ABŞ rəsmiləri, o cümlədən, Barak Obama çıxışlarında dəfələrlə öz ölkələrinin “müstəsnalığını” vurğulayır, dünyanın bir yerində xoşagəlməz hadisə, ədalətsizlik baş verdikdə hər kəsin gözünü ABŞ-a dikdiyini, ondan kömək gözlədiyini bildirərək, özlərinin militarist və hegemonçu xarici siyasətinə haqq qazandırmağa çalışırlar. Lakin son 10 ildən artıq müddətdə ABŞ-ın qlobal liderliyi ilə davam edən antiterror kampaniyasının tam iflası, terrorizmin arealının daha da genişlənməsi, qəddarlığının isə ağlasığmaz hədləri aşması, habelə, rəsmi Vaşinqtonun hərtərəfli dəstəklədiyi “demokratik inqilabların”, daha doğrusu, xüsusi hazırlanmış qrupların əli ilə gerçəkləşdirilən çevrilişlərin vəd olunan “işıqlı” nəticələr əvəzinə, aramsız xaos, böhran və ölüm gətirməsi bütün dünyada ABŞ-ın “demokratiya, haqq-ədalət mübarizəsinə” dərin inamsızlıq yaradıb. “Ərəb baharı”nın “bəhrəsi” kimi İŞİD-in meydana çıxması və Yaxın Şərq regionunun qan gölünə çevrilməsi isə bu inamsızlığı yüksək həddə çatdırıb.
Dünya ictimaiyyətinin getdikcə güclənən ədalətsizlik, özbaşınalıq və vəhşiliklərdən təngə gəldiyi bir vaxtda siyasi, iqtisadi sanksiyalarla küncə sıxışdırılan Rusiyanın qəfil sıçrayışla dünyanın ən qaynar nöqtəsinə - Suriyadakı münaqişəyə fəal müdaxiləyə atılması Rusiyanın özü üçün riskli addım olsa da, indiki məqamda ABŞ və yaxın müttəfiqlərini həm psixoloji, həm də hərbi-siyasi cəhətdən olduqca çətin vəziyyətdə qoyub.
Suriya hökumətinin müraciəti əsasında Rusiyanın bu ölkənin ərazisində hökumət qüvvələri ilə koordinasiyalı şəkildə hava zərbələrinə başlaması ABŞ-ı gözlənilməz situasiya ilə üz-üzə qoyub. İlk günlərdən etibarən Rusiya qırıcılarının və raketatanlarının bombardmanlarının nəzərəçarpan effekt verməsi, İŞİD və digər ekstremist qrupların qərargahlarının, silah anbarlarının və yüzlərlə canlı qüvvəsinin məhv edilməsi, eləcə də terrorçuların bir qisminin ölkəni tərk etməsi, bir hissəsinin təslim olması barədə xəbərlər yayılmağa başladı. ABŞ-ın başçılıq etdiyi koalisiyanın bir ildən artıq müddətdə İŞİD-ə qarşı fəaliyyətinin Rusiya-Suriya-İran və qismən də İraq hərbi əməkdaşlığının bir neçə gün ərzində göstərdiyi nəticələrdən geri qalması isə Vaşinqtonu beynəlxalq ictimaiyyət qarşısında utancverici duruma salıb.
İndi Qərb ekspertlərini maraqlandıran məsələ Rusiyanın Suriyadakı effektli gedişinin dünyadakı nüfuz balansına göstərəcəyi təsirlə bağlıdır. İstisna edilmir ki, bundan sonra dünya ölkələri çətinliklə üzləşəndə gözlərini ABŞ-a yox, Rusiyaya dikə bilər.
Suriya meydanında özünü sonadək doğruldacağı təqdirdə, Rusiya beynəlxalq ictimaiyyətin gözündə konfliktləri həll etmək iradəsi və gücü olan, həqiqətən də sabitlik və təhlükəsizliyi bərqərar etmək istəyən qlobal güc imicini qazana bilər. Bu isə indiki məqamda Rusiya üçün çox lazımdır. Çünki Qərb dövlətləri və onların digər regionlardakı yaxın tərəfdaşlarının siyasi, iqtisadi sanksiyaları, təzyiqləri ilə üzləşən, neftin qiymətinin kəskin azalmasından milyardlarla vəsait itirən, iqtisadiyyatı böhran keçirən, əhalisi yoxsullaşan və bu səbəbdən daxili narazılığın artma təhlükəsi ilə üzləşən Rusiyanın demək olar ki, itiriləcək heç nəyi qalmayıb. Bir çoxlarının maraqla Şimal ölkəsinin çökəcəyini gözlədiyi bir məqamda onun qəfil həmlə etməsi nəticədən asılı olaraq, ya sonu tezləşdirən çırpınışa, ya da vəziyyəti kökündən dəyişdirən uğurlu gedişə çevrilə bilər.
Rusiyanın Suriyadakı gedişlərinin qəti nəticəsini indidən söyləmək çətindir. Lakin hazırkı məqamda Rusiyanın bu addımı onun Suriya və İranla müttəfiqlik münasibətlərini gücləndirir. Başqa bir tərəfdən, ABŞ işğalından sonra terror yuvasına çevrilən İraq hökuməti də Rusiya ilə əməkdaşlığın mümkünlüyünü istisna etmir. Burada diqqəti çəkən başqa bir məqam İŞİD-ə qarşı mübarizədə aktiv olan kürdlərin, eləcə də, İraqdakı kürd muxtariyyətinin rəhbərliyinin sükutudur. İŞİD-in təsir dairəsinin artması və kürdlərin nəzarətində olan ərazilərə hücumlar etməsinin qarşılığında onların özlərinə müttəfiq gördükləri ABŞ-ın səmərəli tədbirlər görməməsi, heç şübhəsiz, kürd muxtariyyəti və hərbi birləşmələrinin rəhbərlərinin narazılığına, rəsmi Vaşinqtondan səssiz incikliyinə səbəb olub. Bu səbəbdən də kürd liderlərinin Vaşinqtonun Moskvaya yönələn tənqid və hədələrinə qoşulmaması diqqəti cəlb edir. Bir məqamı da vurğulayaq ki, hələ BMT Baş Assambleyasının 70-ci sessiyası günlərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin kürd muxtariyyətinə İŞİD-lə mübarizədə silah yardımı göstərdiyini bildirmişdi. Maraqlıdır ki, Lavrovun az qala hər sözünü şərh edən Qərb mediası bu fikri demək olar ki, tamamilə diqqətdən kənarda qoydu.
İstənilən halda, terrorizmlə səmərəli mübarizənin Rusiyaya Yaxın Şərq regionunda müttəfiqlər qazandıracağı gözləniləndir. Digər tərəfdən, terrorçuluqla mübarizə Rusiyanın beynəlxalq nüfuzunu da xeyli gücləndirə bilər. Belə olan təqdirdə, Qərb üçün Rusiyaya qarşı sanksiyaları davam etdirmək, onu “Böyük səkkizlik”dən (hazırda “Böyük yeddilik”) kənarda saxlamaq ən azından mənəvi-psixoloji baxımdan çətinləşəcək. ABŞ-ın beynəlxalq ictimaiyyətin gözündə günahkar, etibarsız tərəfdaş imici qazanması və ona alternativ kimi Rusiyanın meydana çıxması bundan sonra Vaşinqtonun beynəlxalq hüququ saymadan istədiyi ölkədə təkbaşına, yaxud dəstəsi ilə birgə hərbi müdaxilə etməsini xeyli dərəcədə çətinləşdirəcək. İstisna deyil ki, bu məsələdə beynəlxalq ictimaiyyətin təzyiqi ilə yanaşı, ABŞ-ın daxili auditoriyasında da öz hökumətinin xarici siyasətinə olan inamsızlığın və müqavimətin artması da mühüm rol oynayacaq.
Artıq qeyd olunduğu kimi, Rusiyanın Suriyada hərbi əməliyyatlar aparması riskli addımdır. Bu, ilk növbədə, terrorçuların və onları dəstəkləyən qüvvələrin Rusiyanı hədəfə çevirməsinə, ölkə daxilində sabitliyi pozma cəhdlərinə rəvac verə bilər. Bu baxımdan, hərbi əməliyyatların başlamasından sonra yayılan bir xəbər diqqəti çəkir. Belə ki, məlumatlara görə, Şərqi Avropadakı keçmiş sovet respublikalarından, xüsusən də Moldovadan olan kriminallar əllərində olan radioaktiv maddələri Yaxın Şərqdəki ekstremist qruplaşmalara, o cümlədən, İŞİD-ə satmağa çalışırlar. Bununla bağlı ilin əvvəlində bir neçə halın aşkarlandığı və qarşısının alındığı da bildirilir. Hesab olunur ki, bu cür maddələri ələ keçirən terrorçular hər hansı ölkəyə nüvə hücumu təşkil edə bilərlər.
Qərb mətbuatında yayılan məlumatlarda radioaktiv maddələrə “Amerikaya nifrət edən” terrorçuların maraq göstərdiyi bildirilsə də, informasiyanın məhz həmin ərazilərdəki terrorçuların Rusiyanın hədəfində olduğu bir vaxtda üzə çıxması maraq doğurur. Məlumdur ki, İŞİD Sovet, Çin, ABŞ, Yaponiya istehsalı olan tanklar və digər ağır hərbi texnika, müasir silahlarla yanaşı, kimyəvi silahlara da malikdir. Suriyada mülki əhaliyə qarşı kimyəvi silahların tətbiq olunmasında İŞİD-in əli olduğu bildirilir. İŞİD-in timsalında bu gün terrorçu qruplaşmaların silahlanma səviyyəsinə görə dövlət ordularına bənzəməyə başladığı özünü göstərir. Nüvə silahlarının əldə ediləcəyi təqdirdə isə bu, terrorizmin təkamülünün tamamilə yeni və daha təhlükəli mərhələyə qədəm qoyacağı deməkdir.
Bununla belə, Rusiyanın Yaxın Şərqdə Suriya, İran və İraqla əməkdaşlığı, terrorizmə qarşı apardığı birgə mübarizə havadan hücumların başlanmasından bir neçə gün əvvəl Vladimir Putinin BMT Baş Assambleyasının tribunasından səsləndirdiyi yeni antiterror koalisiyası yaradılması təklifinin reallaşdırılmaqda olduğunu deməyə əsas verir. Buradan belə bir sual meydana çıxır ki, ABŞ-dan fərqli olaraq, Rusiya həqiqətən də terrorizmlə mübarizə apararaq, sabitlik və təhlükəsizliyi bərqərar etməyə çalışacaqmı? İndiki məqamda, özünün beynəlxalq imicini yaxşılaşdırmaq, müttəfiq, tərəfdar toplamaq, eləcə də, öz daxili təhlükəsizliyini təmin etmək üçün Rusiyanın daha çox ədalət prizmasından məsələyə yanaşacağını gözləmək olar.
Beləliklə, birqütblü dünya sisteminə qarşı çıxan güclərlə Qərb dövlətlərinin mübarizəsinin Suriya mərhələsi həlledici xarakter daşıyır. Bu mübarizənin nəticəsi yeni dünya nizamının simasını müəyyən edəcək.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.