TRANSATLANTİZM VƏ AVRASİYAÇILIQ: bir medalın iki üzü

Dövlətlər arasında münasibətlərin çevrəsi genişləndikcə, intensivliyi artdıqca, siyasi, iqtisadi, mədəni əlaqələr dərinləşdikcə bu əlaqələrin xarakteri də mürəkkəbləşir. Sovet İttifaqının süqutundan sonra qlobal siyasi sistemin vahid mərkəzdən idarə olunmasının mümkünlüyü ətrafında müzakirələr daha geniş miqyas almışdır. Bu prosesdə transatlantik məkan özünü yeni dünya nizamına düzgün istiqamət verə biləcək yeganə güc mərkəzi kimi dünya ictimaiyyətinə və beynəlxalq hüququn subyektlərinə təlqin etməkdədir.

 Özünü beynəlxalq siyasətin episentri hesab edən Qərb bütün vasitələrlə qlobal sabitliyin və sülhün bərqərar olunmasının onsuz mümkün olmadığını təbliğ edir. Bu təbliğat transatlantizm ideologiyasını əsaslandırmağa yönəlmişdir. “Transatlantizm nədir?”, “Onun başlıca aspektləri və məqsədləri nədən ibarətdir?” suallarına cavab axtarırkən, transatlantizmin siyasi ideologiya kimi, ilk baxışdan, cazibədar görünən tərəfləri ilə yanaşı, o qədər də aydın görünməyən təhlükəli tərəflərini də açıq-aşkar sezmək olur. Məsələyə tarixi kontekstdən yanaşdıqda, transatlantizm ideyasını ərsəyə gətirən və onu qlobal müstəviyə çıxaran Qərb rasional təfəkkürünün mahiyyəti də bütün tərəfləri ilə görünür.

Hələ XVII əsrdən etibarən beynəlmiləlləşməyə başlayan siyasi münasibətlər sistemi Qərb maraqları üzərində və güc faktoruna dayanaraq öz inkişaf xəttini müəyyən etdi. Təsadüfi deyil ki, Qərbin dünya hegemonluğu məhz bu dövrdən etibarən özünü başlıca əlamətləri ilə göstərməyə başladı. Böyük Britaniya, İspaniya, Fransa, Portuqaliya, Hollandiya kimi dəniz dövlətləri dünya okeanlarının həlledici söz sahibləri kimi yürütdükləri ekspansiya siyasətlərini heç də suverenlik, xalqların hüquq və azadlıqlarının müdafiəsi prinsipləri üzərində qurmamışdılar. Əksinə, tutduqları və təsir dairəsinə saldıqları ərazilərdə yerli əhalinin kütləvi qırğını, istismarı, qul əməyindən geniş şəkildə istifadə dünya tarixinə “ağ dərili” Qərb ağalığının “qara səhifələri” kimi həkk olunmuşdur.

Bütövlükdə, Qərbin dünya hegemonluğunu mərhələlərə ayırsaq, həmin zaman kəsimlərinin hər birində dünyanın siyasi, mədəni və hüquq tarixinə iz qoymuş müsbət və mənfi tərəfləri olan hadisə və proseslərlə qarşılaşmaq mümkündür. Məsələn, beynəlxalq ticarət ənənələrinin, sonradan bu sahədə hüquq qaydalarının formalaşması Avropanın dəniz dövlətlərinin dünya okeanlarına çıxışının və yeni ərazilər fəth etməsinin nəticəsində baş vermişdi. O zamanlar Avropa insanı dünyaya açılmaqla özünü daha dərindən tanıdı və tanıtdı.  Milli identiklik, bu əsaslar üzərində qurulan dövlət, onun suverenlik statusunun dərki, əslində, Qərb təfəkkürünün məhsulu kimi dünyanın siyasi düşüncə xəzinəsini zənginləşdirdi. Lakin mahiyyət etibarilə Qərbin dünyaya açılması onu qlobal miqyasda pozitiv və konstruktiv gücə çevirə bilmədi. Təəssüf ki, sonrakı yüzilliklər boyu da bu reallıq dəyişməyərək bəşəriyyətə Qərb hegemonluğunun utandırıcı örnəklərini yaşatmağa davam etdi.

 Beləliklə, dünya ilə Qərbin tanışlığının ta ilkin zamanından etibarən bir tərəfdə güclü, digər tərəfdə isə əzilən və istismar olunan xalqlar qarşıdurması formalaşmağa başladı. Keçən əsrin 60-cı illərində müstəmləkələrin böyük ümidlərlə Qərb asılılığına son qoymaq uğrunda mücadilələrinin sonunda əldə olunan istiqlaliyyət də onları real müstəqilliyə qovuşdura bilmədi. Bu dövlətlərin əksəriyyətinin əldə etdikləri istiqlaliyyət qısa zaman ərzində formal müstəqilliklə əvəz olundu.

Nəticədə böyük coğrafi əraziləri əhatə edən, eyni zamanda, geopolitik baxımdan strateji nöqtələrdə yerləşən yenicə müstəqillik qazanmış dövlətlər Qərb neoimperializminin hədəflərinə çevrildilər və yenidən onun təsiri altına düşdülər.

Müstəqil dövlətlərə qarşı müxtəlif bəhanələrlə güc tətbiqi Qərb siyasi texnologiyasının çoxdan istifadə etdiyi siyasi alətlərdən biridir. Hələ İkinci dünya müharibəsinin sonuna yaxın ABŞ-a və digər müttəfiq dövlətlərə qarşı real təhlükənin sovuşduğu bir zamanda, Ağ evin Yaponiyaya atom zərbələri endirməsi heç də qlobal siyasi sabitliyi bərqərar etmək istəyindən irəli gəlmirdi. Əksinə, dünyanın yeni maraq dairələrinə bölünməsi ərəfəsində ABŞ öz siyasi iddialarını nəyin bahasına olursa-olsun təmin etmək istəyini belə bir kütləvi qırğın silahının dili ilə ifadə edirdi.

 Dünya tarixində ilk dəfə atom silahını istehsal edən və onu ilk dəfə bəşəriyyətə qarşı amansızcasına istifadə edən Amerika Birləşmiş Ştatları məhz bu dövrdən başlayaraq, Transatlantizmin Baş Qərargahı kimi dünya arenasında öz yerini təyin etməyə çalışdı. Sonrakı dövrlərdə Vyetnama, İraqa, Əfqanıstana münasibətdə tətbiq olunan eyni üsul dünyanın geopolitik nöqtələrində Transatlantik məkanın maraqlarına cavab verəcək siyasi mühitin formalaşdırılması cəhdləri idi.

Etiraf etmək lazımdır ki, Orta dövr intibahından başlayaraq Qərb sivilizasiyası bəşər tarixinə bir çox dəyərlər də qazandırmışdı. Avropa öz dəyərlər sistemi ilə sonradan daha geniş məkanı əhatə edəcək unikal sivilizasiya modeli ortaya qoymuş, Avropa İttifaqının timsalında öz siyasi birliyini yarada bilmişdir. Lakin bu sivilizasiya modeli özlüyündə nə qədər mütərəqqi olsa da, milli dövlət və insan inkişafını əsas ideya xətti kimi müəyyən etsə də, həmişə özündən kənar dünyaya qarşı münasibətdə konstruktivlik, dözümlülük və xoş məram nümayiş etdirməkdə çətinlik çəkmişdir.

Bununla, müxtəlifliyi zənginlik mənbəyi kimi deyil, təhlükə mənbəyi kimi görən Qərb dünyası belə bir yanlış ənənəni formalaşdırmışdır: siyasi, mədəni, sivilizasion bağlılığı olan dövlətlərlə, toplumlarla dil tapmaq, qarşılıqlı güzəştlərə getmək, onların maraqlarına toxunmamaq, bir çox hallarda eyni mövqedən çıxış etmək mümkündür. Amma belə yanaşma kənar toplumlara, dövlətlərə, sivilizasiya daşıyıcılarına münasibətdə tətbiq edilə bilməz.

Məhz bu cəhət Qərb ekspansiyasında imperialist dəst-xəttin, yalnız öz maraqlarına əsaslanaraq yürüdülən ənənəvi diskriminasiya siyasətinin prioritet olmasının göstəricisidir. Məsələn, İspaniya Cənubi Amerikada, Böyük Britaniya Şimali Amerika, Hindistan və Avstraliyada, Fransa Afrikada müstəmləkələr qurduğu zamanlar yerli xalqların fundamental hüquq və azadlıqlarının qorunmasını, onların dövlətçilik ənənələrinin saxlanmasını ağıllarına belə gətirməmişlər. Göründüyü kimi, insanlığa münasibətdə ayrı-seçkilik, “aşağılıq-yuxarılıq kompleksi”, güclü olanın diktə edən tərəf olması “qanunauyğunluğu”, müstəqil inkişaf etmək istəyən dövlətləri və xalqları daim təzyiq və işğal altında saxlamaq və dünya arenasında onların hərəkət imkanlarını məhdudlaşdırmaq vərdişi tarixən Qərb siyasi baxışlarının təməlində dayanan amillərdir.

Bir qanadını kontinental Avropa və Böyük Britaniya, digər qanadını isə Şimali Amerika - ABŞ və Kanada təşkil edən Transatlantik məkanı böyük Atlantik okeanı ayırsa da, dünyanın təqribən son 300 illik siyasi tarixində davam edən Qərb dominantlığını qoruyub saxlamaq və gələcəkdə də bu geostrategiya üzərində qlobal hədəflərə çatmaq ideologiyası zaman keçdikcə instinktiv səviyyədə həmin məkanı bir-birinə daha da yaxınlaşdırmışdır. Lakin hazırda bu instinktiv proses artıq Transatlantizm ideologiyası timsalında modelləşdirilmiş siyasi platformaya çevrilmişdir.

 Bu prosesdə hər iki tərəfin zamanın süzgəcindən keçərək aydınlaşmış missiyaları vardır. Belə ki, transatlantizm ideologiyasının hərəkətverici qüvvəsi olaraq ABŞ özünü dünyaya hərbi, iqtisadi, Avropa isə mədəni-sivilizasion güc kimi təqdim edir. Hazırda Transatlantik məkan beynəlxalq siyasətin bütün əsas tendensiyalarını özündə birləşdirir və özündən istiqamətləndirir. Hazırkı beynəlxalq münasibətlər sistemində həlledici qərarlar qəbul etmək və onları realizə etmək imkanları qlobal miqyasda siyasi ağırlıq mərkəzi olan Qərbin əhəmiyyətini artırır.

Lakin Transatlantik məkanın qlobal siyasi çəkisinin bu qədər yüksək olması heç də təbii siyasi təkamül proseslərinin nəticəsində meydana gəlməmişdir. Bu reallıq bir çox hallarda zor tətbiq etmək, öz iradəsini beynəlxalq hüququn digər subyektlərinə diktə etmək sayəsində formalaşmışdır.

Transatlantik məkanın beynəlxalq hüququn subyektlərinə münasibətdə müəyyənləşdirdiyi əməkdaşlıq strategiyası bərabərhüquqlu tərəfdaşlıq görüntüsü yaratsa da, əslində bu strategiyanın başlıca məqsədi mümkün olan və olmayan bütün vasitələrlə Qərbin dünyada yeganə söz sahibi olmasını təmin etməkdən, iqtisadi, mədəni, hərbi üstünlüyünü qlobal müstəvidə möhkəmləndirməkdən ibarətdir. ABŞ öndərliyində Qərb dominantlığının qatı müdafiəçisi Corc Fridmanın “Növbəti yüz il: XXI əsrin öncəgörümü” kitabında bu tezis açıq şəkildə ifadə olunur. Müəllifin fikrincə, Qərbin təhlükəsizliyinin təmin edilməsi üçün Transatlantik məkandan kənarda münaqişə ocaqlarının olması vacibdir və mütləqdir.

Dünyanın diqqətini həmin nöqtələrə yönəltməklə və süni olaraq yaradılmış münaqişələri idarə etməklə Qərbdə davamlı sülh və sabitliyi bərqərar etmək mümkündür. Deməli, dünyanı gözləyən əsas təhlükə ondan ibarətdir ki, bəşəriyyətin hakim ideologiyasına çevrilmək iddiasında olan Transatlantizm öz xoşbəxtliyini digərlərinin bədbəxtliyi üzərində qurmağı əsas strateji xətt olaraq hədəfləmişdir. Buradan belə nəticəyə gəlmək olar ki,Transatlantizmin hədəf seçdiyi qlobal terrorizm elə onun özünün idarə etdiyi proseslərin açıq təzahürü və görüntüsüdür.

Məhz bu rakursdan baxdıqda Qərbin özü üçün müəyyənləşdirdiyi təhlükəsizlik zolaqlarının həndəvərində münaqişəli situasiyalar yaratması - Transatlantik məkanın genişlənmə strategiyasının tərkib hissəsi kimi önə çıxır. Bununla Qərb təsir dairəsinə salmaq istədiyi strateji məkanların önündə belə bir dilemma yaratmağa çalışır: Qərb dünyasının içində və ya heç olmasa tərəfində olmaq təhlükəsizliyin yeganə qarantıdır, bu məkandan kənarda olmaq isə daim qeyri-sabitlik və gərginlikdə olmaq deməkdir.

ABŞ-ın dövlət katibi Con Kerrinin ABŞ hegemonluğunu dünyanın zəruri siyasi reallığı kimi dünya ictimaiyyətinə sırımaq cəhdləri onun bəyanatında açıq şəkildə belə ifadə olunur: “Biz şərtsiz olaraq dəyişən və gərgin dünyada yaşayırıq. Lakin dəyişməyən bir şey vardır - dünyada ABŞ liderliyinə olan ehtiyac”. Fövqəlqərbçilik ideologiyasının qatı tərəfdarları bu strateji xətti hər addımda dəstəkləməklə və “əsaslandırmaqla”, Qərb dünyasının coğrafi sərhədlərinin genişlənməsini, - əslində, onun geopolitik məkanının gücləndirilməsini transatlantizmin fundamental statusu olaraq qəbul edirlər.

Məsələn, ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, professor Zbiqnev  Bjezinski Qərb coğrafiyasının genişlənməsinə, ilk növbədə, NATO-nun genişlənməsi kontekstində yanaşır. Onun fikrincə, NATO-ya yeni dövlətlərin qoşulması prosesi heç bir halda dayanmamalıdır. Əks halda, bu Avroatlantik məkanın aparıcı dövləti olan ABŞ-ın liderliyinin dünyada diskreditasiyasına və geopolitik tarazlığın Rusiya və Çin kimi dövlətlərin xeyrinə dəyişəcəyinə gətirib çıxara bilər.

Göründüyü kimi, Qərbin öz təsir dairəsini genişləndirməsində niyyəti heç də qlobal sülh və təhlükəsizliyi müdafiə etmək deyil, sadəcə öz təhlükəsizliyini möhkəm əsaslar üzərində qurmaq məqsədilə bu prosesdə beynəlxalq hüququn digər subyeklərini sıradan çıxarmaqdır. İqtisadi güc mərkəzi olaraq transatlantik məkanın mövqelərinin möhkəmləndirilməsi də bu ideologiyanın ana xəttidir. Qərb çox yaxşı anlayır ki, qlobal arenada güclü təsir quvvəsinə nail olmaq və onu daim qoruyub saxlamaq üçün böyük maliyyə imkanlarına malik olmaq, beynəlxalq ticarətdə dominantlığı qoruyub saxlamaq, iqtisadiyyatda innovativ metodlar tətbiq etmək başlıca şərtlərdir. Qərbin dünya iqtisadiyyatında və beynəlxalq ticarətdə liberal prinsipləri dəstəkləməsində əsas məqsədi elə bu şərtləri realizə etməkdən ibarətdir.

 Statistik məlumatlara nəzər salsaq görərik ki, dünya üzrə ən çox ümumdaxili məhsula malik olan ilk on dövlətin beşi -ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya transatlantik məkanın təmsilçiləridir. Həmin dövlətlərin ÜDM-nin məcmusu 29 trilyon dollardan çoxdur. Sözsüz ki, bu dövlətlər dünyada iqtisadi güc mərkəzinin ünvanının dəyişməsini heç bir halda qəbul etməzlər. Bu səbəbdən, iqtisadi-ticari münasibətlərin sürətlə dəyişdiyi bir dövrdə Qərb bütün resurslardan istifadə edərək transatlantik coğrafiyada yerləşən dövlətlərin iqtisadi tərəfdaşlığını daha yüksək strateji səviyyəyə qaldırmağa çalışır.

 ABŞ və Avropa İttifaqı arasında yaxın zamanda imzalanması nəzərdə tutulan “Transatlantik ticarət və investisiya tərəfdaşlığı”nın əsas hədəfi də qlobal iqtisadiyyatda və ticarətdə bu məkanın dominantlığını möhkəmləndirməyə xidmət edir. Lakin bu saziş heç də iqtisadi hədəflər müəyyən etməklə məhdudlaşmır. ABŞ dövlət katibi Con Kerri bu ilin aprelində keçirilmiş Atlantika Şurasının iclasında sözügedən sazişin həm də siyasi əhəmiyyətini vurğulamaqla bu məkanda strateji əməkdaşlığın əsl hədəflərinə eyham vurmuşdu. Con Kerri bu sazişin sadəcə qlobal müstəvidə ABŞ-ın ticarət maraqlarının daha effektiv qorunması baxımından deyil, eyni zamanda, ABŞ-ın təhlükəsizliyinin və siyasi təsir imkanlarının beynəlxalq səviyyədə təmin olunması aspektindən xüsusi önəm daşıdığını bildirmişdi.

ABŞ və Avropa İttifaqı strateji əməkdaşlıq çərçivələrini genişləndirməklə qlobal iqtisadi-maliyyə güc mərkəzi kimi mövqelərini möhkəmləndirməyə can atırlar. Sözsüz ki, çoxqütblü dünyanın yaranmasına hər vəchlə mane olan Qərb üçün bu məkan çərçivəsində iqtisadi-ticari münasibətlərin daha da dərinləşdirilməsi və transatlantik məkanın dəyişən dünya münasibətlərinə çevik və vahid reaksiya mexanizminin gücləndirilməsi beynəlxalq arenada söz sahibi olmağa çalışan dövlətlərə qarşı əks cinahda möhkəm dayanmağın əsas yoludur. Beləliklə, Qərb dünyası ticarətdə, iqtisadi texnologiyaların tətbiqində nə qədər innovativ və avanqard olsa da, qlobal müstəvidə Qərb hegemonluğuna alternativ güc mərkəzlərinin yaranmasına bir o qədər konservativ münasibət bəsləyir.

Lakin bütün bu amillər heç də transatlantik məkanda bütün siyasi baxışların və məqsədlərin üst-üstə düşməsi anlamına gəlməməlidir. Xüsusilə, ABŞ-ın şəriksiz dünya ağalığı iddiasının kontinental Avropada qısqanclıqla qarşılanması belə düşünməyə əsas verir. İkinci Dünya müharibəsinə qədər beynəlxalq siyasətdə daha üstün mövqeyə malik olan Avropa sonrakı dövrdə ABŞ-ın diktəsi ilə müəyyənləşdirilən qlobal siyasi oyun qaydaları ilə hərəkət etməyə məcbur oldu. Sözsüz ki, belə bir situasiyanın yaranması Almaniya və Fransa kimi Avropanın həlledici dövlətlərinin siyasi manevr imkanlarını məhdudlaşdırmışdır. Bu baxımdan, transatlanik məkan daxilində güc yerdəyişməsinə Avropadan yekdil münasibət bildirildiyini söyləmək qeyri-mümkündür.  Fransa və Almaniya ABŞ-ın dünya hegemonluğunun müəyyən sərhədlər daxilində mövcud olmasına və eyni zamanda, qlobal arenada baş verən siyasi-iqtisadi proseslərə özlərinin təsir imkanlarını qoruyub saxlamağa çalışırlar. Lakin transatlantik məkanın ABŞ-dan sonra ikinci, Avropada isə birinci dövləti Böyük Britaniya cüzi fikir ayrılıqlarını çıxmaqla, demək olar ki, bütün həlledici məsələlərdə Vaşinqtonun yanındadır.

 Qeyri-Qərb dünyasına münasibətdə, onun idarə olunması və nəzarətdə saxlanılması geostrategiyasında, hətta Qərbi və Şərqi Avropa geopolitikasında ABŞ və Böyük Britaniyanın mövqeləri ayrılmazdır. Bunu Paris də, Berlin də yaxşı başa düşür. Təsadüfi deyil ki, Avropa İttifaqının daxilində hər hansı böhran meydana çıxdıqda, Böyük Britaniya hətta bu İttifaqla münasibətlərini ayrılma dərəcəsinədək kəskinləşdirir. Bu isə o deməkdir ki, dar ayaqda Böyük Britaniya Avropa İttifaqından imtina edib, ABŞ-ın tərəfini tutacaq.

Avropanın digər dövlətləri isə xüsusi bir iddia ortaya qoymadan, Transatlantizmin onların mənafeyinə toxunmadığı, əksinə, əlverişli olduğu halda, hansı dərəcəyədək irəliləməsini müşahidə edir və həmin məkanın onlar üçün ayrılmış yerində və rolunda qərar tuturlar. Çünki, Şərqdə getdikcə militarist mövqeyini sərtləşdirən Rusiya amili və onun da təbliğ etdiyi Avrasiyaçılıq ideologiyası var. Əlbəttə, Avropanın ikinci, üçüncü dərəcəli dövlətləri üçün transatlantizmin qloballaşması və himayədarlığı Rusiya revanşından daha üstündür. Buna görə də strateji hədəflərin qlobal müstəviyə keçdiyi təqdirdə ABŞ və Avropa arasında fikir ayrılıqlarının əhəmiyyətli şəkildə azalması hiss olunur.

 Bir sözlə, Qərb dünya hegemonluğunu saxlamaq üçün ortaq siyasi mövqe sərgiləməyin vacibliyini yaxşı dərk edir. Qərb həmin siyasi mövqeyi “demokratik prinsiplər”, “humanist dəyərlər” adı altında dünya ictimaiyyətinə qəbul etdirməyə çalışdığından, ilk baxışdan Transatlantizm ideologiyasının konstruktivizmə əsaslandığı haqda təəssürat yaranır. Lakin Qərbin son məqsədinin bəlli olması ilə həmin təəssüratın yanıldıcı olduğu üzə çıxır. “Ərəb baharı” adı altında baş verən hadisələr Qərbin demokratiya, insan hüquqları kimi ali dəyərləri öz məqsədlərinin iyrənc şəkildə gerçəkləşdirilməsi vasitəsinə çevirdiyinin ən bariz örnəyidir.

 Bu xüsusda, Misirdə leqal hakimiyyyətin ardıcıl olaraq bir neçə dəfə devrilməsini xatırlatmaq kifayətdir. Əslində, Liviya, Tunis, Misir, Suriya kimi dövlətlərdə baş verənlər həmin coğrafi məkanda doğulmaqda olan demokratiya rüşeymlərinin məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesdə son məqsədin həmin dövlətlərdə kövrək siyasi mühit yaratmaqla Qərbin diktəsi altında hərəkət edən vassal hakimiyyətlər qurmaq olduğu aydın şəkildə görünməkdədir.

Transatlantizmə alternativ kimi çıxış etməyə və Rusiyanın öndərliyi ilə Şərqdə formalaşmağa iddialı olan avrasiyaçılıq ideologiyasının da eyni üsullarla yeni müstəqillik əldə etmiş dövlətləri öz siyasi maraqlarının təmin olunması vasitəsinə çevirmək cəhdləri göz önündədir. 1991-ci ildən özünün dövlət müstəqilliyini elan etmiş Azərbaycanda, Gürcüstanda, Moldovada və nəhayət, Ukraynada baş verən qanlı hadisələr bu tezisi təsdiqləyən təkzibolunmaz faktlardır. Bu dövlətlər kateqoriyasında dayanan Ermənistanın regionda oynadığı destruktiv rol isə həm Avrasiyaçılıq ideologiyasının, həm də Transatlantizmin həyata keçirilməsi prosesində onun alət kimi istifadə olunmasının bariz nümunəsidir.

Bu tipli dövlətlərin bədbəxtliyi ondadır ki, onlar dünya gücləri tərəfindən istifadə olunduqlarını bilə-bilə, bu çirkin missiyanı yerinə yetirmək vərdişindən əl çəkə bilmirlər. Bir tərəfdən, dünyanın siyasi inkişaf trayektoriyasının cızıldığı Qərbdə möhkəmlənmiş və guya, Ermənistanı dünyanın qabaqcıl ölkələrindən birinə çevirməyi hədəfləyən erməni diasporunun Qərb tərəfindən şər vasitəsinə çevrilməsi Ermənistanın gələcək inkişafına olan azacıq ümidlərin də üstündən xətt çəkir. Digər tərəfdən, Ermənistanda yaşayan və özünü erməni intellektualizminin nümayəndələri kimi görən, lakin dövlətin getdikcə daha dərin uçuruma yuvarlandığını görməyən erməni siyasətçilərinin - əslində, onu idarə edən dar düşüncəli kriminal qrupların hər hansı bir məsələdə konstruktivlik nümayiş etdirəcəyinə ümid bəsləmək sadəlövhlük olardı.

Təkcə Ermənistan nümunəsi həm Qərbin, həm də Şərqin istifadə etdiyi şər texnologiyasında lobbiçilik və terrorizmin nə qədər üstün yer tutduğunu açıq şəkildə göstərir. Hazırda dünyada cərəyan edən gərgin siyasi proseslər, qlobal kapital bölgüsündə artan bərabərsizlik, münaqişə ocaqlarının durmadan çoxalması dünya siyasətində hakim olmağa can atan hər iki ideologiyanın dünyada sabitləşdirici deyil, xaosyaradıcı amilə çevrildiyini söyləməyə əsas verir. Bu baxımdan, transatlantizm və avrasiyaçılıq doktrinalarını bir medalın iki üzü də adlandırmaq olar.

Deməli, dünya nizamının, beynəlxalq siyasi-iqtisadi münasibətlər sisteminin transatlantizm və avrasiyaçılıq maraqları üzərində deyil, bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında, dünya birliyinin bütün subyektlərinin iştirakı ilə rekonfiqurasiyasına ciddi ehtiyac vardır. Xüsusilə, bu prosesdə yeni nəsil dünya dövlətlərinin fəal şəkildə iştirakı zəruridir. Həmin dövlətlərin nümayiş etdirəcəyi birgə siyasi iradə dünyada güc amilinin neqativ faktor kimi ortaya çıxmasını əngəlləyə bilər. Bu baxımdan, geosiyasi maraqların toqquşduğu həssas coğrafi məkanda yerləşən Azərbaycanın indiyə qədər sərgilədiyi rasional və konstruktiv siyasi mövqe yeni nəsil dünya dövlətləri üçün əsl örnəkdir. Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim etməklə, müstəqillik yenicə qazanıldığı halda belə xarici təsirlərdən xilas olmağın, milli maraqlar üzərində dayanan işlək siyasi mexanizm yaratmağın mümkünlüyünü sübut etmişdir.

Bu prosesdə Azərbaycan təsəvvürolunmaz dərəcədə ədalətsizliklərlə, qərəzli münasibətlə qarşılaşmışdır. Vaxtaşırı Azərbaycana qarşı insan haqlarının, söz və mətbuat azadlığının qorunması adı altında edilən təzyiqlər, əslində, onu müstəqil siyasət yeritməkdən imtina etməyə səsləyən cağırışdan başqa bir şey deyil. Lakin belə cəhdlər Azərbaycanı öz haqq yolundan heç zaman döndərə bilməmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyada baş verən siyasi proseslər, qlobal münasibətlər sistemində beynəlxalq hüququn tutduğu yer haqqında söylədiyi bir fikir dərin siyasi məna kəsb edir: “Biz görürük ki, beynəlxalq hüquq normaları işləmir. Kimin gücü varsa, o da haqlıdır və bu, reallıqdır. Bu, xoşagəlməyən reallıqdır, ancaq biz real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq”.

 Real dünya mənzərəsini dəqiqliklə ifadə edən dövlət başçısının bu fikirləri Azərbaycanın gerçək qlobal siyasi proseslərdən düzgün nəticə çıxardığını təsdiq edir. Bu, heç də Azərbaycanın ədalət axtarışı və onun bərpası ümidlərini azaltmır, əksinə, regional və qlobal miqyasda cərəyan edən mürəkkəb prosesləri düzgün qiymətləndirərək, çevik və adekvat xarici siyasət kursu müəyyən etməyə imkan verir. Qarabağ probleminin həlli də məhz bu siyasətin optimallığından asılıdır.

Göründüyü kimi, güc mərkəzləri dünyanın strateji nöqtələrindən biri kimi gördükləri Azərbaycanı onların müəyyən etdikləri siyasi cığırla irəlilətməyə nail ola bilməmişlər. Çünki, dövlətimiz hər hansı beynəlxalq və ya regional ideoloji cərəyanların təsiri altına düşməyin acı nəticələrini yaxşı anlayır.

Əlbəttə, Azərbaycan dünyaya açılmağa başladığı andan indiyədək Transatlantizm və Avrasiyaçılıq ideyalarının perspektivlərini və onların müsbət tərəflərini də nəzərə almışdır. Bu siyasətdə milli maraqlar hər zaman əsas şərt olmuş və olacaqdır. Məhz bu amil Azərbaycanda güclü dövlət – vətəndaş birliyini formalaşdırır, kənar ideoloji təsirlərə qarşı adekvat və kəsərli siyasət müəyyən etməyə imkan verir.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında