Avropanın miqrant böhranı: Avropa İttifaqı daxilində cəbhələşmə

Qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən “İkinci Dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı” hesab olunur. Çünki qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasına görə, bu il Aralıq dənizini 300 min nəfərə yaxın miqrant keçib, onlardan 181500 nəfəri Yunanıstana, 108500 nəfəri isə İtaliyaya daxil olub. Qurumun 2015-ci il iyul ayının sonuna olan statistikasına görə, il ərzində Avropaya qayıqla gələnlərin 62 faizi Suriya, Eritreya və Əfqanıstandan olanlardır. Buraya Sudanın Darfur bölgəsindən, İraq, Somali və Nigeriyanın münaqişəli zonalarından gələnləri də əlavə etdikdə göstərici 70 faizə yüksəlir.

Avropaya üz tutan qaçqınların artan siyahısına paralel olaraq, Aralıq dənizini qayıqlar və gəmilərlə keçməyə çalışanların, yüzlərlə qadın və uşaq da daxil olmaqla, bir qisminin suda boğulması xəbərləri də son bir neçə ildə artmaqdadır. 2011-ci ilə qədər Aralıq dənizini keçərkən qəzalar və digər səbəblərdən ölənlərin sayı il ərzində 500 nəfər ətrafında dəyişirdisə, Yaxın Şərqdə çevriliş və müharibə dalğasının baş qaldırdığı dövrdən etibarən bu göstərici 1500 nəfəri ötüb. 2014-cü ildə isə dənizdə ölənlərin sayı 3500 nəfərə çatıb.

Bütün bu rəqəmlər və miqrant böhranı ilə bağlı deyilənlər meyiti Aralıq dənizinin Türkiyə sahilində quruya çıxan 3 yaşlı Aylan Kürdinin dünyada əks-səda doğuran fotoları ilə sanki bir anda daha böyük məna kəsb etdi, qaçqınların üzləşdikləri təhlükələrə və problemlərə olan diqqəti artırdı. Aylan və onun kimi digər bir neçə azyaşlı uşağın sahildəki cəsədlərinin şəkilləri müharibə və zorakılıqlardan qaçan, lakin dənizdə həyatını itirən qaçqınlarla yanaşı, insanlığın da suya qərq olmasının əlaməti kimi qiymətləndirildi. Bunun nəticəsində miqrantlara qarşı daha yumşaq davranmaqla bağlı Avropa İttifaqı ölkələrinin üzərinə düşən beynəlxalq ictimai təzyiq daha da böyüdü.

Son həftələrdə 10 min nəfərdən artıq qaçqın sərhədçilərin maneçilik cəhdlərinə baxmayaraq, Yunanıstandan Makedoniyaya keçiblər. Ümumiyyətlə, miqrantların bir qismi Yunanıstan və İtaliyaya çatdıqdan sonra Makedoniya, Serbiya, Macarıstan kimi ölkələrin ərazisindən keçərək Almaniya, Fransa, Skandinaviya ölkələri kimi daha inkişaf etmiş, yaxud miqrasiya siyasəti daha yumşaq olan ölkələrə üz tuturlar.

Suriyalı qaçqınların qəbulunda ABŞ yükün nisbətən az bir hissəsini üzərinə götürüb. Məlumatlara görə, ABŞ 2016-cı ildə 5-8 min arası suriyalı qaçqını qəbul etmək niyyətindədir. İndiyə qədər isə BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının tövsiyəsi ilə 15 min qaçqını qəbul edib. 2015-ci ildə isə 1-2 min arası qaçqının ölkəyə qəbulu planlaşdırılıb.

BMT-nin açıqlamasına görə, bu ilin iyul ayında suriyalı qaçqınların sayı 4 milyon nəfəri keçib. Onların əksəriyyəti Türkiyə, İordaniya, Livan kimi region ölkələrində yerləşib. Lakin bu ölkələrin qaçqınlara verə biləcəyi sığınacaq və təminatın məhdudluğu, miqrantların isə durmadan artması Avropaya üz tutanların sayını yüksəldir. Həmçinin, qaçqınlar Aralıq dənizi ilə qarşı tərəfə keçə bilmək üçün çox zaman məhz İŞİD silahlılarının razılığını almaq, bunun üçün isə onlara adambaşına 3-4 min dollara qədər məbləğ ödəmək məcburiyyətində qalırlar. İŞİD-in gücünün artırılmasına yönəldilən bu vəsaitlər sayəsində terrorçu təşkilat öz cinayətkar əməllərini daha genişləndirir, nəticədə, regiondan qaçqın düşənlər daha da çoxalır.

 

Avropaya çatan miqrantların
üzləşdikləri problemlər

 

Avropaya gələn miqrantlar bəzən üzləşdikləri yeni şəraitdən də narazı qalırlar. Bir müddət əvvəl İtaliyanın maliyyə paytaxtı Milanda yüzlərlə miqrant yaşayış şəraitlərinin pis olmasına və iş axtarmalarına icazə verilməsi üçün uzun müddət gözləmələrinə etiraz olaraq aksiya keçirib. Onlar qeydiyyat və şəxsiyyəti təsdiq edən sənədlərin verilməsini də uzun müddət gözləmək məcburiyyətindədirlər. İtaliya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 2015-ci ildə ölkəyə dəniz yolu ilə 100 mindən çox miqrant daxil olub. İtaliyaya gələnlərin çoxu buradan Şimali Avropa ölkələrinə üz tutmağa çalışır. Hazırda İtaliyadakı sığınacaqlarda yerləşən 85 min nəfərdən çox miqrant isə onlara iş axtarmağa icazə verən müvəqqəti sənədlər əldə etmək istəyir.

Ümumiyyətlə, bir sıra Avropa ölkələrində qanunsuz miqrantların işləməsinə uzun müddət icazə verilmir. Görünür, bu amil iqtisadi böhrandan əziyyət çəkən region ölkələrinin öz əhalisi arasında işsizliyin kifayət qədər yüksək səviyyədə olması və əhalinin əlavə ucuz işçi qüvvəsinin artmasından yaranan narazılığı ilə bağlıdır.

Son illərdə Avropada anti-miqrant, ksenofob çağırışlar edən sağçı partiyaların nüfuzunun artması da müşahidə olunur. Sağçı radikalların daha fəal olduğu Almaniyada miqrantlara sığınacaq üçün ayrılan bəzi binalar yandırılır. İqtisadi amillərlə yanaşı, miqrant axınının artması Avropada bir sıra mühafizəkar, sağçı qruplar, hətta yüksək vəzifəli rəsmi şəxslər tərəfindən “Qərb sivilizasiyasının sonu”, “Avropa mədəniyyətinin tənəzzülü”, “xristianlığa təhdid”, bəzən hətta “ağ irqin yoxa çıxması” şəklində qiymətləndirilir. Bununla da ictimaiyyətdə miqrantlara, fərqli mədəniyyətlərin daşıyıcılarına, başqa irqlərə münasibətdə kütləvi qorxu və qəzəb hissi yaradılır. Böyük Britaniyanın xarici işlər naziri Filip Hammondun bu yaxınlarda səsləndirdiyi “milyonlarla talançı afrikalı miqrant Avropa İttifaqının yaşayış standartına və sosial quruluşuna təhlükə yaradır” fikri ölkəsində geniş əks-səda doğurub. Üstəlik, Baş nazir Devid Kemeron da Hammondun mövqeyi ilə şərik olduğunu köməkçisi vasitəsilə cəmiyyətə bəyan edib. Ölkədəki liberallar və Leyboristlər partiyasının üzvləri hökumət rəhbərliyini bu cür yanaşmaya görə tənqid edirlər.

Rəhbər şəxslərin son illərdə davamlı olaraq sərgilədiyi bu mövqe Qərbdə multikulturalizm, tolerantlıq, plüralizm dəyərlərindən imtinanın göstəricilərindəndir.

 

Almaniya və Britaniya qarşı-qarşıya

 

Almaniya kansleri Angela Merkel isə Britaniya rəhbərliyindən fərqli olaraq, miqrantlara münasibətdə daha loyal mövqedə olduğunu nümayiş etdirir. Başqa bir tərəfdən, görünən odur ki, Almaniya avrozona böhranında olduğu kimi, miqrant böhranının aradan qaldırılmasında da aparıcı rol oynamaq niyyətindədir. Belə ki, Merkel, Britaniya da daxil olmaqla, Aİ ölkələrinin daha çox sayda miqrant qəbul etməsini istəyir. Dublin konvensiyası sığınacaq axtaranların gəldikləri ilk Aİ ölkəsində qalmasını tələb edir. Merkelin isə hətta suriyalı qaçqınlara hansı ölkəyə müraciət etmələrindən asılı olmayaraq Almaniyada məskunlaşmalarına icazə verdiyi bildirilir.

Merkel və Fransa Prezidenti Fransua Olland miqrant yükünü paylaşmaq üçün Aİ çərçivəsində yeni sazişin imzalanmasını zəruri hesab edirlər. İndiki məqamda miqrasiya siyasətini liberallaşdırmağa çalışan Almaniya-Fransa müttəfiqliyi, Aİ rəhbərliyi və BMT də daxil olmaqla, onlara tərəfdar çıxan qüvvələr ilə daha mühafizəkar miqrasiya siyasəti tərəfdarı olan Britaniya və əsasən Şərqi Avropa ölkələrinin qarşıdurması müşahidə olunur.

Bu vəziyyəti təhlil edən ekspertlər Aİ ölkələrinin seçim qarşısında qaldığını bildirirlər. Onlar ya milli dövlətlərin miqrasiya siyasətinin müəyyənləşdirilməsində müstəqil fəaliyyətinə dəstək verməli, ya da bu sahədə qəti və birmənalı mərkəzləşdirilməyə tərəfdar çıxmalıdırlar. Çünki Aİ-nin açıq sərhədlər, sərbəst hərəkət siyasəti ilə milli dövlətlərin öz sərhədlərindən kimləri buraxıb-buraxmayacaqlarına qərarvermə səlahiyyətləri arasında ziddiyyət yaranıb. Bu ziddiyyət ittifaqın təməllərini sarsıda bilər.

Aİ daxilində miqrantların ölkələrə kvotalarla paylanması ilə bağlı ortaq razılığın əldə olunmaması səbəbindən bir sıra ölkələr problemi özləri həll etməyə çalışırlar. Aİ-nin açıq sərhədlər siyasəti səbəbindən ittifaq ölkələri sərhədi qanunsuz yollarla, hətta sərhədçilərlə əlbəyaxa şəkildə keçənlərin əksəriyyətini məsuliyyətə cəlb etmirlər. Bu ölkələr, xüsusən də Macarıstan miqrantların daxil olduğu sərhəd zonalarında çəpərləmə yolu ilə axının qarşısını almağa çalışır.

 

Böhranı necə aradan qaldırmalı?

 

Proqnozlar yaxın aylarda böhranın daha da dərinləşəcəyindən xəbər verir. BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı bu ilin noyabr ayınadək Cənubi Avropaya hər  gün təqribən 3 min miqrantın daxil olacağını proqnozlaşdırır. Bu isə qitə ekspertlərini, siyasətçilərini vəziyyətdən təcili çıxış yolları üzərində düşünməyə vadar edir.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer və vitse-kansler Ziqmar Qabrielin mətbuatda dərc olunan birgə yazısında müəlliflər miqrant böhranından qurtulmağın bir sıra yollarını təklif edirlər. Təkliflərdən biri odur ki, Aİ-nin istənilən ölkəsinə gedən qaçqınlar normal şəraitlə təmin olunmalıdır, bunun üçün isə Aİ miqyasında ümumi standartlar müəyyən edilməlidir. Digər bir təklifə görə, Aİ daxilində ümumi sığınacaq vermə siyasəti olmalıdır. Həmçinin, qaçqınların Avropa boyunca “ədalətli bölüşdürülməsinə” ehtiyac var. Müəlliflərin fikrincə, Almaniya da daxil olmaqla, məhdud sayda ölkənin miqrant yükünün əsas hissəsini üzərinə götürdüyü sistem davamlı ola bilməz. Müəlliflər Aİ-də miqrasiya məsələlərini qismən tənzimləyən Dublin konvensiyasının yenidən işlənməsini, bütün Aİ ölkələri üçün qaçqın kvotalarının müəyyənləşdirilməsini təklif edirlər. Onlar həm də Aİ ölkələrinin sərhəd nəzarəti siyasətinin “ümumi yanaşma” əsasında həyata keçirilməsini istəyirlər. Miqrantların əsas mənbəyi olan ölkələrdə zorakılıq və vətəndaş müharibələrinə son qoyulmasına, xüsusən də gənclər üçün öz ölkələrində iqtisadi və sosial imkanların yaradılmasına yardım edilməsi çağırışı da yazıda yer alır.

Avropa İttifaqı rəhbərliyinin mövqeyi Almaniya hökumətinin yanaşmasına yaxındır. Yaxın günlərdə Aİ-nin region ölkələri üçün qəbul etməli olduqları miqrantların kvotasını açıqlayacağı gözlənilir. İttifaq rəhbərliyinin bu çağırışına bir sıra Aİ ölkələrinin nə dərəcədə əməl edəcəyi sual altındadır. Aİ daxilində bu fikir ayrılığının davam etdiyi müddətdə isə qeyri-sabit regionlardan qaçqınların qitəyə axını artmaqdadır.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında