Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqət çəkir. Dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdırılması istiqamətində səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və
qeyri-neft sektorunun tərəqqisi ilə bağlı həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar.
Xatırladaq ki, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin reallaşdırılması siyasəti ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini-neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır.
Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş qeyri-neft sektorunun inkişafı strategiyasının düzgünlüyü ötən 12 ildə öz bariz təsdiqini tapmış, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişmiş, əhalinin paytaxta axını səngiyərək əks proses başlamış, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı isə artmışdır. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən strategiyanın real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.
Azərbaycanın dövlət siyasətinin sosialyönümlü olması görülən hər bir işdə, icra olunan hər bir layihədə özünü büruzə verir. Uzun illər boyu təmir olunmadığına görə yararsız vəziyyətə düşmüş kənd yollarının abadlaşdırılması bunun əyani sübutudur. Hər bir yaşayış məntəqəsinin abadlığının əsas şərti onun yolunun rahat olmasıdır. İndi ölkənin demək olar ki, əksər regionlarında kənd yollarının təmiri və yenidən qurulması prosesi davam edir. Prezident İlham Əliyev bu il sentyabrın 17-də Kürdəmir və Ağsu rayonlarına səfəri çərçivəsində Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışı mərasimində demişdir: “Kənd yollarının tikintisi Azərbaycanda, ümumiyyətlə, geniş vüsət almışdır. Bir çox hallarda yollar keyfiyyətli tikilir, amma keyfiyyətsiz yollar da hələ ki, var. Ona görə, bu məsələyə daim diqqət göstəriləcəkdir. Büdcədən, Prezidentin ehtiyat fondundan vəsait ayrılır, amma yerlərdə insanlar gərək buna məsuliyyətlə yanaşsınlar...”.
Dövlət başçısı daha sonra vurğulamışdır ki, bu gün bütün icra orqanlarının nümayəndələri bilməlidirlər ki, hər bir sahədə ciddi nəzarət var və ən güclü nəzarət ictimai nəzarətdir. Burada yaşayan insanlar görəndə ki, hər hansı bir ədalətsizlik var, keyfiyyətsiz yollar salınır, yaxud da başqa xoşagəlməz hallar baş verir, əlbəttə, ilk növbədə, yerli icra orqanlarına, əgər nəticə olmasa, mərkəzi icra orqanlarına məlumat verilməlidir... Bu yolların çəkilişi, infrastruktur layihələrinin icrası da bu məqsədi güdür - hər şey insanlar üçün, Azərbaycan xalqı üçün...
Azərbaycan Prezidenti çıxışında, eyni zamanda, ölkədə aqrar siyasətin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə də toxunmuşdur: “Bu il “Kənd təsərrüfatı ili" elan edilmişdir. Aqrar sahədə müsbət nəticələr qeydə alınmışdır. Tarixdə ilk dəfə taxılçılıqda hektardan 30-31 sentner məhsul əldə edilmişdir. Yəni, kənd təsərrüfatı ilə məşğul olanlar yaxşı bilirlər ki, heç vaxt belə nəticə nəzərə çarpmamışdır. Nəyə görə? Müasir texnologiyalar tətbiq olunur, gübrələr verilir. İndi subsidiyaların ayrılmasında şəffaflıq təmin edilir, texnika alınır, lizinq yolu ilə verilir. Əlbəttə, ən mütərəqqi təcrübə də öyrənilməlidir. Eyni zamanda, iri fermer təsərrüfatları da yaradılır. İri fermer təsərrüfatlarında isə məhsuldarlıq daha da yüksəkdir - hektardan 50-60 sentner. Azərbaycanda nə vaxt belə nəticələr olmuşdur?..".
Dövlət başçısı çıxışında aqrar sahənin daha da inkişaf etdirilməsi üçün əlavə tədbirlər görüləcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, hazırda suvarılan torpaqların əraziləri genişlənir, böyük su anbarları, kanallar tikilir... Biz niyə xaricdən ərzaq məhsulları almalıyıq?! Biz özümüz istehsal etməliyik, özümüz xaricə satmalıyıq. İndi bəzi məhsullar üzrə buna nail olmuşuq, amma hələ ki, idxaldan asılılığımız var. Fermerlər, kəndlilər üçün şərait yaradılır ki, onlar həm dolansınlar, pul qazansınlar, həm də əhalini keyfiyyətli yerli məhsullarla təmin etsinlər. Əgər infrastruktur layihələri olmasa, bunu etmək mümkün deyil. Yol olmasa, indi biznes necə inkişaf edə bilər?! Qaz, elektrik, su, suvarma olmasa, kənd təsərrüfatı necə inkişaf edə bilər?! Ona görə bu məsələlərə kompleks şəkildə yanaşanda müsbət nəticə əldə olunur.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar ictimaiyyətinin nümayəndələri ilə görüşündə regionların inkişafının mühüm məsələ olduğunu bir daha diqqətə çatdırıb: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı üçün nə lazımdırsa, o da olmalıdır. Amma buna nail olmaq üçün əlbəttə ki, iqtisadiyyatımız daha da güclü olmalıdır, daha da sürətlə inkişaf etməlidir. Regionların inkişaf proqramının məqsədi məhz bundan ibarətdir ki, bölgələrdə, kəndlərdə, qəsəbələrdə, rayon mərkəzlərində lazımi şərait yaradılsın, insanlar rahat yaşasınlar, iş yerləri açılsın, yaxşı məvacib alsınlar, biznes imkanları genişlənsin”.
Dövlət başçısı qeyd edib ki, bu gün dünyada, bölgədə yaşanan xoşagəlməz mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur: “Bizim ölkə nümunədir. Mən ona görə demirəm ki, özümüzü tərifləyək, qüsurlar da çoxdur. Ancaq indi dünyada gedən ümumi proseslərə baxdıqda görürük ki, Azərbaycanda həm ictimai proseslər, həm də iqtisadi inkişaf düzgün məcrada gedir. Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə, heç kimdən asılı deyilik. Ona görə, özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq”.
“Bununla bərabər, hamımız yaxşı bilirik ki, hələ görüləsi işlər çoxdur, həm mərkəzdə - Bakıda, həm bütün bölgələrdə quruculuq, abadlıq, inkişaf, islahat və sosial ədalət - bütün bu məsələlər daim diqqət mərkəzindədir. Mənim bölgələrə mütəmadi səfərlərimin məqsədlərindən biri də odur ki, vəziyyətlə tanış olum, soruşum işlər necədir, hansı məsələlər insanları narahat edir, incidir ki, biz onları həll edək. Bax, biz bu yolla gedirik və əminəm ki, yaxın bir neçə il ərzində ölkə qarşısında duran bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaq”, - deyə ölkə başçısı vurğulayıb.
Azərbaycanda kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək, modernləşdirmək, bu sahədə mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı reallaşdırmaq, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə Prezident İlham Əliyevin 12 yanvar 2015-ci il tarixdə imzaladığı sərəncamda bildirilir ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün əlverişli zəmin yaradılmışdır. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.
Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Hazırda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkəmizdə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulur, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir.
Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişlər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir.
Ölkə Prezidenti cənab İlham Əliyevin işləyib hazırladığı uzaqgörən inkişaf strategiyası nəticəsində son illərdə Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafını daha da sürətləndirmiş, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur.
Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənayenin hesabına təmin etməkdir. Bu sahənin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.
İqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr olunmuş müşavirədə bu barədə ətraflı çıxış edən dövlətimizin başçısı bildirmişdir ki, dünyada dərin iqtisadi və maliyyə böhranı hökm sürdüyü bir şəraitdə bizim işimiz ondan ibarətdir ki, ölkə iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən maksimum dərəcədə qoruyaq. Biz bunu uğurla bacarırıq, sabitliyini, iqtisadi inkişafını təmin edirik.
Dövlətimizin başçısı, həmçinin iqtisadiyyatda müşahidə edilən uğurları yüksək qiymətləndirərək demişdir: “Azərbaycanda aparılan geniş quruculuq işləri hamımızı sevindirir. Ölkəmiz inkişaf edir, güclənir. Bu, özünü həm statistik göstəricilərdə göstərir, eyni zamanda, biz bu müsbət dəyişiklikləri gündəlik həyatda görürük. Həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılır. Son illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən yüksək templəri ilə inkişaf etmişdir. Bu sahədəki nailiyyətlər dünya birliyi tərəfindən də qiymətləndirilir. Nüfuzlu beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər”.
İqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr olunmuş müşavirədə, eyni zamanda, qeyd edilmişdir ki, həyata keçirilən uğurlu iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycanda müasir infrastruktur və çoxsaylı enerji layihələri reallaşdırılmış, investisiya mühiti yaxşılaşdırılmış, qeyri-neft sektorunun, habelə regionların, sahibkarlığın inkişafı sahəsində müsbət nəticələr əldə olunmuşdur. Bütün bunlar isə ölkədə dayanıqlı iqtisadi artım üçün möhkəm təməl yaratmışdır. Elə buna görə də 2004-cü ildə Cənubi Qafqaz iqtisadiyyatının yarısının, bu ilin əvvəlində isə 75 faizinin Azərbaycanın payına düşməsi təsadüfi deyil. Davos İqtisadi Forumunun keçənilki hesabatında Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığına görə 144 ölkə arasında 38-ci yerə layiq görülməsi, “Moodys”, “Fitch Ratings”, “Standart and Poors” kimi reytinq agentliklərinin isə ölkəmizin reytinqini davamlı olaraq artırması uğurlarımızın beynəlxalq qurumlar tərəfindən təsdiqinin bariz ifadəsidir.
Azərbaycan hökuməti tərəfindən düzgün fiskal siyasətin həyata keçirilməsi, o cümlədən sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin verilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, antiinhisar və digər iqtisadi münasibətlərin tənzimlənməsi nəticəsində son 12 ildə ölkədə ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artmışdır. Bu dövrdə respublikada 1 milyon 400 min yeni iş yeri açılmış, iqtisadiyyata 180 milyard dollar investisiya yatırılmış, strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfə çox olmuşdur. Həmçinin əhalinin gəlirləri inflyasiyanı üç dəfədən çox üstələməklə 6,5 dəfə, orta aylıq əmək haqqı 5,6 dəfə çoxalmış, işsizlik səviyyəsi 10,6 faizdən 4,9 faizədək, yoxsulluq səviyyəsi 44,7 faizdən 5 faizədək azalmışdır. Bütün bunlarla yanaşı, bir həqiqət də unudulmamalıdır: Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı, xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan 1 milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu işsizliyin və yoxsulluğun səviyyəsini, eləcə də ölkə iqtisadiyyatının sosial yükünü artırmaqla bərabər, həm də iqtisadi artımı zəiflədir.
Bütün bu deyilənlər isə Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.