Bu gün dünyada sabitlik və təhlükəsizlik məsələləri mühüm önəm daşıyır. Regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifahını yaxşılaşdırmasını çətinləşdirir.
Dünyanın bu və ya digər regionunda yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi kataklizmlərdən insanlar əziyyət çəkirlər. Azərbaycanda isə vəziyyət göz önündədir. Müharibə şəraitində olan respublikamız dünya ölkələrinə nümunə göstərilə bilər. Çünki dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə söyləmişdir.
Oktyabrın 6-da Ucar şəhərinə səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşdə bir daha bu məsələyə toxunan Prezident İlham Əliyev demişdir: “Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır. Biz Azərbaycanda elə siyasət aparırıq ki, bütün mümkün olan risklərdən özümüzü qoruyaq, sığortalayaq və buna nail oluruq. Nəyə görə? Çünki xalqla iqtidar arasındakı birlik bunu şərtləndirir. Ona görə ki, Azərbaycan iqtisadi sahədə, beynəlxalq aləmdə müstəqil, düşünülmüş siyasət aparır”.
Dövlət başçısı həmçinin vurğulamışdır ki, bu gün dünyada, bölgədə yaşanan xoşagəlməz mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur. Yəni, Azərbaycan nümunədir. Çünki bu gün dünyada gedən ümumi proseslərə baxdıqda Azərbaycanda həm ictimai proseslərin, həm də iqtisadi inkişafın düzgün məcrada getdiyi açıq-aydın görünür.
Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinə də toxunan Prezident İlham Əliyev demişdir: “Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb, Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə heç kimdən asılı deyilik. Ona görə özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq”.
Hazırda dünyada baş verən proseslərə nəzər saldıqda aydın görünür ki, cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, aparılan düzgün islahatlar nəticəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilir. Bu siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatların və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Konkret faktlar əsasında fikrimizi təsdiqləyə bilərik. Belə ki, möhtərəm dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik bu gün Azərbaycan iqtisadiyyatının xarici təsirlərə və yuxarıda qeyd olunan risklərə dayanıqlılığını şərtləndirən başlıca amillərdir. Hələ 2008-ci il qlobal böhrandan xeyli əvvəl iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinə başlanılması bu siyasətin nə qədər doğru olduğunu hazırkı dövrdə bir daha təsdiq edir. Xam neftin qiymətinin 2 dəfədən çox enməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı məhz qeyri-neft sektoru hesabına inkişaf edir. Belə ki, əgər 2009-cu ildə ÜDM-də qeyri-neft sektorunun payı 47 faiz idisə, 2014-cü ildə 61 faiz təşkil etmişdir.
Strateji valyuta ehtiyatları, xarici borclanmaya konservativ yanaşma da Azərbaycan iqtisadiyyatının dayanıqlılığına öz töhfəsini verir. Dövlət başçısının qeyd etdiyi kimi, əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasil olunur. Ona görə Azərbaycan inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik.
Son illərdə qeyri-neft sektorunun inkişafına mühüm önəm verilmişdir. Bununla bağlı geniş tədbirlər reallaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla həyata keçirilməsi, keçən ilin sənaye, cari ilin kənd təsərrüfatı ili elan edilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması və bütün bunların nəticəsi olaraq yerlərdə sürətlə sənaye məhəllələrinin yaradılması, aqroparkların qurulması, sonda qeyri-neft sektorundan ixracın həcminin böyük sürətlə artmasına zəmin yarada bilmişdir. Son 5 il ərzində ÜDM-in tərkibində qeyri-neft sektorunun payı 20 faizə qədər artaraq ümumilikdə 70 faizə yaxınlaşmışdır. Elə bunun nəticəsidir ki, son 5 ildə qeyri-neft sektorundan ixracın həcmi 65 faiz artmışdır ki, bu da orta illik 13 faiz artım deməkdir.
Ekspertlərin fikrincə, qeyri neft-sektorunun qısa zaman ərzində belə sürətli inkişafı təcrübəsinə heç yerdə rast gəlinməmişdir. Həm də nəzərə alınmalıdır ki, bu, Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğu bir dövrdə əldə edilmişdir.
Burada bir amili də unutmaq olmaz. Neftin qiymətlərinin aşağı düşməsi Azərbaycanın gəlirlərinin azalmasına öz təsirini göstərsə də, sosial-iqtisadi inkişafı ləngidə bilməmişdir. Çünki neft gəlirlərinin kifayət qədər səmərəli istifadə olunması qeyri-neft sektorunun inkişafında yüksək nəticələr əldə edilməsini şərtləndirir. Başqa sözlə, Azərbaycan hökuməti tərəfindən son 12 il ərzində neft gəlirlərinin bir hissəsinin bu məqsədlə səmərəli istifadə edilməsi ölkə iqtisadiyyatının diversifikasiyası üçün möhkəm zəmin yaratmışdır. Bu isə iqtisadiyyatın neftdən asılılığının getdikcə minimuma enməsi deməkdir. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən əsas sahələrdən biri qeyri-neft sənayesidir. Dövlət başçısının 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir və hazırda Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər uğurla icra olunur.
Sənayeləşmə siyasətinə uyğun olaraq, reallaşdırılan islahatlar nəticəsində son illər yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkə sənayesində ənənəvi sahələr genişlənməklə yanaşı, kosmik, müdafiə, alternativ enerji, gəmi istehsalı və digər yeni sənaye sahələri yaradılmış, yüzlərlə müasir istehsal və emal müəssisələri fəaliyyətə başlamışdır. Təkcə bu ilin 9 ayı ərzində 200-dən çox sənaye müəssisəsi və obyekti istifadəyə verilmiş, 10 elektrik yarımstansiyası fəaliyyətə başlamışdır. Hazırda dövlətin maliyyə dəstəyi ilə özəl sektor tərəfindən 20-yə yaxın sənaye müəssisəsi inşa olunur.
Hazırda sənayenin modernləşdirilməsi və innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud zəngin təbii resurslardan səmərəli istifadə, son məhsuladək texnoloji zəncirin qurulması, rəqabətqabiliyyətli sənaye istehsalının artırılması və ixracın genişləndirilməsi Azərbaycan sənayesinin başlıca prioritet istiqamətləridir. Növbəti illərdə bu prioritetlərə uyğun olaraq sənayenin inkişafına dövlət dəstəyi tədbirləri davam etdiriləcək, yeni istehsal sahələrinin yaradılması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılacaqdır.
Azərbaycan Respublikası Prezidentinin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, son illərdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılmış, özəl sektora dövlət dəstəyi gücləndirilmişdir. Sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilmiş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” yaradılmışdır. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə əlaqədar sahibkarların hüquqlarının müdafiəsinə, sui-istifadə hallarının qarşısının alınmasına və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Bununla yanaşı, icazələrin elektron informasiya portalı icazə xarakterli sənədlərə və onların alınması prosedurlarına, təqdim edilməli sənədlərə, icazələrin verilmə müddətinə dair bütün məlumatları vahid mənbədən əldə etməyə imkan verir.
Sahibkarlıq sahəsində görülmüş tədbirlər nəticəsində ölkənin ticarət və xidmət obyektləri müasir tələblərə uyğun geniş çeşiddə yerli ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin edilmiş, ölkədən ixrac olunan mal çeşidi ötən ildə 2003-cü illə müqayisədə 76,6 faiz artmışdır.
Azərbaycan Prezidentinin sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilmişdir. İstehsalçılar vergilərdən azad edilməklə (torpaq vergisi istisna olmaqla) bərabər, onlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanı yaradılır, əkin sahələrində istifadə olunan yanacaq üçün subsidiyalar verilir. Görülmüş işlər və aqrar sahəyə göstərilən dövlət dəstəyi tədbirləri nəticəsində bir sıra ərzaq məhsullarının istehsalı artmış, ölkəmizin özünütəminetmə səviyyəsi yüksəlmişdir.
Son illər təkcə dövlətin maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 43 quşçuluq təsərrüfatı, 23 cins heyvandarlıq kompleksi, 8 süd və 6 ət emalı müəssisəsi, 39 intensiv bağçılıq və üzümçülük təsərrüfatı, 43 müasir istixana kompleksi, 16 meyvə-tərəvəz emalı müəssisəsi, 51 logistik mərkəz və 22 taxıl anbarı kompleksi yaradılmışdır ki, bu da istehlak bazarının sabitləşməsində, ixrac potensialının artmasında, idxaldan asılılığın azalmasında, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir. Bununla yanaşı, aqroparkların və intensiv metodlara əsaslanan yüksək məhsuldarlığa malik müasir iri fermer təsərrüfatlarının yaradılması tədbirləri də davam etdirilir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın hazırda 19 rayonunda (Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı, Yevlax, Ağdaş, Şəmkir, Siyəzən, İsmayıllı, Samux və Şəmkir) 40 min hektardan artıq sahədə 22 sahibkarlıq subyekti tərəfindən 30 iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 162,4 milyon manat olan bu təsərrüfatların yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 61,6 milyon manat güzəştli kredit verilmişdir. Hazırda fəaliyyətdə olan təsərrüfatlarda müasir suvarma sistemləri qurulmuş, hər hektardan 58-60 sentner arpa və buğda, 120 sentnerədək dənlik qarğıdalı götürülür. Bununla yanaşı, Şəmkir, Xaçmaz və Xızı rayonlarında aqropraklar yaradılır. Aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 23 milyon manat güzəştli kredit verilmişdir. Şəmkir və Yalama aqroparklarında birinci mərhələ üzrə işlər ilin sonunadək yekunlaşacaqdır. Xızı aqroparkında isə hazırda müvafiq layihələndirmə işləri aparılır.
Böyük potensiala malik olan nəqliyyat sektorunda regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrinin həyata keçirilməsi, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri çərçivəsində görülən işlər ölkəmizin tranzit imkanlarının reallaşdırılmasını təmin edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin istifadəyə verilməsi, bu sahədə yeni infrastruktur layihələrinin icrası, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, tranzit imkanlarına görə Azərbaycanın regionun aparıcı dövləti statusunu daha da möhkəmləndirir.
Qeyri-neft sektorunun inkişafında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb edir. Dövlət proqramı çərçivəsində bu ilin 9 ayı ərzində 170-dən artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 430-dan artıq müəssisənin isə tikintisi davam etdirilir. Bu dövrdə regionlarda 34 məktəb, 26 bağça, 11 səhiyyə, 8 gənclər və idman, 24 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 2015-ci ilin ötən 9 ayı ərzində 11 gənclər və idman obyekti, 11 məktəb, 7 uşaq bağçası, Respublika Əlillərin Bərpa Mərkəzi istifadəyə verilmiş, 60-a yaxın sosial obyektdə isə işlər davam etdirilir.
Azərbaycanda insan amilinə mühüm önəm verilir. Məhz elə bunun nəticəsidir ki, son 12 ildə 1 milyonu daimi olmaqla, 1 milyon 400 mindən çox iş yeri açılmış, ötən ilin yekunlarına əsasən, Azərbaycanda işsizlik 4,9 faiz, yoxsulluq 5 faiz səviyyəsində olmuşdur.
Azərbaycanda işsizliyin və yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən tədbirləri, bu sahədə əldə olunan müsbət dəyişiklikləri nüfuzlu beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər. Təsadüfi deyildir ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaqda Azərbaycanın əldə etdiyi nailiyyətlərə görə Prezident İlham Əliyev BMT-nin “Cənub-Cənub” mükafatına layiq görülmüşdür.
Xatırladaq ki, bir müddət əvvəl Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malik “BizNewsAsia” jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “İlin adamı” elan etmişdi. Həmçinin Prezident İlham Əliyev Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı” seçilmişdi. Dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı və 10 minə yaxın tələbə arasında onlayn keçirilən sorğuya əsasən Azərbaycan Respublikasının Prezidentinin İƏT coğrafiyasında “İlin dövlət başçısı” seçilməsi bütün sahələrdə əldə edilən uğurlara verilən yüksək qiymətdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.