“Metsamor” böyük bir regionun başı üzərində asılmış “Damokl qılıncı”dır

Son zamanlar dünya mətbuatında dövrümüzün ən qorxulu kabuslarından olan nüvə təhlükəsi barədə tez-tez həyəcanlı yazılar verilir.  Bu sətirləri qələmə alarkən o yazılardan seçdiyimiz üç sitatı oxuculara təqdim edirik. Birinci: “Ekspertlərin fikrincə, “Metsamor” AES- də qəza baş verəcəyi təqdirdə Azərbaycan və Gürcüstan daxil olmaqla Qafqaz, o cümlədən, İran, Türkiyə və Türkmənistan ekoloji fəlakət qarşısında qalacaqlar”.

İkinci: “Gürcüstan Texniki Universitetinin nüvə məsələləri üzrə mütəxəssisi Gia Arabidze bildirir ki, indi “Metsamor” AES qonşu ölkələrə ciddi ziyan vurmasa da, Yaponiyadakına bənzər bir zəlzələ baş versə, region üçün çox fəlakətli ola bilər. Ümumiyyətlə, bu stansiyanın zəlzələdən dağılma ehtimalı çox yüksəkdir".

Üçüncü: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  ”Metsamor" stansiyasının bundan sonrakı fəaliyyətinin yolverilməzliyini vurğulayaraq, beynəlxalq təşkilatları bu böyük təhlükə mənbəyinin aradan qaldırılması barədə tədbirlər görməyə çağırır".

İndi isə qələmə almaq istədiyimiz məsələnin məğzi barədə. Elm, texnika və müasir  texnologiyalar inkişaf etdikcə, dünyanı ən çox narahat edən çoxsaylı problemlərin aradan qaldırılmasına zəmin yaranır. Alimlər getdikcə azalan  enerji mənbələrinin alternativinin tapılması, tükənməkdə olan içməli su ehtiyatlarının gələcək nəsillərə də çatdırılması üçün çoxsaylı variantlar üzərində işləyirlər. Ancaq bütün bunlarla yanaşı, bəzi texniki nailiyyətlərin məhz insanların özü üçün təhlükəyə çevrildiyi də günümüzün reallığıdır. Atom Elektrik Stansiyaları bu sırada ən təhlükəli mənbə kimi tanınır. Qərbin bir sıra ölkələrində artıq bu enerji  mənbəyindən imtina edirlər. Ancaq bizim üçün belə bir təhlükə qalmaqdadır. Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasını nəzərdə tuturuq.

 Xatırladaq ki, 1986-cı il aprel ayının 26-da Çernobıl Atom Elektrik Stansiyasında  baş verən qəza,  2010-cu ildə isə  güclü zəlzələ nəticəsində Yaponiyanın “Fukusima” Atom Elektrik Stansiyasının sıradan çıxması bəşəriyyətin böyük bir ekoloji təhlükə qarşısında qaldığını bir daha sübut etmişdi. Yeri gəlmişkən,  “Fukusima” AES-in zəlzələ nəticəsində qəzalı hala düşməsi və ətraf üçün böyük təhlükəyə çevrilməsi  bu qəbildən olan stansiyaların  xidmətindən istifadə edən ölkələrin hamısında ciddi narahatlıq yaratmışdı. Bəzi Avropa ölkələri Yaponiyada baş verən təbii fəlakətlərin AES-i qəzalı vəziyyətə salması və bunun böyük təhlükə mənbəyinə çevrilməsindən narahat olaraq, öz ərazilərindəki analoji stansiyaların təhlükəsizliyini təmin etmək üçün bəzi addımlar atmağı planlaşdırırlar. Məsələn, Almaniya dövləti  “Fukusima” AES-in zəlzələ nəticəsində qəzalı vəziyyətə düşməsindən sonra bəyan etdi ki, ölkədəki AES-lərin  yeddisinin  fəaliyyətini dayandıracaq. Bunun əvəzinə mümkün qədər külək və ya Günəş enerjisindən istifadəyə imkan verəcək daha çox stansiyaların tikiləcəyi planlaşdırılır. 

Alimlər narahatlıqla qeyd edirlər ki, AES-lərdən gələn təhlükənin kifayət qədər böyük olmasına baxmayaraq, bu təhlükənin real olduğunu etiraf edən bəzi ölkələrin özündə belə onların sayı ildən-ilə artmaqda davam edir. Bunun da səbəbləri aydındır: məhz AES-lərin işə düşməsindən sonra  dünyada elmi-texniki tərəqqiyə nail olunub. Xüsusilə, kosmosun fəthi üçün geniş perspektivlər açılmışdı. Buraya dünya ağalığı uğrunda mübarizə aparan ölkələrin məhz AES-lərin hesabına atom bombasının hazırlanması üçün müvafiq material əldə etməsini də əlavə etmək lazımdır. Bundan başqa, enerji alınmasında istifadə edilən təbii qaynaqlar get-gedə azalmaqdadır və bu da özlüyündə enerji qıtlığına gətirib çıxarır. Bu baxımdan da insanların elektrik enerjisinə olan ehtiyaclarının ödənilməsində AES-lər xüsusi rol oynayır. Digər tərəfdən də, AES-lərdə elektrik enerjisinin alınması daha rahat və problemsiz həyata keçirilir. 

İndi isə bu sahənin konkret təhlükə mənbəyinə çevrildiyi barədə. Qeyd etdiyimiz kimi, Azərbaycan, Cənubi Qafqaz ümumiyyətlə,   böyük bir region üçün ən böyük  ekoloji fəlakət mənbəyi Ermənistandakı “Metsamor” AES-dir. 1970-ci ildə inşa edilən “Metsamor” AES zəlzələ zonasında yerləşir və ekoloji baxımdan böyük fəlakət mənbəyi hesab edilir. Hələ 1982-ci ildə həmin stansiyada  baş verən yanğın böyük həyəcan doğurmuşdu. Yanğın çətinliklə söndürülsə də, artıq ətraf  güclü şüalanmaya məruz qalmışdı. Amma o vaxt bu barədə rəsmi səviyyədə susmağa üstünlük verildi. 1988-ci ildə 25 min insanın həyatına son qoyan Spitak zəlzələsindən sonra “Metsamor”un işi dayandırıldı. Lakin beynəlxalq etirazlara baxmayaraq, Ermənistan tərəfindən 1995-ci ildə  “Metsamor” AES-in fəaliyyəti bərpa edildi və hətta əlavə olaraq ikinci reaktor da buraxıldı.

Ermənistan rəhbərlərinin cidd-cəhdlə qoruyub saxladığı “Metsamor”un  təhlükəsi isə kifayət qədər böyükdür. Alimlər bununla bağlı hələ ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq, dəfələrlə Beynəlxalq Atom Agentliyi (MAQATE) qarşısında məsələ qaldıraraq onun bağlanılmasını tələb ediblər. Ancaq Qərbdə “Metsamor” AES-dən region ölkələri üçün gələ biləcək təhlükəni etiraf etsələr də, onun fəaliyyətinin dayandırılması istiqamətində ciddi addımlar atılmır.  Halbuki Avropa Birliyi, o cümlədən MAQATE ekspertləri “Metsamor” AES-i “köhnə və az etibarlı” adlandırır. Yəni, Avropa bu məsələdə də ikili standartlardan əl çəkə bilmir.

Xatırladaq ki, erməni mütəxəssislər özləri də “Metsamor”un ciddi təhlükə mənbəyi olduğunu etiraf edirlər. Məsələn, stansiyanın keçmiş baş direktoru Suren Azatyan bir neçə il qabaq “Azadlıq” radiosunun erməni xidmətinin əməkdaşlarına demişdi  ki, hələ də “Metsamor”dan radioaktiv maddələr sızmadığına əmin deyil. Onun fikrincə, “Metsamor”da qəza baş versə, qonşu ölkələr kimi, Ermənistan da böyük ekoloji fəlakət qarşısında qalacaq. Amma buna baxmayaraq, o da qəbul edir ki, Ermənistan bu stansiyadan alınan enerjiyə həddən artıq möhtacdır və onu işlətməyə məcburdur.

Bundan başqa, erməni ictimai fəalları da  dəfələrlə bu stansiyanın hətta qonşu ölkələrdə yaşayan əhali üçün daimi risk mənbəyi olması barədə Türkiyənin  və Azərbaycanın etirazlarına dəstək veriblər. Türkiyədə ətraf mühit fəalları bir neçə dəfə Türkiyə, Azərbaycan, Gürcüstan və İranın xarici işlər nazirliklərinə yazılı müraciət göndərərək, stansiyanın bağlanması üçün fəallıq göstərilməsini xahiş ediblər. Amma Ermənistan öz işğalçı siyasətindən əl çəkmədiyi kimi, regiona  nüvə təhlükəsi  yaradan əməllərindən də geri çəkilmək istəmir. Dünya birliyi isə  kriminal xarakterli insanların rəhbərlik etdiyi ölkənin nazı ilə oynamaqdadır.  İrəvan rəhbərliyi unudur ki, “Metsamor”un ən ağır fəlakətlərini məhz ermənilər yaşayacaqlar. Görünür, Sarkisyan iqtidarına da elə bu lazımdır.

İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında