Bəzi dairələrin ikili standartları Avropanı və Avropa İttifaqını son 70 ilin ən böyük humanitar fəlakəti ilə üz-üzə qoyub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hesab edirəm ki, bu gün müasir dünyada mənəvi dəyərlər haqqında
daha çox danışmaq lazımdır. Çünki həm Yaxın Şərqdə, həm Avropada,
MDB məkanında yaşanan böhranlı vəziyyət, o cümlədən mənəvi
dəyərlər üzərində yaranıb. Münaqişələr bir çox hallarda bu səbəbdən qaynaqlanır.
Ona görə biz Azərbaycanda əlbəttə ki, bütün məsələləri dərindən təhlil
edərək ölkəmiz üçün, xalqımız üçün ən məqbul, ən yaxşı variantı seçirik və seçəcəyik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Dövlətin idarə edilməsi zamanı əsas götürülən çoxsaylı şərtlərdən biri də regionda və dünyada gedən ictimai-siyasi, sosial-iqtisadi və hərbi-texniki proseslərin nəzərə alınması, atılacaq addımların planlaşdırılmasında həmin proseslərin nəticələrinin əsas  götürülməsidir.

Bizim xalqın xoşbəxtliyidir ki, siyasi idarəetmənin dahisi olan Heydər Əliyevin işləyib hazırladığı dövlətçilik prinsiplərində  həmin məqamlar ən incə detallarına qədər nəzərə alınmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirənin materiallarına nəzər salarkən bir daha gördük ki, möhtəşəm nailiyyətlərə imza atan dövlətimiz bu gün Heydər Əliyev siyasi kursunun prinsiplərinə böyük sədaqət nümayiş etdirir.

Xatırladaq ki, hələ iki ay əvvəl - iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqi söyləyən dövlət başçımız bu məsələyə toxunaraq demişdi ki, biz həmin tendensiyaların ölkəmizə edəcəyi təsirlərin  minimuma endirilıməsi üçün kifayət qədər addımlar atmışıq:  “Əslində, bu barədə biz artıq önəmli addımlar atmışıq. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmamışdır. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada sadəcə olaraq bir mexanizm təklif olunurdu ki, bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə bil ki, o saziş bir göstəriş vərəqəsi idi. Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk”.

Azərbaycan Prezidentinin  fikrincə, Müsəqil Dövlətlər Birliyinə üzv olan ölkələrdə yaranmış siyasi, iqtisadi, mənəvi və humanitar böhranlar əksər hallarda xarici müdaxilənin, bütün dünyaya ağalıq etmək istəyən qüvvələrin sifarişinin nəticəsi olsa da, bu mənfi tendensiyada yerli dövlət rəsmilərinin də kifayət qədər günahı vardır: “MDB məkanında vəziyyət gördüyünüz kimi, o qədər də ürəkaçan deyil. Bir çox ölkələr böhranla bacara bilmirlər. Ukraynada böhran davam edir. Ermənistan, demək olar ki, çöküb, iqtisadiyyatı çöküb. Ermənistanın kriminal diktatura rejimi artıq öz xalqını o qədər əzib ki, xalq buna dözə bilmir. Onu da qeyd etməliyəm ki, Ermənistan xuntası xalq hesabına varlanır. Bəlkə bir çoxları bunu bilmir. Ancaq Ermənistan dünya miqyasında bəlkə də xaricdən ən aşağı qiymətə qaz alan ölkədir. Ancaq öz əhalisinə bunu üç dəfə baha satır. Elektrik enerjisi də, yanacaq da həmçinin. Yəni, bu kriminal rejim xalqın qanını sorur. Əlbəttə ki, xalq buna dözə bilmir”.

Son iyirmi ilin həqiqətləri ondan ibarətdir ki, Azərbaycan təkcə region ölkələri və Avropa dövlətləri ilə deyil, ümumiyyətlə, dünyanın bütün ölkələri və mütərəqqi istiqamətli beynəlxalq təşkilatların hamısı ilə səmimi və əhatəli əməkdaşlıq edir. Ancaq çox təəssüf ki, bir çox hallarda, xüsusən Avropa İttifaqı ilə əməkdaşlıqda bu münasibətin qarşılığını görmürük. Dövlət başçımız həmin faktı bu şəkildə dilə gətirir: “Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik... Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik”.

Əlbəttə, bizim Avropa Şurasının üzvlüyünü qəbul etməyimiz səbəbsiz deyildi. SSRİ-nin son illərində və müstəqilliyimizin həddən artıq kövrək olduğu dönəmlərdə bədxahlarımız Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsi kimi həlli müşkül olan bir problem yaratmışdılar. Həm ulu öndər, həm də Prezident İlham Əliyev həmin münaqişənin ədalətli şəkildə həll olunması üçün beynəlxaq təşkilatların rəsmi sənədlərindən istifadə etməyi daha məqbul sayıblar. Bu məqamı Prezident daha aydın şəkildə ifadə edir: “Biz oraya üzv olmuşuq ki, ilk növbədə, Qarabağ problemi həll edilsin. Məsələ bunda idi. Biz bilirdik ki, Ermənistan Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli şəkildə həll edilsin. Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamafobiya, paxıllıq, bədniyyət. Bax, bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul edirlər. Qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətnində yazılmışdır ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürüb o cümləni dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yəni, bu, nə deməkdir?! Bu, açıq-aydın antizərbaycan mövqeyidir. Ona görə, yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi”.

Yeri gəlmişkən, Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində  Avropa qurumlarının Azərbaycana münasibətini tam şəkildə ifadə edən fikirlər yazıb: “Yaxın və dost dairələrdən bizə məlum olub ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı Avropa İttifaqının müvafiq strukturlarında bəyanatların mətni artıq hazırdır. Bircə kiçik əlavə edib tarixi qoymaq qalıb”.  Yəni ikili standartlar Avropada o qədər dərin kök salıb ki, istənilən seçkidə adam öldürülən,  ən ibtidai hüquqların qorunmadığına görə əhalisinin tən yarısı  ölkədən qaçan Ermənistan barədə bir kəlmə  də olsa danışmayanlar Azərbaycanda keçiriləcək seçki haqqında hələ iki ay qabaqcadan mənfi rəy hazırlayırlar.

Ekspertlərin fikrincə, dünyada vəziyyətin getdikcə daha da gərginləşməsinin əsas səbəbi bəzi dairələrin sifarişləri və maliyyəsi əsasında reallaşan qərəzli layihələrdir. Məhz həmin layihələr əsasında qanlı toqquşmalar,  siyasi və iqtisadi böhranlar yaranır. Burada da,  xarici müdaxilə öz rolunu oynayır və bundan əziyyət çəkən yenə də günahsız insanlardır. Ona görə də dövlət başçımız deyir: “İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir. Yüz minlərlə qaçqın, - hansı ki yenə də xarici müdaxilə nəticəsində qaçqın vəziyyətinə düşmüş insanlar, - Avropaya üz tutub. Sığınacaq tapmaq, öz canını qurtarmaq üçün hazırda onların böyük köçü müşahidə olunur. Yenə də demək istəyirəm ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfədir biz bu mənzərə ilə üzləşirik. Əlbəttə, bu, böyük humanitar fəlakətdir. İlk növbədə, bu, ağır vəziyyətə düşən insanlar üçün humanitar fəlakətdir. Onlar bu humanitar fəlakətlə artıq bir neçə ildir ki, üz-üzədir. Əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinasız yanaşır. Ancaq bu insanların bir hissəsi Avropa qitəsinə üz tutandan sonra indi bütün Qərb mediası gecə-gündüz həmin görüntüləri yayır və bu vəziyyətə görə onları günahlandırır. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onlar xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur. Onlar özlərini, öz ailələrini qorumalıdırlar. Ona görə bu gün bu humanitar fəlakət ilk növbədə, onların fəlakətidir”.

Xatırladaq ki, Azərbaycan dövləti yaranmış vəziyyətə çevik münasibət bildirməsəydi və müvafiq dövlət qurumları dövriyyəyə  buraxılmış antiazərbaycan ssenariləri ifşa etməsəydi, bizim dövlətimiz də həmin fəlakətlərlə üz-üzə qalacaqdı. Dövlət başçımız da bu məntiqi təsdiqləyir: “Onu bir daha qeyd etmək istəyirəm ki, bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdır. 2011-ci ildə, 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda ”Ərəb baharı"nın yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu, qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışlar. Bizim hüquq mühafizə orqanları bütün bu işlərin üstünü açıb. Azərbaycanda “Maydan hərəkatı”nı yaratmaq istəyirdilər. Gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyonlarla dollar vəsait aşkarlanıb ki, qanunsuz yollarla, yerli “Beşinci kolon”un vasitəsilə, qeyri-hökumət təşkilatları adı ilə Azərbaycana gətirilsin, vəziyyət gərginləşsin və burada bəzi xarici dairələrin xidmətində olan insanları da hakimiyyətə gətirsinlər. 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha da ciddi formalar almışdır. Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunub. Mən bunu açıq deyirəm. Mən bunu başqa cür qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi”.

Təbii ki, dövlətimizin apardığı düşünülmüş və uğurlu  siyasətin nəticəsində biz ölkəmizi həmin  böyük bəlalardan qoruya bilmişik. Ukraynada, Yaxın Şərqdə, Suriyada, İraqda, Liviyada, başqa ölkələrdə  baş verənlərin ölkəmizdə təkrarlanmasının qarşısı alınıb. Həmin ölkələr idarəedilməz vəziyyətə düşübdür. Azərbaycanda  isə sabitlik, inkişaf, normal həyat davam edir. Dövlətimiz və dövlət başçımız  Azərbaycanı bax bu bəlalardan qorumuşdur. Prezident İlham Əliyevin dediyi kimi, bizə qarşı uzanan o çirkin əlləri kəsmişik və bundan sonra da ölkəmizi qoruyacağıq, xalqımızın inamlı inkişafını təmin edəcəyik. Çünki bizim ölkəmizdə xalqla dövlətin vəhdəti heç bir başqa ölkədə təsadüf edilməyəcək dərəcədə mükəmməldir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında