Avropa Parlamentində Azərbaycan haqqında qəbul edilən qətnamənin ədalətsiz və qərəzli olması həm də ondan bilinir ki, bu yanlış, ədalətsiz sənəd heç bir alt qurumda, komitədə müzakirə edilmədən tələsik müzakirəyə çıxarılmışdır. Bununla da adıçəkilən parlament dövlətlərin və xalqların hüquqlarını qorumaq iqtidarında olmadığını bir daha büruzə vermişdir.
Bir daha aydın olmuşdur ki, Avropa Parlamentinin əsas fəaliyyəti özünün müəyyən məqsədlərini reallaşdırmaq naminə qarayaxma kampaniyasına yönəlmişdir. Təəssüfləndirici haldır ki, ölkəmizə qarşı belə qarayaxma ilk dəfə deyil ki, həyata keçirilir. İndiyədək Azərbaycanın müstəqil siyasət yürütməsindən, sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlardan darılaraq dəfələrlə bu cür kampaniyalara rəvac verilmişdir.
Bəli, sösügedən parlamentdə tələm-tələsik təcili dinləmələrdən sonra qəbul edilmiş ədalətsiz qətnamə göstərir ki, bu qurumdakı bir çox siyasi dairələr ölkəmizə qarşı düşmənçilik mövqeyində dayanmışlar. Amma onlar anlamalı, başa düşməlidirlər ki, belə iyrənc siyasətlə, təzyiqlə Azərbaycanı tutduğu yoldan-müstəqil siyasət yürütməsindən heç cür çəkindirə bilməzlər. Burada bir həqiqət də etiraf olunmalıdır: Avropa Parlamentində elə qüvvələr var ki, onlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk növbədə öz xalqı arasında və beynəlxalq aləmdəki böyük nüfuzunu qəbul edə bilmirlər. Bu, onlarda qısqanclıq, paxıllıq hissi doğurur. Xalqımız isə yaxşı başa düşür ki, analitik siyasi təfəkkürə, ümummilli ideallara dərindən bağlı olmasına və bəşəri dəyərlərə ehtiram göstərməsinə görə dünya ölkələrində Prezident İlham Əliyevlə müqayisə edilə biləcək siyasi lider göstərmək çətindir.
Xalqımızın birmənalı şəkildə cənab dövlət başçısının arxasında dayanması, taleyini bu müdrik dövlət başçısına bağlaması təsadüfi deyil. Çünki Prezident İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır. Ötən 12 ildə möhtərəm dövlət başçımız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirmişdir. Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.
Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan xilas etmək üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, hazırda ölkəmizə cənab İlham Əliyev kimi dünyada gedən siyasi- iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Cənab İlham Əliyev öz vətənini, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir.
Son 12 ildə neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya və son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş vermişdir. Azərbaycan iqtisadiyyatı bu dövr ərzində öz dinamik inkişafını qoruyub saxlamışdır. İqtisadi inkişaf tempinə görə, hazırda dünyanın 10 aparıcı ölkəsi sırasındayıq. Azərbaycan artıq keçid dövrünü tamamilə başa vurmuşdur. Orta gəlirli dövlətlər siyahısında öz mövqeyini daha da möhkəmləndirmişdir. Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsi sırasında yoxsulluğun 5 faizdən aşağı endirilməsi öhdəliyini götürən və yalnız 18-nin bunu reallaşdırdığı dövlətlərdən biriyik.
Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Qərb ölkələrinin ictimaiyyəti arasında da Avropa Parlamentinin müstəqil olmadığı, sifarişli və qərəzli qərarlar qəbul etdiyi barədə dəfələrlə natrahatlıqlar ifadə olunmuşdur. Bu parlament bir-iki dövlətə Avropanın lideri statusu qazandırmaq, digər ölkələri həmin liderlərdən asılı salmaq siyasətini həyata keçirir. Məhz buna görə də Avropa Parlamenti müstəqil siyasət aparan, qarşılıqlı, bərabər hüquqlu əməkdaşlığa açıq ölkə olan Azərbaycanı sıxışdırmaq, təzyiq göstərmək və asılı ölkə səviyyəsinə salmaq üçün cidd-cəhd göstərir. Avropadakı asılı ölkələrin acınacaqlı vəziyyəti, bu ölkələrdəki dərin və genişmiqyaslı böhran Avropa Parlamentinin və onu dəstəkləyən qurumların demokratiya adı altında həyata keçirdikləri totalitar siyasətin real nəticəsidir. Məhz həmin siyasətin nəticəsidir ki, Qərbdəki bir çox ölkələrdə hətta hakimiyyət böhranı yaşanmaqdadır. Qarşısıalınmaz böyük miqrant dalğasının yaranması da Avropa Parlamenti kimi qurumların dünya ölkələrində apardıqları məkrli siyasətin acı mənzərəsidir.
Avropa Parlamentinin qətnaməsi Azərbaycan reallığından çox uzaq olan uydurmadır, şər və böhtandır. Bunu faktlar əsasında diqqətə çatdırmaq istərdik. Belə ki, Azərbaycanda mühüm tədbirlər ərəfəsində Avropa Parlamentinin bu cür qətnamələr qəbul etməyə cəhd göstərməsi yenilik deyil. Azərbaycanda parlament seçkilərinə az bir vaxt qalmış Avropa Parlamentinin satın alınmış ayrı-ayrı fraksiyalarının təzyiqi nəticəsində bu qurum tərəfindən belə qərəzli, həqiqətə söykənməyən, Azərbaycanın daxili işlərinə qarışaraq məhkəmə hakimiyyətinin qəbul etdiyi qərarları şübhə altına alan, böhtan və iftiralarla dolu qətnamənin qəbulu məhz parlament seçkilərinin nəticələrini indidən şübhə altına almağa hesablanıb.
Ölkəmizdə vətəndaş cəmiyyətinin, QHT-lərin, siyasi partiya və mətbuatın azad fəaliyyəti üçün yaradılmış şəraiti görmək istəməyən Avropa Parlamenti qanunvericiliyin tələblərini pozan və həbs edilmiş bir neçə şəxsə görə Azərbaycan haqqında mənfi imic formalaşdırmaq niyyəti riyakarlıqdan başqa bir şey deyil.
Avropa Parlamentinin qətnaməsində Azərbaycanda azad sözün boğulmasının, insan hüquqlarının pozulmasının qeyd edilməsi heç bir məntiqə sığmır. Burada əgər söhbət Xədicə İsmayılovanın hüququnun pozulmasından gedirsə, onda belə çıxır ki, onların nəzərində insan hüququ insanın cinayət törətmək hüququdur. Xədicə İsmayılova cinayətkardır. O, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunmuşdur. Məhkəmə prosesində onun əməlləri tam sübuta yetirilmiş, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinə əsasən 7 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdir.
Xatırladaq ki, antiazərbaycançı şəbəkənin ünsürləri olduğu şübhə doğurmayan bəzi Qərb siyasətçiləri, təşkilatları hələ əvvəldən X.İsmayılovanın həbsini xüsusi diqqətdə saxlayaraq istintaq prosesinə təsir etməyə çalışırdılar. Məhkəmənin başa çatmasından sonra bu dairələr X.İsmayılovanın həbsini siyasiləşdirmək üçün əllərindən gələni etməyə cəhd göstərirlər. Lakin özləri də yaxşı bilirlər ki, bu adam jurnalist fəaliyyətinə aidiyyəti olmayan başqa cinayət əməllərini törətməkdə ittiham olunurdu və məhkəmədə onun günahı tam sübuta yetirildi.
Qətnamədə adıçəkilən digər şəxslər - Leyla Yunusova və digərləri də konkret cinayət əməllərinə görə həbs olunublar. 2002-ci ildən Ermənistanın “Region” tədqiqatlar mərkəzi və digər qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək erməni sevgisini ortaya qoyan Leyla Yunusova “xalq diplomatiyası” pərdəsinə bürünərək Ermənistana casusluq etməklə yanaşı, bu antimilli fəaliyyətə digər şəxsləri də cəlb etmişlər. İstintaqla müəyyən edilmişdir ki, bu adam maddi maraq zəminində “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında Azərbaycan vətəndaşlarının məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirmişdir. Onlar bunun nəticəsində Rauf Mirqədirov tərəfindən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillərlə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olmuşlar.
Bu gün ölkəmizdə siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin, hər bir vətəndaşın hüquq və azadlıqları ölkə qanunları və Konstitusiya ilə təmin edilmişdir. Bu mənada demokratiya yolu ilə inamla addımlayan ölkəmizdə sivil və bəşəri dəyərlərin sözdə deyil, əməldə, praktikada öz yerini tapmasını sübut etməyə ehtiyac yoxdur. Qazanılan uğurlar da təsdiq edir ki, Azərbaycan Respublikası demokratik proseslərdən kənarda deyil. Bu gün demokratiyanın hər bir mütərəqqi cəhəti Azərbaycan reallığında əksini tapır. Müxtəlif nüfuzlu beynəlxalq qurumlar, ayrı-ayrı dövlət və hökumət başçıları, ekspertlər, politoloqlar Azərbaycanın demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə etdiyi böyük uğurları, hazırkı dövrdə dinamik inkişafını xüsusi vurğulayırlar. Odur ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycanda insan haqlarının pozulmasına dair iddiaların yer alması tamamilə absurd və yersizdir.
Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilmiş qətnamə qərəzli, ədalətsiz olmaqla bu qurumun antiazərbaycançı fəaliyyətinin növbəti dəfə təsdiqidir. Bu kağız parçasında əks olunmuş iddiaların real vəziyyətlə ziddiyyət təşkil etdiyini, yalan üzərində qurulduğunu, əsassız və subyektiv mülahizələrə söykəndiyini Avropa Parlamenti təmsilçilərinin özləri də yaxşı dərk edirlər. Ona görə Azərbaycana qarşı iddialarında qeyri-obyektiv olduqlarını bilirlər. Bu cür iftira dolu qətnamələrin qəbulu isə sadəcə paxıllıqdan, Azərbaycanın uğurlarını qəbul edə bilməməkdən irəli gəlir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.