Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir, hər kəsin fikir, söz və məlumat azadlığı təmin olunub, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün zəruri şərait yaradılıb. Bu gün ölkəmizdə onlarca siyasi partiya, yüzlərlə QHT, media orqanı sərbəst şəkildə fəaliyyət göstərir, internet azadlığı respublikamızın hər qarışında təmin edilib. Bu baxımdan Azərbaycan dövləti demokratik prinsiplərin stimullaşdırılması, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin faydalı məcrada irəliləməsi istiqamətində uğurlu, düşünülmüş siyasət həyata keçirir. Lakin əvəzində nə görürük ? Bütün bu inkişaf göstəricilərinin əksinə olaraq, Qərbin Azərbaycana qarşı qərəz püskürməsini, ölkəmizin əleyhinə ədalətsiz bəyanatlar, qətnamələr qəbul etməsini.
Tarixdən də bəllidir ki, Şərq xalqlarına ağalıq etmək iddiası bir sıra Qərb ölkələrinin həmişəlik arzusu olmuşdur. Bəzi Qərb liderləri, xüsusilə, Yaxın Şərqə, Cənubi Qafqaza xüsusi maraq göstərir, burada yaşayan xalqların maddi və mədəni sərvətlərini təsir altına almağa çalışırlar. Yaxın Şərqin, Şimali Afrikanın bugünkü durumuna nəzər salsaq, son bir neçə ildə ərəb ölkələrində baş verən proseslərdə Qərbin xüsusi təyinalı institutlarının “barmağı”nı görməmək mümkün deyil. Belə yanlış siyasətin ərəb Şərqində hansı fəlakətlərə gətirib çıxardığı göz önündədir. Yüz minlərlə insan həlak olub, yurd-yuvasından qaçqın-köçkün düşüb, şəhərlər, qiymətsiz tarixi abidələr xarabalığa çevrilib, insanlar səfalətlə, humanitar fəlakətlə üzləşiblər. Nəticədə bu gün dünyanın ən böyük problemlərindən biri qaçqınlar məsələsi yaranıb. Bütün bu faktlar ola-ola, Ermənistanın ölkəmizə qarşı işğalçılıq, separatizm, terror siyasətini görməmək və əvəzində işğala məruz qalmış Azərbaycan əleyhinə qətnamə qəbul etmək hansı təfəkkürün məhsuludur?
Şübhəsiz ki, Azərbaycanın müstəqil siyasəti və əldə etdiyi nəzərəçarpacaq uğurlar Avropadakı, ABŞ-dakı bəzi islamofob, ermənipərəst dairələri hiddətləndirir. Onlar Azərbaycanın inkişafını sadəcə həzm edə bilmirlər. Müsəlman ölkələri arasında öz siyasi-iqtisadi dəsti-xətti olan bir ölkə kimi Azərbaycanın uğurlarını qəbul etmək istəmirlər. Azərbaycan və Türkiyə qardaşlığını həzm edə bilmirlər. Regionda separatçı bir dövləti bəsləməklə münaqişə balansını qorumaq və ölkələri özlərindən asılı vəziyyətə salmaq məqsədi güdürlər. Əlbəttə, Azərbaycan dövləti bu tələləri görür və nəticə çıxarır. Məhz buna görə də antiazərbaycan dairələr güclərini birləşdirirlər.
Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində qəbul olunmuş növbəti qətnamə də bu qurumun rəhbərliyinin və oradakı məlum qrupun ölkəmizin beynəlxalq nüfuzuna yenidən zərbə vurmaq cəhdi kimi qiymətləndirilməlidir. Ailə-məişət zəminində baş verən hadisədə Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarları siyasiləşdirərək, divident qazanmaq istəyi Avropa Parlamentinə heç də uğur vəd etmir. Normal təfəkkür sahibi olan parlamentari bu cür absurd məsələlərdən ötrü suveren bir ölkəyə qarşı qətnamə qəbul etmənin tərəfdarı ola bilməz. Bu, yalnız həmin parlamentarinin hansısa lobbinin tərkib hissəsi olduğu və həmin qurumun neomüstəmləkəçi maraqları fonunda bunu edə bilər. Avropa Parlamentinin Azərbaycana qarşı bu cür ədalətsiz və absurd qətnamələrində həmin neomüstəmləkəçi və erməni lobbiçiliyinin izlərini görmək mümkündür. Lakin onlar bir şeyi bilməlidirlər ki, bununla ölkəmizə təsir etmək cəhdi baş tutmayacaq və bu işdə, hər dəfə olduğu kimi, uduzan tərəf Qərbin həmin dairələri olacaqdır.
Azərbaycan Prezidenti Çexiya Prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında bu məsələni şərh edərkən haqlı olaraq bildirdi: “Bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır. Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar. Burada, əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar, pis olmaz”.
Bəli, dövlət başçımız haqlıdır. Lobbiçiliyin, imperialist maraqların əsirinə çevrilmiş bəzi Avropa siyasətçilərinin əlaltıları bu qətnaməni Azərbaycana qarşı qəbul ediblər. Amma yaxşı olar ki, Avropa Parlamenti birbaşa müdaxilə və hərbi təcavüz nəticəsində vətəndaş qarşıdurmalarının mərkəzinə çevrilmiş Yaxın Şərq və Şimali Afrikanın milyonlarla vətəndaşının aqibətini düşünsün. Bu gün həmin ölkələrin iqtisadiyyatının çökməsi və milli sərvətlərinin talan edilməsində iştirak edən, yüz minlərlə insanın öz ölkəsini tərk etmək məcburiyyətində qalmasına səbəbkar olan bəzi Qərb liderlərinə və ya despotizmin, diktaturanın, kriminallığın, narkoticarətin baş alıb getdiyi Ermənistan rəhbərliyinə qarşı sanksiyaların tətbiq edilməsi daha məntiqli və ədalətli olardı, nəinki sürətlə inkişaf edən Azərbaycana. Avropa Parlamenti Avropa İttifaqı məkanında dini və irqi ayrı-seçkilik, faşizm və ksenofobiya kimi halların qarşısını almalı, media nümayəndələrinin, QHT fəallarının hüquqlarının pozulmasını araşdırmalı və günahkarların cəzalandırılmasını tələb etməlidir, öz tolerant mühiti ilə bütün siyasi-mədəni ekspertlərin diqqətini cəlb edən Azərbaycana qarşı qərəz-kin püskürməməlidir. Avropa Parlamenti Avropa İttifaqı ölkələrində milyardlarla avro vəsaitin müxtəlif vasitələrlə mənimsənilməsi hallarına qiymət verməli və bu özbaşınalığa qarşı etiraz edən vətəndaşların səslərinin susdurulmasına, etiraz aksiyalarının qəddarcasına dağıdılmasına göstəriş verən məmurların hüquqi məsuliyyətə cəlb edilməsinə nail olmalıdır.
Bu günlərdə Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Strasburqda avroparlamentarilər qarşısında çıxışı zamanı baş verən bir insidentlə bağlı istehza ilə demişdi ki, Avropa Parlamentinə hər cür adam düşə bilər. Onun fikrini inkişaf etdirərək bildirmək istərdim ki, Avropa Parlamenti həm də hər cür absurd və gülünc qətnamə qəbul edə bilər. Bu qurumun təcrübəsində belə hallar dəfələrlə olub və Azərbaycanla bağlı qəbul olunmuş sonuncu qətnamə də bir daha bunu təsdiq edir. Yaxşı ki, Avropada vicdanını itirməyən belə siyasətçilər də var. Əks-halda Avropa xalqlarının taleyi necə olardı?!
Bundan əlavə, Avropa Demokratiya və İnsan Haqları Fondunun Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnaməyə qəti etiraz bildirməsi də diqqətçəkən məqamlardandır. Fond bildirir ki, AP-nin qətnaməsində Azərbaycanla bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığı, subyektiv və qərəzli xarakter daşıdığı açıq-aydın göstərilir. Eyni zamanda, qətnamədə ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğu bildirilir. Etirazda bildirilir ki, qətnamənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana nümayəndə heyəti göndərməsini təklif etməsi ancaq münaqişənin 20 ildən artıqdır ki, həll olunmaması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum olunması barədə Avropa Parlamentinin bir cümlə belə qeyd etmədiyi ciddi narahatlıq doğurur.
Avropa Demokratiya və İnsan Haqları Fondunun etirazında Azərbaycan dövlətinin milli maraqlarına cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olduğu göstərilir. Bu səbəbdən Avropa Parlamentinin müstəqil və suveren dövlətin daxili işlərinə qarışmasını, ona qarşı təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənədi qəti şəkildə qəbul etmir. Avropada demokratiyanın dayaqlarından biri kimi tanınan Avropa Parlamentinin belə gözlənilməz və anlaşılmaz addım atması bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərə vurulan zərbədir. Avropa Demokratiya və İnsan Haqları Fondu Avropa strukturlarını Azərbaycana qarşı ikili standartlardan əl çəkməyə və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırır.
Göründüyü kimi, Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz qətnaməsi Avropanın özündə belə mütərəqqi qurumların etirazına səbəb olmuş, ölkəmizə qarşı haqsızlıq edilməsi qınanmışdır. Bu cür qeyri-obyektiv bəyanatın arxasında dayanan antiazərbaycan kampaniyası öz hədəflərinə çatmayacaq, Azərbaycan ənənəvi müttəfiqləri və tərəfdaşları ilə əlaqələrini daha da inkişaf etdirəcək və yeni tərəfdaşlar qazanmaqda davam edəcək.
Adil ƏLİYEV,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.