Milli Məclisdən Avropa Parlamentinə layiqli cavab

Azərbaycan xalqının nümayəndələri ikili standartların əsirinə çevrilmiş avropalı deputatlara layiqli cavab verdilər. Milli Məclisin sentyabrın 14-də keçirilən növbədənkənar iclasında millət vəkilləri Avropa Parlamentinin reallıqdan uzaq və böhtan xarakterli qətnaməsinə adekvat qərar qəbul etdilər.

Bu, danılmaz faktdır ki, Avropa Parlamenti Azərbaycana qarşı dəfələrlə qərəzli münasibət nümayiş etdirir. Son 2 ildə sözügedən qurum ölkəmiz haqqında qərəzli və uydurma məlumatlara əsaslanan ədalətsiz mövqeyini dəfələrlə sərgiləşmişdir. Lakin sentyabrın 10-da Avropa Parlamenti qəbul etdiyi qətnamə ilə Azərbaycanla münasibətlərinə ciddi zərbə vurmaqla yanaşı, siyasi etikadan uzaq fikirlərə də yol vermişdir.

Milli Məclisin sədri Oqtay Əsədov parlamentdə keçirilən dinləmələrdə məlum qətnamə ilə bağlı fikirlərini belə açıqladı: “Bütün beynəlxalq davranış prinsipləri, adi ədəb və nəzakət qaydaları pozulmuş, tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətinə şər və böhtan atılmışdır”.  Avropa Parlamentinin hər qərəzli qətnaməsinə tarazlı münasibət göstərilməsinə çalışıldığını vurğulayan Milli Məclisin sədri əlavə etdi ki, Azərbaycan tərəfinin nümayiş etdirdiyi xoş münasibətə baxmayaraq, sonda vəziyyət arzuolunmaz forma aldı. Parlamentin sədri O.Əsədov Avropa Parlamentində keçirilən dinləmələrin həddən artıq qərəzli olduğunu vurğulamaqla yanaşı, əmin olduğunu bildirdi ki, Azərbaycana qarşı yönələn bu siyasi oyunlar planlıdır və məqsədyönlü şəkildə həyata keçirilir.

Avropa Parlamentində təmsil olunan ayrı-ayrı deputatların antiazərbaycan dairələrin əlində alətə çevrilməklə yanaşı, həm də korrupsiya əməllərinə yol verdikləri də ictimaiyyətə məlumdur. Milli Məclisin sədri çıxışında bu məsələyə xüsusi toxundu və antiazərbaycan qətnamənin qəbul olunmasında böyük “xidməti” olmuş deputatların ermənilərlə işbirliyində olduqlarını bildirdi. Müzakirələr zamanı həmişə Azərbaycana qarşı çıxışları ilə özünü göstərmiş Ulrike Lunaçek,  Corci Sebastian və Fransua Slifinsi parlamentdə elementar prosedurlara riayət edilməsi barədə təklifi qulaqardına vuraraq, üzdəniraq qətnamənin qəbul edilməsinə çalışmışlar. Müzakirələrdən öncə son iki deputatın Dağlıq Qarabağ bölgəsinə səfər edərək qondarma rejimin başçısı  B.Saakyanla görüşdüklərini bildirən parlament sədri ehtimal edir ki, Corci Sebastian və Fransua Slifinsi erməni separatçıdan aldıqları təlimatı yerinə yetirmək və bəxşişlərinin əvəzini vermək üçün bu qədər canfəşanlıq sərgilədilər. Bu məqamın özünün korrupsiyanın Avropa Parlamentinə necə yol açdığını göstərdiyini vurğulayan O.Əsədov çıxışında Avropa Parlamentinin sədri M.Şultsu korrupsiyaya qurşanmış lobbiçi qruplaşmalarla iş birliyinə son qoymağa çağırdı.  Avropa Birliyinin məlum qətnaməsində həqiqətdən uzaq, saxta iddiaların yer alması gülüş doğurmaya bilməz. Məsələn, müzakirələrdə Laura Aqea adlı deputat mənbəyini açıqlamadığı, ancaq haradansa eşitdiyi xəbərə əsasən belə bir iddia ortaya atmışdı ki, guya Azərbaycan tərəfindən atılan mərminin partlaması nəticəsində Dağlıq Qarabağda bir qadın həlak olmuşdur. Parlamentin sədri O.Əsədov avropalı deputatın bu çıxışını Avropada tüğyan edən ksenofobiya  və islamofobiya kimi qiymətləndirir və belə bir fikrin səsləndirilməsini Avropa Parlamentində ayrı-seçkiliyin kök salmasına bariz nümunə kimi göstərir. Çünki hazırda işğal altında olan Dağlıq Qarabağ ərazisində azərbaycanlılar qanunsuz olaraq girov saxlanılır, cəbhə zonalarına yaxın ərazilərdə dinc sakinlər həlak olur və yaralanırlar. Bütün bu faktları gözardı edərək, uydurma erməni “mənbələrini” qabartmaqla Azərbaycan Ordusunu atəşkəsi pozmaqda ittiham etmək cəhdləri avropalı deputatların tərəf tutmalarını təsdiqləyir, onların qərəzli olmalarından xəbər verir.

Təbii ki, məlum üzdəniraq qətnamənin qəbul edilməsində əsas məqsədlərdən biri Azərbaycanı tutduğu doğru yoldan yayındırmaq, Avropadan təcrid etmək, illərlə qazanılmış nüfuzuna kölgə salmaq və ölkəmizin beynəlxalq arenada mövqelərini zəiflətməkdən ibarətdir. Parlamentin sədri belə bir cəhdin uğursuzluğa məhkum olacağına inandığını deməklə yanaşı, əlavə etdi ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil inkişaf yolunda ölkəmiz inamla irəliləyir, gündən-günə güclənir, həyata keçirilən müstəqil daxili və xarici siyasət nəticəsində geniş bölgədə söz sahibinə çevrilmişdir. Antiazərbaycan qətnamənin qəbul edilməsini sadalanan amillərlə əlaqələndirən O.Əsədov ölkəmizə qarşı köklənən mənfur qüvvələrə səslənərək dedi ki, Azərbacyan xalqı bundan sonra heç kəsin himayəsi altına girməyəcək, heç kəsin buyruğu ilə hərəkət etməyəcək, öz müstəqil siyasətini yürüdücəkdir. Azərbaycanda xalqla iqtidar arasında sarsılmaz birliyin olduğunu xüsusi vurğulayan parlament sədri bildirdi ki, ölkəmizə qarşı çirkin siyasi oyunlar aparan qüvvələr təzyiq, şər-böhtan yolu ilə heç nəyə nail olmayacaqlar.

Parlamentdə aparılan dinləmələrdə iştirak edən millət vəkilləri də Avropa Parlamentinin qətnaməsi ilə bağlı çıxışlarında avropalı deputatların böyük yalana, şər-böhtana, ikitərəfli münasibətlərə zərbə vuran iddialara yol verdiklərini vurğuladılar, qətnaməni siyasi sifariş və ölkəmizin yüksələn imicinə zərbə vurmaq cəhdi kimi qiymətləndirdilər. Dövlət  müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Avropa İttifaqı ilə konsrtuktiv münasibətlər qurmağa çalışdığını önə çıxaran millət vəkilləri ölkəmizin xoş siyasətinə belə qərəzli münasibətin göstərilməsinin yolverilməz olduğunu və ikitərəfli münasibətlərdə yaranmış yeni vəziyyətə adekvat reaksiya verilməsinin vacibliyini vurğuladılar. Millət vəkilləri seçicilərin onlara verdikləri mandata uyğun Avropa Parlamentinin məlum qətnaməsinə cavab olaraq qəbul etdikləri qərarda Azərbaycanın haqlı mövqeyini bir daha qeyd etmiş və daha çox Avropanın itirəcəyi məsələlərə toxunmuşlar.

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin ölkəmizə qarşı sistemli və davamlı şəkildə aparılan qərəzli qarayaxma kampaniyasının tərkib hissəsi olduğu, ifadələrin təhqiramiz xarakter aldığı vurğulanan qərarda qeyd olunur ki, insan hüquqları bəhanəsi altında Azərbaycanda xalq tərəfindən dəstəklənən siyasi hakimiyyətə şər və böhtan atılmış, ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında inkişaf edən tərəfdaşlıq münasibətlərini sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirərək, onu  dünyaya inteqrasiya prosesindən təcrid etməyə uğursuz cəhd göstərilmişdir. Qərarda vurğulanmışdır ki, Avropa Parlamentində Azərbaycana ədalətli münasibət bəsləyən deputatların təmsil etdikləri sağlam qüvvələr mövcud olsa da, təəssüf ki, çox vaxt onların səsi eşidilmir. Azərbaycana qarşı qərəzli qətnamənin müzakirə olunduğu iclas da istisna təşkil etməmiş, korrupsiyaya qurşanmış lobbiçi parlament qruplaşmaları öz çirkin niyyətlərinə nail ola bilmişlər. Milli Məclisin qəbul etdiyi məlum qərarda bunun əsas səbəblərindən biri kimi, Avropa Parlamentinin rəhbərləri, ilk növbədə, qurumun sədri M.Şultsun  həmin ələbaxan qruplaşmaların fəaliyyətinə göz yumması, bəlkə özlərinin də bu fəaliyyətdə iştirakı və bu qruplaşmaları himayə etməsi göstərilir.

Qərarda Azərbaycanda keçiriləcək 1 noyabr parlament seçkilərinə də toxunulur. Avropa Parlamentinin qətnaməsində Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyalarının göndərilməməsi barədə Avropa İttifaqının Xarici Fəaliyyət İdarəsinə və üzv ölkələrə çağırışlara da yer verilməsinin doğru hesab olunmadığı qeyd edilən qərarda vurğulanır ki, belə çağırışların məqsədi Azərbaycanda keçiriləcək parlament seçkilərinin legitimliyini qabaqcadan şübhə altına almaqdır. Ölkəmizdə müstəqillik dövründə keçirilmiş bütün seçkilərin seciçilərin iradəsini əks etdirdiyi hamıya məlumdur. Bu baxımdan noyabrın 1-də keçiriləcək parlament seçkilərinin də ədalətli və şəffaf keçiriləcəyinə heç bir şübhə yoxdur. Milli Məclisin qərarında bu məsələyə toxunulmuş və seçkilərin demokratik və şəffaf keçirilməsinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən bütün şəraitin təmin edildiyi bildirilmiş və lazımi tədbirlərin bundan sonra da həyata keçiriləcəyi diqqətə çatdırılmışdır. Buna görə də, hər hansı beynəlxalq qurumun seçkiləri müşahidə etməkdən imtina etməsi azad və ədalətli seçkiləri şübhə altına ala bilməz. Millət vəkillərinin səs verdikləri qərarda deyilir ki, Azərbaycanda suverenliyin daşıyıcısı Azərbaycan xalqıdır və seçkilərin legitimliyi barədə qərarı da o verəcəkdir. 

Milli Məclisin qərarında antiazərbaycan qətnaməsinə cavab olaraq hökumətə praktiki addımlar atması barədə tövsiyələr də verilir. Qərarda Avropa Parlamentindən Avropa İttifaqı - Azərbaycan  münasibətlərinə qarşı pozucu fəaliyyətinə son qoymaq və Azərbaycana qarşı fəaliyyət üçün qondarma ittihamlara istinad edən müxtəlif qüvvələrin təsiri altında ölkəmiz barəsində qərəzli qətnamələrin qəbulu praktikasından əl çəkmək tələb edilir. Konkret cinayət əməllərinin siyasiləşdirilməsinin yolverilməz olduğu vurğulanan qərarda bildirilir ki, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı  Komitəsinin mövcud formatda fəaliyyətində iştirakına son qoyulsun.  Parlamentin qəbul etdiyi qərarda Azərbaycan Nazirlər Kabinetinə Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirakının məqsədəuyğunluğu məsələsinə də yenidən baxması tövsiyə edilir. Bununla yanaşı, Azərbaycan Nazirlər Kabinetinə tövsiyə edilir ki,  Azərbaycan Respublikasının rəsmi şəxsləri barəsində hər hansı sanksiyaların  tətbiq ediləcəyi təqdirdə qatı antiazərbaycan mövqeyi nümayiş etdirən Avropa Parlamenti üzvlərinin və Avropa İttifaqı  qurumları rəsmilərinin Azərbaycana girişinin qadağan edilməsi məsələsini nəzərdən keçirsin. 

Bir sözlə, Avropa Parlamenti bəzi deputatlarının dar maraqlarından çıxış edərək, üzərinə düşən siyasi-iqtisadi, eləcə də hüquqi öhdəliklərini yerinə yetirən, Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təminatında, habelə Qərb dövlətlərinin, o cümlədən Avropa İttifaqı üzvlərinin enerji təhlükəsizliyində böyük rol oynayan Azərbaycana qarşı haqsızlığa yol verdi. Amma müstəqil, xarici siyasətində “böyük-kiçik” anlayışını yaxına buraxmayan Azərbaycan dövlətinin rəhbərliyi belə qərəzli münasibətə həmişə layiqli cavab vermişdir və bundan sonra da xalqın maraqlarına uyğun addımlar atacaqdır. Milli Məclisin qəbul etdiyi qərar bir daha nümayiş etdirdi ki, xalqın qanunverici orqandakı təmsilçiləri dövlət rəhbərliyinin Azərbaycanın milli mənafelərinin qorunmasına yönəlmiş addımlarını həmişə dəstəkləyəcək və bəzi xarici dairələrin ölkəmizə qarşı apardıqları çirkin kampaniyalara layiqli cavab verməkdə gecikməyəcəkdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında