Azərbaycanda parlament seçkiləri və Avropa siyasətinə yeni baxış

Azərbaycan noyabrın 1-də keçiriləcək mühüm siyasi hadisə - parlament  seçkiləri ərəfəsindədir.

Şübhə etmirik ki, dünya ictimaiyyətinin diqqəti ənənəvi şəkildə Azərbaycanda baş verən daxili siyasi proseslərə yönələcək və Qərbdəki “xeyirxahlarımız” xüsusi və qeyri-sağlam maraqla bu prosesi izləyəcəklər.

Xatırlatmağa ehtiyac yoxdur ki, Avropadakı “xeyirxahlarımız” faktiki olaraq Azərbaycanda baş verən bütün daxili siyasi proseslərə həddindən artıq diqqət göstərir. Qərbdə müəyyən qüvvələr isə hər fürsətdə Azərbaycanda avropalıların özlərinin də tez-tez riayət etmədikləri “demokratik dəyərlərin” pozulması barədə bəyanatlar verirlər.

Yeri gəlmişkən, Yaxın Şərqdən və bir sıra Afrika ölkələrindən qaçqınların axını ilə bağlı yaranmış vəziyyət Avropanın “xeyirxahlığının” daha bir nümunəsidir. Bu mürəkkəb vəziyyətdə “tolerant” Avropanın iç üzü açıldı. Bu, yüksək əxlaq, seçim və hüquq azadlığı nümunəsi təəssüratı yaradan “mədəni” Avropa ölkələrinin real həyatda nəyə qadir olduqlarını göstərən təkcə bir nümunədir.

Azərbaycan parlamentinə keçiriləcək seçkilərə gəldikdə isə, şübhəsiz ki, seçkilər ən yüksək səviyyədə və şəffaf şəkildə baş tutacaqdır. Azərbaycan ictimaiyyəti Brüsseldə və Vaşinqtonda nə düşündüklərindən asılı olmayaraq, xarici göstərişlər və təzyiqlər olmadan öz seçimini etməyə qadirdir. Ölkədə indiyədək prezident və parlament seçkilərinin nəticələri Azərbaycan ictimaiyyətinin Qərbdən asılı olmayaraq düzgün qərar qəbul etmək bacarığını dəfələrlə nümayiş etdirib.

Prinsipcə, qarşıdakı seçkilərdə azərbaycanlı seçicinin necə səs verməsinin, kimi seçməsinin qətiyyən nə Qərbə, nə də Avropaya dəxli yoxdur.

Bu məsələ ilə bağlı avropalı tərəfdaşlarımızın planlarına gəldikdə isə, bu yaxınlarda Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, Aİ Milli Məclisə seçkilərin ən yüksək səviyyədə keçirilməsində Azərbaycanın səylərini dəstəkləməyə və öz töhfəsini verməyə hazırdır. Diplomat qeyd edib ki, Milli Məclisə seçkilər Azərbaycanın daxili işidir və bu nöqteyi-nəzərdən prosesdə əsas iştirakçı ölkənin Mərkəzi Seçki Komissiyasıdır.

Nəzəri cəhətdən xanım Mardın bəyanatı ilə razılaşmamaq mümkün deyil, çünki ali qanunverici orqana seçkilər hər ölkənin daxili işidir.

Amma həqiqət ondadır ki, bu cür bəyanatlar sadəcə deklarativ xarakter daşıyır, əslində, avropalı parlamentarilərin bir qismi və siyasətçilər qərarlarının nəticəsini düşünməyərək antiazərbaycan qətnamələrin qəbulu üçün böyük şövqlə səs verirlər. Yeri düşmüşkən, qısa müddət öncə Avropa Parlamenti Azərbaycana təkcə müşahidə missiyası göndərməmək deyil, həm də deputatlara ölkəmizdə keçiriləcək seçkilərin müşahidə olunmasını qadağan etməklə bağlı qərarını açıqlayaraq növbəti dəfə xoş olmayan sürpriz etdi.

Avropanın nə vaxtsa Azərbaycana qarşı münasibətini kökündən dəyişəcəyinə və bədnam “ikili standartlar” siyasətindən imtina edəcəyinə ümid etmək çox çətindir. Lakin nəhayət ki, avropalılar Azərbaycanda keçiriləcək parlament seçkilərini dəstəkləməklə bağlı vaxtında və düzgün qərar qəbul etmək üçün siyasi iradə göstərə bildi. Əks halda, avropalılar Azərbaycan kimi etibarlı tərəfdaşın etimadını itirmək riski ilə üzləşərdilər.

Müstəqilliyini əldə etdiyi ilk gündən etibarən Azərbaycanın Avropa İttifaqı və Avropa dövlətləri ilə bir sıra mühüm strateji sahələrdə uğurla və sıx əməkdaşlıq etdiyini daha əvvəl Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov qeyd etmişdi. Onun sözlərinə görə, keçmiş Sovet ölkələri arasında Azərbaycan kimi Avropa strukturları ilə hərtərəfli əməkdaşlıq edən ikinci bir ölkə tapmaq çətindir. Bununla yanaşı, Azərbaycana qarşı tətbiq edilən “ikili standartlar” siyasətini vurğulayan cənab Novruz Məmmədov qeyd edib ki, avropalılar yürütdükləri bu siyasətin hara aparıb çıxara biləcəyini və Avropa Şurasının mövqeyinin Azərbaycanın bu təşkilata üzvlüyünü sual altında qoyduğunu hələ də başa düşə bilmirlər.

Avropa İttifaqının bəzi strukturları kimi AŞPA da beynəlxalq hüquqa etinasızlıq göstərir: “Onların prinsipi belədir: necə istəyiriksə, elə də olacaq” - deyə Prezident Administrasiyasının rəhbərinin müavini bildirib. Tamamilə qərəzsiz və obyektiv olsaq, məlumdur ki, Avropa xüsusilə indi, aydın miqrasiya siyasətinin yoxluğundan yaranan kütləvi humanitar fəlakətin səbəb olduğu iqtisadi böhran və siyasi narahatlıqların məngənəsində sıxıldığı bir vaxtda Azərbaycana daha çox ehtiyac duyur. Avropa bir neçə səbəbə görə Azərbaycanla münasibətlərə dəyər verməlidir.

Birincisi, Cənubi Qafqaz regionunun lider ölkəsi olaraq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır və bu, avropalılar üçün olduqca vacibdir. İkincisi, Azərbaycan Aİ ilə onun Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı tərəfdaşları arasında nəqliyyat sahəsində əməkdaşlıq proqramı olan TRACECA-nın əsas halqalarından biridir. Bundan başqa, biz dünyada neft ixracatçısı kimi tanınmışıq, bu gün isə faktiki olaraq öz qazımızı dünya bazarına çıxarmağın astanasındayıq. Bu və bir çox başqa faktlar Azərbaycanla etibarlı əlaqələrin qurulması üçün möhkəm əsas yaradır. Avropalıların guya bunu anlamadığını düşünmək qeyri-ciddi və məntiqsiz olardı. Əlbəttə ki, müdrik “Köhnə dünya” yaxşı bilir ki, Azərbaycan böyük imkanlar ölkəsidir və onunla dostluq etmək lazımdır. Məhz bu səbəbdən, o, faktiki olaraq ölkəmizin ərazi bütövlüyünü və onun toxunulmazlığını dəstəkləyir, bu proseslərin Dağlıq Qarabağın gələcək statusunu əvvəlcədən müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməyəcəyini iddia edərək, Qarabağ separatçılarının keçirdiyi “parlament seçkilərini” və beləliklə, seçkilərin keçirildiyi konstitusional və normativ çərçivələri rəsmi olaraq tanımır. Bundan əlavə, Aİ hər vəchlə status-kvonun aradan qaldırılması və sülh danışıqlarının başlanması istiqamətində ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin səylərini dəstəklədiyini bəyan edir. Avropalı dostlarımızı ayaq üstə alqışlamaq olardı, amma həqiqət ondadır ki, bütün bu pafoslu bəyanatlar və təminatlar sözdə və ya kağız üzərində qalır.

Bizə gəldikdə isə, biz avropalılardan yüksək keyfiyyətli ictimai inkişaf modeli təcrübəsini öyrənmək üçün böyük Avropa ailəsinin bir hissəsi olmağa çalışdığımızı heç vaxt gizlətməmişik, amma anlamaq lazımdır ki, biz Avropa İttifaqı ilə əməkdaşlıqda israr etmək fikrində deyilik və özümüzü nə Qərbə, nə də Avropaya zorla qəbul etdirməyə çalışmırıq, çalışmayacağıq və buna ehtiyac da yoxdur. Azərbaycan aydın şəkildə öz yolunu müəyyənləşdirib və milli maraqlar və beynəlxalq hüquq normaları əsasında müstəqil dövlət qurmağa davam edir. Dövlətin xarici siyasətinin prioritet istiqaməti də məhz budur. Biz Avropa ilə tərəfdaşlıq əlaqələrini davam etdirmək və əməkdaşlıq sahələrini bərabərhüquqlu əsasda genişləndirmək niyyətindəyik. Nə bizim, nə də avropalıların başqa yolu yoxdur.

Elsevər ABDULLAYEV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında