Mükəmməl inkişaf strategiyası nəticəsində son illərdə Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafını daha da sürətləndirmiş, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir.
Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənayenin hesabına təmin etməkdir. Bu sahənin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.
Azərbaycan iqtisadiyyatında müşahidə edilən uğurları ölkə Prezidenti cənab İlham Əliyev yüksək qiymətləndirərək demişdir: “Azərbaycanda aparılan geniş quruculuq işləri hamımızı sevindirir. Ölkəmiz inkişaf edir, güclənir. Bu, özünü həm statistik göstəricilərdə göstərir, eyni zamanda, biz bu müsbət dəyişiklikləri gündəlik həyatda görürük. Həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılır. Son illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən yüksək templəri ilə inkişaf etmişdir. Bu sahədəki nailiyyətlər dünya birliyi tərəfindən də qiymətləndirilir. Nüfuzlu beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər”.
Beynəlxalq qurumlardan söz düşmüşkən, bu il sentyabrın 3-də Ankarada G20 qrupunun üzvü olan, eyni zamanda, dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısında bildirilmişdir ki, Azərbaycanda hazırda güclü və dayanıqlı iqtisadiyyatın formalaşdırılması əsasında işsizliyin azaldılması, sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyası, əmək məhsuldarlığının yüksəldilməsi məsələləri öz müsbət həllini tapmışdır.
Toplantıda, həmçinin Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycanda müasir infrastruktur və çoxsaylı enerji layihələrinin icrası, investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun, habelə regionların, sahibkarlığın inkişafı sahəsində əldə olunan nailiyyətlərin ölkədə dayanıqlı iqtisadi artım üçün möhkəm təməl yaratdığı diqqətə çatdırılmışdır. Xatırladılmışdır ki, 2004-cü ildə Cənubi Qafqaz iqtisadiyyatının yarısı, bu ilin əvvəlində isə 75 faizi Azərbaycanın payına düşmüşdür. Davos İqtisadi Forumu keçənilki hesabatında Azərbaycanı iqtisadiyyatın rəqabətə davamlılığına görə 144 ölkə arasında 38-ci yerə layiq görmüş, “Moodys”, “Fitch Ratings”, “Standart and Poors” kimi reytinq agentlikləri isə ölkəmizin reytinqini davamlı olaraq artırmışdır.
Beynəlxalq Valyuta Fondunun (BVF) “Dünya İqtisadi Proqnozları”adlı hesabatının oktyabr sayına istinadən xəbər verilir ki, təşkilat Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bənd artırıb. Hesabatda, həmçinin qeyd olunur ki, BVF Azərbaycan iqtisadiyyatının 2015-ci ildə 4 faiz artacağını gözləyir. Apreldə dərc olunan hesabatda BVF-nin bu proqnozu 0,6 faiz idi.
Fond gələn il Azərbaycanda ÜDM-in 2,5 faiz artacağını gözləyir. Əvvəlki proqnoz da 2,5 faiz idi. BVF bu ilin sonunda Azərbaycanda inflyasiyanın 5 faiz, 2016-cı ildə isə 4,2 faiz təşkil edəcəyini gözləyir. Apreldə proqnozlar müvafiq olaraq 7,9 faiz və 6,2 faiz idi.
BVF ehtimal edir ki, bu il Azərbaycanın tədiyyə balansı profisitli olacaq. Fondun qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Azərbaycanın tədiyyə balansının profisiti 3 milyard dollar (apreldə proqnoz 5,3 milyard dollar idi), 2016-cı ildə 2,7 milyard dollar təşkil edəcək (apreldə proqnoz 8,2 milyard dollar idi). Fond Azərbaycanda işsizlik nisbətinin dəyişməyərək 6 faizdə qalacağını proqnozlaşdırır.
BVF qlobal iqtisadiyyat üçün 2015-ci il üzrə artım gözləntisini 0,2 bənd aşağı salaraq 3,1 faizə, 2016-cı il üzrə artım gözləntisini isə 0,2 bənd salaraq 3,6 faizə endirib.
Azərbaycan hökuməti tərəfindən düzgün fiskal siyasətin həyata keçirilməsi, o cümlədən sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin verilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, antiinhisar və digər iqtisadi münasibətlərin tənzimlənməsi nəticəsində son 12 ildə ölkədə ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artmışdır. Bu dövrdə respublikada 1 milyon 400 min yeni iş yeri açılmış, iqtisadiyyata 180 milyard dollar investisiya yatırılmış, strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfə çox olmuşdur. Həmçinin əhalinin gəlirləri inflyasiyanı üç dəfədən çox üstələməklə 6,5 dəfə, orta aylıq əmək haqqı 5,6 dəfə çoxalmış, işsizlik səviyyəsi 10,6 faizdən 4,9 faizədək, yoxsulluq səviyyəsi 44,7 faizdən 5 faizədək azalmışdır. Yuxarıda sözügedən G20 qrupunun toplantısında, eyni zamanda, diqqətə çatdırılmışdır ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğalı, xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan 1 milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu işsizliyin və yoxsulluğun səviyyəsini, eləcə də ölkə iqtisadiyyatının sosial yükünü artırmaqla bərabər, həm də iqtisadi artımı zəiflədir.
G20 qrupunun toplantısında bildirilmişdir ki, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, dinamik iqtisadi inkişaf, yeni texnika və texnologiyaların həyatın hər bir sahəsində geniş tətbiqi, yeni istehsal üsullarının meydana gəlməsi ölkənin əmək bazarında yüksək təhsil səviyyəsinə malik olan işçi qüvvəsinə tələbatı artırır və bu, ölkənin iqtisadi artımı üçün əsas şərtlərdən birinə çevrilir. İşçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması və rəqabət qabiliyyətinin artırılması, kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun təmin edilməsi, bütövlükdə isə insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunması ölkədə dövlət məşğulluq siyasətinin əsas prioritet istiqamətidir. Hazırda qeyd olunan məqsədlərə nail olmaq üçün beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kompetensiyalar əsasında peşə və kvalifikasiya standartlarının tətbiqi işləri görülür. Bu baxımdan, işçi bacarıqlarının formalaşdırılması, inkişafı və istifadəsi üçün əsas prinsipləri müəyyən edən “G20: Bacarıqlar strategiyası” (“G20: Skills strategy”) Azərbaycan üçün də olduqca aktualdır.
Azərbaycanda işsiz və işaxtaran vətəndaşların, xüsusən həssas əhali qruplarının əmək bazarına daha tez inteqrasiyası məqsədilə məşğulluq orqanlarının institusional və kadr potensialının daim təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır. İşsiz vətəndaşların işlə təminatına, peşə hazırlığı və peşəyönümünə, əmək yarmarkalarının, habelə gənclər üçün ixtisaslaşdırılmış yarmarkaların, əmək birjalarının təşkilinə mühüm önəm verilir. Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsinə, sağlamlıq imkanları məhdud gənclər üçün xüsusi təlim proqramlarının və peşə yönümü testlərinin tətbiqinə, peşə reabilitasiya mərkəzlərinin yaradılmasına əhəmiyyətli məsələ kimi yanaşılır. Bütün bunlarla yanaşı, Azərbaycanda innovasiya elementlərinin tətbiqi ilə daha yüksək keyfiyyətli məşğulluq xidmətlərinin göstərilməsi istiqamətində uyğun layihələr reallaşdırılır.
Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir. Hazırda Azərbaycan əhalisinin 28,5 faizi 19-29 yaşlı gənclərdir. 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil etmişdir. Mövcud demoqrafik vəziyyət və bu sahədə perspektiv qiymətləndirmələr ölkədə iqtisadi artım, demoqrafiya, təhsil və məşğulluq siyasətlərinin qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini zəruri edir.
Azərbaycanda 19-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 9,7 faiz olmaqla digər ölkələrlə müqayisədə xeyli aşağıdır. Məhz elə buna görə də Azərbaycan gənclərin məşğulluq problemlərinin həlli üzrə dünyada 10 lider ölkə sırasına daxil edilmişdir. Hazırda respublika hökumətinin əsas səyləri dayanıqlı iqtisadi artıma, əhalinin sosial rifahının yüksəldilməsinə, xüsusilə əlilliyi olan şəxslərin, ahılların, qaçqın və məcburi köçkünlərin, sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin potensial imkanlarından tam istifadəsi üçün əmək bazarına bərabərhüquqlu çıxış imkanlarının yaradılmasına yönəldilmişdir. Ölkədə məşğulluq siyasəti daim təkmilləşdirilir. Bu gün mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, iqtisadi prioritetlərə uyğun olaraq uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üçün yeni Məşğulluq Konsepsiyası hazırlanır.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri tərəfindən hazırlanmış insan inkişafı hesabatlarında da ölkəmizdə həyata keçirilən siyasi kursun mərkəzində insan amilinin dayanması diqqətçəkən bir məqam kimi göstərilir. Başqa sözlə, Azərbaycanda insanların sosial şəraitinin daha da yaxşılaşdırılması, insan kapitalının prioritet məsələ kimi önə çəkilməsi xüsusi vurğulanır. Faktlara diqqət yetirək. Son 12 il ərzində dövlət başçımızın reallaşdırdığı müasir infrastrukturun qurulması, iqtisadiyyatın şaxələndirilməsi və sürətlə yeni iş yerlərinin açılması siyasəti nəticəsində Azərbaycanda işsizlik səviyyəsi MDB məkanında ən aşağı səviyyəyə - 5 faizə endiyi halda, bir çox Avropa ölkələrində bu göstərici yüksəlməkdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən, 2015-ci ilin may ayında işsizlik səviyyəsi Avropa İttifaqında 9,6 faiz olmuşdur. Bununla belə, son 6 ay ərzində ölkəmizdə aktiv məşğulluq tədbirləri davam etdirilmişdir. Bu müddətdə məşğulluq xidməti orqanlarına müraciət edən 27,7 min nəfərdən 13,7 min nəfəri münasib işlə təmin olunmuşdur. Eyni zamanda, 2120 nəfərə işsiz statusu verilmiş, 2320 nəfərə işsizlik müavinəti təyin edilmiş, 1800 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmuşdur. “Əmək birjaları” tərəfindən 1480 nəfər, respublikanın 11 şəhər və rayonunda təşkil olunan əmək yarmarkalarında isə 650 nəfər işlə təmin edilmişdir.
Sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması və özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş vermişdir ki, buna da səbəb qanunveriçilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması və iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olmuşdur. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka, həm də yığıma yönəldilən vəsaitlərin effektiv artımına gətirib çıxarmışdır.
Yeri gəlmişkən, orta aylıq əmək haqqının səviyyəsinə görə Azərbaycan Qafqazda birinci yerdədir.Bu, onu deməyə əsas verir ki, ölkəmizdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata kecirilən kompleks tədbirlər öz səmərəsini verməkdədir.
2004-cü ildən başlayaraq son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə hesab olunur. Bu müddət ərzində onun ümumi daxili məhsulu 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, valyuta ehtiyatları 28 dəfə, orta aylıq əmək haqqı 5,7 dəfə, orta aylıq pensiya 9,2 dəfə artmışdır. Bu illər ərzində 2900 məktəb binası, 560 tibb ocağı tikilmiş və əsaslı təmir edilmiş, 41 olimpiya idman mərkəzi, 30 gənclər mərkəzi yaradılmışdır. Bu, Azərbaycan iqtisadiyyatının inkişafının nəticəsidir. Bu isə onu deməyə əsas verir ki, dünyanın heç bir ölkəsində belə dinamika yoxdur. Belə bir dinamikanın arxasında isə dövlət başçısı İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasət durur. Hazırda Azərbaycanın yüksək inkişafı artıq innovasiyalı iqtisadiyyata keçmək üçün strukturların təkmilləşdirilməsinə imkan verir.
İqtisadiyyatın dinamik inkişafı, görünməmiş yüksəliş, tərəqqi Azərbaycanın şəhər və kəndlərinin simasını dəyişir, insanların həyat tərzini yeniləşdirir. Genişmiqyaslı dövlət proqramları həyata keçirilir, xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artır. Aqrar sahədə müsbət dinamika davamlı xarakter alır.
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir. Respublikamızın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.
Rəsmi proqnozlara görə, gələcək 4 il ücün Azərbaycan iqtisadiyyatının real artım tempi orta hesabla təxminən illik 5 faiz olacaq. Mütəxəssislərin fikrincə, qlobal böhranın hələ də davam etdiyini nəzərə alsaq, bu, cox pozitiv rəqəmdir və yaxın illərdə iqtisadi islahatların davam etdiriləcəyindən xəbər verir. Son illərdə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunda baş verən canlanma və diversifikasya meyilləri proqnozlaşdırılan artımların reallaşacağına ümidləri daha da artırır.
Ekspertlər tərəfindən 2018-ci ilədək iqtisadiyyatımızın 23 faiz, yəni 12,6 milyard manat artacağı proqnozlaşdırılır. Bu müddət ərzində qeyri-neft sektoru 31,9 milyard manatdan 48,7 milyard manata qədər artacaq. Nəticədə ölkə iqtisadiyyatının neft amilindən asılılığı yaxın 4 ildə kifayət qədər azalacaq ki, bu da ölkəmizdə daha dayanıqlı maliyyə sisteminin formalaşmasını, işsizliyin və yoxsulluğun azalmasını, rəqabətlilik indeksinin artımını təmin edəcək.
Təbii ki, iqtisadi artım fonunda 2014-2017-ci illərdə əhalinin gəlirləri, orta aylıq əməkhaqları da artacaq. Nəticədə növbəti dörd ildə əhalinin gəlirləri orta hesabla illik 4-7 faiz artaraq 2017-ci ildə təxminən 56 milyard manata qədər yüksələcək. Bunu şərtləndirən əsas amil isə növbəti illərdə qeyri-neft sektorunun ölkə iqtisadiyyatında öz yerini möhkəmləndirməsi olacaq. Çünki neft sektorunda calışanlarla müqayisədə qeyri-neft sektorunda məşğul əhalinin təxminən 40 dəfə artıq olması bu sahədəki inkişafın əhalinin daha böyük kəsiminin həyat şəraitinin yüksəlməsini və gəlirlərinin artmasını təmin edəcək. Bü müddət ərzində orta aylıq əmək haqqının da təxminən 41 faiz artaraq 618 manata çatması ehtimal edilir.
Ümumilikdə növbəti illəri ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının kəskin artacağı, rəqabətədavamlı yerli istehsal mühitinin təmin ediləcəyi, büdcədə neft gəlirlərinin payının azalacağı dövr kimi xarakterizə etmək olar. Həmçinin bu müddət ərzində əhalinin həyat şəraiti xeyli yüksələcək, iqtisadi dayanıqlılıq artacaq, daha çox real iqtisadiyyata söykənən büdcə formalaşacaq.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.