Parlament seçkilərinin beynəlxalq standartların tələblərinə uyğun keçirilməsi üçün ölkəmizdə əlverişli şərait yaradılıb

 

 

 

 

 

 

 

 

 

 

 


 

Mən ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası
Azərbaycanda yeni siyasi mədəniyyətin mönkəmlənməsində
öz rolunu oynayacaq, yeni ənənələri Azərbaycana gətirəcək
və bundan sonra Azərbaycanda siyasi mübarizə yalnız
və yalnız sivill yollarla aparılacaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
andiçmə mərasimindəki nitqindən (24 oktyabr 2008-ci il)

 


 

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.Bu namizədlərin 263-ü siyasi partiyalar, 15-i “Azadlıq-2015” bloku, 2-si təşəbbüs qrupu, 910-u isə fərdi qaydada irəli sürülüb.

Ötən illərə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, Azərbaycanda ümumrespublika səviyyəli 15-ə qədər demokratik, azad və ədalətli, şəffaf  seçki keçirilmişdir. Hazırda Azərbaycan çox mühüm  hadisə ərəfəsindədir. Məlum olduğu kimi,  bu il noyabrın 1-də V çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcək. Bu mühüm əhəmiyyətli kampaniyaya hazırlıq dövründə maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Maarifləndirmə proqramı çərçivəsində reallaşdırılan tədbirlərdə Avropa İttifaqı ilə birgə layihə çərçivəsində namizədlərin irəli sürülməsi və qeydiyyatı prosedurları, vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciətlərə baxılması və digər məsələlər müzakirə olunmuşdur.

Seçki ərəfəsində maarifləndirmə tədbirlərinin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Dairə və məntəqə  seçki komissiyalarının sədrləri, polis əməkdaşları və mətbuat nümayəndələri üçün təşkil edilən belə tədbirlər seçki prosesində şəffaflığın təmin olunmasında böyük rol oynayır. Bununla yanaşı, seçki hüququnun həyata keçirilməsində ictimaiyyətin, seçicilərin, bütün seçki subyektlərinin maaarifləndirilməsinin xüsusi əhəmiyyəti var.

Mərkəzi Seçki Komissiyası  2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlamışdır. Bu layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd Milli Məclisə seçkiləri izləyəcək müşahidəçiləri məlumatlandırmaqdır. Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunmuş, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib.

“Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası” da müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində  hazırlanıb. Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmış yaddaş kitabçası polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub. Yaddaş kitabçasında  polis əməkdaşlarının seçkiqabağı təşviqat dövründə, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilib.

Hazırda seçki prosesi əhəmiyyətli bir kampaniya – deputatlığa namizədlərin təbliğat-təşviqat dövrünə qədəm qoyub. Bu kampaniya ərəfəsində də Mərkəzi Seçki Komissiyası  “Deputatlığa namizədlər üçün yaddaş kitabçası” hazırlamışdır. Bu nəşrin ərsəyə gəlməsində də əsas məqsəd Milli Məclisin deputatı seçilmək niyyətində olan vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdır. Eyni zamanda, deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı atılası addımlar, qeydə alınmış deputatlığa namizədlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.

Göründüyü kimi, növbəti parlament seçkilərinin də beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün imkanlardan istifadə olunur, namizədlərin qeydə alınmamaları istiqamətində də bütün süni əngəllər aradan qaldırılıb. Qeyd edək ki, namizədləyinin  qeydə alınmamasından narazı qalanların da sayı bir o qədər çox deyil. Bu  məsələ ilə əlaqədar müraciət edənlərin hər birinə namizədliyin qeydə alınması üçün  kömək göstərilir. Bu vaxta qədər namizədliyin qeydə alınması ilə bağlı MSK-nın  cəmi 10 nəfərin müraciətinə mənfi cavab verməsi də bunu təsdiqləyir. Seçkilərə hazırlığın gedişi də Azərbaycanda demokratik, plüralist cəmiyyət mövcud olmasından xəbər verir. Namizədliyi qeydə alınmayanlar bəzən heç bir əsası olmayan müxtəlif bəhanələr gətirir, yersiz hay-küy salır və çox vaxt da günahı özlərində yox, başqalarında axtarırlar. Halbuki,  MSK sədri Məzahir Pənahov da bu məsələyə münasibət bildirərkən deyib ki, biz imkan tapanda, ən radikal müxalif namizədi də qeydə almağa çalışırıq.

1997-ci ildən etibarən Azərbaycan rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq, müasir standartlara cavab verən seçki qanunvericiliyinin təsis edilməsi məqsədilə Azərbaycan beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurmuşdur. Avropa Şurasının üzvü olduqdan sonra formalaşan əməkdaşlıq çərçivəsində seçki qanunvericiliyinin unifikasiyası məqsədilə Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edilmişdir. Beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən Seçki Məcəlləsi ilə bağlı yekun rəylərdə bildirilmişdir ki, məcəllə seçkilərin və referendumun keçirilməsi üçün əksər məsələlərdə beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun olan hərtərəfli çərçivələr nəzərdə tutur.

Bir sözlə, Azərbaycan hökuməti ölkədə demokratik seçkilərin keçirilməsinə mühüm önəm verir və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu bildirir. Rəsmi Bakı seçkilər sahəsinin əhəmiyyətini nəzərə alaraq, istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də, seçkilərə hazırlıq və seçkilərin keçirilməsi istiqamətində gələcəkdə də qarşılıqlı və konstruktiv ruhda əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu hər zaman bəyan edib.

Hazırda Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsi üçün əlverişli mühit vardır. Bunu deputatlığa  namizədlərin sayı da təsdiqləyir. Noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Qeydə alınan namizədlərin çoxluğu mandat uğrunda mübarizənin gərgin keçəcəyindən xəbər verir. Demokratik seçki  tərəfdarı olan iqtidar builki seçkilərin də azad və ədalətli keçirilməsi üçün siyasi iradə nümayiş etdirir. Elə buna görə də qarşıdan gələn parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna  dəvət göndərilmişdir. Artıq AŞPA-nın müşahidə missiyası Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəmizə gəlməyə hazırlaşması barədə məlumat daxil olub. İspaniyalı deputat  Jordi Xuclanın  rəhbərliyi ilə 32  nümayəndənin seçki prosesini müşahidə edəcəyi qətiləşib. Bəzi beynəlxalq təşkilatların seçkini müşahidə etmək istəməməsi başadüşüləndir.  Belə qurumlar Azərbaycanda  seçki prosesinin tənqidi üçün hər hansı bir tutarlı fakt tapa bilməyəcəklərini bəri başdan bilir və onlara “tənqid edin!” göstərişi verənlərin sifarişlərini yerinə yetirə bilməyəcəklərini çox yaxşı dərk edirlər.

Parlament seçkilərində şəffaflığın təmin olunmasında kütləvi informasiya vasitələrinin də rolu böyükdür. Bu günlərdə  Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda seminarda bu barədə geniş müzakirələr aparılmışdır. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov diqqətə çatdırmışdır  ki, Azərbaycanın 23 illik müstəqillik tarixində keçirilən bütün seçkilərdə mətbuatın sərbəst iştirakı təmin olunub: “Bu da ölkəmizdə bütün seçkilərin şəffaf, demokratik, ədalətli keçirilməsinə imkan yaradıb. Əlbəttə, müəyyən nöqsanlar istisna deyil, heç bir ölkə nöqsanlardan tam sığortalanmayıb. Lakin, ümumilikdə, ölkəmizdə keçirilən seçkilər ədalətli, demokratik, şəffaf seçkilər kimi dəyərləndirilib”.

Prezidentin köməkçisi bu seçkilərin də istisna olmayacağına əminliyini ifadə etmişdir. O demişdir ki,  seçkilər cəmiyyətdəki sabitlikdən, ovqatdan, ictimai-siyasi mühitdən və bütövlükdə yaradılan şəraitdən asılıdır.

“Hər bir jurnalist vəsiqəsini göstərməklə seçkini izləyə bilər”,–  Ə.Həsənovun bu açıqlaması “Seçkilər mətbuat üçün açıq olmalıdır, KİV bu prosesdə önəmli rol oynamalıdır” fikrini tamamlayır. Bu, seçki prosesinin şəffaflığının təmin olunması üçün yaradılan daha bir əlverişli şəraitdir. Onu da qeyd edək ki, hər bir jurnalistin vəsiqəsini göstərməklə seçkini izləyə bilməsi imkanı yalnız yerli kütləvi informasiya vasitələrininn əməkdaşları üçün yaradılıb. Bu, təbii ki, Azərbaycanda fəaliyyət göstərən xarici kütləvi informasiya vasitələrininə aid deyil. Mövcud qanunvericiliyə görə, xarici kütləvi informasiya vasitələri Xarici İşlər Nazirliyində akkreditasiyadan keçdikdən və  Mərkəzi Seçki Komissiyasına  bu barədə məlumat verərək  müvafiq sənəd aldıqdan sonra seçkini izləmək hüququ əldə edirlər.

Bu, bir həqiqətdir ki,  dünyanın heç bir yerində ideal seçkilər keçirilmir. Biz yuz əlli, iki yüz il və daha çox demokratik təçrübəsi olan ölkələrdə keçirilən seçkilər zamanı da bunun şahidi olmuşuq. Milyonlarla insanın iştirak etdiyi, çoxlu sayda subyektin qatıldığı prosesdə neqativ halların  olması qaçılmazdır. Ancaq cəmiyyətə hər şeyin olduğu kimi çatdırılması prioritet məsələdir. Bu işdə mətbuat nümayəndələrinin də üzərinə məsul vəzifə düşür. Çünki istənilən ölkədə cəmiyyət üçün əhəmiyyət kəsb edən  tədbirlərin ictimaiyyətə çatdırılmasında ən önəmli rol məhz mətbuatın üzərinə düşür. Ona görə də  ötən seçkilərdə olduğu kimi, builki seçkilərdə də  yerli kütləvi informasiya vasitələri ilə yanaşı, beynəlxalq mətbuat nümayəndələrinin də seçki prosesinin işıqlandırılmasında fəal iştirakının təmin olunması istiqamətində bütün imkanlardan istifadə olunub. Bu addım seçkilərin beynəlxalq standartların tələblərinə uyğun keçirilməsində önəmli rol oynayacaq.

Mətbuat  cəmiyyətin güzgüsü rolunu oynayır.  Bu baxımdan seçki prosesində şəffaflığın təmin olunmasında mətbuat nümayəndələrinə hər hansı problem və ya süni əngəl yaradılması mümkün deyil.  Ölkəmizdə  müstəqil mətbuata, azad sözün ifadə olunmasına hər cür şərait yaradılıb. Prezidentin köməkçisi Əli Həsənovun dedikləri də bundan xəbər verir: “Seçki prosesinin dəyərləndirilməsində də kütləvi informasiya vasitələrinin rolu əvəzsizdir. Çünki kütləvi informasiya vasitələri bu prosesdə yeganə tərəfsiz rola malikdir. Müasir dünyada imic yaratma, ictimai rəyi idarəetmə mexanizmləri bəlli mərkəzlər tərəfindən idarə olunur. Yəni, dünyada ümumi meyil ondan ibarətdir ki, kütləvi informasiya vasitələri azad, müstəqil olmalıdır, öz siyasətlərini və fəaliyyətlərini özləri qurmalıdırlar”.

Son illər ölkəmizdə keçirilən seçkilər  beynəlxalq müşhidəçilər tərəfindən ədalətli, demokratik, şəffaf seçkilər kimi dəyərləndirilib. Səsvermə kabinələrində veb-kameraların quraşdırılması, səsvermə zamanı şəffaf qutulardan istifadə olunması və seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsinin şəffaflığın təmin olunmasında böyük rol oynadığı xüsusi qeyd  edilir.  Beynəlxalq müşahidəçilərin “veb-kameraların istifadəsi səsvermədə şəffaflığın təmin olunmasında böyük rol oynayır”,— fikri bu üsulun əhəmiyyətindən xəbər verir.

Görülən hazırlıq işləri parlament seçkilərinin beynəlxalq standartlar səviyyəsində keçiriləcəyinə heç bir şübhə yeri qoymayıb. Bu işdə kütləvi informasiya vasitələrinin nümayəndələri də öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək və seçki prosesini obyektiv işıqlandıracaqlar.  Ötən müddət ərzində Azərbaycanın kütləvi informasiya vasitələri seçki prosesində iştirak ənənələrini  daha da inkişaf etdirib və  təcrübə imkanlarını  xeyli genişləndirib. Biz növbəti seçkilərdə də bunun şahidi olacağıq.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında