Prezident İlham ƏLİYEV: Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur...

Məşhur politoloq Frensis Fukuyama “Tarixin sonu və son insan” adlı məşhur əsərində iddia edirdi ki, liberal demokratiyaların dünyada yayılması bəşəriyyətin sosiomədəni təkamülündə yekun nöqtənin qoyulmasını təsdiqləyəcək və insan hakimiyyətinin son forması olacaq.

Yəni ikiqütblü sistemdən yaxasını qurtaran bəşəriyyət qarşıdurmadan liberal əməkdaşlıq əlaqələrini ehtiva edən münasibətlər sisteminə keçəcək. Lakin son illərin müşahidələri göstərir ki, beynəlxalq aləm belə əməkdaşlıq münasibətlərindən çox uzaqdır. Əksinə, dünya sürətlə qütbləşir. Beynəlxalq siyasətin fəal aktorlarından biri olan Azərbaycan da yaranmış mürəkkəb geosiyasi reallıqları nəzərə alaraq, milli maraqların təmin olunmasına istiqamətlənmiş müstəqil siyasətini uğurla davam etdirir. Respublikamızın da dünyanın güc mərkəzləri ilə münasibətlərində qarşılıqlı hörmətə əsaslanan əlaqələrə müsbət təsir göstərəcək əməkdaşlığa üstünlük verəcəyi heç kimdə şübhə doğurmamalıdır.

Yapon mənşəli ABŞ politoloqu, Dövlət Departamentinin keçmiş yüksək rütbəli əməkdaşı Frensis Fukuyamanın “Tarixin sonu və son insan” əsəri 1989-cu ilin yayında “National Interest” jurnalında işıq üzü görmüş və qısa zaman kəsiyində geniş əks-sədaya səbəb olmuşdu. Əsər dünya tarixinin dönüş məqamlarının birində-1989-cu ildə Avropada kommunist rejimlərinin bir-birinin ardınca dağıldığı bir vaxtda, dünyanı azad və totalitar sistemlərə bölmüş Berlin divarının uçurulmasından sonra yeni mərhələnin-liberalizmin əbədi erasının başlanğıcından xəbər verdiyi günlərdə yazılmışdı. F. Fukuyama yazırdı: “Şahidi olduğumuz hadisələr, sadəcə olaraq, ”soyuq müharibə"nin və yaxud müharibədən sonrakı dövrün növbəti mərhələsinin sonu deyil, özü-özlüyündə tarixin sonudur, bəşəriyyətin ideoloji təkamülünün və idarəetmənin bitkin forması kimi, Qərb liberal demokratiyasının ümumdünya xarakteri almasının başa çatdırılmasıdır". Avropa oxucuları F.Fukuyamanın belə bir tezisini alqışladılar ki, Qərbin seçdiyi mənəvi dəyərlər və həyat tərzi yeganə düzgün yoldur və tarixin gedişi də bunu sübut edir. Tarix Karl Marksın dünya proletar inqilabı haqqındakı nəzəriyyəsini təkzib etdi və liberalizm klassikləri C.Bentam və C.S.Millin yalnız insanın azadlığına əsaslanan sistemin səmərəli və mütərəqqi olması barədəki nəzəriyyələrini isə təsdiqlədi. Amma əsərin işıq üzü görməsindən ötən müddət ərzində tarixin gedişatı göstərdi ki, dünya sürətlə qütbləşir. Qərbin seçdiyi mənəvi dəyərlərin və həyat tərzinin yeganə doğru yol olduğu iddia edilən tezislər ciddi müqavimətlə qarşılanır və cəmiyyətin inkişafında milli spesifikanın nəzərə alınmasının vacib olması barədə mövqelərin güclənməsinə səbəb olur.

Mühüm geosiyasi proseslərin cərəyan etdiyi Avrasiyada əhəmiyyətli rol oynaması ilə fərqlənən Azərbaycan da beynəlxaq aləmin fəal üzvü kimi, bu prosesləri yaxından izləyir və dünyanın axarını arzuladıqları istiqamətə dəyişdirmək istəyən güc mərkəzlərinin təsir və təzyiqlərinə baxmayaraq, ölkənin hərtərəfli inkişafında milli maraqların təmin edilməsinə yönəlmiş müstəqil siyasət yürüdür. Oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələyə xüsusi toxunmuş və Azərbaycanın bundan sonra da müstəqil siyasət yürüdəcəyini açıqlamışdır: “Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək”. Azərbaycanda sabitliyin təmin edildiyini, Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşadığını qeyd edən ölkə başçısı əlavə etmişdir ki,  Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək kimi mühüm amal uğrunda birləşmişdir. Prezident müstəqilliyin, müstəqil siyasətin, milli maraqların qorunmasının Azərbaycan üçün əsas vəzifə olduğunu vurğulamışdır: “Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik. Sosial-iqtisadi göstəricilərimiz də bir daha təsdiq və sübut edir ki, biz düzgün yoldayıq”.

Bu gün Azərbaycanın iqtisadi inkişaf potensialına və milli resurslarına görə Cənub Qafqaz regionunun lider ölkəsinə çevrilməsi danılmaz fakt olaraq qalır. Regionun insan resurslarının təxminən 60, yanacaq-enerji və maliyyə resurslarının 90, iqtisadi potensialının isə 75 - 80 faizinin ölkəmizin payına düşdüyü məlumdur. Reallıq bundan ibarətdir ki, hazırda Azərbaycan bütün paramertlər üzrə regionun lider ölkəsi statusunu daşıyır və belə bir lider mövqeyə sahib olmasının mərkəzində də dövlət başçısının rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi layihələr nəticəsində əldə olunmuş uğurlar dayanır. Məlumdur ki, siyasətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsi bilavasitə mövcuddur və burada iqtisadiyyat təyinedici rol oynayır. Məhz iqtisadiyyat siyasətin maddi əsasını təşkil edir. İqtisadi proseslərin inkişafı da siyasətin inkişafına təsir göstərir. Siyasətin, bu və ya digər siyasi qərar və addımların məzmunu da son nəticədə cəmiyyətin iqtisadi maraqları ilə müəyyənləşir. Buna görə də, Azərbaycanda ictimai-siyasi, eləcə də, iqtisadi tələblərin sifarişçisi olan cəmiyyətin maraqlarının yüksək səviyyədə yerinə yetirilməsi ölkə rəhbərliyinin prioritet vəzifəsidir və dövlət başçımızın yürütdüyü siyasət xalqın iradəsini əks etdirir. Səbəb-nəticə əlaqəsi kimi götürülərsə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət daxili reallıqların nəzərə alınmasına və perspektivlərə düzgün aksent edilməsinə söykənir. Bu mənada Prezident İlham Əliyevin “Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq”,- fikri dövlətin siyasi addımların atılmasında iqtisadi amilləri hər zaman diqqət mərkəzində saxladığını bir daha təsdiqləyir.

Azərbaycan həm də siyasi sabitliyin güclü olduğu ölkədir. Siyasi sabitliyin olması da ölkənin iqtisadi həyatına müsbət təsir göstərir, onun xarici sərmayədarlar üçün cəlbediciliyini artırır. Ölkədə müşahidə edilən sabitliyin nəticəsidir ki, Azərbaycan son 9 ayda mürəkkəb beynəlxalq iqtisadi şəraitdə belə, 7 milyard dollar xarici kapital cəlb edə bilmişdir. Prezident İlham Əliyevin iclasda dediyi kimi, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulmuşdur: “Onlardan 9 milyardı daxili, 7 milyardı xarici sərmayədir. Bu da çox gözəl göstəricidir. Çünki bu gün dünyada maliyyə və likvidlik qıtlığı yaşanır. Bir çox ölkələr öz ölkələrinə daha çox investisiyalar cəlb etmək üçün çalışırlar və o cümlədən Azərbaycan. Biz də əsas vəsaitimizi ölkəmizə qoyuruq. Eyni zamanda, xarici investorlar üçün də Azərbaycan cəlbedici ölkə kimi tanınır. Biz çalışmalıyıq ki, investisiya iqlimini daha da yaxşılaşdıraq və bu sahədə əlavə tədbirlər görüləcəkdir”. Qeyd etmək vacibdir ki, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunmasının başlıca üstünlükləri də budur ki, dövlət və sahibkarlar iri və böyük layihələrin maliyyələşdirilməsi üçün əlavə maliyyə mənbəyi əldə edirlər. Bundan başqa, innovasiya layihələrinin maliyyələşdirilməsinə yönəldilmiş xarici investisiyalar ölkə sahibkarlarının yeni texnika, texnologiyalara və qabaqcıl idarəetmə metodlarına çıxışını asanlaşdırır. Xarici investisiyanın ölkəyə axınının sürətlənməsi həm dövlətin, həm də yerli sahibkarların dünya təsərrüfat sisteminə inteqrasiyasını sürətləndirir.

Hazırda beynəlxalq ictimaiyyət mürəkkəb ciddi siyasi-iqtisadi, eləcə də, humanitar problemlərlə üz-üzədir. SSRİ-nin dağılmasından sonra dünyada qütbləşmə prosesinin güclənməsi müşahidə olunur. Böyük dövlətlərin dünya nizamını istəklərinə uyğun tənzimləməsi cəhdləri səngimir. Avrasiyanın əhəmiyyətli regionlarında müharibə və münaqişələr davam edir. Qütbləşmənin sürətləndiyi bir vaxtda Azərbaycan rəhbərliyi müstəqil siyasət yürüdülməsini milli maraqlarına uyğun hesab edir və ölkənin iqtisadi potensialını artıracaq addımlar atacağını açıqlayır. Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atmışdır: “Regional təhlükəsizlik məsələlərində Azərbaycan çox müsbət rol oynayır. Azərbaycan sabitləşdirici amildir. Bizim iştirakımız, razılığımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz. İqtisadi və hərbi potensialımız bizim gücümüzü daha da artırır”. Bir sözlə, ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi fikirlər belə deməyə əsas verir ki, Azərbaycan dövləti geosiyasi və geoiqtisadi mövqelərinin güclənməsinə müsbət təsir göstərən fəaliyyətini bundan sonra da davam etdirəcək, güc mərkəzlərinin təsir və təzyiqlərinə xalqın rifah halını daha da yüksəltməklə cavab verəcək.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında