Ermənistan dövləti ASALA və PKK terror təşkilatları ilə hərtərəfli əməkdaşlıq edir

Bu gün Yaxın Şərq regionunda baş verən hadisələr bölgəni cənginə almış terror hadisələri, zorakılığın artması və dövlətlərin suveren hüquqlarının pozulması ilə müşahidə olunur. Misir, Liviya, İraq və Suriyadan sonra indi də təhlükə qardaş Türkiyə Cümhuriyyətinin başının üstünü alıb.  SSRİ tərəfindən NATO-nun ən fəal üzvlərindən biri olan Türkiyəyə qarşı PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatının yaranması 1980-ci illərə təsadüf edir.

35 ildir ki, Türkiyə ərazisində terror, qaçaqmalçılıq kimi fəaliyyətlə məşğul olan və tarixi türk torpaqlarına iddialar edən, indiyədək bölücülük edən və öz mürtəce əməlləri ilə 30 min insanın həyatına son qoyan PKK təşkilatı bu gün bir sıra Qərb ölkələrinin əlində qardaş ölkəyə qarşı siyasi və hərbi hədə vasitəsinə çevrilib. Doğrudur, hələ ki, Türkiyə dövləti terror  hücumlarını uğurla dəf edərək çoxsaylı PKK silahlısını məhv edir, lakin heç kim zəmanət verə bilməz ki, çoxlu sayda üzvləri və xaricdə güclü havadarları olan bu təşkilatın gələcəkdə dünyanın modern silahlarına yiyələnməsinin qarşısı alınacaq. Çünki, bu gün bütün antitürk qüvvələr PKK- nı irəli verərək, əslində, özlərinin yüzillərdən bəri yığılıb qalmış istəklərini həyata keçirmək üçün dəridən-qabıqdan çıxırlar. Lakin PKK regionda tək deyil. Regionda bu təşkilatla maraqları üst-üstə düşən daha bir terror təşkilatı, daha bir partiya və daha bir dövlət var. Bu, ötən əsrin əvvəllərində yaranmış, Türkiyə və Azərbaycan torpaqlarının hesabına “dənizdən- dənizə böyük Ermənistan” dövləti yaratmaq istəyən Daşnaksütyun partiyası və onun müasir terror qanadı olan ASALA təşkilatı və terrorçuluğu, separatizmi dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistandır.

 

Ermənistan PKK-nın və
ASALA-nın ən böyük təlim düşərgəsidir

 

Bu günlərdə Türkiyənin MHP-dən (Milliyyətçi Hərəkat Partiyası)  olan keçmiş millət vəkili Sinan Oğan maraqlı bir açıqlama ilə çıxış etdi. Sinan Oğan son günlər Türkiyədə baş verən hadisələri dəyərləndirərkən bildirdi ki, “Ermənistan PKK üçün ikinci Qəndildir”. Əslən İğdırdan olan keçmiş millət vəkili regionu dərindən tanıyan bir siyasətçi kimi son terror hadisələrində Ermənistanın barmağının olduğunu vurğulayıb: “Ermənistan bu gün PKK üçün 2-ci Qəndildir. İğdır Ermənistan və PKK-nın təhdidi altındadır. Ermənistan-Türkiyə sərhədində yaşayan vətəndaşlarımızdan aldığımız məlumatlara görə, hər gecə Ermənistandan bir neçə nəfər sərhədi keçir”. Bu açıqlama, əslində, yeni fikir deyil. Bu fakt çoxdan unudulmuş, diqqətdən kənarda qalmış bir versiyanın  yenidən üstündə dayanmağa əsas verir. Çünki, Türkiyə hakimiyyətinə qaranlıq qalan tərəflərdən biri də PKK-nın silahlandırılmasıdır və hökumət cidd-cəhdlə bunun qarşısını almağa çalışır. Doğrudur, Türkiyə xüsusi təhlükəsizlik orqanları tərəfindən bir sıra dəqiqləşdirmələr aparılmış və PKK terrorçularına dəstək verənlərdən bir neçə Qərb dövlətinin olması qənaətinə gəlinmişdir. Burada  Almaniyanın və İngiltərənin adı xüsusi çəkilir. Lakin PKK-nı silahla təchiz edən  ölkələrdən biri də Ermənistandır. Əslində, bu  sıx əməkdaşlıq uzun onilliklərdir ki, davam edir.

 

Ermənistan – PKK əlaqələrinin
yaranması və inkişafı

 

Erməni terror təşkilatları, xarici dünyanın təzyiqləri üzündən 1980-ci illərdə taktikanı dəyişmək qərarına gəldilər. Bu, əslində taktikanın dəyişməsi ilə strategiyanın qurulması və inkişafı demək idi. 1984-cü ildə cərəyan edən Eruh və Şəmdinli basqınları ilə PKK səhnəyə çıxmış və ASALA terroru geri plana çəkilmişdir. Ermənilər ilə PKK arasındakı bağlantını sübut edən bəzi nümunələri qeyd etmək istərdik :

PKK terror təşkilatı 1980 -ci ildə 21-28 aprel arası tarixlərini “Qızıl həftə”,  24 aprel tarixini “erməni soyqırımı günü” elan etmiş, anım mərasimləri keçirmiş və bu mövzu barədə toplantılar təşkil etməyə başlamışdır. 8 aprel 1980 - ci ildə  Livanın Sidon şəhərində PKK və ASALA terror  təşkilatları ortaq mətbuat konfransı düzənləmiş və qətnamə yayımlamışdı. Ancaq bu qətnamənin ictimaiyyətdə mənfi qarşılanmaması üçün əlaqələrin leqal deyil, gizli olaraq davam etdirilməsi qərara alınmışdır. 1980-ci ildə Türkiyənin Strasburqdakı Baş konsulluğuna və Roma Türk Hava Yolları bürosuna qarşı həyata keçirilən hücumlar, terror aktları PKK və ASALA tərəfindən birgə həyata keçirilmişdir. PKK-nın ideoloqlarından və dəstəkçilərindən olan Abdulla Öcalan, erməni yazarlar birliyi tərəfindən “Böyük Ermənistan ideyasına  xidmətlərindən ötrü” qürur üzvləri" arasına seçilmişdir. Erməni terror təşkilatlarının “Kürdüstan” adlı komitəsi də fəaliyyət göstərir. 4 iyun 1993-cü ildə erməni Hnçak Partiyası, ASALA və PKK terror təşkilatları mənsubları Beyrutda birgə toplantılar keçirmişlər.

Erməni-PKK əlaqələri ilə bağlı daha bir maraqlı məqam isə 1993-cü ilin yanvarın 6-da Beyrutddakı iki ayrı kilsədə düzənlənən və Livan Ortodoks Baş yepiskopluğu, Ermənistanın müxtəlif partiya nümayəndələrinin iştirak etdiyi mərasimdə işlədilən bu fikirlərdir:

“Hələlik Türkiyəyə qarşı sakit siyasət yürüdülməlidir. Erməni xalqı getdikcə güclənir və iqtisadi imkanları genişlənməkdədir. İnkişaf etdirilən təbliğat sayəsində bütün dünyada (uydurma) soyqırımı daha yaxşı tanınmağa başlamışdır. Başda ABŞ olmaqla, digər Qərb ölkələri də Qarabağda davam edən müharibələrdə erməniləri haqlı görürlər. Bu fürsəti dəyərləndirmək gərəkdir və Qarabağda savaşan erməni gənclərinə yeniləri qatılacaqlar. Türkiyədə PKK terror təşkilatı ilə edilən mücadilədə iç savaş davam edəcək, Türk iqtisadiyyatı sıfır nöqtəsinə gələcək və vətəndaşlar baş qaldıracaqlar. Türkiyə bölünəcək və kürd dövləti qurulacaqdır. Ermənilər kürdlərlə olan əlaqələrini möhkəmləndirməli və onların mücadiləsini dəstəkləməlidirlər. Bu gün türklərin əlində olan torpaqlar sabah Ermənistanın olacaqdır. 

Bir faktı qeyd etmək yerinə düşər ki, PKK terror təşkilatının Ermənistanda yayım orqanları var. Onlar “Reya Taze” və “Bota Redaksiyon” adları ilə fəaliyyət göstərirlər.  Qəzetlərin PKK terror təşkilatı nəzarətində olması kiril əlifbası ilə PKK qruplaşmalarının təbliğatını apardığı sirr deyil. Bu qəzetlər Türkiyə və Avropadan gələn PKK terror mənsubları arasında yayımlanır.

 

Terrorçu şəbəkə Şimali İraqda,
Suriyada və Ermənistanda

 

Erməni terrorizmi, 1974 Kipr sülh hərəkatının ardınca xaricdə olan türk əsilli vətəndaşlar  və təmsilçiliklərinə qarşı təxribat, sui-qəsd və hücum növlü terror hərəkətləri ilə özünü göstərməyə başladı. Erməni terror təşkilatı ASALA 1984-cü ilə qədər müxtəlif terror aktları həyata keçirmiş,  sonra fəaliyyətini  bir növ diversifikasiya  etdirmiş və  müxtəlif leqal siyasi qruplar içində özünü göstərməyə başlayan “Kürtçülük” hərəkatını terrora bulaşdırmış və Abdulla Öcalan kimi, sözün həqiqi mənasında, kürdə, türkə fərq qoymadan öldürə bilən, qırğınlarla adını dillər əzbəri edən terrorçunu bu prosesə rəhbər qoymuşdur. Bir məqama xüsusi diqqət ayırmaq yerinə düşər  ki, bu gün Türkiyədə İmralı həbs düşərgəsində ömürlük həbs cəzasına layiq görülmüş Abdulla Öcalanın  erməni əsilli olması barədə Türk tarix qurumun keçmiş rəhbəri, professor Yusuf Halacoğlu faktlara əsaslanan siyahı yayımlamışdı. Yəni, bu bir daha PKK-nın sadə kürdlərin adından istifadə edən, lakin, ermənilərin XX əsrin əvvəllərindən qalmış intiqam hissini həyata keçirmək üçün və  daha çox ateist-kommunist qrupların və ermənilərin işinə yarayan bir təşkilat olduğunu açıb göstərir.  Bunu PKK-ASALA terror təşkilatlarının arasında olan işbirlikləri, silah mübadilələri,  yayılan deklorasiyalar, ASALA, “İntiharçılar eskadronu”, “Erməni soyqırımı ədalət komandosları” “Apostol” və digər erməni terror qruplaşmalarının Şimali İraqda, Suriyada, Ermənistanda PKK düşərgələrində təlim keçməsi də təsdiqləyir. ASALA-nın müasir qanadı sayılan “Apostol” isə  2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Məqsəd Türkiyə və Azərbaycan ərazilərində terror aktların keçirilməsidir.   Yaxın Şərqdə baş verən son illərin “ərəb bahar”larından yetərincə istifadə edən bu terror qrupları öz istəklərini həyata keçirmək üçün münbit şərait əldə ediblər.  Bu illərdə Suriyadan erməni əsilli əhalinin yağlı vədlər hesabına işğal olunmuş Azərbaycan torpaqlarına yerləşdirilməsi prosesi sürətlənmiş, silah qaçaqmalçılığının fəaliyyət xəritəsi xeyli böyümüşdür.

Hələ 1987-ci ildə separatçı terror təşkilatı PKK ilə ermənilər arasında bir razılaşma əldə edilmişdir.  Razılaşmanın şərtləri bunlardır: 

– Ermənilər PKK terror təşkilatı içində tədris və təbliğat  fəaliyyəti ilə məşğul  olacaq;

 – PKK terror təşkilatına hər il  adambaşına 5 min ABŞ dolları ödəniləcək;

– ermənilər bəzi lokal hərbi əməliyyatlarda iştirak edəcəklər; 

– PKK və ASALA terror təşkilatları bundan sonra  ortaq idarə olunacaq;

– Türkiyədə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatlarda kəşfiyyatı ermənilər  aparacaq;

– Türkiyə məğlub olduqdan sonra əldə edilən torpaqlar isə bərabər olaraq bölüşdürüləcək;

– düşərgə xərclərinin 75 faizini  ermənilər ödəyəcək; – Türkiyədəki metropol şəhərlərdə tədbirlər keçiriləcək...

1992-ci ilin  oktyabr ayından etibarən Şimali İraqda PKK-ya qarşı həyata keçirilən hərbi əməliyyatlarda təşkilatın böyük zərbələr alması və sığınma imkanlarını itirməsi nəticəsində terrorçuların bir qisminin  İrana və Ermənistana keçməsi ilə PKK-nın Ermənistandakı aktiv fəaliyyəti başlamışdır.

PKK terror təşkilatının Avropa nümayəndələrindən bir qrupunun Ermənistana gedərək, terrorçuların Qars bölgəsindən Ermənistana rahatca girib çıxmaları üçün müqavilə bağlaması ilə kürdlərin kompakt yaşadığı Türkiyə kəndlərində sığınacaq tapmaq, silah və qida anbarları yaratmaq məsələsi həll edilmişdir. Bu günlərdə Türkiyənin İğdir vilayətində Naxçıvan Muxtar Respublikası ilə Dilucu sərhəd—keçid məntəqəsində polislərə məxsus avtomobilin partladılması nəticəsində 13 nəfər türk qanun keşikçisinin şəhid olması bunu bir daha təsdiqləyir.  Dəfələrlə PKK terror şəbəkəsinə aid mətbu orqanlarda Azərbaycanın tarixi torpaqları tarixi kürd torpaqları kimi təqdim olunmuş, ölkəmizdə etnik rəngarənlikdən istifadə edilərək, təxribat hazırlamağa cəhd edilmişdir. Bu işdə isə onlara ən böyük dəstəyi, şübhəsiz ki, işğalçı Ermənistan tərəfi göstərmişdir. Ermənistan və PKK-nın bərabər işləməsi, bərabər iddialar irəli sürməsi, ölkələrin suverenliyini hədələməsi artıq dəfələrlə sübut olunmuşdur. Bu gün PKK dünyanın 5 ölkəsinə ərazi iddiaları irəli sürür: Türkiyə, İran, Suriya, İraq və Azərbaycan. Ermənistanın  isə Türkiyəyə və Azərbaycana torpaq iddiaları artıq tarixin dərinliklərindən gələn həqiqətdir. Bu iki təşkilat sosial şəbəkələrdə xüsusi qruplar yaradaraq minlərlə gənci Azərbaycan və Türkiyədə terror, quldur əməlləri törətməyə təşviq edir, belə olduğu halda onların guya öz “vətən”ləri qarşısında borclarını yerinə yetirəcəklərini bildirirlər. Bu isə bölgədə sülh və sabitliyi təhdid edir, dövlətimizin suverenliyinə təhlükə yaradır.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında