Bu il sentyabrın 10-da Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi ədalətsiz və qərəzli qətnamə ölkə ictimaiyyəti tərəfindən böyük etirazla qarşılandı. Artıq ölkənin çoxsaylı siyasətçiləri, politoloqları və ictimai xadimləri ilə yanaşı, Azərbaycanın Milli Məclisi və dövlət başçısı Avropa Parlamentinin mövqeyini kəskin şəkildə tənqid edərək öz münasibətlərini bildiriblər.
Bu gün ölkədə formalaşmış haqlı mövqe ondan ibarətdir ki, Avropa Parlamentinin Azərbaycana qarşı münasibəti heç də səmimi və ədalətli deyil, ikili standartlar əsasında, hətta bir çox hallarda erməni diasporunun təsiri altında formalaşır. Əslində, ölkəmizdə insan haqlarının pozulduğunu bəhanə gətirən təşkilat özünün iç üzünü, pərdələnmiş niyyətini açdı, demokratik inkişaf yolunda olan müstəqil dövlətimizə qarayaxma, ləkələmə siyasəti apardığını göstərdi.
Azərbaycanla bağlı qəbul edilən qətnamənin ədalətsizliyi və qərəzliyi bir də onunla izah oluna bilər ki, sənəd əvvəlcədən qurumun heç bir alt komitəsində baxılmadan birbaşa AP-nin müzakirəsinə çıxarılıb və ciddi müzakirələr aparılmadan tələsik qəbul edilib. Bundan əlavə, qəribədir ki, Avropanın bəzi qurumları bu cür qətnamələri və bəyanatları, adətən, Azərbaycanda müəyyən irimiqyaslı tədbirlər ərəfəsində təqdim edirlər. İndi də məlum qətnamə Azərbaycanda keçiriləcək parlament seçkiləri öncəsi elan olundu və bu böyük ictimai tədbir ərəfəsində ölkədə etirazlara rəvac vermək, daxili sabitliyi pozmaq məqsədi daşıyır. Ölkədə insan haqlarının pozulması ilə bağlı bu cür qondarma bəyanatlar indiyədək də səslənib. Hətta bir zaman Azərbaycanı Avropa Şurasından çıxarmaqla hədələmişdilər. Ancaq avroparlamentarilər unudurlar ki, müstəqil siyasət yürüdən, ölkənin maraqlarını heç bir dövlətin və beynəlxalq qurumun maraqlarına qurban vermək arzusunda olmayan Azərbaycan iqtidarı ilə bu dildə danışmaq olmaz. Diplomatik səviyyələrdə dialoq qurub problemlərin həll yollarını axtarmaq lazımdır. Bəzən bu və ya digər beynəlxalq təşkilatın parlamentində, bəzən ABŞ-ın Dövlət Departamentində, yaxud Avropa Şurasında bu məsələləri qabartmaqla heç nəyə nail olmaq mümkün deyil. Eyni zamanda, hansısa konkret cinayət əməlində təqsirli bilinərək həbs edilmiş insanları heç kəslə məsləhətləşmədən, özbaşına siyasi məhbus elan etməklə, bu cür təzyiq yolları ilə həbsdən azad etmək perspektivsiz məsələdir.
Hesab edirik ki, Avropa Parlamentində bu məsələləri müzakirə etməkdənsə, ABŞ-ın, eləcə də bəzi aparıcı Avropa ölkələrinin Suriya, İraq və digər Şərq ölkələrində törətdiyi qırğınlar nəticəsində həyatını itirən yüz minlərlə insandan danışmaq daha yaxşı olardı. Bütün dünya xalqları bilirlər ki, bu gün bu məsələ daha aktualdır. Avropanı bürümüş və hələ də həll yolu tapılmamış qaçqın problemindən danışmaq Avropa Parlamenti üçün daha ədalətli addım olmazdımı?
2011-ci ildən ABŞ-ın başçılığı ilə həyata keçirilən “ərəb baharı” layihəsini nəzərdə keçirsək, çox mətləblər aydınlaşmış olar. İraqda, Liviyada, Əfqanıstanda tökülmüş və bu gün də tökülməkdə olan qanların baisi kimdir? Bu gün Suriyada nələr baş verir? 2011-ci ilin yazından bəri davam edən münaqişə nəticəsində, son məlumatlara görə, 230 min insan məhv edilib. 11 milyondan çox suriyalı ölkəsini tərk edərək qaçqına çevrilib. Minlərlə günahsız və çarəsiz suriyalı həyatını riskə ataraq qayıqlarla, bərələrlə Avropa çöllərinə doğru tələsir, nə qədər insan - qadın, uşaq suların qoynunda həyatını itirir. Nə üçün? Nədir onları öz ölkəsindən didərgin salan? Əlbəttə, hər gün başlarına yağdırılan bombalar. Kimdir bunu edən? Həmin Avropa deyilmi?! Yaxşı, onları vətənlərindən, doğma ev-eşiklərindən digərgin salmaqda Qərbin məqsədi nədir? Demokratiya? İnsan haqları? Bütün insan haqları və azadlıqlarından məhrum edilmiş bu insanları dəyənəklə qarşılayan Avropa hansı insan haqlarından danışır?! Bunu sadəcə riyakarlıqdan başqa necə adlandırmaq olar?!
Bu gün biz insan hüquqlarından, demokratiyadan dəm vuran Avropada sözügedən ölkələrdən olan qaçqınlarla necə kobud və alçaldıcı rəftar edildiyini görürük. Dəhşətli haldır ki, Avropada qaçqınları da xristian-müsəlman amilləri ilə bölüb yerləşdirmək barədə danışılır. Açıq-aşkar elan olunur ki, xristian qaçqınlar bu və ya digər ölkədə yerləşdirilsin, amma digərlərinin üzünə sərhəd qapıları qapadılsın. Avropanın iyirmi ildən artıqdır ki, Ermənistandan və Azərbaycanın işğal olunmuş rayonlarından qaçqın düşmüş 1 milyondan çox insanımızın faciəsinə etinasız yanaşmasının səbəbi də elə budur. Hələ Avropa Parlamentinin bir deputatı belə soydaşlırımızın problemini müzakirəyə çıxarmayıb. Amma bütün qətnamə və qərarlarında təcavüzkarlıqda və terrorçuluqda ad çıxarmış ermənilərə dəstək ifadə olunur.
Uzağa getmək lazım deyil. Bu ilin aprelində özünü demokratiya və insan haqlarının cəfakeşi kimi təqdim etməyə çalışan Avropa Parlamenti qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etmiş, ədalətsizcəsinə Türkiyəni işləmədiyi bir cinayətdə ittiham etməyə cəhd etmişdi. Əslində isə, avropalı parlamentarilər bir qədər ədalətli olsaydılar, ermənilərin istər Osmanlı Türkiyəsi, istərsə də Azərbaycan ərazisində on doqqucuncu əsrin sonu və iyirminci əsrin əvvəllərində törətdikləri vəhşilikləri bir sətirlik fikirlə belə ifadə etməyi lazım bilərdilər. O vaxt müsəlman ölkəsi olan Türkiyəyə, indi isə eyni dinin daşıyıcısı olan Azərbaycana qarşı bu cür münasibətin kökündə nə dayanır? Əlbəttə, ikili və ikiüzlü standartlar!
Bu gün Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqları ölkə qanunları və Konstitusiyası ilə təmin edilir. Bunu hazırda ölkədə mövcud olan milli və dini tolerantlıq, multikulturalizm dəyərlərinə sadiqlik, sivil və bəşəri dəyərlərə sözdə deyil, praktikada əməl edilməsi sübut edir. Artıq müxtəlif nüfuzlu beynəlxalq qurumlar, ayrı-ayrı dövlət və hökumət başçıları, ekspertlər, politoloqlar Azərbaycanın demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə etdiyi böyük uğurları, dünyada iqtisadi tənəzzül yaşandığı bir dövrdə dinamik iqtisadi inkişafı cəsarətlə etiraf edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində ölkənin əldə etdiyi nailiyyətlər dünya mütəxəssisləri tərəfindən rəğbətlə qarşılanır. Bu, Azərbaycanda xalqla iqtidarın birliyini göstərir. Avropa qurumlarında qısqanclıq, paxıllıq hissi doğuran da elə budur. Ancaq xalqımız öz Prezidentini dəstəkləyir, onun ölkəmizin milli maraqları uğrunda sonadək inamla mübarizə aparacağına inanır. Avropa Parlamenti kimi qurumların qəbul etdiyi qərəzli və absurd qətnamələr isə Azərbaycanı və onun rəhbərini tutduğu yoldan döndərə bilməyəcək!
Bahar CƏFƏROVA,
filologiya elmləri doktoru,
professor, Əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.