Avropa Şurasının Ermənistana yumşaq yanaşması Parlament Assambleyası kürsüsündən ifşa edildi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının dördüncü iş günündə bütün üzv ölkələr üçün xüsusi əhəmiyyət kəsb edən mühüm problem haqqında geniş müzakirələr getdi. Avstriyalı deputat Ştefan Şennaxın hazırladığı “Assambleyada monitorinq prosedurunun inkişafı (oktyabr 2014-avqust 2015)” mövzusunda məruzə ilə bağlı müxtəlif siyasi qrupları təmsil edən 23 nəfər çıxış etdi.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da müzakirəyə qatılanlar arasında idi. Parlament Assambleyasının apardığı monitorinq prosesinin mahiyyəti ilə bağlı qənaətlərini ifadə etdikdən sonra R.Hüseynov Avropa Şurası Nizamnaməsini mütəmadi olaraq pozan Ermənistanla bağlı aparılan monitorinqdə ikili standartların yer almasını kəskin tənqid edərək dedi: “Monitorinq prosesi Parlament Assambleyasının ən vacib və faydalı tədqiqat istiqamətlərindən biridir və fikrimcə, əgər bütün ölkələr üzrə bu, eyni dərəcədə obyektiv, ədalətli, düzgün aparılarsa, əldə edilən nəticələr də qat-qat konstruktiv və sevindirici olar.

Əslində monitorinq yalnız konkret ölkədə gedən prosesləri əks etdirmir, həm də aparılmış müşahidələr əsasında hazırlanmış sənəd Avropa Şurasının simasını göstərir. Məruzə nə qədər doğru, ədalətli, balanslaşdırılmış, qərəz və ikili standartlardan uzaq olarsa, Parlament Assambleyasına bir o qədər də hörmət gətirər, bu meyarlardan nə qədər çox uzaqlaşarsa, təşkilatın nüfuzuna da bir o qədər ziyan yetirər. Lakin təəssüf ki, heç də həmişə monitorinq prosesinin nəticələrini əks etdirən məruzələrdə ölkələrdəki real vəziyyət bütövlüyü, dolğunluğu, dəqiqliyi ilə təsvir edilmir, hətta həmin araşdırılan ölkələrdəki vəziyyətdən xəbərdar olanlar mat qalırlar ki, doğrudanmı bu məruzə müəllifi, ya müəllifləri haqqında bəhs etdikləri ölkədə olublar, yoxsa yazdıqları təxəyyüllərinin məhsuludur. Ən ideal variant odur ki, nə ölkələrin üstünə çox sərt şəkildə gedilsin, yəni monitorinq haqqında məruzə bir təzyiq vasitəsinə çevrilməsin, nə də islah edilməsi mütləq olan qüsurlara göz yumulsun. Belə hallardan bütün çılpaqlığı ilə deyil, yumşaldılaraq, ya ötəri toxunmaqla bəhs edilsin.

Monitorinq üzv ölkələrə kömək etmək, onların Avropa Şurası ailəsində daha inamla ayaq üstə durması üçün düşünülmüş bir alətdir. Amma üzv ölkələrdən biri – Ermənistana dair Assambleyanın son 15 ildə apardığı monitorinqlə bağlı hesabatlar təəccüb, təəssüf, hərdən də heyrət doğurmaya bilmir. Ermənistanın Avropa Şurasına üzv qəbul edilərkən götürdüyü əsas öhdəliklərdən biri Azərbaycan torpaqlarının işğalına son qoymaq, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə nail olmaq idi. Ermənistan indiyədək bu tələbə əməl etməyib. Əksinə, bununla bağlı qəbul edilmiş 1416 saylı AŞPA qətnaməsinə məhəl qoymur, həmin qətnamənin icrasına nəzarət üçün yaradılmış alt komitənin fəaliyyətinə əngəl törədir. Ermənistan Avropa Şurasının iki müxtəlif komitəsi tərəfindən təyin edilmiş məruzəçilərin mandatlarına uyğun olaraq ölkədə araşdırmalar aparmasına imkan vermir.

Ermənistandakı hüquq müdafiəçiləri ölkədəki antidemokratik vəziyyət, despotik rejim, ədalət tələb edənlərin amansızlıqla təqibi, işgəncələrə məruz qoyulması, həbslərə atılması barədə bar-bar bağırır, amma monitorinq prosesini əks etdirən məruzələrdə sanki bütün bunlar yoxmuş kimi hər şey çəhrayı rəngdə təsvir edilir.

Elə bil ki, monitorinq üzrə məruzəçilər Ermənistanda deyil, ayda olublar. Burada, Parlament Assambleyasında Ermənistandakı real vəziyyətdən agah olmayanları bu qəbil qeyri-real, nağılvarı hesabatlarla bəlkə də aldatmaq olar. Ancaq Ermənistan vətəndaşları bütün acı gerçəklərdən xəbərdardır. Ermənistanla qonşu olan, gedişatı daim izləyən bizlər yaxşı bilirik ki, orada insanların vəziyyəti nə qədər dözülməzdir. Ermənistan üzrə monitorinq aparan məruzəçilər isə Avropa Şurasının təmsilçiləri olduqlarını unudurlar, erməni xalqının, Ermənistan cəmiyyətinin maraqlarını, istək və arzularını ədalət prinsipləri əsasında müdafiə etməli olduqlarını yaddan çıxarırlar və cinayətkar mahiyyətli, kriminallaşmış Ermənistan iqtidarının fədakar vəkilinə, qızğın müdafiəçisinə çevrilməyə başlayırlar. Reallıqdan məlumatı olanlar belə məruzələri və müzakirələri istehza ilə qarşılayır və həmin insanlarda yalnız məruzəni hazırlayanlara qarşı ikrah hissi yaranmır, həmçinin Avropa Şurasına inam, etibar itir.

Bu, çox kədərli və ibrətli nümunədir. Yaxşı olardı ki, Parlament Assambleyasında ölkələr üzrə aparılan monitorinqlərdə  əldə edilən yaxşı nəticələrdən, inkişafdan bəhs edərkən belə arzuolunmaz halları heç vəchlə unutmayaq”.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında