Azərbaycan AŞ PA-da daha bir erməni vandalizmi barədə haqq səsini qaldırdı

Ermənilər 700 min il əvvələ aid olan Azıx mağarasını yox etmək istəyirlər

İşğalçı dövlətin ölkəmizə və xalqımıza qarşı törətdiyi çoxsaylı vəhşiliklərin siyahısı gündən-günə böyüyür. Bu məntiqi təsdiq edən yeni faktlar ondan ibarətdir ki, İrəvan  rəhbərliyi Azərbaycana qarşı düşmənçilikdə növbəti bir variantdan – “soyuq terror müharibəsi”indən də istifadə  edir. Yəni bu qaniçənlər ölkəmizin suyuna, havasına, torpağına, sərvətlərinə qənim kəsiliblər. Biz bu məzmunda yazı hazırlamaq istəyirdik ki, kütləvi informasiya vasitələri Avropadan başqa bir məlumat yaydılar.

Qəzetlər xəbər verdilər ki, Avropa Şurası Parlament Assambleyasının  payız sessiyasının ilk iş günündə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Şurası Nazirlər Komitəsinin sədrinə Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin daha bir təhlükəli aspektinə — mədəni irsimizin oğurlanması siyasətinə toxunaraq belə bir sualla müraciət edib: “Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin fəsadları yalnız ərazilərin zəbt edilməsi ilə bitmir. Bu təcavüz genişmiqyaslı, çoxistiqamətli xarakter daşıyır. İşğal altındakı Füzuli şəhərinin yaxınlığında yerləşən, 700 min il əvvələ aid olan, Avropa insanının ilk yaşayış məskənlərindən sayılan Azıx mağarası dünyanın nadir mədəni sərvətlərindəndir. Erməni işğalçıları bir müddət buranı silah anbarına, müəyyən dövrdə isə əsgərlərin silahatma məşqlərinin keçirildiyi yerə çeviriblər. İndi isə Ermənistan xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar aparır, Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, yalnız indiki əraziləri deyil, tarixi də mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğuldur. Nazirlər Komitəsi ona məxsus səlahiyyətlər çərçivəsində xarici şirkətləri və alimləri cəlb etməklə Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisində, Azıx mağarasında apardığı həmin qeyri-qanuni arxeoloji araşdırmaların dayandırılması üçün hansı addımlar ata bilər?”

Məlumatda oxuyuruq ki, adıçəkilən qurumun rəhbəri, yəni sualın ünvanlandığı şəxsin azərbaycanlı deputatın məntiqi ilə razılaşmaqdan başqa çarəsi qalmayıb. Biz Avropa siyasətçilərinin hər üzünü görmüşük. Hər dəfə ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər barədə  məsələ qaldırılanda, Avropa rəsmiləri günahkarı qınayır, əməli işə gələndə isə Ermənistana “gözün üstdə qaşın var” - deyən olmur. İşğal olunmuş ərazilərlə bağlı beynəlxalq hüquqi sənədlərdə göstərilir ki, hər hansı bir ölkə və ya şəxslər tərəfindən bilərəkdən, düşünülmüş surətdə digər ölkənin təbiətinə, flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə vurulan ziyan ekoloji terror hesab edilir. Bu qaydalar dünyanın hər yerində, bütün xalqlara və dövlətlərə münasibətdə keçərli olsa da, Ermənistanın həmin cinayətləri cidd-cəhdlə ört-basdır edilir. Dünyada hamı görür  ki, ölkəmiz uzun illərdir mənfur qonşularımızın törətdiyi ekoloji terrordan əziyyət çəkir. Ekspertlərin fikrincə, indi Ermənistanın Azərbaycana qarşı apardığı terror müharibəsi aktiv silahlı mübarizə formasından “soyuq terror müharibəsi” fazasına transformasiya olunmuşdur. Üstəlik, bu müharibə müxtəlif ünvanlarda,  müxtəlif üsullarla həyata keçirilir.

Politoloq və konfliktoloqlar yazırlar ki,  Ermənistanın Azərbaycana qarşı yürütdüyü bu terror siyasəti  artıq ideoloji, elmi, mədəni, mənəvi, informasiya, eləcə də sosial sahələri əhatə edir. Bu işğalçı dövlət həm Azərbaycan ərazilərini işğal etdiyinə, həm də qəsdən ekoloji terrora üstünlük verdiyinə görə  bütün bəşəriyyət qarşısında məsuliyyət daşıyır.  Mətbuatdan oxuyuruq ki, hazırda  beynəlxalq təşkilatlarda, həmçinin, respublikamızda terrorizmə qarşı mübarizəni gücləndirmək məqsədilə bir sıra normativ, hüquqi və təşkilati sənədlər qəbul edilib. Müvafiq qurumlar tərəfindən xüsusi əhəmiyyətli, yüksək təhlükəlilik dərəcəli obyektlərin qorunması məqsədilə antiterror tədbirləri hazırlanaraq həyata keçirilməkdədir.  Ermənistan da daxil olmaqla, dünyanın hər yerində yaxşı bilirlər ki, Azərbaycan Respublikası sosial-iqtisadi sahədə sürətlə irəliləməklə yanaşı, həm də beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edən dövlətlərdən biridir.

Bu da səbəbsiz deyildir. Çünki terrora və işğala məruz qalan ölkə olaraq Azərbaycana dəyən maddi-mənəvi ziyanın miqyası həddən artıq böyükdür. Bu itkilərin həqiqi ölçülərini ortaya qoymaq üçün Azərbaycan hökuməti tərəfindən  2014-cü ilin aprelində  yaradılan “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrup” qarşısında olduqca mühüm vəzifələr durur.

Xatırladaq ki, Azərbaycanın məruz qaldığı  bütün itki və tələfatları əhatə edən hesablamalar “Beynəlxalq Qiymətləndirmə Standartları”nın tələblərinə uyğun, həm də səlahiyyətli xarici ekspertlərin iştirakı ilə aparılacaqdır. Bildirilir ki, həmin ekspertlərin əsas tərkibi beynəlxalq sertifikatı olan hüquqşünaslardan və qiymətləndiricilərdən ibarət olacaq. Bu təsnifatda hərbi ekologiya və terrorizm nəticəsində Azərbaycana dəyən itkilər və tələfatların  xüsusi çəkisi vardır. Çünki işğal olunan ərazilərdə Ermənistanın törətdiyi ekoloji terror nəticəsində ətraf mühitin zəhərlənməsindən nəinki Azərbaycan, həm də qonşu ölkələr – İran İslam Respublikası, Türkiyə, Gürcüstan və Rusiya əziyyət çəkməkdədir. Bu mənada ekoloji terrorizmin qarşısının alınması, əhalinin ekoloji təhlükəsizliyinin mühafizəsi və ətraf mühitin qorunması həm də bütün bəşəriyyətin sağlam yaşaması üçün şəraitin təmin edilməsi deməkdir.

Təbii ki, bütün münaqişələrin həlli prosesində mütləq hansısa özünəməxsusluq vardır. Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti də öz mahiyyəti və reallaşdırılması mexanizmləri baxımından olduqca müxtəlifdir. 1988-ci ildən başlayaraq ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda bütün yaşayış məntəqələrinin, şəhər və kəndlərin dağıdılması, dinc əhaliyə divan tutulması, eyni zamanda, bitki və heyvanlar aləminin də məhvi ilə müşayiət olunur. Hamıya məlumdur ki, Ermənistan bütövlükdə Qafqaz regionunda etnik təmizləmə siyasətini yürüdən işğalçı dövlət olmaqla yanaşı, həm də ekoloji terror aktlarının həyata keçirilməsinə “xidmət edən” bir dövlətdir. Beynəlxalq aləmə gün kimi aydındır ki, işğal olunmuş ərazilərin təbii sərvətlərinə və ətraf təbii mühitə vurulan ziyan regionda ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Yüzlərlə yaşayış məntəqəsi ermənilər tərəfindən qarət edilərək dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri tamamilə sıradan çıxarılıb, dəmir yolu xətləri sökülərək yararsız hala salınıbdır. Hazırda da erməni tərəfi döyüş mövqelərində və hərbi hissələrin yerləşdiyi ərazilərdə ətraf  mühitin mühafizəsinə dair qəbul olunmuş beynəlxalq normativ hüquqi sənədlərə və qanunlara məhəl qoymur. Hətta işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi, çoxillik qiymətli ağacların kəsilməsi və daşınmasında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətindən və ona məxsus hərbi texnikadan geniş istifadə edilir.

Müşahidəçilər yazırlar ki,  Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə rayonu istiqamətində Talış, Gülüstan, Baranbart, Tonaşen meşələrində, habelə Azərbaycana məxsus Araz çayı boyu ərazilərdə 1000 hektar sahədə Xan çinarı, Eldar şamı, fıstıq, saqqız ağacı, palıd və digər çoxillik ağac növləri amansızcasına qırılmaqdadır. Azərbaycan ərazilərindəki döyüş mövqelərində hərbi hissələrin və hərbi texnikanın yerləşdirilməsi zamanı da çəkilən yollar altında  saysız-hesabsız nadir ağac növləri qalır.

Alimlərin fikrincə, Ermənistan silahlı qüvvələrinin hərbi fəaliyyəti nəticəsində ətraf təbii mühit fiziki və kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, tez-tez yanğınlar törətməklə burada mövcud olan müxtəlif nadir bitki, balıq və heyvan növləri məhv edilir, flora və faunaya külli miqdarda ziyan vurulur. Təmiz su mənbələrinin kimyəvi çirklənməsi baş verir, çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanır, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilir. Digər tərəfdən, Azərbaycan ərazilərindəki döyüş mövqelərində hər gün nə qədər canlı minaların partlaması nəticəsində də məhv olur. Beləliklə, həm torpaq örtüyünün, ekologiyanın, həm də bütün regionun zərərinə olan proseslər baş verir.

Azərbaycan tərəfinin haqlı olaraq beynəlxalq aləmdə qaldırdığı həyəcan siqnalı nəticəsində  hamıya məlumdur ki, işğal altındakı ərazilərdə dünya əhəmiyyətli abidələr vardır. Onlardan  yuxarıda adını çəkdiyimiz Azıx  mağarası ilə yanaşı  Tağlar mağarası da  dünya tarixinin qədim abidələri kimi UNESCO-nun siyahısına düşsə də, indi bu nadir abidələr erməni vandalizmi nəticəsində başqa abidələr kimi yararsız vəziyyətdədir. Eyni taleyi işğal altındakı digər abidələr də yaşamaqdadır. Belə ki, vaxtilə Şuşa rayonunda 190 hektarlıq qoruq zonasında 235 tarixi abidə, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa olunmuş qala divarları qeydə alınmışdırsa, indi onların varlığı belə sual altındadır.

Bir sözlə, erməni vandalizminin törətdiyi əməllərin fəsadını təkcə biz - azərbaycanlılar deyil, ermənilərin özü də daxil olmaqla, regionun bütün xalqları və bütün ölkələrin ətraf mühiti də yaşamaq məcburiyyətindədir. Dünya tarixi isə sübut edir ki,  heç bir əzazil, ədalətsiz və qaniçən millət öz çirkin əməllərini ömrü boyu davam etdirə bilməyib. İnanırıq ki, ermənilər də öz vəhşiliklərinə görə cavab verəcəklər.

İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında