Əli HƏSƏNOV: Avropa Parlamenti artıq reallıq hissini itirib və Qərbin müxtəlif dairələrinin əlində oyuncağa çevrilib

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni AZƏRTAC-a şərh edib.

Əli Həsənov bildirib ki, Azərbaycan müstəqil siyasət yürüdən, demokratik, dinamik inkişaf edən və yüksək beynəlxalq nüfuza malik ölkədir. Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir, hər kəsin fikir, söz və məlumat azadlığı təmin olunub, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün zəruri şərait yaradılıb. Bu gün ölkədə onlarla siyasi partiya, yüzlərlə QHT, media orqanı heç bir maneə olmadan, sərbəst şəkildə fəaliyyət göstərir, internet azadlığı tam təmin edilib. Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, müasir dövrdə müstəqil siyasi kurs, liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələrdir. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın müstəqil siyasəti və əldə etdiyi mühüm nailiyyətlər Qərbdəki bəzi islamofob, ermənipərəst dairələri qıcıqlandırır və getdikcə daha çox narahat edir. Əli Həsənov deyib: “Əminliklə demək olar ki, Avropa Parlamentinin Azərbaycana qarşı ardıcıl həmlələri, qəbul etdiyi qeyri-obyektiv və qərəzli qətnamələr də həmin dairələrin təhriki və bu struktura davamlı təzyiqinin nəticəsidir. Azərbaycanda mühüm tədbirlər ərəfəsində Avropa Parlamentinin kənardan idarə olunan ayrı-ayrı fraksiyalarının fəallaşması və bu qurumun islamofob rəhbərliyinin də yaxından iştirakı ilə ölkəmizlə bağlı absurd iddialardan ibarət qətnamələrin qəbul olunması artıq adət halı alıb. Azərbaycanda parlament seçkiləri ərəfəsində qəbul olunmuş növbəti qətnamə də bu qurumun rəhbərliyinin və oradakı məlum qrupun ölkəmizin beynəlxalq nüfuzuna yenidən zərbə vurmaq cəhdindən başqa bir şey deyil. Onlara xatırlatmaq istərdim ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil, bu qurumun qarşısında heç bir məsuliyyət daşımır və buna görə də Avropa Parlamentinin qəbul etdiyi həmin qətnamə bundan əvvəlki qərəzli sənədlər kimi kağız parçasından başqa bir şey deyil”.  

Qətnamədə əks olunmuş iddialara gəldikdə, Əli Həsənov qeyd edib  ki, şübhəli mənbələrdən daxil olan informasiyalar əsasında hazırlanmış subyektiv mülahizələr heç bir halda ciddi qəbul oluna bilməz: “Hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da hökumətin əsas tələbi ondan ibarətdir ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində mövcud azadlıqlardan sui-istifadə hallarına yol verilməsin, bu sahədə şəffaflıq və qanunların aliliyi təmin olunsun. Nə Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmayıb. Azərbaycanda məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu və istəklərini deyil, qanunun tələblərini əsas götürürlər. Azərbaycanda konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş şəxslərin bütün hüquqları təmin olunur və qanunla qadağan olunmayan ehtiyacları tam ödənilir. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına daxildir və yerli məhkəmələrin qərarlarından həmin instansiyaya şikayət verilə bilər. Buna görə də konkret cinayət əməlləri törətdiyi açıq məhkəmədə faktlar və şahid ifadələri əsasında sübut olunmuş bəzi şəxslərin işini qərəzli şəkildə siyasiləşdirən Avropa Parlamenti bununla hüququn aliliyinə hörmətsizlik nümayiş etdirir”. 

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Qərbin yürütdüyü siyasətin bütün dünya üçün ağır fəsadlar törətdiyini diqqətə çatdıraraq deyib ki, Azərbaycanda insan haqlarının pozulduğunu iddia edən Avropa Parlamenti birbaşa müdaxilə və hərbi təcavüz nəticəsində vətəndaş qarşıdurması arenasına çevrilmiş ölkələrin milyonlarla vətəndaşının aqibətini düşünsə daha yaxşı olar: “Bu gün onlarla ölkənin iqtisadiyyatının çökməsi və milli sərvətlərinin talan edilməsində iştirak edən, yüz minlərlə insanın öz ölkəsini tərk etmək məcburiyyətində qalmasına səbəbkar olan bəzi Qərb liderlərinə qarşı sanksiyaların tətbiq edilməsi daha məntiqli və ədalətli olardı. Avropa Parlamenti Avropa İttifaqı məkanında dini və irqi ayrı-seçkilik, faşizm və ksenofobiya kimi halların qarşısını almalı, media nümayəndələrinin, QHT fəallarının hüquqlarının pozulmasını araşdırmalı və günahkarların cəzalandırılmasını tələb etməlidir”.

Əli Həsənovun sözlərinə görə, Azərbaycanda korrupsiya hallarının araşdırılmasını tələb edən Avropa Parlamenti Avropa İttifaqı ölkələrində milyardlarla avro vəsaitin müxtəlif vasitələrlə mənimsənilməsi hallarına qiymət verməli və bu özbaşınalığa qarşı etiraz edən vətəndaşların səslərinin susdurulmasına, etiraz aksiyalarının qəddar şəkildə dağıdılmasına göstəriş verən məmurların hüquqi məsuliyyətə cəlb edilməsinə nail olmalıdır: “Yaxşı olardı ki, Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının ayırdığı milyonlarla avro vəsaitin - Avropa vergiödəyicilərinin pullarının əslində hansı məqsədlərə xərcləndiyini araşdırsın və bu vəsaitlərin havaya sovrulduğunu anlasın. Bu günlərdə keçirilmiş məhkəmə proseslərində təsdiq olundu ki, bəzi QHT rəhbərləri Azərbaycan qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaqla xaricdən aldıqları qrantları Avropada mülklər əldə etməyə, özlərinin dəbdəbəli həyat tərzinə və şəxsi bank hesablarını doldurmağa xərcləyiblər”.

Avropa Parlamentinin beynəlxalq təşkilatları Azərbaycan Milli Məclisinə seçkilərə müşahidə missiyası göndərməkdən çəkindirmək çağırışına münasibət bildirən Əli Həsənov qeyd edib ki, bu, həmin qurumun artıq reallıq hissini itirdiyini və müxtəlif dairələrin əlində oyuncağa çevrildiyini açıq şəkildə göstərir: “Bu günlərdə Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Strasburqda avroparlamentarilər qarşısında çıxışı zamanı baş verən bir insidentlə bağlı istehza ilə demişdi ki, Avropa Parlamentinə hər cür adam düşə bilər. Onun fikrini inkişaf etdirərək bildirmək istərdim ki, Avropa Parlamenti həm də hər cür absurd və gülünc qətnamə qəbul edə bilər. Bu qurumun təcrübəsində belə hallar dəfələrlə olub və Azərbaycanla bağlı qəbul olunmuş sonuncu qətnamə də bir daha bunu təsdiq edir”.

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivinə gəldikdə, Əli Həsənov bildirib ki, Azərbaycan dövləti tərəfdaşlıq əlaqələrini, bərabərhüquqlu  əməkdaşlığı davam etdirməyə hazır olduğunu dəfələrlə bəyan edib və bu gün də öz mövqeyində qalır. Lakin Azərbaycan heç vaxt kimlərinsə dominantlıq iddiasını qəbul etməyəcək, “böyük-kiçik” münasibətlərini tətbiq etmək cəhdlərinə yol verməyəcək. Artıq bu həqiqəti anlamağın və münasibətlərin pozulmasına yönəlmiş cəhdlərdən əl çəkməyin zamanıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında