Avropa parlamentariləri Azərbaycana qarşı qərəzkarlıqda bir növ adətkar olublar

Çox maraqlıdır. Avropa İttifaqının  qurumlarının heç biri Avropa  Parlamenti  qədər antiazərbaycan əhval-ruhiyyəsinə köklənməyib. İttifaqın nəzdində fəaliyyət göstərən Avropa Şurası, Avropa Komissiyası, Avropa Zirvəsi, Avropa Ədalət Məhkəməsi, Ali Maliyyə Məhkəməsi, Avropa Mərkəzi Bankı, Avropa İnvestisiya Bankı, Avropa Ombudsman İnstitutu, İqtisadi və Sosial Məsləhət Komitəsi və digər qurumların heç biri bu qədər ermənipərəst və antiazərbaycan düşüncəli adamlardan ibarət deyil. Biz  bu parlamentin dövri olaraq antiazərbaycan və  antitürk məzmunlu  qərarlara imza atdığının şahidi olmuşuq.

Məsələn,  bu  il aprelin 15-də Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı  qətnamə qəbul edilmişdi. Həmin  qətnamə ilə əlaqədar  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin  yaydığı açıqlamada deyilirdi ki,  “Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar  qəbul edilmiş qətnamə əsassız, qərəzli və qeyri-ciddi olaraq, ikili standartların bariz nümunəsidir. Avropa Parlamentində  Ermənistanın və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən təşviq edilən bu qətnamə və ümumiyyətlə, “erməni soyqırımı” ifadəsinin işlədilməsi tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün təfsir olunması cəhdləridir".  

Hamının bildiyi faktdır: Avropa Parlamentinin ermənilərin marağına xidmət edən rəhbərləri və ekspertləri öz həqiqi simalarını gizlədib “hüquq müdafiəçisi” maskası altında fəaliyyət göstərirlər. Ona görə də Xarici İşlər Nazirliyinin  yaydığı materialda oxuyuruq: “İnsan hüquqlarının ”müdafiəçisi" roluna iddia edən dairələr Avropa Parlamentində erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər şəhərlərində törətdikləri qanlı qırğınlara, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləməyə, Xocalı faciəsinə münasibət bildirməyə özlərində hələ də cəsarət tapa bilməyiblər”.

Onlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi çoxsaylı qırğınlara, faciələrə, şərəfsizliklərə münasibət bildirməyə cəsarət tapa bilməyəcəklər. Çünki Dağlıq Qarabağ münaqişəsi bilavasitə Avropa  Parlamentinin  xeyir-duası ilə alovlandırılmışdı. Xarici İşlər Nazirliyinin adıçəkilən məlumatında həmin məqam açıq şəkildə ifadə olunub: “ Hələ ötən əsrin 80-ci illərinin  sonunda Avropa Parlamentində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dair qətnamənin qəbul edilməsi sonradan Ermənistanın Azərbaycana qarşı təcavüzünə, on minlərlə azərbaycanlının ölümünə və bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə töhfə verən addımlardan biri olub. Avropa Parlamentinin 15 aprel 2015-ci il tarixli qətnaməsi də Ermənistanın əsassız iddialarına dəstək verərək regionda gərginliyin daha da artmasına rəvac verir. Tarixi saxtakarlıq əsasında ”erməni soyqırımı" iddiaları ilə çıxış edən Ermənistanın isə Azərbaycan xalqına qarşı törətdiyi insanlıq əleyhinə olan cinayət əməllərinə görə daşıdığı siyasi, hüquqi və mənəvi məsuliyyəti etiraf etməsi, Azərbaycana qarşı işğal və təcavüzə son qoyması və qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməsi regionda sülh və sabitliyin bərqərar olmasına və Ermənistanın özünün düşdüyü acınacaqlı vəziyyətdən xilas olmasına xidmət etmiş olardı".

Daha iki il əvvəlki faktlara diqqət yönəldək. Avropa Parlamenti 2013-cü il iyun ayının 13-də də bu qəbildən olan, heç bir fakta, dəlil-sübuta söykənməyən qətnamə qəbul etmişdi və Azərbaycan parlamentinin geniş müzakirələrindən sonra Milli Məclisin 21 iyun tarixli iclasında müvafiq sənəd qəbul edilərək Avropa Parlamentinə göndərilmişdi. Həmin iclasın stenoqramında oxuyuruq:  “Deputat Yaqub Mahmudov: — Mənim fikrimcə, bu, Azərbaycana qarşı bütövlükdə bir siyasi əxlaqsızlıqdır. Buna Avropa Parlamentinin heç bir haqqı yoxdur. Bu, Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Bu, bir ölkənin daxili işlərinə qarışmaqdır və qərəzli münasibətdir. Bu baxımdan biz burada çox açıq və sərt şəkildə bəyanat verməliyik. Bəyanatın mahiyyəti bundan ibarət olmalıdır ki, cənablar, siz Azərbaycanın bir milyondan çox qaçqın və köçkünü ilə əlaqədar hansı qərarlarınızın yerinə yetirilməsinə təkid eləmiş, nə kimi tədbirlər görmüsünüz? Xocalı soyqırımını törədən cani bu gün Ermənistana başçılıq eləyir, Ermənistanın prezidentidir. Siz bununla maraqlanırsınızmı? Buna münasibətiniz nədən ibarətdir?

... Mən arzu edirəm ki, bu məsələlər də bizim bəyanatda əks etdirilsin. Avropada bu gün böyük bir toplumun müqəddəs kitabı Qurana əl qaldırılır, İslam Peyğəmbəri ələ salınır. Biz isə Azərbaycanın mərkəzində bir neçə min katolikdən ötrü təzə bir kilsə də tikdiririk. Azərbaycanda Avropanın hansı dini kitablarına əl qaldırılıb, hansı kilsəyə hücum olunub, hansı vətəndaşımız Avropanın, xristian dünyasının müqəddəslərinə əl qaldırıb?

Ona görə də biz buna çox qəti münasibət bildirməliyik. Təklif eləyirik, həmin Avropa parlamentləri xaç müharibələrini gündəliyə salsınlar. Xaç müharibələrində tökülən qanların hamısına görə İslam Şərqindən, Azərbaycandan üzr istəsinlər. Böyük coğrafi kəşflər zamanı, demək olar ki, Şərq ölkələrinin hamısını viran edib, xalqları bir-birinə qarşı qoyublar. Bunun üzrünü istəsinlər. İki dünya müharibəsi Avropada  başlayıb. Faşizmin vətəni Avropadır. Bütün bunlara görə Avropada  həmin parlamentarilər  üzr istəməlidirlər. Amerikada hindulardan üzr istədilər. Avropa da törədilən bütün vəhşiliklərə görə dünyadan üzr istəməlidir.

Bizim isə üzümüz ağdır. Biz bütün bunlara baxmayaraq, öz sərvətlərimizi Avropaya verir, onun ərzaq təhlükəsizliyində, enerji təhlükəsizliyində, beynəlxalq terrora qarşı mübarizə alyansında iştirak edirik. Biz Avropadan ötrü, Avropa Şurasından ötrü daha nələr etməliyik? Türkiyə Avropa Birliyindən ötrü nələr eləmədi? Bu gün də Türkiyəni Avropa Birliyinə qəbul eləməyiblər.  İstəyirlər, Türkiyə içəridən dağıdılsın... Bu gün Azərbaycana qarşı da eyni siyasəti yeritmək istəyirlər. Biz buna, bu siyasətə nifrət edirik. Təkcə Avropa Şurasının, Avropa Birliyinin, Avropa Parlamentinin yox, heç bir qurumun mənim ölkəmin haqqını tapdalamağa haqqı yoxdur. Biz buna sərt mövqeyimizi bildirməliyik".

Bundan başqa,  Milli Məclisin deputatı Səməd Seyidovun ötən ilin sentyabrında mətbuata verdiyi müsahibələrdən birinin sərlövhəsindəcə xüsusilə vurğulanırdı ki, Avropa Parlamentinin əsas fəaliyyət sahələrindən biri məhz dövri olaraq Azərbaycana təzyiqlər göstərilməsidir. Biz həmin təzyiqləri bu gün daha açıq şəkildə görürük. Yeni Azərbaycan Partiyasının  sədr müavini-icra katibi Əli Əhmədov  Avropa Parlamentinin növbəti antiazərbaycan  qətnaməsini şərh edərkən bildirib ki, Azərbaycan müxtəlif layihələr üzrə Avropa İttifaqı ilə əməkdaşlq edir. Lakin bu əməkdaşlıq Avropa Parlamentinə əsassız olaraq Azərbaycana ittihamlar irəli sürməyə mənəvi haqq vermir. Azərbaycan müstəqil dövlətdir və öz taleyini özü həll etmək haqqına sahibdir. Avropa Parlamentinin bəzi üzvlərinin düşündüyü formada Azərbaycana təsir göstərmək, onun daxili işlərinə qarışmaq mümkün deyil.

 Bütövlükdə, Azərbaycan ictimaiyyətinin fikri belədir ki, adıçəkilən  qətnamə ədalətsizdir və heç bir fakta əsaslanmır. Əvvəlki illərdə olduğu kimi, yenə də Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkmir. Orada təmsil olunan müəyyən siyasi qruplar, dairələr erməni lobbisinin təhriki ilə ayrı-ayrı dövlətlərin maraqları çərçivəsində Azərbaycana qarşı qeyri-obyektiv qətnamə qəbul edilməsini ənənə kimi  yaşadırlar. Pis ənənədir. Çünki cari maraqlardan yaranan ikili standartlar,  özünü ciddi qurum kimi tanıtmaq istəyən heç bir beynəlxalq təşkilata nüfuz qazandırmır. Bu, eyni zamanda, xoşagəlməz perspektivlər vəd edir. Avropa Parlamentində oturan deputatlar düşünməlidirlər ki,  bu gün şər və böhtan yağdırdıqları Azərbaycan “Köhnə dünya” üçün həmişə etibarlı tərəfdaş olub, bundan sonra da olacaq. Hərgah ermənipərəstlərin şəxsi  maraqları bu tərəfdaşlığı əngəlləməsə.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
Janaury, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında