Azərbaycan və Panama Xarici İşlər nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Panama Respublikasına rəsmi səfəri çərçivəsində oktyabrın 5-də bu ölkənin vitse-prezidenti və xarici işlər naziri xanım İsabel de Sant Malo de Alvarado ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Panama Xarici İşlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb.

İsabel de Sant Malo de Alvarado bu səfərin iki ölkə arasında əməkdaşlığa önəmli töhfə verəcəyinə əminliyini ifadə edib.

Panamanın Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu deyən vitse-prezident iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair imzalanacaq sənədin ikitərəfli siyasi dialoq mexanizminin təsis olunmasına xidmət edəcəyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətində Mərkəzi və Cənubi Amerika dövlətləri ilə əlaqələrin hərtərəfli inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib. O, Azərbaycan ilə Panama arasında mövcud əməkdaşlığın enerji və sərmayələr də daxil olmaqla, digər sahələrə də sirayət etməsinin vacibliyini diqqətə çatdırıb. Bu sahələrdə əməkdaşlığın hüquqi çərçivəsinin yaradılması üçün müvafiq hökumətlərarası sənədlərin imzalanmasının və ümumiyyətlə, iki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Elm-təhsil, təlim və digər humanitar sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu deyən E.Məmmədyarov ADA Universiteti və Panamanın diplomatik institutu arasında təmasların yaradılmasının səmərəli olacağını qeyd edib.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni tikilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ölkəmizin nəqliyyat infrastrukturu imkanları haqqında məlumat verən nazir bu layihələr vasitəsilə qədim İpək Yolu boyunca yük daşımalarının və iqtisadi-ticarət əlaqələrinin əsaslı şəkildə artacağını deyib.

Ölkəsində əlverişli investisiya mühitinin yaradıldığını deyən panamalı nazir Azərbaycanın Panama üçün arzuolunan tərəfdaş olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara toxunan E.Məmmədyarov Panamanın bu münaqişə ilə əlaqədar beynəlxalq hüququn prinsipləri əsasında tutduğu ədalətli mövqeyə və Panama parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsdiqləyən, eləcə də Xocalı soyqırımını tanıyan qətnamənin qəbuluna görə təşəkkürünü bildirib.

Münaqişənin həlli ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz zəbt olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasının tələb edildiyini deyən nazir Ermənistanın buna məhəl qoymadığını və münaqişənin həllinə maneələr yaratdığını vurğulayıb.

Xarici siyasət idarəsinin rəhbəri Ermənistanın işğal və təcavüzə əsaslanan mövcud status-kvonu davam etdirmək siyasəti yürütdüyünü qeyd edərək, etimad quruculuğu tədbirləri məsələsinin Ermənistan tərəfindən siyasi möhtəkirlik obyektinə çevrildiyini söyləyib. O əlavə edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların qurulması kimi praktiki etimad quruculuğu tədbirlərinin nəticələri Ermənistan hakimiyyətinin maraqlarına cavab vermədiyi üçün hər bir vəchlə rəsmi Yerevan buna imkan vermir.

Panamalı nazir ölkəsi üçün dövlətlərin ərazi bütövlüyü və suverenliyinin vacib prinsiplər olduğunu diqqətə çatdırıb.

E.Məmmədyarov panamalı həmkarını Azərbaycana səfərə dəvət edib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında