Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun (İşçi Qrupu) rəhbəri, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri, millət vəkili, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlı qəzetimiz üçün açıqlamasına bu sözlərlə başlayaraq bildirdi ki, Ermənistanın ölkəmizə təcavüzünün nəticələri bu xalqın bəşəriyyət qarşısında necə ağır cinayətlər törətdiyini təkzibolunmaz şəkildə ortaya qoyur.
İlkin hesablamalara görə, Dağlıq Qarabağ münüqişəsindən ölkəmizə və xalqımıza dəyən ziyanın ümumi məbləği 500 milyard dolları ötmüşdür. Bu rəqəm hər gün artır və Ermənistanın bu səbəbdən ödəyəcəyi əvəzin də miqyası və məbləği çoxalır.
Belə bir qurumun yaranma səbəbi, məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verən müsahibimiz bildirdi:
— İşçi Qrupu fəaliyyətinin başlanğıcında 1918-ci ildə erməni silahlı quldur dəstələrinin Qafqazda soydaşlarımıza qarşı törətdiyi soyqırımı və kütləvi dağıntıların isti- isti müəyən edilib sənədləşdirilməsi üçün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin həmin il avqustun 31-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyəti ilə dərindən və ətraflı tanış oldu. Yeri gəlmişkən, deyək ki, o zaman azərbaycanlılar və onların əmlakı üzərində zorakılıq hallarını araşdıran Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallar tarix boyu erməni vandalizminin iyrənc mənzərəsinə şahidlik edəcək.
FTK- nın tarixçəsini öyrənərkən bizə məlum oldu ki, 1919-cu il yanvarın 6-da komissiyanın sədri Ə.Xasməmmədov Baş nazir F.X.Xoyskiyə yazdığı məktubunda bildirirdi ki, Avropa sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün Bakı, Quba və Şamaxı şəhərlərində, Şamaxı, Göyçay, Cavad, Quba qəzalarında müsəlmanlara qarşı ermənilər tərəfindən törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatlar sizə göndərilir. Lənkəran qəzası polkovnik Avetisovun silahlı quldur dəstələri tərəfindən, Cavad qəzasının bir hissəsi isə polkovnik İllarionoviç başda olmaqla ruslar tərəfindən, İrəvan quberniyası və Gəncə quberniyasının dörd qəzasında – Cavanşir, Cəbrayıl, Şuşa və Zəngəzurda böyük dağıntılar törədilib. Hər gün bizə daxil olan həyəcanlı məlumatlara görə azərbaycanlı əhali ucdantutma məhv edilir...
Məlumatda daha sonra bildirilirdi ki, Bakı şəhəri və ətrafı, Şamaxı və Göyçay qəzaları, habelə Ərəş və Nuxa qəzalarında, Gəncə şəhəri, Gəncə və Qazax qəzalarında müsəlman əhalisi üzərində zorakılıq hallarının təhqiqi davam edir. Komissiya xaricə gedəcək nümayəndə heyəti üçün əşyayi-dəlil kimi altı cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd fotoşəkil təqdim etdiyini bildirirdi.
Göründüyü kimi, həmin komissiya tərəfindən Azərbaycanın bu günü üçün də olduqca əhəmiyyətli olan işlər görülsə də, təəssüf ki, havadarların orbiti ətrafında fırlanan, hətta müasir şəraitdə beynəlxalq hüquqa məhəl qoymayan xəyanətkar qüvvələrin azərbaycanlılara qarşı amansızlıqları XX əsrin 80-ci illərindən etibarən davam etməkdədir. 70 ildən sonra erməni xəyanətləri və vəhşilikləri yenidən və daha dağıdıcı şəkildə təkrarlanmağa başlandı. 28 ildir ki, Ermənistanın Azərbaycana təcavüzü, etnik- separatçı münaqişənin bürün sərhədlər boyu qanlı müharibəyə çevrilməsi, ərazilərimizin 20 faizinin işğal altında xarabazara döndərilməsi, 1 milyon soydaşımızın ev- eşiyindən didərgin salınması və əmlakının qarət edilməsi, bütün parametrlər üzrə itki və ziyanlarımızın artması davam edir.
Bütün bu itkiləri bugünümüz və tarix üçün qeydə alıb, sistemləşdirmək üçün ayrıca bir quruma ciddi ehtiyac duyulurdu. Rəhbəri olduğum Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin bununla bağlı təşəbbüsünü həssaslıqla cavablandıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi göstərişi əsasında 26 fevral 2014-cü ildə (Xocalı soyqırımının ildönümü günü) Baş nazir Artur Rəsizadənin 51s saylı sərəncamı ilə yaradılmış İşçi Qrupu da AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sələfi olmaqla, ermənilərin azərbaycanlılara qarşı törətdiyi tarixi amansızlıqlar nəticəsində hər cür itki və tələfatların Beynəlxalq Qiymətləndirmə Standartlarına əsasən qiymətləndirilməsi işini davam etdirir.
Artıq ikinci ildir ki, fəaliyyətini uğurla davam etdirən İşçi Qrupunun məqsədi ölkə daxilində və xaricində fəaliyyət göstərməklə Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarına, yaşayış məntəqələrinə və digər obyektlərinə dəymiş zərərin, maddi və mədəni itkiləri Beynəlxalq Qiymətləndirmə Standartlarına əsasən hazırlanmış metodologiyaya uyğun olaraq qiymətləndirməkdir.
İşçi Qrupunun ölkədaxili fəaliyyəti:
— Ərazilərin işğalı nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikasının Ermənistan Respublikasından təzminat tələb etmək hüququ barədə rəyin hazırlanması;
— işğal olunmuş ərazilərdəki istehsal, istehlak, kommunikasiya və digər xidmət təyinatlı obyektlərin qiymətləndirilməsi üçün lazımi məlumatların (göstəricilərin) toplanması;
— işğal olunmuş ərazilərdəki qoruqların, yasaqlıqların və torpaq fonduna, meşə fonduna, su hövzələrinə və təbii sərvətlərə (metal və qeyri- metal təyinatlı) dəyən zərərin qiymətləndirilməsi məqsədi ilə informasiyaların əldə edilməsi;
— işğal olunmuş ərazilərdəki tarix-mədəniyyət və təbiət abidələrinə, o cümlədən Şuşa tarix-mədəniyyət qoruğuna dəyən zərərin qiymətləndirilməsi üçün informasiyaların toplanması;
— münaqişə əraziləri ilə əlaqədar lazım olan müxtəlif xəritələrin bərpa edilməsinə dair təkliflərin hazırlanması;
— BMT-nin İnkişaf Proqramının dəstəyi ilə dəymiş ziyanı qiymətləndirmək üçün ərazilərə səfərlər təşkil etməklə yerli əhali arasında sorğular aparılması kimi zəruri və təxirəsalınmaz məsələləri əhatə edir.
Xarici ölkələrdəki fəaliyyətimizi isə Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatlarının qiymətləndirilməsinə texniki dəstək və ekspertiza məqsədi ilə Dünya Bankı, Avropa İttifaqı və BMT İnkişaf Proqramı tərəfindən Birgə Qiymətləndirmə Missiyasının yaradılaraq (Joint Valuation Mision) prosesə cəlb edilməsi məsələləri təşkil edir.
İşçi Qrupu bu layihələri həyata keçirir:
– İşğal altında olan rayonlarda faydalı qazıntı yataqlarına dəymiş zərərin qiymətləndirilməsi;
– istehsal- ticarət təyinatlı obyektlərə dəymiş zərərin, bu obyektlərin istifadəsindən məhrumiyyətlərə görə itirilən faydanın hesablanması və qiymətləndirilməsi;
– nəqliyyat (avtomobil yolları, dəmir yolları, hava limanları) sisteminə dəyən zərərin qiymətləndirilməsi;
– rabitə sisteminə dəyən zərərin qiymətləndirilməsi;
– səhiyyə sisteminə dəyən zərərin qiymətləndirilməsi;
– təhsil və elm sahələrinə dəyən zərərin qiymətləndirilməsi;
– turizm potensialına dəyən zərərin qiymətləndirilməsi;
– mədəni sərvətlərə, tarix və mədəniyyət obyektlərinə dəyən zərər və itkilərin qiymətləndirilməsi;
– işğal altında olan ərazilərin ekologiyasına və təbii sərvətlərinə (meşə örtüyü, qoruqlar, su hövzələri, çaylar, fauna-flora) dəyən zərərin qiymətləndirilməsi;
– kənd təsərrüfatına (istehsal müəssisələri, torpaqlar, əkin sahələri, suvarma infrastrukturu, suvarma mənbələri) dəyən zərərin qiymətləndirilməsi;
– yeraltı və yerüstü təbii sərvətlərin dəyərinin, eyni zamanda, onlardan səmərəli istifadə edilməsindəki məhrumiyyətlərə görə yaranan itkilərin qiymətləndirilməsi;
– ölkənin investisiya potensialına dəyən zərərin qiymətləndirilməsi, o cümlədən ərazi məhdudluğu və səmərəliliyinin azalması ilə bağlı zərərin hesablanması;
– qaçqın və məcburi köçkün əhaliyə (yaşayış məntəqələri, xüsusi təsərrüfatlar və.s.) dəyən maddi və mənəvi zərərin dəyərləndirilməsi;
– yaşayış məntəqələrinə, inzibati binalara, kommunikasiyaya (içməli su təchizatı, kanalizasiya sistemi, körpülər) dəyən zərərin qiymətləndirilməsi;
– energetika sistemi üzrə (yanacaq təsərrüfatına, elektrik və qazpaylayıcı şəbəkələrə) dəyən zərərin qiymətləndirilməsi.
2014–2015-ci illərdə İşçi Qrupu aşağıdakı işləri həyata keçirmişdir:
Naxçıvan MR, Xankəndi, Ağdərə, Şuşa, Laçın, Ağdam, Gədəbəy, Tovuz, Qazax, Göygöl, Tərtər, Ağcabədi, Füzuli, Qubadlı, Xocalı, Xocavənd, Kəlbəcər, Cəbrayıl, Zəngilan rayonlarından və Qərbi Azərbaycandan olan 1 milyondan artıq məcburi köçkün və qaçqın əhali üzrə mülki vətəndaşlara, dövlət və özəl təşkilatlara dəymiş zərər barədə məlumatlar (ərizə, arayış, mal-materialların mövcudluğu barədə cədvəllər, protokol və s.) 100 minlərlə sənəd toplanaraq İşçi Qrupuna təqdim edilmiş və həmin ərazilər üzrə hesablamalar başa çatdırılaraq, birbaşa dəymiş zərərə görə ilkin rəqəmlər müəyyənləşdirilmişdir.
2. İşgal altındakı inzibati yaşayış məntəqələrinin kosmosdan 150 fotogörüntüsü əldə edilmişdir.
Respublika hökumətinin sərəncamı üzrə qeyd olunan müddət ərzində çoxsaylı beynəlxalq və respublika səviyyəlı konfranslar, dəyirmi masalar, görüşlər, treninqlər keçirilmiş və dəymiş zərərlərlə bağlı təyinatı üzrə aidiyyatı qurumlarla birgə araşdırmalar aparılmışdır. Onlardan “Təqsirkardan təzminat tələb edilməsi özü də bir iqtisadi sanksiyadır”, “Tarixi erməni təcavüzü: Azərbaycanın əqli mülkiyyət itkiləri”, “İşğal altında olan sərvətlərimiz: vurulmuş zərərlərin qiymətləndirilməsi”, “1989-1994-cü illərdə Ermənistanın işğal etdiyi ərazilərimizin faydalı qazıntıları və mineral xammal bazamıza amansız talan nəticəsində vurulmuş zərərlərin qiymətləndirilməsi barədə hesabat”, “Dini abidələrin məruz qaldığı itki və tələfatların dəyərləndirilməsi media müstəvisində”, “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi-normativ boşluqlar və onların aradan qaldırılması”, “Müasir Azərbaycanın unikal inkişaf modeli və tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsi reallıqları” və s. səpkidə aktual mövzular müzakirə olunmuşdur. Tədbirlər, əsasən, Bakı şəhərində yerləşən diplomatik korpusun nümayəndələri, Milli Məclisin üzvləri, nazirlik və Komitələrin, eləcə də QHT-lərin və KİV-lərin iştirakı ilə keçirilmişdir. Bütün tədbirlər internet saytlarında, televiziya kanallarında və mətbuatda geniş işıqlandırılaraq ictimaiyyətə çatdırılmışdır.
4. Şuşa, Laçın, Ağdam, Goranboy, Xocalı rayonları üzrə sənədlərin toplanması və hesablama işləri davam etdirilir.
5. Zavod, fabrik, yol, nəqliyyat maşın və mexanizmlər üzrə hesablamalar da davam etdirilir.
6. İşçi Qrupunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin təbii sərvətlərinə dair münaqişənin başladığı vaxtadək mövcud olan arxiv məlumatları və erməni işğalı nəticəsində ətraf mühit və təbii sərvətlərə dəymiş zərərlərin miqyasına dair materiallar təsnifat üzrə toplanaraq qiymətləndiricilərə təqdim edilmişdir.
Ətraf mühit və təbii sərvətlərə dəymiş zərərlər aşağıdakı sahələri əhatə edir:
- təbii sərvətlərin talanı və məhv edilməsi nəticəsində dəymiş iqtisadi zərərlər - faydalı qazıntıların talanı və mineral xammal bazamıza ağır təcavüz, biomüxtəlifliyin məhvi, torpaqların sıradan çıxarılması və istifadədən məhrum olunması, sulara (çaylar, göllər, su anbarları, bulaqlar, hidrometereoloji obyektlər) antropogen təsirlər və s.;
- suların çirkləndirilməsi, ərazilərin yandırılması, təbii sərvətlərdən düzgün istifadə olunmaması və Metsamor AES-in zərərli təsiri ucbatından ətraf mühitin çirkləndirilməsi üzrə zərərlər;
- mövcud təbii sərvətlərimizdən (faydalı qazıntılardan, su anbarlarından və s.) istifadədən məhrumiyyətlər hesabına yaranan alınmamış gəlirlər və ya itirilmiş faydalar şəklində olan zərərlər.
Ermənistanın ərazilərimizi işğal etməsi nəticəsində Azərbaycan Respublikasının ətraf mühit və təbii sərvətlərinə dəymiş zərərlər üzrə ilkin qiymətləndirmə başa çatmaq üzrədir.
7. Tarix və mədəniyyət abidələri barədə lazımi sənədlər, fotogörüntülər və 150 adda abidənin çertyojları ümumiləşdirilərək analiz edilmiş, hesablamalar aparılmış, abidələrə dəyən birbaşa zərərin miqdarı müəyyənləşdirilmişdir.
8. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycana dəymiş zərərin Beynəlxalq Qiymətləndirmə Standartlarına, habelə Münaqişələr və Təbii Fəlakətlər Nəticəsində Məruz Qalınan İtki və Tələfatların Hazırlanması Standartlarına uyğun olaraq, dəyən zərərlərin qiymətləndirilməsinə dair metodologiya İşçi Qrupu üzvləri tərəfindən işlənib hazırlanmış və Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının 21 may 2015-ci il tarixli XIV Beynəlxalq Konqresində təsdiq olunmuşdur. Bu sənədin ingilis, rus və türk dillərinə tərcümə edilməsi işləri davam etdirilir.
Sonda İşçi Qrupunun rəhbərindən ayrı- ayrı istiqamətlət üzrə itki və təlafatların həcmi barədə ümumi rəqəmləri açıqlamasını xahiş etdik. Professor Xanhüseyn Kazımlı dedi:
— İtkinin böyük bir qismi əhali üzrə hesablanmışdır. Bu rəqəm 128,6 milyard dollara çatır. Bunun 55 milyard dolları maddi itkilərdir. İqtisadi sahədə itkilər də böyükdür. Sənayenin tələfatı 37, 4 milyard dollar, kənd təsərrüfatının ziyanı 7,15 milyard dolları əhatə edir. Təhsil sahəsində itkilər 303 milyon dollar, səhiyyə üzrə 273 milyon dollar, mədəniyyət sahəsində 270 milyon dollar civarındadır.Təbii sərvətlərin talanması və ətraf mühitə dəyən ziyan isə151 milyard doları keçmişdir. Tarix və mədəniyyət abilərinin dağıdılmasından, talan edilməsindən ölkəmizə dəyən ziyan177 milyard dollar həcmindədir.
Bütün bu hesablamalar rəsmi sənədlərə və beynəlxalq qiymətləndirmə meyarlarına əsaslandığından heç bir şübhə doğura bilməz. Hesabatımızın ilkin konturlarından doğan məntiq aydın və qətidir: münaqişənin davamı olaraq ötən hər gün ölkəmizin itkiləriniun miqyas və həçmini çoxaltmaqla yanaşı, Ertmənistanın ödəməli olacağı təzminatı da durmadan ağırlaşdırır. Ermənistanın bu əvəzi ödəməməsinə heç bir əsas yoxdur və əslində, bu ölkə özünü fəlakət girdabında məhv etməkdədir.
Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.