Erməni separatçılarının növbəti oyunu sentyabrda Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilən “bələdiyyə seçkiləri” oldu ki, bu “hadisə”dən hələ xeyli əvvəl, az qala, bütün erməni mətbuatı bu barədə məlumat verirdi.
Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə və bununla da, tərəfdaşlarının dəstəyi formasında siyasi dividend qazanmağa ümid edirdi. Eyni zamanda, separatçı rejimin əsas məqsədi öz xalqının qarşısında hər hansı şəkildə özünü təsdiq etməklə Azərbaycanı qıcıqlandırmaq idi. Axı rəsmi seçkilər keçirmək, minlərlə ac ailəni doyuzdurmaqdan daha asandır, hələ ölkənin başından aşan ağır problemlərdən danışmırıq. Ermənistanda hakimiyyətdə olan Qarabağ klanı hələ də analoji məntiqsiz hücumlarla özlərinə olan inamı artırmağa ümid edir. Bu, eyni zamanda, daxili auditoriyanın dəstəyini qazanmağa istiqamətlənmiş bir növ acınacaqlı siyasi manevrdir. Sarkisyan rejiminə xarici dəstək şansının sıfıra bərabər olması əvvəldən aydın idi, çünki yerli idarəetmə orqanlarına qondarma “seçkilər” hüquq normalarına ziddir və heç bir qüvvəyə malik ola bilməz. Ermənistanda qəbul etməsələr də başa düşürlər ki, Azərbaycana qarşı davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin əsasında keçirilən qeyri-legitim seçkilər Azərbaycan Konstitusiyasının, müvafiq olaraq, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması deməkdir. Güc yolu ilə torpaq işğalı beynəlxalq ictimaiyyət tərəfindən qanuni sayıla bilməz. Bununla əlaqədar olaraq, Azərbaycan dünya ictimaiyyətinə bəyan edib ki, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyət beynəlxalq hüquqa ziddir.
Bu gün bir çox məsələdə aydın görünür ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejim təcavüz və irqi ayrı-seçkiliyin birbaşa nəticəsidir. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il iyunun 16-da qəbul etdiyi “Çıraqov və digərləri Ermənistana qarşı” işi haqqında qərarı təsdiq edir ki, Dağlıq Qarabağdakı hakim rejim Ermənistanın idarəsi və nəzarəti altındadır və İrəvanın hərbi, siyasi, maliyyə dəstəyi hesabına mövcudluğunu qoruyub saxlayır. Aydındır ki, Ermənistan status-kvonu qoruyub saxlamaq, işğalçı siyasəti və qəsbkarlığı möhkəmləndirmək üçün növbəti dəfə cəhd etdi və reallıqda münaqişənin siyasi həllində maraqlı deyil. Yeri gəlmişkən, Serj Sarkisyanın qısa müddət öncə, guya Qarabağın Ermənistanın ayrılmaz hissəsi olması barədə bəyanatı hakim rejimin bundan sonra da beynəlxalq ictimaiyyəti aldatmaq fikrində olduğunu göstərir. Belə bir fikir mövcuddur ki, geosiyasi reallıqlara əsaslanaraq Azərbaycanın hərbi qüvvəsindən qorxuya düşən İrəvanda belə bir nəticəyə gəliblər ki, müharibə qaçılmaz olsa, İrəvanın rəsmi hüquqi fəaliyyəti üçün Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi elan etmək daha sərfəli olar. Ermənistanın hər vəchlə danışıqlar prosesində Qarabağı münaqişə tərəfi kimi göstərməyə çalışdığını xatırlasaq, Sarkisyanın bu bəyanatı dünya miqyasında Qarabağın “müstəqil dövlət” kimi tanınması ilə bağlı hələ də hansısa xülyalar quran separatçı rejimin məqsədinin məğzini açır.
Əslində, qondarma seçkilərlə bağlı bütün bu oyun beynəlxalq səviyyədə ağır məğlubiyyətlə nəticələndi, çünki ermənilərin siyasi avantürasını təkcə Ermənistana dost olmayan Türkiyə, Pakistan deyil, həm də ABŞ, Fransa, Avstraliya kimi nəhəng dövlətlər də pislədi.
Məsələn, Fransa hökuməti bəyan etdi ki, Dağlıq Qarabağı müstəqil respublika kimi tanımır, bölgədə keçirilmiş qeyri-qanuni seçkilərin nəticələrini qəbul etmir və ümumiyyətlə, bunu qanunazidd hesab edir. Məlumdur ki, Fransanın bəzi yerli hakimiyyət orqanları beynəlxalq hüquqa zidd fəaliyyəti qanuni fəaliyyət kimi təqdim etməyə cəhd ediblər, məsələn, bəzi fransız şəhərləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə “dostluq xartiyaları” imzalayıblar, yaxud “Fransa-Qarabağ dostluq cəmiyyəti”nin yaradılması və s. kimi qanunsuz addımlar atıblar. Amma bütün bu faktlar Fransa hakimiyyətinin siyasətini əks etdirmir. Məsələ ondadır ki, Ermənistanın “dostluq xartiyaları” və s. timsalında qazandığı bonuslar yalnız nüfuzlu erməni lobbisinin sayəsində əldə edilib. İşğal olunmuş ərazilərdə baş tutan bu “hadisənin” qeyri-qanuni olması barədə Fransanın Xarici İşlər Nazirliyinin bəyanatı Fransa hökumətinin rəsmi mövqeyidir ki, bu da Ermənistanın hakim rejiminin maraqlarına ciddi zərbə vurdu. Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu hadisənin BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in, İƏT-in qətnamələrinə zidd olduğunu bildirərək, sentyabrın 13-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində seçkilərin keçirilməsini tənqid edən bəyanatla çıxış etdi. Bununla da, İƏT Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinin toxunulmazlığı çərçivəsində beynəlxalq qətnamələrə, qərarlara uyğun olaraq sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan etdi.
Bu məsələ ilə bağlı ABŞ Dövlət Departamenti birmənalı mövqeyini bildirib. Bəyanatda aydın şəkildə qeyd olunub ki, ABŞ işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş seçkilərin nəticələrini tanımır.
Dağlıq Qarabağı müstəqil dövlət kimi, eləcə də Azərbaycanın ermənilərin işğal etdiyi Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma seçkiləri tanımadığını qeyd edən Avstraliya hökuməti də bənzər mövqe nümayiş etdirdi. Pakistan Senatı da bu cür seçkilərin beynəlxalq hüququn normalarına zidd və törədilmiş cinayətlərin qanuniləşdirilməsi üçün Ermənistanın cəhdi mənasız olduğunu bəyan edərək separatçı rejimin Dağlıq Qarabağda keçirdiyi seçkiləri pislədi.
Beləliklə, separatçı rejimin beynəlxalq ictimaiyyəti növbəti dəfə aldatmaq cəhdi iflasa uğradı. Ermənistan yalnız təcavüzkar siyasətindən əl çəkməklə və Azərbaycan torpaqlarını işğaldan azad etməklə öz gələcəyini xilas edə bilər.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.