Yetmiş illik sülh salnaməsi

Bu günlərdə dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının 70 illiyi tamam olur. Yetmiş il öncə – 1945-ci ilin oktyabrin 24-də Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, Birləşmiş Ştatlar və digər dövlətlər tərəfindən BMT-nin nizamnaməsi ratifikasiya olunduqdan sonra BMT-nin yaranması haqqında qərar qüvvəyə minmişdir. 

Onu da qeyd etmək lazımdır ki, quruma “Birləşmiş Millətlər Təşkilatı” adı Amerika Prezidenti Franklin Ruzvelt tərəfindən təklif olunub. Bu ad Birləşmiş Millətlərin 1 yanvar 1942-ci il deklarasiyasında 26 ölkənin faşizmə qarşı mübarizəni davam etdirmək öhdəliyindən sonra qüvvəyə minib. 1948-ci ildən etibarən isə 24 oktyabr tarixi BMT Günü kimi qeyd edilir. Həmin gün münasibətilə bütün dünyada BMT-nin məqsəd və nailiyyətlərinə həsr olunan iclas, diskussiya və sərgilər keçirilir. 1971-ci ildə Baş Assambleyanın tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün ölkələrdə bayram kimi qeyd edilir və şübhəsiz ki, burada Azərbaycan da istisna deyil.

Ötən illər ərzində əldə olunmuş nailiyyətləri və müasir təhdidləri müzakirə etmək məqsədilə bu il sentyabr ayının 15-də BMT-nin Baş Assambleyasının 70-ci sessiyası öz işinə başlamışdır. Yubiley ərəfəsində keçirilən bu tədbirdə BMT-nin  üzvü olan bütün ölkələr dövlət rəhbərləri və sanballı nümayəndə heyəti ilə təmsil olunmuşdur. Bu faktın özü onu sübut edir ki, illərin keçməsinə və müxtəlif dövrlərdə zəiflikdə və qətiyyətsizlikdə ittihamlara baxmayaraq, BMT özünün nüfuzunu və əhəmiyyətini qoruyub inkişaf etdirə bilmişdir.

Azərbaycanı bu dəfə sessiyada xarici işlər nazirimiz Elmar Məmmədyarov təmsil etdi. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 70-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı nazir qeyd etdi ki, ötən yetmiş il ərzində Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığa nail olunması kimi nəcib məqsədlər naminə universal təşkilat kimi qətiyyətli şəkildə təsis edilmişdir. Birləşmiş Millətlər Təşkilatının sürətlə dəyişən beynəlxalq mühitə sabit uyğunlaşma vasitəsilə cavab vermək imkanı diqqətəlayiqdir. Bu, bizə təşkilatın üzləşdiyi problemlərin öhdəsindən gələcəyinə dair əminlik verir.

Şübhəsiz ki, yarandığı gündən keçən 70 il ərzində BMT son dərəcə böyük və dünya tarixi üçün əhəmiyyətli yol keçmiş, mühüm rol oynamışdır. Müxtəlif dövrlərdə müxtəlif şəraitlərdə vaxtında müdaxilə edərək sivilizasiyanı böyük fəlakətlərdən qorunmağa kömək etmiş, artıq baş verməkdə olan fəlakətlərin qarşısının alınmasında zəruri addımlar atmışdır.  Tam qətiyyətlə demək olar ki, indiyədək dünyanın 3-cü irimiqyaslı dünya müharibəsindən qurtulmasının əsas təminatçısı məhz BMT olmuşdur. Birləşmiş Millətlər Təşkilatı ardıcıl olaraq bütün münaqişələrin qarşısının alınması istiqamətində bütün mümkün resurs və imkanlardan istifadə edir.

Azərbaycan da müstəqilliyinin ilk günlərindən bu nüfuzlu qurumla əməkdaşlığa başlamışdır. Belə ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, daha doğrusu, 1991-ci il oktyabrın 29-da BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edərək, bu təşkilata üzv qəbul olunmasını xahiş etmişdir. Baş Məclisin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edilmişdir.

Azərbaycan Respublikası BMT-nin üzvlüyünə qəbul olunduğu ilk gündən bu nüfuzlu beynəlxalq təşkilatla qarşılıqlı əlaqələrin genişləndirilməsi, onun çoxşaxəli əməkdaşlığa çevrilməsi və Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə müvafiq yer tutması üçün fəal iş aparmış, onun daha səmərəli fəaliyyət göstərməsinə öz töhfəsini vermişdir.

Ölkəmizin mövqeyinin və xalqımızın haqq səsinin dünyaya çatdırılması və obyektiv ictimai rəyin formalaşdırılması, eləcə də dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə 1992-ci il martın 6-da Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi fəaliyyətə başlamışdır. Həmin ilin noyabr ayında isə BMT-nin Azərbaycanda Daimi Nümayəndəliyi açılmışdır. Azərbaycanın BMT-də fəaliyyət göstərən Daimi Nümayəndəliyi həm BMT, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq edir. Siyasi sahədə əməkdaşlığın əsas məqsədi Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəy formalaşdırılmasıdır.

 Məhz bu fəaliyyətin nəticəsi olaraq 1992-1993-cü illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də Təhlükəsizlik Şurasının təkcə 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı ölkənin qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin əldə edilməsi və münaqişənin danışıqlar yolu ilə həlli  tələb olunur.

 Azərbaycanın siyasi rəhbərliyi də BMT ilə əməkdaşlığı daima əhəmiyyətli hesab etmiş və mütəmadi olaraq onun əsas tədbirlərində iştirak etməklə həm ölkəmizin maraqlarını müdafiə etmiş, həm də dünyada gedən proseslərin həllinə dair dəyərli təkliflər irəli sürmüş, fikirlər söyləmişdir.

İlk dəfə olaraq 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edən ümummilli lider  Heydər Əliyev bu mötəbər təşkilatın tribunasından ölkəmiz ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Sonralar 1995-ci ilin oktyabrında BMT-nin 55 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında və 2000-ci ilin sentyabr ayında BMT-də Minilliyin Sammitində çıxış edən Prezident Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək mövcud qlobal problemlərə dair Azərbaycan Respublikasının prinsipial mövqeyini açıqlamış, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bəyan etmiş, Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır.

BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bir daha bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizmin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür.  Bununla yanaşı, Azərbaycan bəşəriyyətin üzləşdiyi problemlərin həllində də BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vaxtaşırı  gündəmə gətirmişdir. Belə ki, 2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmaması üçün BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməsinin vacibliyini qeyd edərək, mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatlar aparılmasının zərurətə çevrildiyini bildirmişdir. Bunun davamı olaraq BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında Azərbaycanın dövlət başçısı bildirmişdir ki, “Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir”.

Bu illər ərzində Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, həmin orqanlara seçkilərdə fəal iştirak etmişdir. Bunun nəticəsi olaraq 24 oktyabr 2011-ci ildə BMT Baş Assambleyasında səsvermə zamanı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə Şərqi Avropa Dövlətləri Qrupu üçün ayrılan yeri qazandıqdan sonra Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olmuşdur. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və artıq dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biridir. Bu, Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması, dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas iştirakçılarından birinə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildikdən qısa müddət sonra Prezident İlham Əliyev bəyan etdi ki, BMT Nizamnaməsində qeyd olunmuş ədalət və beynəlxalq sülhün aliliyi prinsipinin irəli sürülməsi və inkişaf edilməsi Azərbaycanın bu qurumda əsas və birinci dərəcəli hədəfi olacaqdır. Bu xətti əsas tutaraq, üzvlük müddəti ərzində Azərbaycan Təhlükəsizlik Şurasının başlıca vəzifəsi olan beynəlxalq sülh və təhlükəsizliyin qorunması istiqamətində gücünü əsirgəməmişdir.

Azərbaycan 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu iki ay müddətində TŞ 30 ictimai və fərdi iclas, 29 qapalı müşavirə keçirmiş, 7 qətnamə və Təhlükəsizlik Şurası  sədrinin 3 bəyanatını qəbul etmiş, mətbuat üçün 13 bəyanat vermişdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə, ölkənin müasir norma və standartlar çərçivəsində inkişaf etməsini əsas məqsəd kimi qarşısına qoymuşdur. Demokratik infrastrukturun gücləndirilməsi, geniş şəffaflıq, qərar qəbulu və siyasi müzakirələr prosesində ictimai rəyin nəzərə alınması bu prosesin mühüm tərkib hissəsi olmuşdur. Milli  iqtisadiyyatın inkişafı, xüsusi olaraq yeni iş yerlərinin açılması və siyasi və digər müvafiq tədbirlərin xüsusi sektorda effektiv inkişafı və böyüməsini təmin etmək üçün Azərbaycan Respublikası BMT-nin xüsusi qurumu olan BMT-nin İnkişaf Proqramı (BMT İP) ilə sıx əməkdaşlıq etmişdir. Son illər ərzində bu əməkdaşlıq yardım xarakterli layihələrdən tam bərabərhüquqlu tərəfdaşlığa qədər yüksəlmişdir.

BMT İP Azərbaycanda həyata keçirdiyi müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə indi də xidmət edir. Lakin, qeyd edildiyi kimi, zaman yerində durmur və dünya ölkələri getdikcə daha yeni və əvvəllər mövcud olmayan təhdidlərlə üzləşir ki, bu yeni təhdidlər də öz növbəsində tam yeni yanaşmalar tələb edir.

Şübhəsiz ki, son illərin ən dəhşətli fenomenlərindən biri kimi özünü “İslam Dövləti” adlandıran qurumun yaranmasını  qeyd etmək lazımdır. Bu cinayətkar fenomen yarandıqdan sonra qısa bir zamanda bəşəriyyət üçün böyük fəlakətə çevrilmiş və zəncirvari şəkildə bir sıra qlobal problemlərin kəskinləşməsinə səbəb olmuşdur.

Məhz “İslam Dövləti”nin hərbi uğurlarının və nəticə etibarilə ərazi genişlənməsinin nəticəsi olaraq baş verən son illərin kütləvi miqrasiya prosesləri Avropanı artıq ciddi problemlərlə üz-üzə qoymuş, üzv ölkələr arasında çoxdan yaranan narazılıqları başqa bir müstəviyə gətirmişdir.  Belə ki, onsuz da dünyada hazırda cərəyan edən  ciddi iqtisadi problemlərlə üzləşən nisbətən zəif Avropa ölkələri bu axınların qəbul edilməsində acız olduqlarını bildirərək, ümumi məsuliyyətdən yayınmağa üstünlük vermişlər.

Bu proseslərin fonunda sivilizasiyanın artıq uzun illərdir üzləşdiyi digər qlobal problemlər də kəskinləşməyə başlamışdır: Qlobal istiləşmə, kütləvi aclıq, yoxsulluğun artması, bütün bunların hamısı  beynəlxalq dairələrin xüsusi diqqətini tələb edir. Bütün bu problemlərin mərkəzində məhz BMT dayanır və onun indiki zamanda əsas vəzifələrindən biri öz mandatına uyğun olaraq bütün mümkün imkanlardan və mövcud resurslardan istifadə etməklə həmin prosesləri tənzimləməkdir.

Bunu etmək üçün, şübhəsiz ki, BMT-nin özü də çox ciddi dəyişikliklər etməli, həm strukturunu təkmilləşdirməli, həm də siyasətini dürüstləşdirməlidir.  Azərbaycan da tam formalaşmış və müstəqil olaraq müxtəlif ciddi problemlərin həllinə qadir olduğunu sübut etmiş dövlət kimi, bu proseslərdən kənar da qalmamalı, BMT-nin bütün strukturlarında fəal iştirak etməyə davam etməlidir. Bu istiqamətə ən uğurlu addımlardan biri də azərbaycanlı mütəxəssislərin BMT-nin rəhbər qurumlarında vəzifələrə yerləşdirilməsinin dəstəklənməsidir ki, dövlət qurumları bu istiqamətdə xüsusi siyasət hazırlamalı və birgə tətbiq etməlidirlər.

Bu gün bir sıra Azərbaycan vətəndaşı BMT sistemində yüksək səviyyəli vəzifələrdə çalışmaqla ölkəmizin beynəlxalq arenada müsbət imici və nüfuzuna töhfə verir. Azərbaycanda davamlı iqtisadi və ekoloji inkişafdan tutmuş, ölkənin səhiyyə sisteminin möhkəmləndirilməsinə qədər müxtəlif sahələrdə uğurla həyata keçirilən çoxsaylı layihələr və fəaliyyətlər ölkəyə çox böyük maddi fayda gətirmişdir. BMT-də çalışan və yüksək vətənpərvərlik hissinə malik olan əksər Azərbaycan vətəndaşı, həmçinin erməni təcavüzkarlarının beynəlxalq arenadakı lobbisinin təsirindən müdafiə olunur. Bir neçə BMT əməkdaşının təşəbbüsü ilə “Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası” İctimai Birliyi yaradılmış və 100-dən artıq beynəlxalq iştirakçının iştirakı ilə bu qurumun ilk konqresi uğurla keçirilmişdir.

Son olaraq qeyd edək ki, zaman dəyişir, dəyərlər dəyişmir. Azərbaycan dövlətinin və Birləşmiş Millətlər Təşkilatının məqsədləri tam üst-üstə düşür  və biz bir müstəqil dövlət olaraq BMT-nin bütün fəaliyyətlərini dəstəkləməklə dünyaya bir daha sübut edirik ki, Azərbaycan möhkəm,  dünyəvi dövlətdir və seçdiyi ədalət və inkişaf yolundan heç zaman dönməyəcəkdir.

Məzahir ƏFƏNDİYEV,
BMT-nin Azərbaycanda
Proqramlar meneceri,
“Beynəlxalq Təşkilatlarda
İşləyən Azərbaycanlıların
Assosiasiyası” İctimai
Birliyinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında