“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə əlaqədar Milli Məclisin iqtisadi siyasət, təhlükəsizlik və müdafiə, təbii ehtiyatlar, energetika və ekologiya, aqrar siyasət və sosial siyasət komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bu ali maliyyə sənədinin hazırlanmasının həmişə dövlətimizin başçısının diqqət mərkəzində olduğunu deyib. O bildirib ki, 2016-cı il dövlət büdcəsi bir neçə dəfə hökumət səviyyəsində müzakirə obyekti olub və sentyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilən müşavirə keçirilib.
Vurğulanıb ki, dövlət büdcəsi ilk növbədə ölkənin milli maraqlarına, iqtisadi təhlükəsizliyinə cavab verir və Azərbaycanda həyata keçirilən sosial proqramların daha da davam etdirilməsini, onun mahiyyətinin daha da dərinləşməsini zəruri edir. Qlobal maliyyə böhranının törətdiyi fəsadlara baxmayaraq Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edir.
İclasda maliyyə naziri Samir Şərifov çıxış edərək 2015-ci il üçün ölkəmizin makroiqtisadi vəziyyəti və ona təsir edən amilləri şərh edib, 2016-cı il üzrə dövlət büdcəsi layihəsinin əsas parametrləri haqqında danışıb. Nazir bildirib ki, dünyada baş verən təzadlı böhrana baxmayaraq dövlətimizin başçısının hökumətin qarşısında qoyduğu vəzifələrə uyğun olaraq sosialyönümlü tədbirlərin həyata keçirilməsi, ölkənin hərbi potensialının gücləndirilməsi, əhalinin sosial müdafiəsinin təmin olunması prioritet olaraq qalır. Samir Şərifov deyib ki, 2016-cı ildə dövlət büdcəsi layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq şəkildə hazırlanıb. Gələn il də nəzərdə tutulan bütün sosial öhdəliklər, əsasən təhsil, səhiyyə, sosial, mədəniyyət proqramları və layihələri, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və maliyyə təminatının yaradılması, pensiya təminatı üzrə maliyyə dayanıqlılığının daha da artırılması qarşıda dayanan mühüm vəzifədir.
Nazir vurğulayıb ki, 2016-cı ilin dövlət və icmal büdcə layihələrinin tərtibi zamanı İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı makroiqtisadi proqnoz göstəricilərinə müvafiq olaraq ümumi daxili məhsulun 1,8 faizlik, qeyri-neft ümumi daxili məhsulunun isə 3,4 faizlik artım surəti əsas götürülüb. Dövlət və icmal büdcələrinin hazırlanması, gəlirlərin əsasında hesablanması üçün 1 barrel xam neftin satış qiyməti 50 ABŞ dolları səviyyəsində qəbul edilib. Söhbət orta illik qiymətdən gedir. Neft qiymətlərinin büdcə gəlirlərinin formalaşmasında ən təsirli faktor olduğunu nəzərə alaraq baza, yəni, 50 ABŞ dolları qiyməti üzərində qurulmuş büdcə ilə yanaşı, alternativ büdcə ssenariləri də hazırlanıb. Bunlar özündə orta illik neft qiyməti 60 ABŞ dolları optimist və 40 ABŞ dolları pessimist səviyyəsində olan ssenariləri birləşdirir.
Qeyd edilib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25,2 faiz həcmində olmaqla 14 milyard 566 milyon manat, xərcləri isə ümumi daxili məhsulun 28,2 faiz həcmində olmaqla 16 milyard 264 milyon manat proqnozlaşdırılıb. Dövlət büdcəsi xərclərinin 62,6 faizi və yaxud 10 milyard 188 milyon manatı cari xərclərə, 29,7 faizi və yaxud 4 milyard 826 milyon manatı əsaslı xərclərə, 7,7 faizi və yaxud 1 milyard 250 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 milyard 602 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 1 milyard 590 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır. Son 2 ildə həyata keçirilməsinə başlanılan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin tədricən azaldılması siyasəti gələn il də davam etdiriləcək. Belə ki, 2016-cı ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 6 milyard manat transfert proqnozlaşdırılır ki, bu da 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 26,2 faiz az deməkdir. 2016-cı il dövlət büdcəsinin gəlirlərinin 6 milyard 773 milyon manatı və yaxud 46,5 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləğinin azalması fonunda 2016-cı ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi cari ilin gözlənilən icrası ilə müqayisədə 11,8 faiz çox artacaq.
Samir Şərifov bildirib ki, əvvəlki illərin büdcəsindən öz yığcamlığı ilə fərqlənən 2016-cı ilin dövlət büdcəsinin xərcləri real olmaqla Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi kursun ardıcıl surətdə davam etdirilməsinə, qarşıda duran bütün sosial proqramların və dövlət vəzifələrinin yerinə yetirilməsinə maliyyə təminatını yaradacaq.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış edərək bildirib ki, dövlət büdcəsi zərfində hər il İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanan Azərbaycan Respublikasının növbəti il və ondan sonrakı üç il üçün inkişaf konsepsiyası və sosial-iqtisadi proqnoz göstəriciləri təqdim edilir. Konsepsiya və proqnoz göstəriciləri hazırlanarkən dünya iqtisadiyyatında baş verən proseslər, ölkənin sosial-iqtisadi inkişafının mövcud vəziyyəti təhlil edilir və respublikamızda qəbul olunmuş inkişaf konsepsiyası və bütün proqramlar nəzərə alınır. Dünyada baş verən iqtisadi, siyasi və humanitar böhran fonunda ölkəmizin əldə etdiyi nailiyyətləri qorumaq, iqtisadi inkişafı təmin etmək üçün prioritetlər bu konsepsiyada müəyyən edilib.
Qeyd edilib ki, ölkənin ödəmə qabiliyyətini müəyyən edən tədiyyə balansının növbəti illərdə də müsbət saldosu qorunacaq. 2016-cı ildə ticarət balansı 7,6 milyard dollar, cari hesab balansı isə 1,9 milyard dollar müsbət saldo ilə proqnozlaşdırılıb. Bu müsbət saldonun orta müddətdə də davam edəcəyi proqnozlaşdırılır.
Diqqətə çatdırılıb ki, son illərdə olduğu kimi, 2016-cı ildə də iqtisadi artım qeyri-neft sektorunun hesabına təmin ediləcək. Cari ilin sonuna qeyri-neft sahəsinin 5,9 faiz, 2016-cı ildə isə 3,4 faiz artacağı pronozlaşdırılıb. Tikinti sektorunu nəzərə almasaq qeyri-neft sektoru 5,3 faiz artacaq, Qarşıdakı illərdə qeyri-neft sektorunun inkişafında, bu sahədə istehsal və ixrac potensialının artırılmasında qeyri-neft sənayesi əhəmiyyətli rol oynayacaq. Son illərdə ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub, ənənəvi sənaye sahələri genişləndirilməklə bərabər, kosmik, müdafiə, alternativ enerji, gəmi istehsalı kimi yeni sənaye sahələri yaradılıb. Sumqayıt sənaye parkında istehsala başlamış müəssisə tərəfindən cari ilin ötən dövründə 45 milyon dollarlıq sənaye məhsulu istehsal olunaraq Türkmənistana ixrac olunub. Bu da bizim ixrac potensialına öz töhfəsini verir. 2016-cı ildə qeyri-neft sənayesində 9 faiz, aqrar sektor üzrə 5,5 faiz, xidmət sektorunda 4,8 faiz artım proqnozlaşdırılıb.
Vurğulanıb ki, əldə olunmuş nailiyyətlər, qabaqlayıcı tədbirlərin görülməsi, mövcud resursların səfərbər olunması və onların səmərəli istifadəsi, koordinasiyanın gücləndirilməsi qarşıdakı illərdə ölkə iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən qoruyacaq və onun davamlı inkişafını təmin edəcək.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək bildirib ki, 2015-ci ilin ötən dövrü müxtəlif istiqamətli iqtisadi və siyasi proseslər, bu proseslərin doğurduğu ehtimal olunan və gözlənilməz nəticələr, həmçinin bütün bu proseslərə əhəmiyyətli dərəcədə təsir göstərən silahlı münaqişələrin güclənməsi ilə xarakterizə oluna bilər. Bu amillər isə ayrı-ayrılıqda və kompleks şəkildə dünya ölkələrinin iqtisadi inkişafına təsirsiz ötüşməyib. Qeyd olunan qeyri-müəyyənliklər fonunda isə ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə yenə də stabil inkişafının qorunması istiqamətində dayanıqlı siyasətini davam etdirib və beynəlxalq aləmdə etibarlı tərəfdaş olduğunu bir daha sübut edib. Belə ki, cari ilin ötən dövründə əsas makroiqtisadi parametr olan ümumi daxili məhsulun real artım tempi qorunub saxlanılıb. 2016-cı il üçün qeyri-neft sektorunun payının yüksəlməsi, əhalinin gəlirlərinin artması və sosial müdafiə baxımından həssas olan vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı çoxşaxəli tədbirlər proqnozlaşdırılıb.
Qeyd edilib ki, hazırda həm iqtisadiyyatı təbii resurslardan asılı, həm də neft idxalatçısı olan ölkələr üçün qarşıdakı dövrdə neftin qiymətinin hansı səviyyədə olacağı ilə bağlı proqnozlar əhəmiyyətli olması ilə yanaşı, həm də ciddi müzakirə predmetidir. Müxtəlif qurumların və maliyyə agentliklərinin verdikləri proqnozları ümumilləşdirsək, hesab edirik ki, orta müddətli dövrdə neftin qiyməti barədə büdcə sənədlərindəki proqnoz göstəricisi məqbuldur və ehtiyatlı yanaşmadır.
Bildirilib ki, büdcə gəlirlərində təkmilləşdirmə işləri növbəti ildə də davam etdiriləcək. Belə ki, növbəti ildə ötən illərdən fərqli olaraq büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarla yanaşı, məqsədli büdcə fondlarından daxilolmalar da proqnozlaşdırılıb. Gələn il üçün dövlət büdcəsi xərclərinin funksional bölmələrinin tərkibi təkmilləşdirilib, bir sıra bölmələrdə əməyin ödənişi, subsidiya və transfertlərlə bağlı ilk dəfə olaraq vəsait nəzərdə tutulub.
V.Gülməmmədov bildirib ki, Hesablama Palatası Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmiş “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin “Büdcə sistemi haqqında” Qanuna və digər qanunvericilik aktlarının tələblərinə uyğun hazırlandığını və təqdim edildiyini nəzərə alaraq layihənin Milli Məclisdə müzakirə olunmasını tövsiyə edir.
Daha sonra müzakirələr başlayıb.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov çıxış edərək bildirib ki, büdcə daxilolmalarının artırılması üçün müvafiq sahələrə müvafiq dəstək verilməlidir. Bu müvafiq dəstək ancaq kreditlə, maliyyə dəstəyi ilə deyil, həm də qanunvericilik səviyyəsində tənzimlənməli, güzəştlər edilməli və ilk növbədə, ixracyönümlü sahələrə, müəssisələrə, sahibkarlara dəstək verilməlidir. Valeh Ələsgərov vurğulayıb ki, təqdim olunmuş dövlət büdcəsi layihəsi yüksək səviyyədə hazırlanıb, reallıqları əks etdirir.
Milli Məclisin deputatları qanun layihəsi ilə bağlı fikirlərini bildirib, təkliflər səsləndirib, layihənin yüksək səviyyədə hazırlandığını söyləyiblər.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.