Bu gün qloballaşma proseslərinin hegemonluğunu, həmçinin açıq şəkildə Azərbaycana qarşı aparılan informasiya müharibəsinin aqressiv xarakterini nəzərə aldıqda, mədəniyyət siyasətinin səmərəli təşkili mühüm əhəmiyyət kəsb edir. Ölkənin beynəlxalq imicinin formalaşmasında “mədəni mexanizmlərə” məhəl qoymamaq, əslində, diplomatiyadan imtina etməyə bərabərdir.
Total qloballaşma şəraitində isə bu, millətin mədəni mənsubiyyətinin qorunmasında ciddi təhlükələrin yaranmasına səbəb ola bilər. Bu kontekstdə həmin məsələnin ölkədə milli təhlükəsizliyin qorunması ilə birbaşa əlaqəsi var.
Bu gün “mədəni siyasət” termini leksikonumuzda artıq kifayət qədər tez-tez görünür. Bir müddət əvvəl isə “mədəni siyasət” termini ilə biz yalnız Qərb elmi ədəbiyyatının səhifələrində qarşılaşırdıq.
Bundan əlavə, onu da demək istərdim ki, mədəni siyasət bu gün ölkə Prezidentinin dövlət fəaliyyətində prioritet istiqamətlərdən biridir. Ölkənin birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti isə, demək olar ki, tam olaraq mədəni siyasət metodlarından ibarətdir.
Dövlət səviyyəsində mədəniyyətə atributiv yanaşma dəyişib və ona hazırda sosial sabitliyin səmərəli mexanizmi, ideoloji konsolidasiya və daxili siyasətdə milli mənsubiyyətin qarantı kimi baxılır. Bu cür yanaşma ölkənin xarici siyasətində imicin formalaşması prosesində mədəni siyasəti əvəzedilməz alət edir.
İnkişaf etmiş ölkələrin siyasi tarixi onu deməyə imkan verir ki, mədəniyyətin atributiv qavranmasından imtina, həmçinin dövlət digər inkişaf istiqamətlərində də öz əksini tapacaq.
Dünya miqyasında xarici siyasi məqsədlərə nail olmaqda mədəniyyətin əhəmiyyəti artıq heç kəsdə şübhə doğurmur. Dünyaca məşhur amerikalı siyasi strateq Zbiqnev Bjezinski yazır: “Bütün dünyada hiss edilən çoxsahəli Amerika siyasətinin və çox zaman sadə olan Amerika mədəniyyətinin cəlbediciliyi Amerikaya analoqu olmayan qlobal miqyaslı siyasi əhəmiyyət verir.” (“Seçim - dünya hakimiyyəti və ya qlobal liderlik” kitabı). O, digər əsərində yazır ki, “ABŞ-ın dünya səviyyəsində superdövlət olmasında Ağ ev Administrasiyasının mədəni siyasəti əsas səbəblərdəndir”(“Böyük şahmat lövhəsi” kitabı). Bu fikirlər o qədər aydın və praktiki olaraq sübut olunandırlar ki, onları şərhsiz qoymaq mümkündür.
Mədəni siyasəti öz məzmununa və istiqamətinə görə qismən “yumşaq gücün” təzahürü adlandırmaq olar və o, xarici siyasi strategiyanın bir növüdür.
Mədəni mexanizmlərin humanitar xarakteri, liberallığı, cəlbediciliyi, yumşaqlığı, demokratikliyi, həmçinin vizual olaraq zərərsizliyi, ümumilikdə onların istifadəsinin effektivliyinin qarantıdır.
Dünyada mövcud olan tendensiyalar onu düşünməyə imkan verir ki, dünya ölkələrinin siyasi praktikalarında mədəni mexanizmlərin istifadəsinin aktuallığı yaxın perspektivdə yalnız artıma doğru dəyişəcək.
Mədəniyyətin müasir konteksti və siyasi aktuallaşdırılması “mədəniyyət millətin vizit kartıdır” ifadəsinin effektivliyini artırır. İnformasiya müharibəsi kontekstində isə mədəniyyət diplomatik vasitə, strateji əhəmiyyətli məsələlərin reallaşdırılmasına yardım və təsir göstərən siyasi texnologiyadır. Təsadüfi deyil ki, müasir siyasi leksikona Soft Power (“yumşaq güc”) termini daxil olub. Şübhəsiz ki, bu kontekstdə biz Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etməliyik. Demək olar ki, fondun beynəlxalq təşəbbüsü ölkənin dünyada mövqelərinin möhkəmləndirilməsinə əvəzolunmaz töfhə verir. Fondun fəaliyyətinin effektivliyi və həyata keçirilən hər bir uğurlu layihə məhz xanım Mehriban Əliyevanın adı ilə bağlıdır. Ölkənin birinci xanımının fəaliyyəti Azərbaycanda Soft Power təzahürüdür.
Dünyanın müxtəlif ölkələrində həyata keçirilən mədəni layihələrimizin əsas strateji məqsədi ölkənin beynəlxalq imicinin formalaşdırılmasıdır. Bundan əlavə, onlar həmçinin bizim milli mədəni irs elementlərinin Ermənistan tərəfindən mənimsənilməsi cəhdlərinin qarşısını alır. Qeyd edək ki, falsifikasiya və özgənin milli-mənəvi dəyərlərinin mənimsənilməsi erməni siyasətinin sevimli taktikasıdır.
Mədəni mexanizmlərin aktuallığı və onların ölkəmizin xarici təbliğatında effektivliyi kimi amillər Heydər Əliyev Fondu ilə Mədəniyyət və Turizm Nazirliyinin sıx əlaqəli şəkildə fəaliyyətinin perspektivini gündəmə gətirir. Əminliklə deyə bilərik ki, bu qurumlar dövlətin mədəniyyət siyasətinin reallaşması prosesində əsas subyektləridir. Onların birgə həyata keçirdiyi çoxsaylı beynəlxalq mədəni-humanitar aksiyalar isə “yumşaq güc” strateji resursunun Azərbaycanda geniş perspektivi olduğunu təsdiq edir. Qeyd etmək istəyirəm ki, dövlət quruculuğunda demokratik dəyərlərə üstünlük verən, münaqişə, dözümsüzlük və lokallaşma tendensiyaları ilə seçilən müasir beynəlxalq münasibətlər sistemində sülhsevər inteqrativ dəyərləri özündə ehtiva edən multikulturalizm prinsiplərinin təbliği ölkəmizə böyük nüfuz qazandırır. Azərbaycanda tarixən yaşanan tolerantlıq ənənələri bir sıra dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur.
Asif USUBƏLİYEV,
Mədəniyyət və Turizm Nazirliyinin
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki
Mərkəzinin direktoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.