Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanı ləkələmək cəhdidir

Bu il sentyabrın 10-da Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqeyini bir daha ortaya qoydu. Ölkəmizdə insan haqlarının pozulduğunu bəhanə gətirən təşkilat özünün iç üzünü, pərdələnmiş niyyətini açaraq demokratik inkişaf yolunda olan müstəqil dövlətimizə qarşı qərəzli mövqedən bir addım belə geri çəkilmədiyini göstərdi. Bu addım əslində Avropa Parlamentinin ikili standarlar siyasətinin ən bariz nümunəsidir. Hələ unutmamışıq ki, bir neçə ay əvvəl - bu ilin aprelində həmin təşkilat qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etmiş, ədalətsizcəsinə Türkiyəni işləmədiyi bir cinayətdə ittiham etməyə cəhd etmişdi.

Əslində isə, avropalı parlamentarilər bir qədər ədalətli olsaydılar, ermənilərin istər Osmanlı Türkiyəsi, istərsə də Azərbaycan ərazisində on doqqucuncu əsrin sonu və iyirminci əsrin əvvəllərində törətdikləri vəhşilikləri bir sətirlik fikirlə belə ifadə etməyi lazım bilərdilər. O vaxt müsəlman ölkəsi olan Türkiyəyə, indi isə eyni dinin daşıyıcısı olan Azərbaycana qarşı bu cür münasibətin kökündə nə dayanır? Əlbəttə, ikili və ikiüzlü standartlar!

Avropanın, ümumilikdə Qərbin bu münasibətini biz təkcə Türkiyə və Azərbaycanın deyil, bütün müsəlman aləminin timsalında müşahidə edirik. Hazırda ABŞ-ın başçılığı ilə həyata keçirilməkdə davam edən “ərəb baharı” ilə bağlı siyasəti nəzərdə keçirsək, çox mətləblər aydınlaşmış olar. İraqda, Liviyada, Əfqanıstanda tökülmüş və bu gün də tökülməkdə olan qanları kimin ayağına yazmalıyıq? Suriyada nələr baş verir? 2011-ci ilin yazından bəri davam edən münaqişə nəticəsində, son məlumatlara görə, 230 min insan məhv edilib. 11 milyondan çox suriyalı ölkəsini tərk edərək qaçqına çevrilib. Bu gün yüzlərlə günahsız və çarəsiz suriyalı həyatını riskə ataraq qayıqlarla, bərələrlə Avropa çöllərinə doğru tələsir, nə qədər insan suların qoynunda məhv olur. Nə üçün? Niyə onu öz ölkəsində, doğma divarları arasında rahat yaşamağa qoymurlar? Kimdir bunu edən? Həmin Avropa deyilmi?! Yaxşı, onları vətənlərindən, doğma ev-eşiklərindən digərgin salmaqda Qərbin məqsədi nədir? Demokratiya? İnsan haqları? Bu insanları bütün insan haqları və azadlıqlarından, hətta öz doğma evində yaşamaq hüququndan belə məhrum etməklə Avropa Suriyada (İraqda, Liviyada, Misirdə) insan haqlarını bərpa etmiş olur?!

Bu gün biz Avropada sözügedən ölkələrdən olan qaçqınlara qarşı kobud rəftarı da görürük. Qəribədir ki, Avropada qaçqınları da xristian-müsəlman amilləri ilə bölüb yerləşdirmək barədə danışılır. Avropanın iyirmi ildən artıqdır ki, Ermənistandan və Azərbaycanın işğal olunmuş rayonlarından qaçqın düşmüş 1 milyondan çox insanımızın faciəsini susqunluqla qarşılamasının səbəbi də budur.

Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi tamamilə yersiz və qərəzlidir, suveren bir dövlətin daxili işlərinə kobud müdaxilədən başqa bir şey deyil.

Avropa Parlamentinin bu addımı birmənalı olaraq Azərbaycanı gözdən salmaq, ləkələmək cəhdidir və bu istiqamətdə erməni diasporunun fəaliyyətinin davamıdır. Axı kim bilmir ki, vaxtilə Fransa senatı, sonra Avropa Parlamenti “erməni soyqırımı” ilə bağlı qətnamələri necə qəbul edib. Əlbəttə, erməni diaspor təşkilatlarının çirkli pulları müqabilində. Bunu biləndən sonra Avropa Parlamentinin özünün korrupsiyaya bulaşmış, pul naminə bütün haqq və hüquqları pozmağa hazır olan bir qurum olduğu aşkar görünür.

Avropa Parlamenti Azərbaycanda konkret cinayət əməllərinə görə qanuna uyğun şəkildə mühakimə olunmuş iki-üç nəfərin hüquqlarının pozulmasından danışır. Amma 1 milyon qaçqın və məcburi köçkünümüzün hüquqlarını yada salmaq istəmir. Səbəb aydındır - ikili standartlar.

Azərbaycan isə bütün bu qərəzli münasibətə, təzyiq cəhdlərinə baxmayaraq, ölkədə demokratik prinsiplərin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin gücləndirilməsi, eləcə də insan haqlarının və azadlıqların qorunması istiqamətində inamla irəliləyir. Azərbaycan xalqı öz rəhbərinin – Prezident İlham Əliyevin ətrafında sıx birləşib və onun yürütdüyü siyasəti tam dəstəkləyir.

Mustafa BABANLI,
Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin rektoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında