Məlum olduğu kimi, bu il sentyabrın 10-da Avropa Parlamenti Azərbaycanla bağlı yeni qətnamə qəbul etmişdir. Qəbul edilən bu sənəddə Azərbaycan ilə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığını, subyektiv və qərəzli xarakter daşıdığını açıq-aydın görmək olur.
Qətnamədə ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu və antiazərbaycan xarakterli olduğunu təsdiq edir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov qəbul edilən bu sənədi ikili standartların və ölkəmizə qarşı qərəzli münasibətin daha bir nümunəsi kimi qiymətləndirir. Bəzi dairələr və Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür “sənəd”lərin qəbul olunması dinamik inkişafa malik dünyəvi İslam ölkəsi olan Azərbaycanın qəbul edilməməsindən qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın açıq-aydın təzahürüdür.
Elçin Əhmədov bildirmişdir ki, sənəddə Avropa Parlamenti tərəfindən Azərbaycan hakimiyyəti ilə insan haqları və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə birgə işləməsi üçün tezliklə Azərbaycana nümayəndə heyəti göndərilməsi təklif edilir, ancaq Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum olması, eləcə də münaqişənin 25 ildən artıqdır ki, həll olunmaması barədə bir kəlmə belə deyilmir.
Bu qətnamənin qəbul edilməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən Avropa Parlamentində ikili standartların və islamofobiya əhval-ruhiyyəsinin hökm sürdüyünü göstərir. Bununla yanaşı, neçə illərdir biz bütün dünyaya, həmçinin, Avropa ölkələrinə və beynəlxalq təşkilatlara yarası hələ sağalmamış Xocalı soyqırımı haqqında həqiqətləri, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırırıq. Amma bunun qarşılığında beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tanınsa da, Avropa ölkələri, ATƏT, Avropa Parlamenti, Avropa Şurası kimi qurumlar məsələ ilə bağlı real təsiri olan heç bir addım atmamışlar. Bununla yanaşı, müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi, çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan mühüm geosiyasi məkan kimi, regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.
E.Əhmədovun fikrincə, bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti, bir tərəfdən dünya təcrübəsini öyrənərək özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qorumaqla dövlətlərarası əlaqələrə girir. Bütün bunlar onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir.
Azərbaycan bu gün dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyur, lakin bu, Avropada, Qərbdə bəzi qüvvələri razı salmır. Bunun arxasında erməni lobbisi, antiazərbaycan qüvvələr dayanır və istəmirlər ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim olunsun. Çünki onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışmışlar və bu gün də bu antiazərbaycan siyasəti davam edir. Erməni lobbisinin təsiri altında olan bəzi Avropa və Qərb hüquq müdafiə, mətbuatla, insan hüquqları və vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatları da erməni lobbisinin təsiri altında antiazərbaycan fəaliyyətinə qoşulublar. Bunların sırasında bəzi qeyri-hökumət təşkilatları və “müstəqil” qurumlar “fəallıq” göstərirlər.
Eyni zamanda, bu qətnamə Avropa Parlamentinin belə subyektiv, antiislam, antizərbaycan mahiyyəti kəsb edən birinci qərarı deyil və çox güman ki, gələcəkdə də biz bu cür “qərarların” şahidi olacağıq. Azərbaycan dövləti antiqərb mövqeyində deyil və Avropa qurumları ilə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdır.
E.Əhmədov təəssüflə bildirmişdir ki, Avropada müsəlman və türk xalqlarına qarşı xoşagəlməz bir ovqat hökm sürməkdədir. Bu siyasətin Qərbə nə verəcəyini tarix özü göstərəcək. Amma Azərbaycan dövləti imkan verə bilməz ki, onların belə ədalətsiz qərarları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin. Bu baxımdan belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi, öz növbəsində, Azərbaycanı Avropa Parlamenti və digər təşkilatlarla əməkdaşlığın ölkəmizə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə də əsas verir.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan xalqını bu ədalətsizlik, ikili standartlar siyasəti, riyakarlıq və siyasi mədəniyyətsizlik üzür. Ancaq bu, bizim iradəmizə heç vaxt təsir edə bilməz. Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Ona görədə güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.