Xəzər hövzəsi regionunda cərəyan edən hadisələr dünya siyasətinin axarını müəyyənləşdirən böyük dövlətlərin diqqət mərkəzindədir. Son illər Xəzər hövzəsi ölkələrində neft və qaz yataqlarının istismarında baş vermiş böyük dəyişikliklər, xüsusilə də Azərbaycanın karbohidrogen resurslarının Qərbə daşınmasında əldə etdiyi uğurlar regiona olan marağı daha da artırır. Buna görə də Xəzər hövzəsi regionunun dünya üçün mühüm enerji mənbəyinə çevrilməsi və burada cərəyan edən hadisələrin diqqət mərkəzində qalması enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə də Qərbin alternativ enerji dəhlizlərinin yaradılmasında maraqlı olduğu bir dövrdə Azərbaycanın geosiyasi və geoiqtisadi çəkisi daha yaxşı hiss olunur və ölkəmizə diqqəti artırır.
Azərbaycanın Xəzər hövzəsində böyük neft və qaz ehtiyatı ilə yüksək əməkdaşlıq əlaqələri yaratmağı bacarmış ölkə olduğunu etiraf edən politoloqlar “Odlar yurdu”nun Qərbin enerji təhlükəsizliyini əhatə edən əməkdaşlığını da yüksək qiymətləndirirlər. Belə yüksək əməkdaşlıq əlaqələrinin yaranmasında Azərbaycan tərəfinin də böyük rol oynadığını qeyd etmək vacibdir. Məhz Azərbaycan hökumətinin həyata keçirdiyi praqmatik siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri fəaliyyət göstərir. Azərbaycanın regional müstəvidə cərəyan edən istər siyasi, istərsə də iqtisadi proseslərə müsbət təsir göstərməsi faktı artıq hamı tərəfindən qəbul olunur. Azərbaycanın Cənubi Qafqaz regionunun böyük dövləti kimi, regional enerji təhlükəsizliyinin təmin olunmasında, o cümlədən, ümumbəşəri dəyərlərin müdafiə olunmasında əvəzsiz rol oynaması da diqqətdən yayınmır. Bu fakt da danılmazdır ki, hazırda Azərbaycanın iştirakı olmadan regionda heç bir iqtisadi layihənin reallaşdırılması mümkün deyil. Əlverişli coğrafi mövqeyə və zəngin karbohidrogen mənbələrinə malik olması ölkəmizin regionda mövqelərini xeyli gücləndirmişdir.
Dünya bazarlarında mühüm və etibarlı enerji təchizatçısı kimi tanınan Azərbaycan karbohidrogen ehtiyatlarından səmərəli şəkildə istifadə etməsi ilə fərqlənir. Məhz bunun on minlərlə Azərbaycan vətəndaşı üçün iş yerlərinin açılmasına və ölkənin sürətli iqtisadi tərəqqisinə gətirib çıxarması heç kimə sirr deyil. Belə nailiyyətlərin Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdiyini vurğulayan siyasi müşahidəçilər düşünürlər ki, ölkəmiz regionda müttəfiqləri olan Türkiyə və Gürcüstan ilə sıx işləyərək, Şərq-Qərb enerji dəhlizini- Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Cənubi Qafqaz boru kəmərlərinin inşasını uğurla başa çatdırdı və rəsmi Bakı həyata keçirdiyi bu strateji enerji layihələri ilə tərəfdaşlığa sadiqliyini və əməkdalıq nəticəsində əldə olunan nailiyyətlərini də nümayiş etdirdi. Bu baxımdan alternativ enerji dəhlizlərinin artırılmasında maraqlı olan Qərbin Azərbaycanın strateji rolunu yüksək qiymətləndirməsi anlaşılandır. Xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın oynadığı rolun yüksək qiymətləndirilməsi belə bir mühüm məsələdə ölkəmizə böyük diqqət ayrılmasının qanunauyğunluğunu təsdiqləyir. Bu, həm də onu göstərir ki, Qərb dövlətləri etibarlı tərəfdaşlıq münasibətlərinin inkişafında və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında maraqlıdır və Azərbaycanın karbohidrogen ehtiyatlarının Qərb bazarlarına istiqamətləndirilməsinə yönəlmiş addımları vacib amil hesab edir.
Azərbaycanın geosiyasi əhəmiyyəti təkcə energetika faktoru ilə izah olunmur. Bu məsələ çoxaspektlidir. Politoloqlar Azərbaycanın əhəmiyyətinin yüksək olmasını həm də coğrafi, mədəni, siyasi, geosiyasi, hərbi və iqtisadi faktorlar ilə əlaqələndirirlər. Məlumdur ki, Azərbaycan malik olduğu hərbi potensialına və milli resurslarına görə Cənubi Qafqaz regionunun aparıcı dövləti hesab edilir. Ordu quruculuğuna xərclənən vəsaitlərin həcminə görə də ölkəmiz regionda lider mövqeyə malikdir. Buna görə də Azərbaycan dünyanın müxtəlif bölgələrində sülhməramlı missiyalarda birbaşa iştirakına, beynəlxalq hərbi qüvvələrin qeyri-hərbi ehtiyatlarla təchizatına, təhlükəsiz hava dəhlizinin təqdim olunmasına və digər fəaliyyətlərdə də dəstək göstərilməsində xüsusilə fərqlənir. Bu mənada demək olar ki, Azərbaycanın Avrasiya məkanında oynadığı rol özünün müsbət xarakteri ilə ön plana çıxır və beynəlxalq təhlükəsizlik sistemində layiqli yerini tutur. Azərbaycanın Qərblə Şərq arasında təbii körpü rolunu oynaması nəqliyyat-kommunikasiya dəhlizlərinin inkişafı baxımından strateji əhəmiyyət kəsb edir. Avrasiyanın həm də “giriş qapısı” adlandırılan Azərbaycanın Avropa və Asiya qitələri arasında mühüm qovşaq halına gəlməsi Trans-Qafqaz nəqliyyat dəhlizi (TRASEKA) və Bakı-Tbilisi-Qars dəmir yolu kimi geosiyasi və geoiqtisadi əhəmiyyəti böyük olan layihələrin reallaşmasına şərait yaratmışdır. Qeyd etmək yerinə düşər ki, Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə yüklərin daşınması Bakı-Tbilisi-Qars dəmir yolu xətti fəaliyyətə başlanandan sonra daha da genişlənəcək. Hesablamalara görə, 2020-ci ilədək konteynerlərin sayının 300 mini keçəcəyi gözlənilir. Belə yüksək inkişaf dinamikası nəticəsində Azərbaycanın tranzit daşımalardan böyük məbləğdə gəlir əldə edə biləcəyi proqnozlaşdırılır. Mütəxəssislər düşünürlər ki, Azərbaycana milyardlarla dollar gəlir gətirəcək layihə olan Transxəzər nəqliyyat marşrutu ölkəmizin dünyada mövcud olan iqtisadi əhəmiyyətini daha da artıracaq və marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər nəqliyyat marşrutunun rəqabət gücünün artırılmasına təkan verəcək. Bu marşrutun Avropa ölkələrindən yük göndərənlər üçün də sərfəli olacağını vurğulayan politoloqlar əmindirlər ki, bir sıra dövlətlər Transxəzər nəqliyyat marşrutunun daim təhlükəsiz formada fəaliyyət göstərməsi üçün maraqlı olacaq və bu vəziyyət Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər gətirəcək.
Uzaq Çini dəmir yolu vasitəsilə Avropa qitəsinə bağlayacaq Bakı-Tbilisi-Qars layihəsinin əsas hərəkətverici qüvvəsi və təminatçısı kimi, Azərbaycanın Trans-Asiya nəqliyyat dəhlizində mühüm nəqliyyat qovşağı qismində də çıxış etməsi ölkəmizin transit əhəmiyyətini təsdiqləyir və nəqliyyat potensialının daha da artmasına imkan verir. Asiyanın iqtisadi nəhəngi olan Çin öz məhsullarının Avropaya daşınması məqsədilə bu layihənin gerçəkləşməsinə yüksək maraq göstərir. Proqnozlara görə, dəmir yolu işə düşəndən sonra ilk ildə bu yol vasitəsilə daşınan yüklər 3 milyon ton, sonrakı 5 ildə isə 10 milyon tona çatacaqdır. Əksər təhlilçilər tezliklə digər dövlətlərin də bu layihəyə maraq göstərəcəyini düşünürlər. Bundan başqa, Türkiyədə Bosfor boğazında dəmir yolu xəttinin tam istifadəyə verilməsindən sonra Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi istiqamətində Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyətinin daha da artacağı gözlənilir. Çünki yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılması təmin olunacaq və regional inteqrasiyanın genişlənməsinə şərait yaradacaq. Bu gün artıq heç kim şübhə etmir ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi region ölkələrinin tranzit potensialının artmasına, inteqrasiya proseslərinin sürətlənməsinə, Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. Daha bir strateji məqam ondan ibarətdir ki, “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1993-cü ildə Türkiyə ilə Orta Asiya arasında kəsilmiş dəmir yolu əlaqəsinin yenidən bərpa olunmasına imkan verəcək və bu da türkdilli xalqlar arasında əlaqələrin daha da genişlənməsinə şərait yaradacaq.
Bir sözlə, mühüm enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycan geosiyasi müstəvidə əhəmiyyətini daha da artırmağa müvəffəq olmuşdur. Şərqlə Qərb arasında strateji mövqeyindən uğurla yararlanan Azərbaycan Avrasiya məkanında əlverişli tranzit əhəmiyyətli ölkəyə, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilməyi bacarmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxaspektli siyasət nəticəsində ölkəmiz regional və beynəlxalq səviyyədə mövqelərinin möhkənlənməsinə nail olmaqla yanaşı, geosiyasi anlamda güc mərkəzlərinin daim diqqət mərkəzində qalması üçün əhəmiyyətini də artırmışdır.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.