Müstəqil Azərbaycanda seçkilərin tarixi ötən əsrin əvvələrinə təsadüf edir. Şərqdə ilk demokratik respublika yaratmağa müvəffəq olan Azərbaycan xalqı milli azlıqların və qadınların səsvermə prosesində iştirak etmələrinə icazə verməklə ölkəmizdə demokratik seçki ənənələrinin əsasını qoymuşdu.
Lakin dövlət müstəqilliyini itirməsindən sonra Azərbaycan demokratik seçki institutundan məhrum olmuş və ölkədə sovet seçki sistemi fəaliyyət göstərmişdi. Ötən əsrin sonlarında SSRİ-nin süqutu nəticəsində bərpa edilmiş müstəqillik illərində Azərbaycanda demokratik seçki ənənələri yenidən bərpa edilmiş və xalq iradəsinin bütün seçkilərdə tam əks olunmasına xidmət edən zəruri hüquqi baza yaradılması istiqamətində təxirəsalınmaz addımlar atılmışdır. Bu gün səsvermə hüququ olan hər azərbaycanlı vətəndaş əmindir ki, hakimiyyətin mühüm qollarının tərkibinin formalaşdırılmasında aparıcı mövqe məhz ona məxsusdur.
Ümumiyyətlə, demokratik seçkilərin əsasında ümumilik, bərabərlik, seçki gizliliyi və birbaşa səsvermə kimi prinsiplər dayanır. Hər bir vətəndaş irqindən, dinindən, dilindən, sinfi mənsubiyyətindən və siyasi baxışlarından asılı olmayaraq seçkilərdə fəal və passiv iştirak etmək hüququna malikdir. Ümumiliyi özündə ehtiva edən bu prinsiplər az sayda senzlə (bir şəxsin bu və ya digər hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərt) məhdudlaşır. Bu senzlər yaş, əqli və fiziki, eyni zamanda, hüquqi məqamlarla əlaqədardır. Qeyd etmək yerinə düşərdi ki, Qərb ölkələrində seçkilərdə iştirak etmək hüququ ilə bağlı müxtəlif senzlər mövcud idi. Məsələn, Qərbdə qadınların seçkilərdə iştirak etmələrinə icazə verilməsinin tarixi heç də uzaqlara getmir. Fransada bu senz 1944-cü ildə, İtaliya və Yaponiyada 1945-ci ildə, Almaniyada 1948-ci ildə, Yunanıstanda 1956-cı ildə, İsvecrədə 1971-ci ildə, Portuqaliyada 1974-cü ildə, İspaniyada isə 1976-cı ildə qüvvədən düşmüşdü. ABŞ-da qadınlar 1920-ci ildə seçmək hüququnu qazanmışdılar. Ancaq 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilmişdi. Bu məsələdə Birləşmiş Ştatları iki il qabaqlamış Azərbaycan Şərqdə qadınlara seçki hüququ vermiş ilk ölkə kimi tarixə düşmüşdü. Qeyd etmək vacibdir ki, gender bərabərliyinin təmin edilməsi demokratiyanın inkişafında yeni mərhələ açmış, partiya və siyasi sistemlərin təşəkkül tapmasına gətirib çıxarmışdı.
Seçkilərdə vətəndaşların bərabər hüquqlara malik olması səsvermə prosesinin vacib şərtlərindən biridir. Hər bir seçici səsinin heç nədən asılı olmayaraq qiymətləndirilməsi ədalətlilik prinsipinin təmin olunmasını şərtləndirir. Seçici statusunun səsvermədə heç bir önəm daşımaması da seçkilərin demokratikliyini gücləndirir. Demokratiyanın güclü olduğu ölkələrdə müşahidə edildiyi kimi, Azərbaycanda da seçicilərin səsvermə zamanı bərabər hüquqlardan yararlanmaları təmin edilmişdir. Vətəndaşın seçim azadlığının olması və səsvermə zamanı gizliliyinin qorunması da seçkilərin şəffaf və ədalətli keçməsinə şərait yaradır. Bu məsələ Azərbaycanda yüksək səviyyədə həllini tapmışdır. Belə ki, səsvermə otağına səsvermə qutuları, kabinəsi, masa, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulur. Qeyd etmək vacibdir ki, seçim azadlığı ilk növbədə seçiciyə siyasi, inzibati, sosial-iqtisadi, psixoloji və informasiya təzyiqinin olmamasıdır. Seçicilərin və namizədlərin qanun çərçivəsində azadlıqlara malik olmaları da seçki prosesinin təşkilində müsbət rol oynayır.
Seçkilərdə alternativliyin olması demokratiklik və ədalətlilik baxımından böyük əhəmiyyət daşıyır. “Seçkilər” sözü də müxtəliflik arasından seçim anlamına gəlir. Ötən illərdə olduğu kimi, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə 1190 nəfərin deputatlığa namizədliyinin qeydə alınması seçkilərdə rəqabətin, bərabər şəraitdə mübarizənin aparılmasına şərait yaratmaqla bərabər, vətəndaşlara seçim imkanı da verəcək. Məlumdur ki, həqiqət müzakirələr zamanı “doğulur”. Bu mənada namizədlərin seçilmək üçün aparacaqları debatlar, təqdim edəcəkləri platforma və ya planlar seçicilərin daha doğru seçim etmələrinə şərait yaradacaq. Məhz etik çərçivələrdə aparılan debat və təbliğat kampaniyaları ölkənin taleyində böyük rol oynayan hakimiyyət qolunda yüksək qabiliyyətli namizədlərin təmsil olunmalarına imkan verir. Qeyd etmək yerinə düşər ki, siyasi plüralizm şəraitində alternativliyin olması demokratik seçkilərin vacib göstəricisidir. Azərbaycanda keçiriləcək seçkilərə çox sayda namizədin qatılması seçkilərin yüksək mübarizə şəraitində və demokratik prinsiplər əsasında baş tutacağına olan inamı daha da gücləndirir. Bundan başqa, 1190 namizədin 125 deputat mandatı uğrunda bərabər imkanlar şəraitində mübarizə aparması da seçkilərin demokratik potensialını artırır.
Seçki prosesinin şəffaf keçirilməsi istənilən demokratik ölkə üçün prioritet vəzifədir. Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda keçirilmiş 23-dək seçki öz şəffaflığı ilə yadda qalmışdır. İldən- ilə seçkilərin keçirilməsində yeni-yeni uğurlara imza atan ölkə rəhbərliyi əldə etdiyi nailiyyətlərə rəğmən səsvermə prosesinin şəffaflığının təmin olunması istiqamətində mühüm addımlar atmışdır. Xüsusilə də seçkilərin keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi artıq ənənə halını almışdır. Məsələn, seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair qaydaların tətbiq edilməsi səsvermə prosesinin şəffaflığının daha da artmasına şərait yaratmışdır. Məntəqə seçki komissiyaları üzvlərinin öz vəzifələrini lazımınca icra etmələri, onlar tərəfindən seçki sənədləri ilə işin aparılması, seçicilərə öz iradələrini hər hansı bir qanunsuz təsir olmadan azad ifadə etmək üçün zəruri şəraitin yaradılması, seçicilər tərəfindən seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, səsvermənin nəticələrinin müəyyən edilməsi və digər proseslər bu qurğu vasitəsilə müşahidə olunur və seçki məntəqələrində seçkilərin qanunun tələbinə uyğun keçirilməsi nümayiş etdirilir. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən quraşdırılan kameraların fəaliyyəti dövründə əldə edilən bütün videogörüntülər mərkəzləşdirilmiş qaydada yazılır və bu cür videoyazılar şikayətlərin araşdırılması zamanı sübut kimi istifadə edilir.
Ötən illərdə olduğu kimi, qarşıdakı parlament seçkilərini internet üzərindən izləmək mümkün olacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda internetin azad və hər kəsə əlçatımlı olmasının seçki prosesinin izlənməsinə hamı üçün eyni şəraiti yaratdığını vurğulamışdır. Onun sözlərinə görə, ölkənin internet infrastrukturunun inkişaf etdirilməsi seçki prosesinin bütün dünyaya yubanmadan, donmadan və qırılmalar olmadan göstərilməsinə imkan verir: “İnternet üzərindən dünyanın istənilən nöqtəsindən bu məntəqələrdə seçkiləri izləyə bilərlər. Digər tərəfdən, bütün dairə seçki komissiyaları müasir standartlarda inşa olunan binalarda fəaliyyət göstərir. Seçki məntəqələri də müasir tələblərə cavab verən binalarda fəaliyyət göstərir”.
Seçki hüquqlarının qorunması ilə bağlı məsələlər də Seçki Məcəlləsində əks olunmuşdur: “Azərbaycan vətəndaşının ən yüksək məhkəmə instansiyasına müraciət edərək hüququnu təmin etməsi də qanunvericilikdə əksini tapıb”.
Bir sözlə, əminliklə demək olar ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün arzuolunan şərait var. Demokratik seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda seçkiləri müşahidə etmək istəyən yerli və beynəlxalq müşahidəçilərə də şərait yaradılır. Eyni zamanda, seçkilərin şəffaflığı üçün 1000-ə qədər seçki məntəqəsində quraşdırılan veb-kameralarla qeydə alınanlar internetə ötürülür. Ölkədə internetin keyfiyyəti və sürəti də hər kəsə seçki prosesini rahat şəkildə izləməsinə imkan verir. Bütün bu yeniliklərin tətbiqində əsas məqsəd də odur ki, seçkilər vətəndaşlar tərəfindən müsbət qəbul olunsun və səsvermə prosesi şəffaf və ədalətli şəkildə keçirilsin. Bunun da təmin olunması üçün ölkə rəhbərliyi zəruri addımlar atır və 1 noyabr parlament seçkilərinin də demokratik prinsiplər əsasında keçəcəyi heç kəsdə şübhə doğurmur.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.