Suverenlik Kataloniyaya problemlər vəd edir

Kataloniya İspaniyadan ayrılmaq üçün daha bir addım atdı. Ötən həftə keçirilmiş regional parlament seçkilərində müstəqillik ideyasını dəstəkləyən partiya nümayəndələrinin qalib gəlmələri məhz belə düşünməyə əsas verir. Siyasi müşahidəçilər əmindirlər ki, Kataloniya suveren dövlət olarsa, Avropa Birliyinin siyasi və iqtisadi panoraması ciddi transformasiyaya uğrayacaq.

İspaniyanın Kataloniya regionunda yerli hakimiyyətə müstəqillik tərəfdarlarının gələcəkləri artıq faktdır. Səsvermənin nəticələrinə görə, 135 yerlik parlamentdə 62 deputat mandatı  “Birlikdə ”hə"" Partiyasına, 10 mandat isə “Milli Birlik Namizədləri” Partiyasına çatacaq. Siyasi müşahidəçilər vurğulayırlar ki, indi hər iki partiya regionun ayrılmasına yönəlmiş addımları müəyyənləşdirmək məqsədilə koalisiya yaratmaq barədə danışıqlara başlamalıdır. Ancaq rəsmi Madrid Kataloniyada cərəyan edən son hadisələrə regional parlament seçkiləri prizmasından baxdığını açıqlayır. İspaniya hökuməti əmindir ki, müstəqillik tərəfdarları reallıqları yaxşı anlayır və ölkənin ərazi bütövlüyünü təhlükə altına atacaq addımlardan çəkinəcəklər. Xatırladaq ki, ötən il Kataloniya rəhbərliyi müstəqillik haqqında refendum keçirmək istədiklərini bildirmişdilər, lakin mərkəzi hökumətin Konstitusiya Məhkəməsinə müraciətindən sonra ümümxalq səsverməsi təxirə salınmışdı. Bununla belə, həmin ərəfədə Kataloniyada aparılmış qeyri-rəsmi rəy sorğularında region əhalisinin təqribən 80 faizi suverenlik tərəfdarı olduğunu açıq şəkildə bildirmişdi.

Bəs Kataloniya sakinləri reallıqları müstəqillik arzularına qurban verməklə nəyə nail ola bilərlər? Politoloqlar əmindirlər ki, Kataloniya İspaniyadan ayrılarsa, o zaman bu vəziyyət Avropa Birliyinin ən yeni tarixində misli görünməmiş hadisə kimi “Köhnə dünya”nın siyasi və iqtisadi panoramasını dəyişməklə yanaşı, çoxaspektli ciddi problemlərin yaranmasına da gətirib çıxaracaq. Hazırda İspaniyanın 47 milyonluq əhalisinin təqribən 7,5 milyon nəfəri Kataloniyada yaşayır və bu bölgə iqtisadi baxımdan ölkənin ən mühüm  və zəngin regionudur. Belə ki, Kataloniyanın ölkənin ümumi daxili məhsul (ÜDM) istehsalında payı təqribən 20 faizə bərabərdir. İspaniya ixracatının 25 faizi də katalonlara məxsusdur. Bundan başqa, hər il Kataloniya dövlət büdcəsinə təqribən 62 milyard avro ödəyir. Mərkəzi hökumətin büdcədən regiona qaytardığı məbləğ isə 45 milyard avro təşkil edir. Yəni Kataloniya ödədiyindən daha az transfer alır. Digər mühüm göstəricilərə görə də katalonlar öndə gedirlər. Məsələn, burada işsizliyin səviyyəsi ölkə üzrə ümumi göstəricidən aşağıdır. ÜDM-nin adambaşına düşən səviyyəsinə görə də Barselona (26,5 min avro) hətta paytaxt Madridi(22,5 min avro) belə üstələyir.                   Göründüyü kimi, Kataloniya iqtisadi baxımdan xeyli yaxşı göstəricilərə malikdir. Ancaq suveren dövlət olarsa, bu göstəriciləri təkrarlaya biləcəkmi? Məhz bu məsələdə politoloqlar ortaq məxrəcdən çıxış edirlər. Çünki İspaniyadan ayrılacağı təqdirdə region xarici ticarət sahəsində ən böyük zərbəni alacaq. Belə ki, Kataloniyanın xarici ticarət əməliyyatlarında İspaniyanın digər regionları üstünlük təşkil edir- 44 milyard avro. Regionun Avropa Birliyi ilə xarici ticarətinin həcmi 37 milyard avro təşkil etdiyi halda, dünyanın digər ölkələrinə 22 milyon avro məbləğində müxtəlif məhsullar satır. Buna görə də, müstəqillik elan edəcəyi təqdirdə Kataloniyanın İspaniyada satışı 50 faiz aşağı düşəcək. Bundan başqa, logistika və sərhəd buraxılış məntəqələrindən keçmək kimi prosedurlarla bağlı xərclərin artacağı da qaçılmaz olacaq. Bəs təqaüdlərin verilməsi necə həll olunacaq? İspaniya pensiya sistemi təqaüd yaşına çatmamış işləyən vətəndaşların ödəmələri nəticəsində formalaşır. Kataloniya ayrılacağı halda, katalonların mərkəzi hökumətdən təqaüd ala biləcəklərmi? Axı rəsmi Madridin başqa dövlətin vətəndaşlarına çevrilmiş pensiyaçılarına təqaüd ödəyəcəyinə kim zəmanət verə bilər?

Kataloniyanı təkcə sadaladığımız çətinliklər gözləmir. İspaniyanın “El Mundo” qəzeti yazır ki, əgər regionun mərkəzdən ayrılması baş verərsə, o zaman Kataloniya avrozonadan kənarda qalacaq. Doğrudur, Kataloniyanın avrodan milli valyuta kimi istifadə etmək imkanı olacaq, lakin Avropa Mərkəzi Bankının üzvü olmadığından pul-kredit və vergi-büdcə siyasəti yürüdə bilməyəcək. Avrodan belə istifadə edən ölkələr var. Məsələn, Monako, Vatikan, San-Marino və Andorra avrozona iştirakçısı deyil, amma bu ölkələr Avropa Mərkəzi Bankı ilə müvafiq razılaşma imzaladıqlarına görə avrodan rəsmi valyuta və leqal ödəmə vasitəsi kimi istifadə etmək hüququna malikdirlər. Kosovo və Monteneqro da avrodan istifadə edir, lakin avrozona üzvü deyil və onlardan avro alınması yalnız kommersiya bankları tərəfindən həyata keçirilir. Suveren Kataloniyanın Avropa Mərkəzi Bankının üzvü olmaması isə o deməkdir ki, region birbaşa kredit almaqdan məhrum olacaq. Belə bir vəziyyətlə üzləşməmək üçün Kataloniya rəhbərliyi Andorra  və ya Monako kimi, Avropa Birliyi ilə razılaşma əldə etməlidir. Ancaq bunun üçün Avropa Şurası öz razılığını verməlidir, bunun da mümkünlüyü real görünmür. Çünki rəsmi Madridin icazəsi olmadan Avropanın digər ölkələrinin katalonlara razılıq verəcəkləri ağlabatan deyil. Bir də ki, Avropanın əksər ölkəsində separatçılığa meyilli regionallar var. Burada təkcə Böyük Britaniyanı xatırlatmaq kifayətdir.

Kataloniyanın suverenlik arzusu həm də “Barcelona” futbol klubunu ümidsiz vəziyyətə sala bilər. Axı region İspaniyadan ayrı olarsa, bu məşhur komanda hansı çempionatda iştirak edəcək? İspaniya çempionatının reqlamentinə əsasən, əcnəbi klublardan yalnız Andorra komandası La Liqada iştirak edə bilər. Digər müstəqil ölkələrin klublarına belə iştirak hüququ verilmir. Kataloniyanın müstəqil olacağı təqdirdə “Barcelona” məşhurluğunu itirəcək və bu da çox böyük məbləğdə pul itkisi deməkdir. Çünki hansısa ciddi sponsorun yalnız Kataloniya çempionatına qatılacaq “Barcelona” komandasına böyük vəsait ayırmağa risk edəcəyi ağlabatan deyil. Göründüyü kimi, suverenlik iddiası Kataloniyaya ciddi problemlər vəd edir. İndi reallığı yaxşı bilən katalonlar da ümid edirlər ki, region BöyükBtitaniyadan ayrılmağı doğru saymayan Şotlandiyanın yolunu tutacaq. Əks-halda, Avropa Birliyi “Köhnə dünya”nın siyasi və iqtisadi mənzərəsini dəyişməyə cəhd edən regiona ancaq problemlər yaşadacağı qaçılmaz olacaq.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında