alır. Yaranmış vəziyyətdən çıxış yolu axtaran ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays və keçmiş müdafiə naziri Robert Qeytsin müəllifi olduqları məqalədə göstərilir ki, Rusiyanın Suriyaya müdaxiləsi, ilk növbədə, ABŞ-ın Liviyadakı proseslərə tam qarışmaması və İraq strategiyasını davam etdirməməsi, bununla da bölgədə boşluq yaratması ilə əlaqədardır. Səhvlərini aradan qaldırması üçün ABŞ uçuşun qadağan edildiyi zonalar yaratmalıdır, kürd hərbçilərinə, sünni qəbilələrinə və İraqın təhlükəsizlik qüvvələrinə yardım etməlidir. Bununla da ABŞ bölgədə özünə münasib hərbi balans yaratmalıdır. Müəlliflərin digər bir tövsiyəsi odur ki, ABŞ və Rusiya hərbi qüvvələri arasında hər hansı insidentə yol verilməməlidir. Nəhayət, Qərb dərk etməlidir ki, Rusiya özünün Yaxın Şərqdəki maraqlarını hər yolla müdafiə etməyə hazırdır.
Beləliklə, indiyədək Obama Administrasiyası hədəf seçdiyi siyasi qüvvələrlə mübarizədə daha çox yerli müxaliflərin təliminə, silahlandırılmasına, kəşfiyyat məlumatları ilə bilgiləndirilməsinə üstünlük verib. Lakin Rusiyanın birdən-birə Suriya meydanına daxil olması həm İŞİD-in, həm də ABŞ rəsmilərinin də etiraf etdiyi kimi, Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanmış qruplaşmaların zəifliyini və yeni hərbi şəraitdə Əsəd hökumətinə qarşı mübarizə aparmaq iqtidarında olmadığını göstərdi. Bütün bunların fonunda ABŞ Administrasiyasının atacağı addımlar maraq doğurur.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.