İslam Həmrəylik Oyunlarının keçirilməsi...
çox önəmli beynəlxalq yarışma olacaqdır.
Azərbaycan İslam aləminin bir parçasıdır.
Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu
Oyunlar da ən yüksək səviyyədə keçirilsin.
Bütün idmançılara, qonaqlara, nümayəndə
heyətlərinin üzvlərinə gözəl şərait yaradılmalıdır ki,
ölkəmizlə tanış olsunlar, Azərbaycanın qədim tarixini görsünlər,
öyrənsinlər və Azərbaycanda özlərini rahat hiss etsinlər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Xatırladaq ki, 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul olunmuşdur. Səsvermədə 57 üzv ölkənin nümayəndələri iştirak etmişlər. Qərar yekdilliklə qəbul edilmişdir. Assambleyanın qərarı bir daha göstərdi ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmuşdur.
... Ötən ay dövlət başçısının sərəncamı ilə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin yaradılması və Prezident İlham Əliyevin sədrliyi ilə həmin komitənin birinci iclasının keçirilməsi Azərbaycanın beynəlxalq idman tədbirlərinin mərkəzinə çevrildiyi barədə deyilənləri bir daha təsdiq edir. Dördüncü İslam Həmrəylik Oyunları Təşkilat Komitəsinin yaradıldığı və komitənin ilk iclasının keçirildiyi günlər cəmiyyətimizin hələ birinci Avropa Oyunlarının təəssüratını unutmadığı günlərə təsadüf edirdi. Xatırladaq ki, həmin Oyunlar ərəfəsində həm xaricdə, həm də ölkə daxilində bəzi dairələr iddia edirdilər ki, guya bəzi ölkələr Bakıya əvəzedici heyətləri və ya ikinci dərəcəli idmançıları göndərəcək, yaxud yarışları boykot edəcəklər və sair. Oyunların nəticələri bu ehtimalların sıfır səviyyəsində olduğunu sübut etdi. Halbuki birinci Avropa Oyunlarında 59 nəfər Olimpiya çempionu, 150 nəfər Olimpiya mükafatçısı yarışdı. Üstəlik, iki yüzədək dünya çempionu, təxminən o qədər Avropa çempionları da Bakıda medal uğrunda mübarizə aparmışlar. Hamı, həm idmançılar, həm federasiyalar, həm də milli olimpiya komitələri arzu edir və çalışırdılar ki, öz tarixlərinə ilk Avropa Oyunlarının qalibi və ya mükafatçısı sözü də yazılsın.
Həmin şərəfli ad yüzlərlə Avropa idmançısının bəxtinə düşdü. İndi isə ölkəmiz qitə səviyyəsində deyil, dünya miqyaslı bir idman tədbirinin hazırlıqlarına başlayıb. Dövlət başçımızın da dediyi kimi, bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Elə ona görə də ölkəmizdə bu günə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilmişdir. İndi isə biz İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyərin şahidinə çevrilirik. Azərbaycan öz tərəfindən əlindən gələni edəcək ki, bu Oyunlar yüksək səviyyədə keçirilsin.
Azərbaycan Prezidenti İlham Əliyev də IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin iclasındakı nitqində öncə birinci Avropa Oyunlarının nəticələrini xatırlatmışdır: “ Mən xüsusilə birinci Avropa Oyunlarının nəticələrini qeyd etmək istəyirəm. Bu, birinci belə yarışma idi. Bu günə qədər Avropada qitə yarışları keçirilməmişdi. Əlbəttə ki, bu yarışın yüksək səviyyədə keçirilməsi bizim səylərimizdən asılı idi. Biz bu Oyunların standartlarını müəyyən etdik. Bu, ən yüksək standartlar idi. Həm qonaqlar, həm də Azərbaycan vətəndaşları bir daha gördülər ki, birinci Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Məhz qarşıya belə məqsəd qoyulmuşdu. Baxmayaraq ki, bu Oyunların hazırlanmasında bizim cəmi 2 il yarım vaxtımız var idi. Həm yeni idman infrastrukturunun yaradılması, həm mövcud idman obyektlərinin təmiri, bütün təşkilati məsələlərin həlli ən yüksək səviyyədə həyata keçirilmişdir və şübhəsiz, bu işlərdə Təşkilat Komitəsinin xüsusi rolu və əməyi var idi”.
Eyni zamanda, dövlət başçımız İslam Həmrəylik Oyunlarının keçirilməsinin də çox önəmli beynəlxalq yarışma olacağına əmindir: “Azərbaycan İslam aləminin bir parçasıdır. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Bütün idmançılara, qonaqlara, nümayəndə heyətlərinin üzvlərinə gözəl şərait yaradılmalıdır ki, ölkəmizlə tanış olsunlar, Azərbaycanın qədim tarixini görsünlər, öyrənsinlər və Azərbaycanda özlərini rahat hiss etsinlər”.
Azərbaycanın sabahının daha firavan, cəmiyyətimizin daha yüksək inkişaf səviyyəsinə malik olacağını xatırladan dövlət başçımız yada salır ki, ölkəmiz qarşıdakı illərdə bu Oyunlardan başqa müxtəlif beynəlxalq yarışlara da ev sahibliyi edəcəkdir: “2016-cı ildə “Formula-1” yarışması ilk dəfə olaraq Azərbaycanda keçiriləcəkdir. Bu da futbol üzrə dünya çempionatı ilə bir səviyyədə olan yarışmadır. Bütün dünyanın gözü yenə də Azərbaycanda olacaq. Əminəm ki, biz bu yarışmanı da yüksək səviyyədə keçirəcəyik. Gələn il Azərbaycanda Dünya Şahmat Olimpiadası keçiriləcək. Yəni, biz bu yolla gedirik və gedəcəyik. Çünki bizim imkanımız var və eyni zamanda, biz bu yolla ölkəmizi dünyaya tanıdırıq".
Prezidentin fikrincə, bədxahlara, antiazərbaycan, islamofob qüvvələrə bizim ən yaxşı cavabımız ölkənin reallıqlarıdır: “Gəlsinlər, öz gözləri ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti ölkəmizdən ən xoş arzularla ayrılır. Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə, indiki dövrdə. Bu gün hamımızın gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu, bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır”.
Dövlət başçısı beynəlxalq aləmdəki bədxahlarımıza xatırladır ki, Azərbaycan bir nümunədir, bir örnəkdir. Bu, normal həyat tərzidir: “Mən bir daha demək istəyirəm ki, biz həyata keçirdiyimiz işlərdə hər hansı bir fövqəladə nailiyyət görmürük. Bu, normal həyat tərzidir. Sadəcə olaraq, bəzi ölkələrdə bu normal həyat tərzi pozulub və irqçilik, ksenofobiya, islamofobiya hökm sürür. Əminəm İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir”.
Azərbaycanın birinci xanımı, IV İslam Həmrəylik Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva həmin iclasdakı çıxışında qeyd etdi ki, IV İslam Həmrəylik Oyunlarının 2017-ci ilin may ayında keçirilməsi nəzərdə tutulur: “Bu Oyunlarda 57 İslam ölkəsinin nümayəndələrinin iştirakı gözlənilir. İlkin razılaşmalara əsasən, 20 idman növündə yarışların aparılması planlaşdırılır. Yarışlara 5 mindən çox idmançının qatılacağı nəzərdə tutulmuşdur. Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi gözlənilir. Eyni zamanda, bu Oyunları fərqləndirən digər cəhətlərdən biri qeyri-ənənəvi idman növü olan milli zorxana oyunu üzrə mübarizənin aparılması olacaq. Bu idman növlərinə atletika, gimnastika, güləş, boks, cüdo, taekvondo, ağır atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük, basketbol, həndbol, voleybol, futbol, karate və sair daxildir”.
Oyunlara hazırlıq işlərinin birinci mərhələsi barədə məlumat verən Təşkilat Komitəsinin sədri qeyd etdi ki, IV İslam Həmrəylik Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilmişdir: “Yarışlar ölkəmizdə mövcud olan idman obyektlərində keçiriləcək. Bunlar Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, “Baku Crystall Hall”, Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, “Bakcell Arena”, Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzidir. Beləliklə, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman obyektlərindən istifadə olunacaq. Yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə tutulmur. IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri Olimpiya Stadionunda keçiriləcəkdir".
Bundan başqa, qeyd olunur ki, Avropa Oyunlarının irsi IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə bağlı qarşıda duran təhlükəsizlik, nəqliyyat təminatı, digər texniki təminat və təşkilati məsələlərin həllinin zəminini yaratmışdır. Odur ki, əsas məqsəd bu zəmində yarışlara yüksək səviyyədə hazırlaşmaqdan, bütün mövcud idman obyektlərini yarışmalar üçün tam şəkildə hazırlamaqdan və milli yığma komandanın Oyunlara hazırlığından ibarətdir. Eyni zamanda, Təşkilat Komitəsinin sədri xatırlatdı ki, qarşıda duran məsələlərdən biri də qısa müddət ərzində açılış və bağlanış mərasimlərinin ideyasının formalaşdırılması, texniki məsələlərin həlli, o cümlədən medalların və loqotipin eskiz layihələrinin və dizaynının hazırlanması işlərinin başlanmasıdır: “Bu mötəbər idman yarışlarının yayımı xüsusi əhəmiyyət kəsb edir. Tədbirin yayım hüququnun verilməsi ilə bağlı hazırda müvafiq təşkilatlarla danışıqlar aparılır. Beynəlxalq və yerli sponsorların cəlb edilməsi istiqamətində də işlər görülür. Oyunların keçiriləcəyi müddətdə Azərbaycana gələcək çoxsaylı idmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi üçün Bakıda və Abşeronda mövcud olan otellərin sayı və tutumu dəqiqləşdirilmişdir. Bu sahədə heç bir problem gözlənilmir”.
Azərbaycan xalqı və beynəlxalq aləmdəki dostlarımız əmindir ki, Təşkilat Komitəsi dövlətin yaxından köməyi və xalqımızın mükəmməl dəstəyi ilə IV İslam Həmrəylik Oyunlarını da birinci Avropa Oyunları kimi nümunəvi səviyyədə başa çatdıracaqdır.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.