Azərbaycanda seçkilər prosesi ildən-ilə təkmilləşir,
şəffaflıq tam mənada təmin edilir və insanlar öz
iradələrini azad şəkildə ifadə edə bilirlər.
Azərbaycanda seçki prosesi Avropa
standartlarına tamamilə cavab verir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanda hakimiyyətin ikinci vacib qolunun tərkibini müəyyənləşdirəcək parlament seçkilərinə hazırlıq prosesi yüksək səviyyədə gedir. Noyabrın 1-də vətəndaşlar seçki məntəqələrinə gedərək dəstəklədikləri namizədlərə səs verəcəklər. Seçkilərin demokratik və şəffaf şəkildə təşkili üçün də tədbirlər həyata keçirilir, seçki prosesinin iştirakçılarının maarifləndirilməsi istiqamətində tədbirlər görülür. Ötən seçkilərdə əldə edilmiş nailiyyətlər əminliklə deməyə əsas verir ki, qarşıdakı parlament seçkiləri də növbəti uğurlu hadisə kimi Azərbaycanın seçki tarixinə düşəcək.
İstənilən dövlətin inkişafında demokratik və şəffaf seçkilər böyük rol oynayır. Çünki vətəndaşlar seçkilərə qatılmaqla cəmiyyətin ictimai-siyasi həyatında iştirak etmək hüququ qazanırlar. Dövlətin idarə olunmasında iştirak hüquqları da məhz seçkilər vasitəsilə həyata keçirilir. Buna görə də qeyd etmək vacibdir ki, hakimiyyət məhz seçkilər vasitəsilə, başqa sözlə, seçicilərin razılığı ilə legitimlik qazanır. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən əsas mexanizmin də ədalətli və şəffaf seçkilərin keçirilməsindən ibarət olduğu məlumdur. Şəffaflıq, ədalətlilik və obyektivlik demokratik seçkilərin əsas şərtləri hesab edilir. Bu da bir aksiomdur ki, seçkilərin bu mühüm prinsiplər çərçivəsində keçirilməsi xalqın ümumi iradəsinin milli mənafelər ətrafında birləşdirilməsi kimi mühüm amil rolunu oynayır.
Müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru həyata keçirilən Azərbaycanda demokratik və legitim siyasi hakimiyyətin formalaşdırılmasının ənənəyə çevrilməsi də heç kimə sirr deyil.
Ümumiyyətlə, 1995-ci ildə qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyası Azərbaycanda demokratik standartlara cavab verən seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirmişdi. Konstitusiyanın maddələrinə əsasən, onun seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və müraciət etmək hüququ yoxdur. Hər bir vətəndaşın isə dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.
Əsas Qanunda qeyd olunmuş prioritetlər rəhbər tutularaq, ölkədə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılmışdır. Ötən müddət ərzində Azərbaycan rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq, müasir standartlara cavab verən seçki qanunvericiliyinin hazırlanması məqsədi ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq gücləndirilmiş və səmərəli əməkdaşlıq nəticəsində Seçki Məcəlləsi qəbul edilmişdir. Seçki Məcəlləsi seçkilərin və referendumun keçirilməsi üçün əksər məsələlərdə beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun olan hərtərəfli çərçivələr nəzərdə tutur və məcəllənin qəbulundan sonra baş tutmuş seçkilərdə əldə edilən nəticələr də bir daha bunu təsdiqləmişdir.
Azərbaycanda demokratik seçkilərin keçirilməsinin ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olması tarixi faktdır. Seçkilərin uzunmüddətli və davamlı inkişafın əldə edilməsində böyük rol oynadığını önə çıxaran ulu öndər dövlət quruculuğunda demokratik və şəffaf seçkilərin dəyərini yüksək qiymətləndirirdi. Ümummilli liderin 1999-cu ildə bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində demokratik seçkilərin keçirilməsini məqsəd kimi önə çəkmişdir: “Biz seçkiləri müsbət qiymət almaq üçün keçirmirik. Biz özümüz demokratiyanı, sərbəst seçkiləri Azərbaycanın dövlət quruculuğunun strateji yolu kimi qəbul edərək və nəzərə alaraq bu seçkilərin tam demokratik, sərbəst, azad keçirilməsinə nail olmalıyıq”. Xalqa müraciətində Azərbaycanın demokratiya yolu ilə addımlayan və hüquqi, demokratik dövlət quruculuğu aparan ölkə olduğunu vurğulayan Heydər Əliyev əlavə etmişdi ki, hər bir seçki prosesi insanları, vətəndaşları demokratiya prinsiplərinə daha da yaxınlaşdırmalıdır. Ulu öndər xüsusilə vurğulamışdı ki, demokratiya prinsipləri insanların daxili mənəviyyatı olmalıdır və belə olan şəraitdə gələcəkdə də Azərbaycanda demokratiyanı sürətlə inkişaf etdirə bilərik.
Ümummilli liderin həmin müraciətindən on altı il ötür və bu müddət ərzində Azərbaycanda baş tutmuş seçkilərin nəticələri xalqın demokratiya prinsiplərinə sadiq olduğunu təsdiqlədi. Təbii ki, ölkədə demokratik seçkilərin keçirilməsinə mühüm önəm verən Azərbaycan hökuməti, istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də, seçkilərə hazırlıq və seçkilərin keçirilməsi istiqamətində də əhəmiyyətli addımlar atmaqda maraqlı olduğunu həmişə nümayiş etdirmişdir. Bu baxımdan aparıcı beynəlxalq təşkilatların Mərkəzi Seçki Komissiyası (MSK) və seçki komissiyalarına, onların üzvləri üçün treninq və seminarların təşkili, əhalinin seçkilərlə bağlı məlumatlılığının artırılması sahələrində yardımı yüksək qiymətləndirilir. Seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən, qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycanda formalaşdırılan demokratik seçki mühitinin daha da möhkəmləndirilməsinə xidmət edir. Ötən seçkilərdə olduğu kimi, bu il də MSK seçki prosesinin şəffaf və təlimatlara uyğun keçirilməsi üçün zəruri addımlar atır. Ölkə başçısının sərəncam və fərmanlarına uyğun olaraq, seçki praktikasını daim təkmilləşdirən MSK noyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində müşahidəçilər, deputatlığa namizədlər və polislər üçün yaddaş kitabçaları hazırlamışdır.
Müşahidəçilər üçün hazırlanan yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri öz əksini tapmışdır. Kitabçada, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah olunmuşdur. Deputatlığa namizədlər üçün yaddaş kitabçasının hazırlanmasında əsas məqsəd Milli Məclisə seçilmək niyyətində olan vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdan ibarətdir. Nəşrdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı atılası addımlar, qeydə alınmış deputatlığa namizədlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir. Seçkilərin təhlükəsiz şəraitdə keçirilməsini təmin edəcək polis əməkdaşları üçün hazırlanmış yaddaş kitabçasında da Daxili İşlər Nazirliyinin nümayəndələrinin təşviqat dövründə, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəkləri tədbirlər, eləcə də, rol və vəzifələri barədə ətraflı məlumat verilir. DİN-in iştirakı ilə tərtib edilmiş polis əməkdaşları üçün yaddaş kitabçası MSK-nın təsdiqlədiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.
Seçkilərin işıqlandırılması və kütləvi informasiya vasitələrinin bu prosesdə rolu da seçkilərin demokratikliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Mətbuat azadlığı və fikir plüralizmi təmin olunan Azərbaycanda KİV seçkiləri maneəsiz işıqlandırmaq hüququna malikdir. Oktyabrın 2-də Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu və digər vacib məsələlər barədə maraqlı fikirlər səsləndirmiş və media nümayəndələrinin seçkiləri obyektiv və fəal işıqlandırılmasında hakimiyyətin maraqlı olduğunu açıqlamışdır.
“Jurnalist vəsiqəsi kifayət edir ki, hər bir mətbuat nümayəndəsi seçkiləri əvvəldən axıra qədər müşahidə etsin. Buna görə də biz mətbuatı seçkilərin mühüm bir daxili aktoru, tərəfi kimi dəyərləndiririk. Mətbuatın vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının necə olmasını öyrənsin”,– deyən Ə.Həsənov əlavə etmişdir ki, mətbuat seçicilərin seçkilərə marağını, siyasi qüvvələrin, maraqlı tərəflərin seçkiyə münasibətini diqqət mərkəzində saxlamalıdır.
Prezidentin köməkçisi seminarda xüsusi olaraq vurğulamışdır ki, KİV-in fəaliyyətinin təməlində KİV haqqında qanunvericilik, Seçki Məcəlləsi və dövlətin ümumi plüralistik siyasəti dayanmalıdır. Mətbuatın hər bir dövlətin imicinin formalaşmasında mühüm yer tutan bir resurs olduğunu söyləyən Ə. Həsənov bildirmişdir ki, bu resursdan istifadə olunaraq, Azərbaycan dövlətinin maraqlarını və bu maraqlara söykənən siyasəti daxildə və xaricdə təbliğ edilir: “Daxildə mətbuat vasitəsilə əhalinin əhval-ruhiyyəsi, dövlətin yürütdüyü siyasətə münasibəti öyrənilir. Çünki bu amillərə söykənərək ölkənin daxili siyasəti proqnozlaşdırılır, onun idarəetmə mexanizmləri yaradılır. Mətbuat bu anlamda cəmiyyətin güzgüsü rolunu oynayır”. Professor Ə.Həsənovun sözlərinə görə, mediayaya dövlət büdcəsindən müəyyən qrantlar ayrılır, jurnalistlər üçün müsabiqələr keçirilir. Dövlətin KİV-lərə belə münasibətinin təməlində tərəfdaşlıq dayanır.
Prezident köməkçisi seçki prosesinin qiymətləndirilməsində KİV-in mühüm rol oynadığını da nəzərə çatdırmışdır: “Seçki prosesinin dəyərləndirilməsində də KİV-in rolu əvəzsizdir. Çünki KİV bu prosesdə yeganə tərəfsiz rola malikdir. Müasir dünyada imic yaratma, ictimai rəyi idarəetmə mexanizmiləri bəlli mərkəzlər tərəfindən idarə olunur. Yəni, dünyada ümumi meyil ondan ibarətdir ki, KİV-lər azad, müstəqil olmalıdır, öz siyasətlərini və fəaliyyətlərini özləri qurmalıdırlar”.
Ə.Həsənov ümummilli lider Heydər Əliyevin Azərbaycanda KİV sahəsində siyasi plüralistik normaların formalaşmasının təməlində dayandığını da açıqlamışdır: “Ulu öndərin 1998-ci il 6 avqust tarixli fərmanı ilə KİV üzərindən bütün tənzimləyici və dövlət idarəedici mexanizmlər ləğv edilməklə Azərbaycanda azad sözün, müstəqil medianın təməli qoyulub. Bu gün Prezident İlham Əliyev bu prinsiplərə əməl edərək Azərbaycanda siyasi plüralist cəmiyyətin formalaşması və inkişafı istiqamətində bütün addımları atır”.
Ölkədə internetin, sosial şəbəkələrdə istənilən fəaliyyətin azad olduğunu və bu sahədə Azərbaycanda heç bir problem olmadığını və bundan sonra da olmayacağını vurğulayan Prezident köməkçisi demişdir ki, dövlətin təməlində Konstitusiyada əks olunan demokratik normalar durur. Onun sözlərinə görə, ümummilli lider tərəfindən təməli qoyulmuş azad media, siyasi plüralistik cəmiyyət normaları Prezident İlham Əliyev və onun komandası tərəfindən də davam etdirilir və bundan sonra da davam etdiriləcək.
MSK sədri Məzahir Pənahov da Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün əlverişli mühitin olduğunu bildirmişdir. Onun sözlərinə görə, noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1054 nəfərin deputatlığa namizədliyi qeydə alınmışdır. Seçkilərdə iştirak etmək üçün 1823 nəfərin müraciət etdiyini də açıqlayan M.Pənahov yalnız 10 nəfərin müraciətinə mənfi cavab verildiyini bildirmişdir. Dünyanın heç bir yerində ideal seçkilər keçirilmədiyini vurğulayan MSK sədri onu da əlavə etmişdir ki, milyonlarla insanın iştirak etdiyi prosesdə neqativ hallar qaçılmazdır. Əsas müvafiq orqanların neqativ hallara dərhal, çevik reaksiya vermələridir.
Beləliklə, Azərbaycan müasir tarixində növbəti mühüm seçkiləri yüksək səviyyədə keçirməyə hazırlaşır. Ötən seçkilərdə olduğu kimi, bu seçkilərin də şəffaf, demokratik və ədalətli keçirilməsi üçün zəruri imkan yaradılmışdır. Ölkə vətəndaşı da əmindir ki, 1 noyabr seçkiləri yüksək standartlara uyğun keçiriləcək və baş tutacaq səsvermə prosesinin yekunları seçici iradəsini əks etdirəcəkdir. Azərbaycan rəhbərliyi də məhz bu mühüm nəticənin əldə olunmasında maraqlı olduğunu açıqlayır və dövlətin belə qətiyyətli mövqeyi də qarşıdakı parlament seçkilərinin ədalətli keçiriləcəyinə, xalqın iradəsini əks etdirəcəyinə və ölkədə demokratiyanın inkişafı prosesində mühüm addım atılacağına inamı daha da gücləndirir.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.