Pekində keçirilmiş təntənəli tədbir dünyadakı geosiyasi qarşıdurmalar fonunda

Hələ ötən ilin fevralında Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tszinpin öz sərəncamı ilə ölkədə iki əlamətdar gün təyin etdi. Bunlar, bundan sonra hər il sentyabrın 3-də qeyd ediləcək yaponların təcavüzünə qarşı müharibədə Çin xalqının qələbə günü və 13 dekabr - Nankin qətliamının qurbanlarının xatirə günüdür. Bununla bağlı, Yaponiya üzərində qələbənin 70 illiyi münasibətilə Pekində təntənəli tədbirlərin təşkil olunması təsadüfi deyil. Çinin paytaxtında müasir hərbi texnikanın nümayiş olunduğu və bir sıra xarici dövlətlərin hərbi hissələrinin keçdiyi möhtəşəm parad təşkil olundu.

1931-ci il sentyabrın 18-də Kvantun ordusu Çinə soxulub və Mancuriyanı zəbt edib. Bu, Çin üçün tarixin xüsusi dövrüdür, çünki müharibə illərində ölkədə 35 milyondan artıq insan yaralanıb və həlak olub.

Aralarında, əsasən, Çinin geosiyasi tərəfdaşları olan ölkələrin nümayəndələri də daxil olmaqla 30 dövlətin başçısı Pekinə gəlmişdi.

Tədbirdən əvvəl ÇXR-in Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan etmişdi ki, dəvət məktubu göndərilən 49 ölkədən 30-nun dövlət başçısı tədbirdə iştirak edəcəyinə razılıq bildirib. Tədbir iştirakçıları arasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Cənubi Koreya prezidenti Pak Kın Xe (paradoksal olsa da), Pakistan, Myanma, Vyetnam (hazırda Çinlə o qədər də dost hesab olunmayan) kimi ölkələrin prezidentləri var idi. Onlardan başqa, tədbirdə Belarus Prezidenti Aleksandr Lukaşenko da daxil olmaqla Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv-dövlətlərinin başçıları, həmçinin Cənub-Şərqi Asiya ölkələrinin rəhbərləri də iştirak edirdilər. Düzdür, siyahıya Bruney, Malayziya, İndoneziya, Filippin və Sinqapurdan rəsmilər daxil deyildi. Bu başadüşüləndir. Geosiyasi ziddiyyət bu ölkələrin Çinlə qarşılıqlı əlaqələrində öz əksini tapmaya bilməzdi. Məsələn, Çinlə Filippin arasındakı əlaqələr Cənub-Çin dənizindəki mübahisəli adalarla bağlı münaqişə ilə əlaqədar hazırda “soyuq müharibə” vəziyyətindədir. Sadalanan Cənub-Şərqi Asiya ölkələri bununla kimin mövqeyinin onlara yaxın olduğunu Pekinə nümayiş etdirmiş olurlar. Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısına qarşı münasibətdə qəribə hadisələr də baş verdi. Şimali Koreya lideri Kim Çen In özünün xüsusi nümayəndəsi timsalında Pekinə Koreya Əmək partiyasının Mərkəzi Komitəsinin katiblərindən birini göndərib. Bu, təsadüfi deyil. Son dövrlərdə ÇXR və KXDR arasındakı münasibətlərdə bir qədər soyuqluq özünü göstərir. Buna səbəb çinlilərin Cənubi Koreya ilə iqtisadi əməkdaşlıqdan imtina etmək istəməmələridir.

Analitiklərin fikrincə, Pekində keçirilən mərasimlərdə iştirakla bağlı Cənubi Koreya Prezidenti Pak Kın Xenin qərarına Yaponiyanın Baş naziri Sindzo Abenin bir müddət əvvəlki çıxışı ilə bağlı narazılıq da təsir edə bilərdi. Baş nazir çıxışında yapon hərbçilərinin yarımadada və Çində törətdikləri cinayətləri qəbul etsə də, sonda yenə də Yaponiya adından üzr istəmədi. Tokionun mövqeyinə Pekin özü də dərhal reaksiya verdi və Abenin müraciətinin Yaponiyanın keçmiş işğalçı müharibədən çıxardığı nəticəni əks etdirmədiyini bildirdi. Tamamilə aydındır ki, Yaponiya baş nazirinin Pekinə gəlməyəcəyi əvvəlcədən məlum idi. Rəsmi olaraq “gərgin parlament qrafiki”nin bəhanə edilməsinə baxmayaraq, ümumilikdə səbəbin daha ciddi olduğu aydın idi.

Pekindəki tədbirlərdə Hindistanın baş naziri də iştirak etmədi. Bu ölkə tədbirdə hökumət üzvləri səviyyəsində təmsil olundu. Çinlə Hindistan arasında üç iri hərbi münaqişə ilə nəticələnən sərhəd mübahisəsi hələ də mövcuddur. 1980-ci illərin sonlarından etibarən hər iki ölkə qarşılıqlı münasibətlərdə diplomatik və iqtisadi əlaqələri genişləndirməyə çalışsa da, yenə də soyuqluq davam edir.

CAR, Venesuela, Misir, Sudan prezidentləri, həmçinin Latın Amerikası ölkələrinin rəhbərləri də Pekinə gəlmişdilər. Tədbirdə Avropa Çexiya Prezidenti, Polşa Seyminin sədri, Serbiya Prezidenti ilə təmsil olunurdu. BMT-nin Baş katibi Pan Gi Mun da Pekinə gəlmişdi.

Yeri gəlmişkən, Pekinə gələn Çexiya prezidenti Aİ və NATO-dakı tərəfdaşları arasında onun xüsusi siyasi etibarının olduğunu təsdiq etdi. Bundan başqa, Miloş Zeman orada Putinlə də görüş keçirdi. Bu, bənzər siyasət yürüdən artıq ikinci Çexiya prezidentidir. Başqa bir faktı da qeyd etmək lazımdır. Çexlərin böyük hissəsi - 30-40 faizi - Brüsselin siyasətindən kəskin şəkildə narazıdır. Həmkarları arasında Pekindəki parada təkcə Zemanın getməsi Brüssellə narazılığın işarəsidir. Bu səfər müstəqil və məxsusi çoxistiqamətli siyasi kursu nümayiş etdirir. Hər birinin ayrı-ayrı səbəbləri olsa da, Çexiya Belçika, Yunanıstan və Böyük Britaniya kimi Aİ daxilindəki avroskeptik ölkələr sırasına daxildir.

ABŞ Prezidenti Barak Obama, Böyük Britaniyanın baş naziri Devid Kemeron və Fransa Prezidenti Fransua Olland müxtəlif bəhanələrlə Çindəki tədbirlərdə iştirakdan imtina etdilər. Tədbirlərdə bu ölkələr daha aşağı səviyyəli rəsmilərlə təmsil olundular.  Kanada və Almaniyanın səfirləri parada baş çəkdilər.

ABŞ, Böyük Britaniya və Fransa liderləri Obama, Kemeron və Ollandın Çinin Yaponiya ilə müharibədə qazandığı qələbənin 70 illiyi və İkinci Dünya müharibəsinin 70-ci ildönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Pekinə gəlməkdən imtina etmələri Qərbin Çinə olan münasibətini və mühüm tarixi hadisələrin dəyərləndirilməsinə subyektiv yanaşmaları aydın şəkildə nümayiş etdirir. Hələ Çinin məhz İkinci Dünya müharibəsinin bitməsindən sonra SSRİ, ABŞ, Böyük Britaniya və Fransa ilə birlikdə BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən birinə çevrilməsi faktını demirik (1971-ci ildə BMT-də Tayvanın nümayəndəsi ÇXR-in nümayəndəsi ilə əvəz edildi).

Çindəki tədbirlərin iştirakçılarının belə geniş təsviri Çinin bir çox başqa ölkələrlə qarşılıqlı münasibətlərinin səviyyəsini anlamaq üçün vacibdir. Pekindəki tədbirlərdə iştirak amili bu münasibətlərin və geosiyasi qarşıdurmaların cari səviyyəsinin əyani göstəricisi idi.

Mərasimlərin əsas fiqurlarından biri Rusiya Prezidenti Vladimir Putin oldu. ÇXR lideri Si Tszinpinin mayın 9-da Moskvada keçirilən və Çin liderinin hörmətli qonaq olduğu parada gəlməsindən sonra Pekin eyni protokol ehtiramını göstərməyə bilməzdi. Çin mətbuatı xüsusi vurğulayır ki, son illərdə Rusiya prezidenti Çində ən məşhur ictimai xadimlərdən biridir. Metro stansiyalarından onun portretləri asılır, bir çox kitab mağazalarında onun barəsində kitablar satılır. “Putin” brendi ilə Çində hətta Pekinin məşhur “Putin Yantszin” markalı pivəsi buraxılır.

Rusiya prezidenti bir neçə görüş keçirsə də, bunlardan ən vacibi 27 sənəddən ibarət sənədlər paketinin imzalanması ilə başa çatan Rusiya-Çin danışıqları idi. Təkcə “Rosneft”in Çinlə həcmi 30 milyard dollardan çox olan sövdələşmə imzaladığını demək kifayətdir.

Pekinə səfərindən əvvəl Vladimir Putin Çinin “Sinxua” agentliyinə geniş müsahibə vermiş və qeyd etmişdi ki, 2010-cu ildən bəri ÇXR Rusiyanın əsas ticarət tərəfdaşı mövqeyini möhkəm qoruyub saxlayır.

Pekində imzalanmış müqavilə göstərir ki, neftin qiymətinə, Çinin inkişafının zəifləməsinə və geosiyasi landşaftın dəyişməsinə baxmayaraq, Rusiya ilə Çin arasındakı enerji sahəsində əlaqələr artmaqda davam edir.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında