Azərbaycanlı deputatın məruzəsi Avropa Şurasında böyük maraqla qarşılanıb

Avropa Şurasında müzakirəyə çıxarılan məruzələrin hər birində aktuallıq, qitədə və dünyada daha demokratik ictimai-siyasi mühit quruculuğuna müsbət təsir əsas şərt kimi götürülür. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası da istisna olmadı. Lakin bu sessiya ərzində dinlənilən hesabatlar içərisində əksəriyyətin təsdiq etdiyi kimi ən uğurlusu Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sentyabrın 30-da müzakirə edilən “Etiqad azadlığı və demokratik cəmiyyətdə birgəyaşayış” adlı məruzəsi oldu.

Ən adi statistika da bunu təsdiqləyir ki, digər məruzələrlə bağlı müzakirələrə 10-20 nəfər deputat yazılsa da, R.Hüseynovun hesabatı ilə əlaqədar diskussiyalara İsveçdən, İslandiyadan, Belçikadan, Albaniyadan, Rumıniyadan, Böyük Britaniyadan, Macarıstandan, Fransadan, İsveçrədən, Almaniyadan, İspaniyadan, İrlandiyadan, Gürcüstandan, Monteneqrodan, Bosniya və Herseqovinadan, eləcə də Assambleyaya üzv olmayan Mərakeşdən, İsraildən, Fələstindən və digər ölkələrdən 40-a yaxın çıxışçı qatıldı. Çünki problem hər kəs üçün ciddi maraq kəsb etdiyi kimi, məsələnin məruzədəki balanslaşdırılmış, obyektiv həlli də Avropanın müxtəlif ölkələrindən olan nüfuzlu siyasətçiləri müzakirəyə qoşularaq fikirlərini bölüşməyə cəlb edirdi.

 Əvvəlcə Assambleyaya üzərində il yarım işlədiyi məruzənin mahiyyəti və başlıca istiqamətləri ilə bağlı məlumat verən Rafael Hüseynov dedi: “Azadlıq duyğusu insanla birgə doğulur və həyatı boyu onunla qalır. İnsan var olduqca azad yaşamaq istəyir, çeşid-çeşid azadlıqlara doğru can atır və təməl azadlıqlar sırasında etiqad azadlığının xüsusi yeri var. Yer üzündə ayrı-ayrı fərqləri olan müxtəlif dinlər var. Lakin bütün dinlərin bünövrəsində dayanan etiqaddır. Etiqad azadlığına isə hər insan daim ehtiyac duyur. Həmin səbəbdən də etiqad azadlığı ilə bağlı söhbətlər və düşüncələr əslində hər bir insan övladına aid mövzudur. Dinlər və mədəniyyətlər arasında dialoq, etiqad azadlığı, Avropada və dünyada daha tolerant bit mühitin formalaşması problemləri son bir neçə ildə Assambleyada diqqət mərkəzində saxlanan mövzulardır. Təsadüfi deyil ki, son illərdə bu haqda Avropa Şurasında bir sıra məruzələr dinlənilib və qətnamələr qəbul edilib. Onların bir qisminin də müəllifi, yaxud həmmüəllifi mən olmuşam. Hazırkı məruzə həmin silsilənin davamı olsa da, təbii ki, problemlə bağlı bütün suallara cavab verən sonuncu araşdırma olmaq iddiasında deyil. Əlbəttə ki, bu xətt davam etdiriləcək. Çünki dəyişən dünyamızın özü bunu zəruri edir. Təsəvvür edin ki, bir il yarım bundan əvvəl biz bu tədqiqata başlayanda məruzənin ilkin sərlövhəsi ”Etiqad azadlığı və dini təcrübələr" idi. Lakin dünyanın, eləcə də Avropanın ictimai-siyası həyatında baş verən bir sıra hadisələr, etiqad məsələləri ilə əlaqələndirilən ayrı-ayrı terror aktları istər-istəməz  mövzu dairəsinin genişləndirilməsinə gətirib çıxardı.

 2015-ci ilin ilk yanvar günlərində Parisdə, yenə bu ilin fevralında Kopenhagendə baş verən qanlı terror aktları, Fransada yəhudi məzarlarına qarşı edilən hörmətsizliklər və digər bu qəbil zorakılıq aktları sövq etdi ki, dinlər mövzusu, etiqad azadlığı məsələlərini biz ümumən demokratik cəmiyyət anlayışı, birgəyaşayış problemi müstəvisində nəzərdən keçirək. Cərəyan edən proseslərin diktəsi ilə məruzə indiki çərçivədə həllini tapdı. Biz həmin gedişatda müxtəlif dinləri - xristianlığı, iudaizmi, islamı təmsil edən mütəxəssislər və din xadimlərinin iştirakı ilə beş dəfə ətraflı müzakirələr apardıq. Əgər hansısa başqa ən mübahisəli, ən həssas mövzularla bağlı hazırlanan məruzələrdə 1 və ya 2 kollokvium, “dəyirmi masa” ilə kifayətlənmək yetərli sayılırsa, burada istiqamətlərin çoxluğu, problemin rəngarəngliyi və ilk növbədə də mövzunun fəlsəfəsi daha davamlı və çoxşaxəli müzakirələr tələb edirdi. Çünki problem bizim də bir parçası olduğumuz müasir cəmiyyətdə yaşayan insanların bağlı olduğu bütün aparıcı dinlərin mövqeyini dərindən öyrənmək, düzgün nəticələrə gəlməkdən ötrü böyük əhəmiyyət kəsb edirdi. Biz adətən tolerantlığı müasir cəmiyyətin həyatında daim bərqərar olmalı bir element sayır, onu təqdir və təbliğ edirik. Artıq Avropa və dünya birgəyaşayışın elə bir mərhələsindədir ki, bunsuz keçinmək mümkün deyil. Lakin bizim gəldiyimiz əsas qənaətlərdən biri budur ki, sadəcə dözümlülük arzusunda olduğumuz, qurmaq istədiyimiz ideal cəmiyyət və birgəyaşayış üçün azdır. Elə bir zaman gəlib çatıb, xalqların təmaslarının, qaynayıb-qarışmasının elə bir həddinə yetişmişik ki, biz bir-birimizə dözməyi, bizimlə yanaşı mövcud olan digər mədəniyyət və dinlərə anlama duyğusu ilə yanaşmağı kafi saymaqla qala bilmərik. Cəmiyyətlərimizdəki çoxdinliliyi biz ortaq sərvətimiz kimi qavramalı, ondan bəhrələnməyə, zənginləşmə üçün bir vasitə kimi istifadə etməyə çalışmalıyıq. Yəni taleyin, vaxtın gedişatının bizə qismət etdiyi bu rəngarəngliyi barışmalı olduğumuz reallıq kimi yox, qazancımız, üstünlüyümüz kimi dərk edəndə yaşamaq da asanlaşır, cəmiyyət də saflaşır.

“Birgəyaşayış” ifadəsi ortaq evimiz olan Avropa, müştərək yuvamız olan dünya deməkdir. Digər din və mədəniyyətlərə də öz etiqad və ənənələrimizə, mədəni sərvət və dəyərlərimizə yanaşdığımız ehtiramla yanaşanda, mühitimizin demokratik ab-havası da daha artıq sağlamlaşır. Əksinə olanda cəmiyyətdə yeni çatlar törəyir, arzuolunmaz təlatümlər, ziddiyyətlər bir-birini əvəz etməyə başlayır. Nə xristianlıq, nə islam, nə iudaizm, nə də təməl kitabı olan başqa böyük dinlər heç vaxt zorakılığı təbliğ etməyib, əksinə həmişə insanları dostluğa, ülfətə səsləyib, qarşılıqlı ehtirama kökləyib. Tarixi təcrübə də onu təsdiqləyir ki, ortaya çıxan problemlərin, qarşıdurmaların təməlində də çox zaman bir-birini yaxşı tanımamaq, bir-birinə daha yaxşı bələd olmağa təşəbbüs göstərməmək dayanıb. Digər bir amil də ondan ibarətdir ki, müasir cəmiyyətlərdə adətən dini, mədəni, etnik zəmində baş verməsi təəssüratları oyatmağa çalışılan konfliktlərin özülündə əslində tamam başqa məkrli niyyətlər, siyasi hədəflər durur. Sadəcə, din, mədəniyyət, etnik fərqlilik kimi anlayışlar möhtəkirlik vasitəsinə döndərilir, qərəzli, çirkin  məqsədlərlə, cəmiyyətləri çaşdırmaq üçün önə çəkilir. İndi söyləyəcəyim ibrətli hekayəti müasir həyat özü yaradıb".

Deputat ayrı-ayrı dinlərə və millətlərə məxsus olan, əsrlərin sınağından keçib gələn bəzi adətlər, ənənələr, təcrübələrlə bağlı məqam üzərində də dayanıb. O bildirdi: “Təəssüflər ki, ”dini təcrübələr" deyə təqdim olunan bir sıra adətlər əslində heç din mənşəli deyil. Xalqların özünəməxsusluğunu, yaşadığı mühit və tarixi şəraitlə əlaqəli bir sıra vərdişlərini, ənənələrini, adətlərini, təcrübələrini dərindən araşdıranda əmin olursan ki, əslində dinlərin onlara müdaxiləsi tarixən müəyyən nizam yaratmaq məqsədi ilə baş verib. Birgəyaşayışa, yanaşı mövcudluğa ziyan vurmayacaq səviyyədə olan bu qəbil adət və təcrübələrin də hər birinə anlama duyğusu ilə, hörmətlə yanaşmaq gərəkdir. Yəni, demokratik cəmiyyətlərin sakinləriyiksə öz haqlarımızla başqalarının hüquqlarının sərhədlərini həmişə dəqiq gözləməyimiz lazımdır. Ölkələr arasında sərhədlərin getdikcə tamamilə aradan qalxdığı, şəffaflığın daha da çoxaldığı şəraitdə biz bu demokratik, mənəvi sərhədləri arzu olunan səviyyədə qoruya bildikcə  birgəyaşayışın da problemləri azalar, cəmiyyət də daha artıq demokratikləşər". 

Daha sonra Rafael Hüseynov Avropa Şurasında təcili müzakirə təriqi ilə gündəliyə salınmış, bir gün əvvəl çox geniş müzakirə edilmiş Avropaya qaçqın axınları məsələsinə toxunaraq dedi: “Biz burada dünən dəhşətli hadisəni, minlərlə insanın - kişilərin, qadınların, uşaqların, qaçqın və miqrantların çəkdiyi məşəqqətlər barədə həyəcanlı müzakirələr apardıq. Görünən kədərli həqiqət budur ki, sanki Avropa qalası ona sığınan insanları qorumaq gücündə deyil və bunu az qala təcavüz kimi qəbul edir. Avropa dövlətləri bu qaçqın axınları qarşısında gücsüz qalaraq onların önündə sərt divar çəkməyə başladı. Avropaya kənardan gələn bu problem bütün qitəni silkələdi. Lakin Avropanı içəridən silkələyən fanatizm, dini ekstremizm, dözümsüzlük, ksenofobiya kimi digər ağır problemlər də var ki, demokratik cəmiyyətdə birgəyaşayış üçün bunlar daha sarsıdıcı ziyanlar vurmaq iqtidarındadır.

 Biz Avropa Şurasında dinlər arasında dialoqu daimi müzakirə mövzusu edən, ortaya çıxan problemlərə ləngitmədən reaksiyalar verən bir platformanın mövcudluğunu zəruri sayırıq. Biz, eyni zamanda, Avropa təhsil şəbəkəsində dinlərlə bağlı biliklərin gənc nəsillərə öyrədilməsinin sistemə salınmasını tövsiyə edirik. Bu halda məktəb özü dinlərin, etiqadların bir görüş yerinə çevrilər. Bu cəhalətə, gözüyumulu etiqada, müxtəlif dini cərəyanların təsirinə düşməkdən xilas olmağa, təbii ki, həm də dinlərin fəlsəfəsini, böyük humanist mənasını anlamağa da real vasitə olar. Bu elə incə və əhəmiyyətli məsələdir ki, mütləq dövlətlə dini icma və qurumların sıx əlaqəsi və əməkdaşlığını tələb edir".

Rafael Hüseynovun hazırladığı məruzənin müzakirələrində iştirak edən isveçrəli deputat Alfred Heer, islandiyalı Oqmundur Yonasson, ukraynalı Pavlo Unqurian, moldovalı Valeriu Gileçi, ingiltərəli Rocer Geyl, litvalı Gediminas Yakovonis, almaniyalı Aksel Fişer və başqaları bu araşdırmanı Avropa Şurasının ən müvəffəqiyyətli layihələrindən sayaraq müəllifin zəhmətini yüksək qiymətləndirdilər. Çexiya Respublikasından Qabriela Peskova, İsraildən Esavi Frey, fransalı deputat Marivone Blondin, Almaniyadan Tomas Feist, Albaniyadan Namik Dokle və digərləri bu qədər həssas bir məsələdə bunca dəqiq nəticələrə gəlməyi, belə ustalıqla tənzimlənmiş, ədalətli, bütün tərəfləri razı salacaq mövqe ifadə etməyi məruzəçinin yüksək elmi və siyasi səriştəliliyinin, fikirlərini məharətlə ifadə edə bilmək qabiliyyətinin nəticəsi olduğunu söylədilər. Siyasi qrup adından çıxış edən ukraynalı deputat Sehriy Kiral Assambleya üzvlərinə müraciət edərək onları mütləq R.Hüseynovun bu məruzəsini bir daha yenidən diqqətlə oxumağa çağırdı: “Bu əla hazırlanmış, son dərəcə yüksək elmi səviyyədə və hər kəsin ən mürəkkəb problemləri rahat anlayacağı tərzdə qələmə alınmış məruzə dönə-dönə oxunmağa layiqdir. Orada ifadə olunan mövqe, göstərilən yollar isə Avropa Şurasına üzv olan ölkələrdə bir meyar olaraq istifadə edilməlidir”. 

Ermənistan nümayəndə heyətinin müzakirələrə təxribatçı çıxışla qatılan, Azərbaycandakı tolerantlıq mühiti barədə böhtançı, saxta fikirlər söyləyən nümayəndəsinə cavab verən məruzəçi Rafael Hüseynov bildirdi: “Azərbaycanın bütün dünyada ən nümunəvi tolerant ölkələrdən biri olması o qədər aşkar həqiqətdir ki, bunun haqqında əlavə söz açmağa belə ehtiyac yoxdur. Məhz bütün bunları nəzərə alaraq 2014-cü ilin sentyabrında Avropa Şurası dinlərarası dialoqa həsr edilən, dünyanın müxtəlif ölkələrindən gələn və ayrı-ayrı dinləri təmsil edən yüzlərlə din xadimi və alimin iştirakı ilə keçirilən möhtəşəm elmi konfransa ev sahibliyini Azərbaycana həvalə etdi”.

Üç saata yaxın çəkən qızğın və əhatəli müzakirələrdən sonra məruzənin qətnamə layihəsi səsə qoyularaq qəbul edildi.

Rafael Hüseynovun “Etiqad azadlığı və demokratik cəmiyyətdə birgəyaşayış” adlı məruzəsinin uğurla keçən müzakirələri haqda Avropa Şurasının rəsmi internet saytında da geniş yazı yerləşdirilib.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında