Ermənistana sanksiyaların tətbiq edilməməsi cinayətkar Sarkisyan rejiminin ömrünü uzadır

Ermənistanda vəziyyətin olduqca acınacaqlı hala çatması heç kəsə sirr deyil. Miqrasiya problemi, sosial çatışmazlıqlar, cinayətkar Sarkisyan rejiminin gündən-günə artan özbaşınalığı  ölkədə tüğyan edir. Artıq Ermənistanda vətəndaşların xaricə axını adi hala çevrilmiş, sıravi erməni üçün öz vətəni ən arzuolunmaz yaşayış məkanına çevrilmişdir. Şübhəsiz ki, bunun səbəbləri vardır.

Ən əsas səbəb isə erməni vətəndaşların bir çoxunun da etiraf etdiyi kimi, Ermənistan dövlətinin işğalçı siyasəti, Azərbaycan torpaqlarını zəbt etmək yolu ilə öz ərazilərini artırmaq cəhdləri və bunun qarşılığında sürətlə inkişaf edən Azərbaycanın təşkilatçısı və söz sahibi olduğu beynəlxalq neft-qaz, enerji layihələrindən kənarda qalması və kriminallaşan  Sarkisyan rejiminin fəaliyyətidir. Əlbəttə, belə bir məqamda Ermənistan hakimiyyətinin bütün parametrlərdə göstərdiyi qeyri-konstruktiv mövqeyə görə heç bir təzyiq metodlarından istifadə etməyə tələsməyən beynəlxalq qurumlar, xüsusilə özlərini demokratiya öncülləri hesab edən Qərb ölkələrinin susması çoxsaylı sual doğurur: Azərbaycanda məişət zəminində baş verən hər hansı hadisəyə siyasi don geyindirərək, bəyanatlar verən və hətta təzyiq göstərəcəklərini dilə gətirməkdən belə çəkinməyən bəzi Qərb dövlətləri, beynəlxlaq qurumlar Ermənistanda baş verən özbaşınalıqları nə üçün görmürlər, yaxud görmək istəmirlər?

Niyə  iyirmi faizdən çox torpağı hələ də işğal altında qalan  və bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan  Azərbaycanın haqlı davasını neytrallaşdırmağa çalışır, Azərbaycanın haqqı müdafiə olunmur, rəsmi Bakının  münaqişəni sülh yolu ilə həll etmək cəhdləri qiymətləndirilmir?

Niyə illərdir atəşkəs rejimini daim pozan, təmas xətti boyunca məskunlaşan Azərbaycan kəndlərini pulemyotlardan, qumbaratanlardan, avtomatlardan atəşə tutan Ermənistan tərəfə ciddi xəbərdarlıqlar edilmir, əksinə, ermənilərə hərbi cavab vermək istəyən, öz ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini qorumağa çalışan Azərbaycan tərəfdən isə regiondakı sülhü və sabitliyi qorumaq tələb olunur?

  Tolerantlıqda bütün dünyaya nümunə olan və fərqli millətlərin, fərqli din mənsublarının yaşadıqları beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilən Azərbaycana qarşı hələ də ikili siyasət yürüdüldüyü halda, Ermənistan kimi monoetnik, erməni terrorizmini və separatizmini açıq şəkildə dəstəkləyən bir ölkəyə maliyyə yardımı göstərilir, onunla əməkdaşlıqlar edilir. Halbuki, əksinə, işğalçı ölkəyə qarşı gərək konkret embarqolar və digər təzyiq vasitələri tətbiq olunsun.

Niyə narkotik qaçaqmalçılığını dəstəkləyən, işğal olunmuş Azərbaycan ərazilərində tiryək, heroin, kokain kimi qadağan olunmuş və ümumbəşəri bəla hesab olunan bitkilərin əkin sahələrini saxlayan və himayə edən bir rejimə qarşı sanksiyalar işləmir ?

ASALA kimi beynəlxalq terror təşkilatının çoxsaylı üzvləri Emənistanda qəhrəman elan olunur, dünyanın aparıcı ölkələrinin rəhbərləri və təşkilatları isə buna göz yumurlar?

Nə üçün Ermənistan rəhbərliyi hərbi təlim keçiriləcəyi bəhanəsilə Azərbaycanla sərhəddəki və təmas xəttinə yaxın 20 kəndin əhalisinin köçürülməsinin əsas səbəbini xalqdan gizlədir? Axı, belə böyük ərazidə təlim keçirilməsinin mümkünsüzlüyünü hamı, o cümlədən erməni xalqı yaxşı bilir.

Şübhəsiz ki, beynəlxalq ictimaiyyətin gözündə Ermənistanla Azərbaycanın fərqi çoxdan bəllidir və ölkəmizin hansı reytinqdə olması heç kəsə sirr deyil. Lakin dünya birliyinin Azərbaycanla istər demokratik prinsiplər, istərsə də,  inkişaf, tərəqqi baxımından müqayisə edilməsi belə qüsurlu olan Ermənistana gözün üstündə qaşın var deməməsi, hələ səbrlə  davranması, həm Azərbaycan xalqına, həm də bütün bəşəriyyətə qarşı haqsızlıq, hörmətsizlikdir. Bu, əslində, beynəlxalq hüquq prinsiplərinin aliliyindən dəm vuran bir sıra Qərb dövlətlərinin bəzi qurumlarının pərdəarxası məqsədlərini ortaya qoyur və onların demokratik dəyərləri deyil, yalnız öz siyasi maraqlarını güddüyünü göstərir. Bu gün Azərbaycanda hələ də minlərlə erməni yaşayır. Ermənistanda isə bir nəfər də azərbaycanlı yoxdur. Belə ziddiyyətli rəqəmlərlə qarşı-qarşıya qalan Qərbin demokratiya “öncülləri” hələ də erməni qeyri-konstruktivliyinin qurbanı olaraq onların işğalçı, terrorçu, separatçı, qaçaqmalçı, despot siyasətini gözardına vururlar. Bu gün Azərbaycanda demokratiyanın olmamasından danışan bəzi Qərb ölkələri açıq-aşkar erməni lobbisinin, diasporunun təsiri altında olduqlarını sübut edirlər. Bu gün Rusiya Federasiyası ilə Qərbin kəskin münasibətlərinin fonunda şimal qonşumuza edilən təzyiq və təhdidlər göz qabağındadır. Rusiyanın Ukraynada hərbi əməliyyatlar aparması, Gürcüstanla 2008-ci ildə baş verən 5 günlük müharibə və digər səbəblər başda ABŞ olmaqla əksər Qərb dövlətlərinin Rusiyaya qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq etməsinə, koalisiya qurmasına gətirib çıxarmışdır. Qəribədir, böyük, güclü resurslara, hərbi qüdrətə malik Rusiya Federasiyasına təzyiqlər göstərən Qərb dünyası bir ovuc Ermənistanın terrorçu, separatçı və antidemokrat siyasəti ilə hələ də hesablaşır. Görünür, Qərbin bir sıra yüksək çinli məmurlarının  erməni diasporunun hesabına varlanması həmin dövlətlərin siyasətinə də təsir etmişdir. 

Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatımızın yaranmasının 140 illiyində bu məsələyə xüsusi toxunaraq qeyd etmişdir ki, erməni lobbisi Azərbaycanda demokratiya olmadığını sübut etməyə çalışır: “Guya insan haqları pozulur və beləliklə, erməni azlığı gələcəkdə Azərbaycanın tərkibində yaşaya bilməz. Halbuki, bu, tam cəfəngiyatdır. Azərbaycan çoxmillətli, çox konfenssiyalı ölkədir. Bütün millətlərin, dinlərin nümayəndələri Azərbaycanda qardaşlıq şəraitində yaşayır. Ölkəmizdə unikal şərait yaradılıb və bu, bir çox ölkələr üçün nümunə ola bilər. Ancaq bu təbliğatın və antiazərbaycan kampaniyasının arxasında duran əsas tezis məhz bundan ibarətdir, yenə də Dağlıq Qarabağ münaqişəsidir. Ona görə də Azərbaycanı müasir, inkişafda olan, açıq, tolerant ölkə kimi dünya media məkanına təqdim etməliyik. Bununla bərabər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini, ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq”.

Bu gün Azərbaycanda 1200-dək qeyri-hökumət təşkilatı qeydiyyata alınıb. QHT-lər hüquq, gənclər, qadın, ayrı-ayrı sosialyönümlü, ekoloji və digər sahələrdə fəaliyyət göstərir, ölkədə 4500-ə yaxın telekanal, jurnal, qəzet, internet portalı qeydiyyatdan keçib. Onların fəaliyyəti üçün Avropa standartlarına cavab verən qanunvericilik bazası yaradılıb. Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, burada Mətbuat və İnformasiya Nazirliyi yoxdur. Senzura 1998-ci ildən ləğv olunmuşdur. Azərbaycanda gündəlik qəzetlərin sayı 50-yə yaxındır. Ölkədə regional, tematik, sahə qəzetləri də var. Azərbaycanda 1998-ci ildən sonra telekanalların fəaliyyəti lisenziyalaşdırılıb. 14 regional, 14 radio, 14 kabel, 1 peyk televiziyası fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda bütün sosial şəbəkələrə çıxış vardır. Ölkəmizin ən ucqar nöqtələrindən belə vətəndaşlarımızın facebook, twitter kimi dünyanın ən aparıcı sosial şəbəkələrinə, google, youtube kimi ən vacib əhəmiyyətli axtarış sistemlərinə çıxışları vardır. Bütün bunları görməzliyə vuraraq, “Azərbaycanda demokratiya yoxdur” kimi sərsəm bəyanatlar vermək, həqiqətən, dünyanın bir sıra təşkilatlarının ədalətli fəaliyyətini şübhə altına alır. Nəticədə biz onu görürük ki, Ermənistana göstərilməyən təzyiqlər və sanksiyalar bu ölkənin başında duran kriminal rejimin daha da əl-qol açmasına zəmin yaradır və Sarkisyan iqtidarında istər daxili siyasətdə öz xalqına qarşı, istərsə də Azərbaycana və  onun ərazi bütövlüyünə münasibətdə əvvəlkindən daha artıq aqressivlik müşahidə olunur.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında